Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinə dövlət qayğısının artırılması, neftçilərin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda, son illər neft sənayesinin maddi-texniki bazasının xeyli gücləndirilməsi, bu sahədə mütərəqqi texnologiyaların tətbiqinə diqqətin getdikcə artırılması müsbət nəticələr verir. Məhz buna görədir ki, ölkə neftçiləri neft və qaz hasilatına dair dövlət tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirirlər.
Neft sənayesində əldə olunmuş uğurlardan "Azneft" İstehsalat Birliyinin Ə. Əmirov adına Neft və Qazçıxarma İdarəsinin kollektivinə də xüsusi pay düşür. Adı çəkilən idarə ölkəmizin neft sənayesinin qocaman neftçıxarma müəssisələrindən biridir. Ötən illər ərzində ölkəmizin neft sənayesinə mühüm töhfələr vermiş Ə. Əmirov adına NQÇİ-nin adı həmişə qabaqcıllar sırasında çəkilmişdir. Artıq idarənin istismar etdiyi yataqlar neftçıxarmanın son mərhələsini yaşamasına baxmayaraq, kollektiv bu gün də neft və qaz hasilatına dair proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirir. Bu baxımdan ötən ili uğurla yola salan neftçilər həmin nailiyyətləri cari ildə də təkrarlamaq niyyətindədirlər. Elə müəssisənin 2012-ci ilin birinci yarısının təsərrüfat fəaliyyətinin nəticələri də bunu deməyə əsas verir. Belə ki, hesabat dövründə idarə üzrə 34 min 800 ton əvəzinə 35 min 41 ton hasil edilərək proqnoz tapşırığı 100,7 faiz yerinə yetirilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 ton və ya 0,7 faiz çoxdur. Bundan əlavə, yanvar-iyun aylarında 34 min 757,1 ton "qara qızıl" təhvil verən neftçilər bu göstərici üzrə proqnoz tapşırığına 100,6 faiz əməl etmişlər. Ə.Əmirov adına NQÇİ-nin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər isə daha uğurludur. Belə ki, 2012-ci ilin altı ayında mədənlərdən 20 milyon 905 min kubmetr qaz hasil edilərək proqnoz tapşırığına 113,6 faiz əməl olunmuşdur. Bu da nəzərdə tutulduğundan 2 milyon 505 min kubmetr çoxdur. Onu da deyək ki, idarə üzrə hasil olunmuş ümumi qazın 20 milyon 443 min kubmetri təbii qazdır. Bu isə onu deməyə əsas verir ki, Ə. Əmirov adına NQÇİ-nin istismar etdiyi yataqlarda neftlə yanaşı, təbii qaz ehtiyatları da çoxdur. Hesabat dövründə idarə üzrə 16 milyon 400 min kubmetr əvəzinə 18 milyon 854,6 min kubmetr qaz təhvil verilmişdir ki, bu da proqnoz tapşırığın 115 faiz yerinə yetirilməsi deməkdir.
Hazırda Ə. Əmirov adına Neft və Qazçıxarma idarəsi "Lökbatan-Puta-Quşxana", "Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah", "Korgöz-Qızıtəpə-Şonqar", "Qalmaz", "Qaradağ" və "Bəndovan" yataqlarının istismarını həyata keçirir. "Lökbatan-Puta-Quşxana" yatağı isə məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki, idarə üzrə hasil edilən ümumi neftin 75 faizini məhz bu yataq verir. Bütövlükdə isə idarənin istismar etdiyi yataqlardan uzun illər neft və qaz çıxarılmasına baxmayaraq, ehtiyatlar hələ tükənməyib. Mütəxəssislərin rəyinə görə, bu yataqlarda 13 milyon 261 ton qalıq ehtiyatları mövcuddur. Yeri gəlmişkən, "Şimali Şıxqaya" yatağında bir müddət əvvəl qazılmış iki struktur-axtarış quyusunda sənaye əhəmiyyətli qaz aşkar olunmuşdur. Məhz buna görə də hazırda adı çəkilən yataqda iki kəşfiyyat quyusunun qazıntısı davam etdirilir. Bununla yanaşı, işlənmənin son mərhələsində olan digər yataqlarda da hasilatın sabit saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda idarənin istismar fondunda 489 quyu var ki, onların da 18-i qaz quyularıdır. İstismar quyularının 425-i fəaliyyətdə olan quyulardır. Həmin quyulardan 361-i ştanqlı dərinlik nasosu, 33-u elektrik dalma nasosu, 31-isə fontan üsulu ilə istismar olunur. İlin əvvəlindən hasil olunmuş ümumi neftin 30 min 402 tonu ştanqlı dərinlik nasosu, 3443 tonu elektrik dalma nasosu, 1196 tonu isə fontan üsulu ilə çıxarılmışdır. Hesabat dövründə fəaliyyətsiz fonddan nəzərdə tutulmuş 2 əvəzinə 7 quyu istismara daxil edilmiş, bunun da hesabına 164 ton əlavə neft alınmışdır. Yanvar-iyun aylarında qazmadan alınmış 3 quyudan 1090 ton neft hasil olunmuşdur.
