Ölkəmizdə müasir ödəniş sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, siyasi strategiyanın ən əsas prinsiplərindən biri şəffaflıqdır. Bu, cəmiyyətlə, vətəndaşlarla qarşılıqlı münasibətlərdə mənfi halların, korrupsiya elementlərinin yaranmasının qarşısını alan başlıca amillərdən biridir. İndiyə kimi şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılması məqsədilə bir neçə normativ hüquqi akt qəbul edilmiş, bir sıra mühüm institusional tədbirlər həyata keçirilmişdir.  
Bununla bağlı bir fakta diqqət yetirək. Heç kəsə sirr deyil ki, pul hesablaşmalarının, dövlət qurumlarına məcburi ödənişlərin nağd qaydada aparılması şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılmasında maneələr törədir, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır. Belə halların aradan qaldırılması məqsədilə bu ilin əvvəlində Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə dövlət yol polisinə, gömrük xidmətinə və digər dövlət qurumlarına cərimələrin, rüsumların və digər ödənişlərin pos-terminal vasitəsilə, yaxud elektron qaydada həyata keçirilməsi tapşırığı verilmişdir. Bundan başqa, ölkəmizdə müasir milli ödəniş sisteminin yaradılması məqsədilə elektron hesablaşma mexanizmi yaradılmışdır. Bu isə öz növbəsində ödənişlərin real vaxt rejimində elektron qaydada və ya plastik kartlar vasitəsilə şəffaf, təhlükəsiz, səmərəli reallaşdırılmasına geniş imkanlar açır. Son dövrlərdə əhalinin mütləq əksəriyyətinin plastik kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının kütləviliyi üçün əlverişli şərait yaradır.
Yeri gəlmişkən, respublikamızda nağd hesablaşmaların məhdudlaşdırılması və alqı-satqı əməliyyatlarının əsasən nağdsız ödəmələr vasitəsilə aparılması sisteminə keçilməsinə təxminən 6 il əvvəl start verilib. Dövlət başçısının sərəncamı ilə 2004-cü ilin dekabrında "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi isə nağdsız hesablaşmaların tətbiqi prosesini gücləndirib. Xatırladaq ki, istənilən prosesdə şəffaflıq yaratmaqla yanaşı, nağd hesablaşmaların məhdudlaşdırılması antiinflyasiya tədbirlərindən biri kimi də həyata keçirilir ki, bu prosesin də tərkib hissəsi pos-terminalların tətbiqidir.
Yaxud, dövlət başçısının imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmana nəzər salaq. Adı çəkilən sənəddə elektron xidmətlərin göstərilməsi və ödəmələrin elektron qaydada təşkili ilə bağlı dövlət orqanlarına və Nazirlər Kabinetinə tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı bütün dövlət qurumları tərəfindən vahid koordinasiya şəklində qarşıya qoyulan tələbləri yerinə yetirmək istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Onu da xatırladaq ki, Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli qərarı ilə dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsi barədə qaydaları və elektron xidmət növlərinin siyahısını təsdiq etmişdir.
Artıq dövlət orqanlarının rəsmi internet səhifələrində elektron xidmətlər bölməsi yaradılaraq, göstərilən xidmət barədə məlumatlar yerləşdirilmişdir. Məsələn, Vergilər Nazirliyi tərəfindən əhaliyə, xüsusilə sahibkarlara göstərilən elektron xidmətlər-sahibkarlıqla məşğul olmaq istəyən hər bir vətəndaş heç bir yerə getmədən internet vasitəsilə adı çəkilən nazirliyə müraciət edərək vergi ödəyicisi kimi qeydiyyatdan keçə bilər, elektron qaydada vergi bəyannamələrini təqdim edə və vergiləri ödəyə bilər. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara birbaşa təmas və əlavə vaxt itkisi olmadan elektron xidmətlərin həyata keçirilməsinin nə dərəcədə səmərəli olmasına dair yalnız bir misaldır. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin, Rabitə və İnformasiya Texnologiyaları, Ədliyyə, Səhiyyə nazirliklərinin və digər qurumların həyata keçirdiyi elektron xidmətləri də bu sıraya əlavə etmək olar.
