Regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün reallaşdırılan kompleks tədbirlər ölkəmizin sosial-iqtisadi uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm nəticələr əldə edilmişdir.
Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.
Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi müvafiq dövlət proqramlarının icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya nəticəsində bu ilin ötən aylarında ölkəmizdə islahatların davamlılığı təmin edilmişdir. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirmişdir. Dövlət başçısının vurğuladığı kimi, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır.
Bu ilin ötən aylarında strateji valyuta ehtiyatlarımız daha da artmışdır və hazırda 44 milyard dollardan çoxdur. Bu, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox uğurlu göstəricidir. Bu ehtiyatlar getdikcə artacaq. Bu vəsaitin səmərəli istifadəsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq və həmin vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə ölkənin maliyyə vəziyyətini daha da yaxşılaşdıracaq, yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Beləliklə, bir müddət əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri növbəti iki il ərzində Azərbaycanda başa çatsın və ondan sonra Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşılsın. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi uğurla reallaşdırılır. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi dövlət başçısı bölgələrdə olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edir. Bu, müasir Azərbaycanın reallıqlarıdır. Əlbəttə, yol təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral yollara diqqət yetirilirdi. Ancaq indi kənd yolları da abadlaşdırılır. Hazırda Azərbaycan kəndlərinə çəkilən yollar çox keyfiyyətlidir, yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir və bölgələrin daha da sürətli inkişafını təmin edir.
Bütün yuxarıda deyilənlər Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısı ilə bağlı yaydığı məlumatda da öz ifadəsini tapmışdır. Hesabat dövründə ölkədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Azərbaycanın, eləcə də Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir.
İlin əvvəlindən inşaat kompleksində 5,9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,1 faizi və ya 3,4 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 29,6 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 29,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini və ya 4,6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 38,8 faiz artmışdır.
Xatırladaq ki, bu ilin birinci rübdə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Dövlət başçısının bölgələrə mütəmadi səfərləri də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və ölkə Prezidenti iştirak etdiyi müəssisələrin açılış mərasimlərində həmişə maraqlanır ki, nə qədər yeni iş yerləri açılır və açılacaqdır. Dövlət başçısının qərb bölgəsinə son səfəri də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir.
Respublikamızın maliyyə ehtiyatlarının və büdcə vəsaitlərinin getdikcə artması sosial infrastruktur sahələrində daha yeni layihələrə başlamağa əlverişli zəmin yaradır. Məlum olduğu kimi, hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir. Ötən dövr ərzində sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Bu gün ölkədə ən çox diqqət çəkən iri layihələrdən biri də Şirvan-Muğan qrup su kəməridır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Hacıqabulda həmin kəmərin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasimdə bildirilmişdir ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır.
Mərasimdə həmçinin vurğulanmışdır ki, hazırda Kür çayından götürülən içməli su SSRİ dövründə inşa olunmuş qurğuda təmizlənərək Şirvan şəhərinə günün bütün saatlarında, Salyan şəhərinə sutka ərzində 5-7 saat, Neftçala şəhərinə isə sutka ərzində 10 saat verilir. Biləsuvar şəhərinin sakinləri isə Əzizbəyov adına kanaldan götürülən su ilə sutkada cəmi 6 saat təmin edilirlər. Hacıqabul şəhərinə içməli su Kür Sutəmizləyici Qurğular Kompleksindən verilir və istehlakçılar sutkada 14 saat su ilə təchiz olunurlar.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir: "Şirvan-Muğan su kəməri böyük proqramın tərkib hissəsidir. Bu gün təməl daşını qoyduğumuz layihə əminəm ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, altı rayonun su problemi demək olar ki, həll olunacaqdır. Bu layihə Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Salyan və Sabirabad rayonlarının 121 kəndini və beş şəhərini əhatə edəcəkdir. Beləliklə, bu layihənin və digər bölgələrdə su layihələrinin icra edilməsi nəticəsində uzun illər problem olaraq qalan su məsələsi öz həllini tapacaqdır. Beləliklə, Azərbaycan yeni mərhələyə qədəm qoyacaqdır. Çünki ölkəmizdə gedən geniş quruculuq, abadlıq işləri bütün sahələri əhatə edir. Bu işlərin içərisində infrastruktur layihələri birinci yerdədir və son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür. Demək olar ki, bizim indi enerji potensialımız xeyli dərəcədə artmışdır və biz nəinki özümüzü təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac edirik. Bizdə yaranan enerji gücləri imkan verir ki, öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edək və gələcəkdə daha böyük həcmdə enerji ixrac edək. Hazırda Şirvan şəhərində tikilməkdə olan "Cənub" elektrik stansiyasının bu il işə düşməsindən sonra enerji potensialımızın artırılmasına yeni təkan veriləcəkdir. Biz indi yeni elektrik xətlərinin çəkilişi ilə gələcəkdə elektrik enerjisini ixrac etmək üçün yeni imkanlara malik olacağıq..."
İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı aylarda bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır.
Xatırladaq ki, həyata keçirilən infrastruktur layihələri eyni zamanda vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması, normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.