2012-ci ilin birinci yarısında mədənlərdən çıxarılan neftin 99,5 faizi keçici, 0,5 faizi isə fəaliyyətsiz fondun payına düşmüşdür. İdarənin rəisi Ramin Quliyev kollektivin əldə etdiyi uğurların başlıca səbəbini neft sənayesinə, bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısı ilə əlaqələndirdi. Yeri gəlmişkən, bu yaxınlarda idarəyə rəis təyin olunmuş R. Quliyev olduqca gəncdir - cəmi 28 yaşı var. Bu da Dövlət Neft Şirkəti rəhbərliyinin savadlı, bacarıqlı gənclərə göstərdiyi etimadın məntiqi nəticəsidir. O, söhbət zamanı dedi ki, son illər ölkə Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin qarşısında neft və qaz hasilatının artırılması kimi mühüm vəzifə qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi neftçilərin məsuliyyətini birə-beş artırır. Məhz bunun nəticəsində də idarə üzrə neft və qaz hasilatına dair tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirmək üçün bütün imkanlar səfərbər olunmuşdur. Bundan əlavə, Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin yaxından köməyi də qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə imkan verir.
İdarə üzrə neft hasilatının səviyyəsini sabit saxlamaq məqsədilə geoloji-texniki tədbirlərin sayı xeyli artırılmışdır. Belə ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş 102 əvəzinə 108 texniki tədbir həyata keçirilmiş, nəticədə 917 ton əlavə neft hasil olunmuşdur. Bundan əlavə, hesabat dövründə mədənlərdə aparılmış 66 geoloji tədbir hesabına 2980 ton əlavə neft çıxarılmışdır. Bu da həyata keçirdiyimiz texniki və geoloji tədbirlərin yüksək səmərə verdiyini sübut edir. Hasilatın səviyyəsini sabit saxlamağın əsas şərtlərindən biri də quyuların ahəngdar rejimdə işləməsini təmin edən yeraltı və əsaslı təmirlərin vaxtlı-vaxtında aparılması ilə bağlıdır. Neft təsərrüfatı üçün son dərəcə vacib olan bu sahədə çalışan təmir briqadalarımız da tapşırılan işlərin öhdəsindən layiqincə gəlirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, idarəmizin təmir briqadaları bu ilin altı ayında quyularda 60 əvəzinə 79 əsaslı təmir işi həyata keçirmiş, bu da 2613 ton əlavə neft hasilatına imkan yaratmışdır. Bundan əlavə, hesabat dövründə idarə üzrə 1916 yeraltı təmir işi həyata keçirilmişdir. Cari ilin əvvəlindən idarəmizin daxili imkanları hesabına 1869 saylı quyuda ikinci lülə üsulu ilə başlanmış qazma işləri ilin sonunda tamamlanacaq. Ə. Əmirov adına NQÇİ-nin ümumi istismar fonduna daxil olan quyuların əksəriyyəti köhnə quyular olduğu üçün burada lay təzyiqinin saxlanması da xüsusi diqqət tələb edir. İlin əvvəlindən başlayaraq idarə üzrə bu istiqamətdə də zəruri tədbirlər həyata keçirilmiş, 20 quyuda 3-cü təsir üsulları tətbiq olunmuş, nəticədə 196 ton əlavə neft çıxarılmışdır...
Ə. Əmirov adına NQÇİ-dən onu da bildirdilər ki, hazırda idarənin elektrik təsərrüfatının işinin əsaslı şəkildə yaxşılaşdırılması üçün yeni yarımstansiyalar tikilir. İdarə üzrə sağlamlıq və əməyin təhlükəsizliyinin qorunması, eləcə də itkilərin qarşısının alınması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə neftyğığma məntəqələri yeniləşdirilir, iki ədəd min kubmetrlik əmtəə çəni quraşdırılır. Bundan əlavə, 1 və 3 saylı neft və qazçıxarma sexlərinin əmtəə çənləri yeniləri ilə əvəz olunur.
Son illər idarədə ekoloji məsələlərin həllinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması işləri getdikcə intensivləşir. Artıq xeyli sahə məişət çirkab sularından təmizlənmiş, şlamlar ərazidən çıxarılmışdır. Ərazidə ekoloji tarazlığı bərpa etmək məqsədilə 1930 metr kanalın çəkilməsi planlaşdırılır. Hazırda həmin kanalın 250 metr sahəsində bəndvurma işləri tamalanmışdır. Gələcəkdə məişət çirkab suları mədən ərazilərindən təcrid olunduqdan sonra isə burada mexaniki kultivasiya və landşaftın bərpası işləri həyata keçiriləcək.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.