Bu il aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev yekun nitqində bildirmişdir: "...Pos-terminalların quraşdırılması, nağdsız ödəmələrin daha da geniş yayılması prosesi sürətlə getməlidir. Qısa müddət ərzində 20 minə yaxın pos-terminal tətbiq edilib. Hazırda bu proses geniş vüsət alıbdır. Əminəm ki, bu, pos-terminalların fəaliyyətə başlamasının nəticəsidir. Ümumiyyətlə, bizim həm istehlak bazarımız, həm maliyyə sistemimiz daha da şəffaflaşacaqdır... Pos-terminalların geniş şəkildə tətbiqi Bakıda, böyük şəhərlərdə və ondan sonra bütövlükdə ölkə üzrə bu məsələnin-nağdsız ödəmələrin həlli bizim bütün maliyyə sistemimizə çox müsbət təsir göstərəcəkdir".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, pos-terminalların quraşdırılması obyektlərin vergidən yayınmasına imkan vermir. Həm Vergilər Nazirliyi, həm də Mərkəzi Bank ticarət obyektlərinin dövriyyəsinə nəzarət etmək imkanı qazanır. Əksər inkişaf etmiş ölkələrdə pos-terminalların quraşdırılması prosesi artıq başa çatıb. Eyni zamanda, ABŞ və Avropa Birliyinə üzv olan ölkələrdə əməliyyatların, demək olar ki, 80 faizi bu terminallar vasitəsilə aparılır. ABŞ-da əhalinin çox az hissəsi üzərində nağd vəsait gəzdirir. Onlar əsasən kredit kartlarından istifadə edərək əməliyyatları həyata keçirməyə üstünlük verirlər. Azərbaycanda da pos-terminalların quraşdırılması ilə bağlı ümumi vəziyyəti təhlil edən zaman son illər onların sayında kəskin artımın olması nəzərə çarpır.
Vüqar Bayramov vurğuladı ki, əgər əvvəllər ticarət obyektləri və digər qurumlar pos-terminalların quraşdırılmasından yayınmağa çalışırdılarsa, indi onlar bu prosesdə maraqlıdırlar. Bu, həm də qeyri-nağd ödənişdən istifadə edənlərin sayında artımın olması ilə bağlıdır. Baxmayaraq ki, bu artım da hələ əhəmiyyətli dərəcədə deyil. Amma bütün hallarda 2009-2010-cu illərdə pos-terminallar quraşdırılan obyektlərin, ödəniş kartlarından istifadə edənlərin sayında artımın olması nəzərə çarpır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədrinin fikrincə, pos-terminalların quraşdırılması bir sıra ticarət obyektlərinə inam yaratmaqla yanaşı, onların nüfuzunu da müəyyənləşdirir. Məsələn, Bakı şəhərinin mərkəzində yerləşən iri ticarət mərkəzlərinin hamısı pos-terminallardan istifadə edir. Çünki bu, həm də həmin ticarət obyektinin nüfuzunu göstərən bir amildir. Belə ki, pos-terminal varsa, deməli, burada əməliyyatlar kredit, plastik kimi kartların vasitəsilə aparılır. Bu da həmin mərkəzin kifayət qədər ciddi və sanballı olmasına dəlalət edir. Pos-terminalların quraşdırılması üçün tələb olunan xərcləri hətta sonradan qaytarmaq mümkün olmasa belə, əksər ticarət mərkəzləri bu baxımdan pos-terminallardan istifadədə maraqlıdırlar.
İnsanların pos-terminallardan istifadə ilə bağlı məlumatlılıq səviyyəsindən danışarkən, Vüqar Bayramov dedi ki, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Amma bütövlükdə tendensiyanı qiymətləndirsək, son illər plastik kartlardan yararlanan şəxslərin sayında artım var. Mərkəzi Bankın rəsmi məlumatları da göstərir ki, əhali onlardan istifadəyə maraqlıdır. Bu, həm ölkə daxilində plastik kartlardan istifadə imkanlarının olması, həm də xarici səfərlər zamanı insanların özləri ilə nağd pul gəzdirməmləri ilə əlaqədardır. Plastik kartların digər müsbət cəhəti odur ki, pulların qorunması etibarlı şəkildə təmin edilir. Belə ki, əgər nağd pul itərsə, onu geri qaytarmaq mümkün deyil. Amma işlədilən plastik kartla bağlı belə bir hal baş verərsə, təkcə itən kartın şifrəsini bilməklə vəziyyətdən çıxmaq olar.
