Blokada şəraitində olan Naxçıvanda hər hektardan 30 sentnerə yaxın məhsul yığılır

Taxıl biçini
Məhsul yığımının gedişini əks etdirən və hər həftənin birinci günü Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan cədvələ görə, ölkədə 59 rayonla yanaşı, Naxçıvan Muxtar Respublikası da payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər əkini ilə məşğul olur. Hər il 1 milyon hektara yaxın belə sahələrdən orta hesabla 2,5-3 milyon tona yaxın arpa və buğda məhsulu yığılır.
Cari ildə taxılçılıqla məşğul olan fermerlərin və fərdi torpaq sahibkarlarının işi pis getmir. Məhsul yığımı başlanandan havanın çox vaxt yağmurlu və küləkli keçməsi biçinə əngəl törətsə də, kombaynçılar aqreqatlarını məhsuldar işlədərək gündəlik normanı artıqlaması ilə yerinə yetirirlər. Ötən həftənin son günlərində yağan leysan yağışlarına baxmayaraq ölkə üzrə taxıl zəmilərinin 11 faizində məhsul yığılmış, biçilən sahələrin ümumi həcmi 836650 hektara çatdırılmışdır.
Mexanizatorlar mövsümün sonunadək daha 159238 hektar sahənin məhsulunu yığmalıdırlar. İyul ayının 16-na kimi isə onlar idarə etdikləri kombaynların bunkerindən 2 milyon 212 min 882 ton arpa və buğda boşaltmışlar. Ölkə üzrə hər hektardan orta hesabla 26,4 sentner məhsul götürülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricidən 1,6 sentner çoxdur. Daşkəsən və Gədəbəy rayonlarında biçin hələ başlanmayıb. 23 rayonda isə bu iş müvəffəqiyyətlə yekunlaşıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə 38 rayonda taxıl istehsalı artıb. Ən çox artım Ağsu rayonunda qeydə alınmışdır - 33 min ton. Ağcabədidə artım 24 min ton, Kürdəmirdə 19 min ton, Füzulidə 17 min ton, Saatlıda 15 min ton, Tərtərdə 14 min ton, Sabirabadda 13 min ton , Ağdamda isə 11 min ton olmuşdur. Təəssüf ki, 19 rayon keçən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalını azaltmışdır. Bunların içərisində ən çox azalmaya İsmayıllı rayonu (16 min ton) yol vermişdir. Baxmayaraq ki, rayonda bu il hər hektardan götürülən məhsulun miqdarı keçən ilin müvafiq dövründəkindən 1,5 sentner çoxdur.
Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikasının fermerləri və fərdi torpaq sahibkarları çətin şəraitdə fədakarlıq nümunəsi göstərirlər. Artıq neçə illərdir ki, burada payızlıq əkin sahələrinin hər hektarından 30 sentnerə yaxın taxıl götürülür ki, bu da muxtar respublika əhalisinin tələbatının ödənilməsinə kifayət edir. Keçən il muxtar respublikada taxıl istehsalı 107,3 min tondan çox olmuşdur. Bu il isə hələlik 74,2 min tondan artıq arpa və buğda tədarük edilmişdir. Hər hektardan orta hesabla 29,1 sentner taxıl götürülür. Məhsulu biçiləsi 31 faiz (11537 hektar) sahə qalır. Əldə olunan nəticələr göstərir ki, bu il Naxçıvan Muxtar Respublikasında rekord miqdarda qiymətli ərzaq məhsulu tədarük ediləcəkdir.
Ölkədə istehsal olunan taxılın 1 milyon 503 min 805 tonu buğda məhsuludur. Bu, ötən ilin müvafiq dövründəki məhsuldan xeyli çoxdur. Hər hektarda məhsuldarlıq 27,2 sentnerə bərabərdir. Əgər ölkə üzrə keçən il orta hesabla hər hektardan 25,3 sentner buğda götürülmüşdüsə, cari ildə qiymətli ərzaq məhsulunun tədarükü nəzərə çarpacaq dərəcədə artacaqdır. Çünki mövsümün sonunadək hələ 134044 hektar buğda sahəsi biçiləcək. Mütəxəssislərin hesablamalarına görə, buğda istehsalında son nəticə 1,8 milyon tonu keçəcəkdir.
Buğda istehsalının artımında Ağdam, Ağcabədi, Ağsu, Bərdə, Cəlilabad, Kürdəmir, Quba, Saatlı, Sabirabad, Şəki, Tərtər rayonlarının və Yevlax şəhərinin fermerləri daha çox fərqlənirlər. Yeri gəlmişkən, qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən əhalini tələbata uyğun yerli buğda məhsulu ilə təmin etmək məqsədilə Ağcabədi və Beyləqan rayonlarında iri kooperasiyalar yaradılması işinə start verilmişdir. 200 min hektar suvarılan torpaqlarda könüllülük prinsipi əsasında yaradılacaq kooperasiyalar hesabına yaxın gələcəkdə Azərbaycan taxıl idxalçısından xarici ölkələrə arpa və buğda satan respublikaya çevriləcəkdir.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında