Şriftin ölçüsü:
01.08.2012 02:10 | Oxunma sayı: 787
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə "Royalbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 2 avqust 1993-cü il tarixli, 158 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 7 avqust 2007-ci il tarixdə 18 nömrəli qeydiyyat nömrəsi ilə Fonda üzv olan "Royal Bank" ASC 16 iyul 2012-ci il tarixində "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.
Dünən Əmanətlərin Sığortalanması Fondunda keçirilən mətbuat konfransında fondun icraçı direktoru Azad Cavadov bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Fonda təqdim olunmuş 16 iyul 2012-ci il tarixli məktuba əsasən, "Royal Bank" ASC-nin öhdəliklərinin yerinə yetirilməsinə moratorim tətbiq edilmişdir və bununla da "Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.9 maddəsinə müvafiq olaraq, sığorta hadisəsinin baş verməsi və "Royal Bank" ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilmişdir. 16 iyul 2012-ci il tarixi "Royal Bank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunmuşdur.
Bu Azərbaycanda ilk sığorta hadisəsi olduğuna görə, biz qısa müddətdə üzərimizə düşən öhdəlikləri yerinə yetirmək üçün işə başladıq. İlk növbədə agent bankların seçilməsi prosesinə start verildi. Fondada səkkiz bank akreditasiyadan keçmişdi. Kompensasiyaların qaytarılması üçün proqram təminatı türkiyəli mütəxəssislər tərəfindən 14 günə hazırlandı və dünya praktikasına uyğun olaraq, avqustun 1-dən bu prosesə start veriləcək.
Qısa müddətdə Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəyəcək agent bankların filiallarını müəyyən etmişdir. Fondun Himayəçilik Şurasının 18 iyul 2012-ci il tarixli qərarına əsasən, sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Muğanbank" ASC, "Bank Respublika" ASC və "AGBank" ASC seçilmişdir. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsində "Royal Bank" ASC-nin 17 filialı üzrə "Muğanbank" ASC-nin 14 filialı, 13 filialı üzrə "Bank Respublika" ASC-nin 10 filialı və 3 filialı üzrə isə əmanətçilərinə "AG Bank" ASC-nin 3 filialı xidmət göstərəcək.
Təqdim edilən ərizə formasında əmanətçiyə kömək məqsədilə xəritə hazırladıq. Həmin xəritədə hansı filialın əmanətçisi hara müraciət etməsi üçün dəqiq ünvan göstərilib. Ərizə forması artıq iyulun 30-dan banklara paylanıb. Araşdırmalar zamanı müəyyən edildi ki, bankın müştərilər qarşısında 58 milyon manat öhdəliyi var, konpensasiya alacaq əmanətçilərin sayı 6 min 422, ödəniləcək məbləğ isə 17 milyon 300 min manat təşkil edir. Müəyyən qisim əmanətçilərin sənədləri isə dəqiqləşdirmə aparılmaq üçün "Royal Bank"-a qaytarıldı.
Əmanətlər 16 iyul 2012-ci ilə olan məzənnələrlə depozitə qoyulan vəsaitlərə uyğun avro, dollar, yaxud manatla qaytarılacaq. Banklarda əmanətçilərə xidmət üçün ayrıca şöbələr ayrılacq. Yerlərdə ehtiyacı olan hər bir əmanətçiyə lazımi kömək göstəriləcək. Bunun üçün seçilmiş əməkdaşlar fondda təşkil edilmiş treyninqlərdə iştirak etmişlər.
Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 30 iyul 2012-ci il tarixindən etibarən sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin filiallarından, agent bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.
Sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 avqust 2012-ci il tarixindən etibarən agent bankların filiallarında başlanılacaqdır. Kompensasiya almaq üçün qorunan əmanətsilər bir ild müddətinə müraciət edə bilərlər. Əmanətlər bir il müddətinə ödəniləcək. Kompensasiya yalnız 30 min manatdan çox olmayan illik dərəcəsi əmanət qoyulan tarixə fond tərəfindən müəyyən edilən faiz dərəcəsindən artıq olmayan əmanətlərə veriləcək. Fond haqqında qanuna əsasən müəyyən edilmiş faiz dərəcəsindən yüksək olan qorunmayan əmanətlərdir və o əmanətlərə görə kompensasiya ödənilmir. Bir faktı qeyd edim ki, MDB ölkələri və qonşu Turkiyə ilə müqayisədə ən yüksək kompensasiya məbləği Azərbaycandadır. Dünyada maliyyə böhranı getdiyi bir vaxtda bizim bank sistemində ildə orta hesabla əmanətlərdə 25 faizə qədər artım müşahidə edilirdi.
A.Cavadov sonda onu da vurğuladı ki, əmanətçilərdən heç bir komissiyon haqqı tutulmayacaq. Fondun əsas məqsədi kiçik və orta əmanətçilərin maraqlarını qorumaqdır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, bank sistemi də inkişaf edir. Hazırda Azərbaycanda 42 bank fəaliyyət göstəri. Mərkəzi Bank həmişə bizi dəstəkləyir. İnanıram ki, agent banklar əksəriyyəti üzərinə düşən vəzifələri vaxtında və yüksək peşakarlıqla yerinə yetirəcəklər. Cəmi iki filialda müştəri sıxlığı mövcuddur. Həmin müştərilərdən bir az səbrli olmağı xahiş edirik. Əminliklə deyə bilərəm ki, qısa müddətdə qorunan əmanətçilərin hamısı kompensasiya pullarını alacaqlar.
Axırda fondun sədri jurnalistləri maraqlandıran suallara cavab verdi.
{nl}
Qabil YUSİFOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.