Ödəniş kartlarından istifadəni ləngidən digər amil bəzi müəssisələrin hələ də ikili mühasibatlıq üzərində iş aparmasıdır. Hazırda əksər iş yerlərində çalışanlar əməkhaqlarını bu kartlar vasitəsilə əldə edə bilirlərsə, bu xidmətin, ümumiyyətlə, həyata keçirilmədiyi müəssisələr də kifayət qədərdir. Kartlardan zəif istifadə bu amilin rolunun olmasını da təsdiqləyir. Ödəniş kartları, eləcə də pos-terminallardan istifadə tam dövriyyənin qeydiyyata alınmasıdır. Başqa sözlə, bu, o deməkdir ki, iş yerləri və ticarət obyektləri artıq nağd ödənişlərdən imtina edir. Bu isə ikili mühasibatlığın qarşısını alır, əməliyyatların qeydiyyatını reallaşdırır. Belədə isə təbii ki, vergidən yayınma halları olmur. İkili mühasibat sisteminə malik şirkətlərə gəlincə, onlar şübhəsiz ki, nağd ödənişlərdən istifadə edirlər. Burada nəzarətin gücləndirilməsi vacibdir.
Bəli, inamsızlıq da kartlardan istifadəni əngəlləyir. Əhalinin plastik kartlarla məlumatsızlığının bir səbəbi KİV-də buna az yer verilməsidir.
Kartlardan az istifadənin digər səbəbi isə əhalidə belə xidmətlərdən yararlanmağa vərdişin olmamasıdır. Etiraf edək ki, Azərbaycan vətəndaşlarında plastik kartlardan istifadə ilə bağlı vərdiş aşağı səviyyədədir. Amma bu hal təkcə bizim respublikada deyil, eyni zamanda, MDB ölkələrinin hamısında belədir. Ümumiyyətlə, vətəndaşların plastik kartlardan, iş adamlarının isə pos-terminallardan istifadəsi bir növ vərdişdir. Başqa sözlə, insan plastik kart gəzdirməyə vərdiş edərsə, nağd pul gəzdirməyə marağı olmur. Amma burada inam məsələsi də mühüm rol oynayır. Belə ki, az istifadənin digər səbəbi odur ki, vətəndaşlar pos-terminaldan alış-veriş edən zaman onlar plastik kartlarından daha çox vəsaitin götürülməyəcəyinə əmin deyillər. Ona görə də inamsızlıq kartlardan istifadəni əngəlləyən əsas amillərdən hesab edilir.
Fikrimizcə, kartlardan istifadəyə marağın artırılması üçün vacib olan tədbirləri yalnız iş adamlarının və bankların üzərinə düşən məsuliyyət kimi dəyərləndirmək düzgün deyil. Burada bayaq qeyd edildiyi kimi, mətbuatın üzərinə böyük iş düşür. Sözügedən məsələnin işıqlandırılması, əhalinin inamının artırılması vacibdir. Amma Mərkəzi Bankın bununla bağlı kampaniyalar keçirməsi də məqsədəuyğun olardı. Məsələn, inkişaf etməkdə olan ölkələrdə keçirilən belə kampaniyalarda məlumatlandırıcı broşüralar hazırlanır, bank müştərilərinə, əhaliyə paylanır. Yerli telekanalllarda bununla bağlı məlumatlar yayımlanır...
Pos-terminalların tətbiqində kredit sistemindən istifadə oluna bilər. Bu sistemin quraşdırılması isə təbii ki, xərc tələb edir. Amma nəzər alaq ki, obyektlərin bir çoxunun bu xərci ödəmə imkanı yoxdur. O zaman həmin aparatları quraşdırmaq istəyən satış və xidmət obyektlərinə avadanlıq üçün vəsaitin ödənilməsi məqsədilə müəyyən güzəştlər edilməsi məqsədəuyğundur. Başqa sözlə, obyekt xərci həmin sistem qurulan vaxt deyil, quraşdırılandan sonra müəyyən müddət ərzində ödəsin...
Bank ekvayerlərinin prosesə fəal şəkildə qoşulması nəticəsində zəruri sayda pos-terminalların ölkəyə gətirilməsi təmin edilmiş, 2012-ci ilin fevral ayından 2012-ci ilin may ayının 15-dək Bakı şəhərində 14 min obyektdə 17 mindən çox pos-terminal qeydiyyatdan keçirilmişdir. Bütövlükdə respublikanın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan müəssisələrdə və digər sahələrdə pos-terminalların quraşdırılması işi əsasən yekunlaşdırılmışdır. Hazırda respublika üzrə 26443 obyektdə 30940 aktiv pos-terminal qeydiyyata alınmışdır ki, bunun da 93,7 faizi və ya 28 min 976 ədədi Bakı şəhərinin ərazisində yerləşən obyektlərdədir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında