Azərbaycanın qeyri-neft sektoruna mühüm töhfə

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, bazar iqtisadiyyatına keçidi sürətləndirmək istiqamətində görülən mühüm tədbirlər davamlı və tarazlı inkişafı təmin etmiş, əsaslı yüksəliş üçün möhkəm zəmin yaratmışdır. Artıq Azərbaycanda keçid iqtisadiyyatı dövrü arxada qalmış, ölkəmiz özünün iqtisadi inkişaf modelini yaratmağa nail olmuşdur. Heç şübhəsiz, bütün dünyada qəbul edilən və bəyənilən iqtisadi inkişafın Azərbaycan modeli ölkəmizin yaxın illərdə daha da qüdrətli bir dövlətə çevrilməsinə, xalqımızın əbədi firavanlığının tam təmin olunmasına gətirib çıxaracaq.
Prezident İlham Əliyevin bu yaxınlarda söylədiyi "Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Biz artıq keçid iqtisadiyyatı ölkəsi deyilik. Biz inkişaf edən iqtisadiyyatıq və bunu mötəbər beynəlxalq maliyyə qurumları da görür, təsdiqləyir. Böhran ilində Azərbaycanın kredit reytinqinin artırılması özlüyündə bir göstəricidir. Biz bütün imkanlardan istifadə edib gələcəyə baxmalıyıq, gələcək planlarımızı bu gün tutmalıyıq" kimi nikbin fikirləri ölkəmizin gələcək inkişafına, sabaha inamı bir qədər də artırır. Bu inamın arxasında isə ölkədə yaradılmış güclü iqtisadi baza, bazar iqtisadiyyatı yolunda həyata keçirilən məqsədyönlü tədbirlər, möhtəşəm neft strategiyası, qeyri-neft sektorunda əldə edilən heyranedici nəticələr, yeni dövrün tələblərinə cavab verən nəhəng istehsal sahələri, çoxsaylı iş yerləri və digər amillər dayanır.
Ötən illərdə Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması, azad sahibkarlığa, sərbəst iqtisadi fəallığa geniş meydan verilməsi bazar iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılan güclü, mütəşəkkil sahibkarlar ordusunun yaranmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, sahibkarlara göstərilən dövlət qayğısı nəticəsində iqtisadi inkişafın real göstəricisi olan ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artıq 85 faizə çatmışdır. Azad sahibkarlığa, təşəbbüskarlığa geniş meydan verilməsi isə öz növbəsində ölkəmizin iqtisadi qüdrətinin, əhalinin məşğulluq imkanlarının getdikcə artmasına səbəb olur. Hətta son illərin qlobal maliyyə böhranına baxmayaraq, ölkəmizdə yeni istehsal sahələrinin, çoxsaylı iş yerlərinin yaradılması davam etmişdir.
Bu baxımdan "Uğur-97" firmasının fəaliyyəti diqqəti cəlb edir. Xatırladaq ki, paytaxtın inşaat sferasına 13 il əvvəl daxil olmuş firma yarandığı dövrdən hündür mərtəbəli yaşayış binalarının, istirahət-əyləncə obyektlərinin tikintisi, eləcə də müasir ticarət mərkəzlərinin yaradılması sahələrində böyük uğura imza atmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən illərdə firmanın inşaatçıları tərəfindən paytaxtın müxtəlif yerlərində 20-dək çoxmərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. İndi bu binaların hər biri Bakıya əlavə yaraşıq gətirməklə yanaşı, nadir, orijinal memarlıq incisi kimi də zövq oxşayır.
Ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verməyi qarşısına məqsəd qoymuş "Uğur-97" firması bu yaxınlarda iri, son dərəcə maraqlı bir layihənin reallaşdırılmasına başlayıb. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihənin dəyəri 23 milyon dollar təşkil edir. Söhbət paytaxtın Binəqədi rayonundakı "Afsan" plastik zavodundan gedir. Ötən il rayonun Sulutəpə qəsəbəsində ayrılmış bir hektar sahədə tikintisinə start verilmiş zavodun birinci növbəsi artıq istifadəyə verilmiş və burada ölkəmizdə ilk dəfə olaraq plastik malların istehsalına başlanılmışdır.
"Uğur-97" firmasının direktoru Yalçın Möhnətov dedi: - Ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti, azad sahibkarlığa dövlət dəstəyinin getdikcə gücləndirilməsi iş adamlarında təşəbbüskarlıq meyillərinin yaranmasına, onlarda sərbəst iqtisadi fəaliyyətə marağı xeyli artırmışdır. O da məlumdur ki, dövlətimizin başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatına investisiya yönəldilməsi, yeni iş yerlərinin yaradılması ilə bağlı təşəbbüsləri bəyənir, müdafiə edir. Möhtərəm Prezidentimiz ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması, əhalinin həyat səviyyəsinin günbəgün yaxşılaşdırılması üçün qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet istiqamət kimi dəfələrlə önə çəkmiş və bu yolda hər cür qayğı və diqqətini əirgəməyəcəyini bəyan etmişdir. Bu vacib işə öz töhfəsini verməyə çalışan "Uğur-97" firması da daxili bazarın tələbatını diqqətlə öyrənərək ölkəmizdə plastik məişət mallarının istehsalını təşkil etməyi qərara aldı. Çox yaxşı ki, təşəbbüsümüz İqtisadi İnkişaf Nazirliyi tərəfindən bəyənilərək geniş dəstək qazandı.
"Afsan" plastik zavodunda hazırda 50 adda məhsul istehsal olunur. Həmin mallara bağ təsərrüfatlarında, turizm obyektlərində, otellərdə, parklarda geniş istifadə olunan plastik stol və stullar, müxtəlif məişət qabları, dibçəklər, zibil qutuları və s. məmulatlar daxildir. Onu da qeyd etmək istəyirəm ki, plastikdən hazırlanan bu malların Azərbaycanda ilk kütləvi istehsalına məhz "Afsan" zavodunda başlanmışdır. İndiyədək daxili bazarın plastikdən hazırlanan bu cür mallara olan tələbatı, əsasən, idxal hesabına həyata keçirilirdi. İstehsal prosesinə başlamağımızdan qısa müddət keçməsinə baxmayaraq, daxili bazarda bizim mallara tələbatın getdikcə artması hiss olunur. Bu da yüksək texnologiya əsasında istehsal olunan mallarımızın keyfiyyəti və münasib qiymətləri ilə bağlıdır. Belə ki, Almaniya və Avstriyadan gətirilmiş müasir dəzgahların köməyi ilə güclü texnologiya əsasında istehsal olunan bu malların dizaynı və keyfiyyəti alıcı marağını getdikcə özünə daha çox cəlb edir. Məhz bunun nəticəsidir ki, son zamanlar sifarişlərin sayı günbəgün, anbaan artır.
İnşaat sektorunda mühüm uğurlara imza atan firmamız bu sahədə daha çox istifadə olunan, daha artıq tələbat duyulan malların da istehsalını təşkil etməyi qarşısına məqsəd qoymuşdur. Elə yenicə istifadəyə verdiyimiz "Afsan" plastik zavodunda istehsalın 30 faizini məhz inşaat sektoruna aid mallar təşkil edəcək. Hazırda zavodda bu məqsədlə müxtəlif diametrli plastik boruların istehsalına başlanılıb. Bu borular da daxili bazarda satılan müxtəlif ölkələrin istehsalı olan analoji mallarla rəqabətə girmək imkanına malikdir. Y. Möhnətov dedi ki, hazırda zavodun yalnız birinci hissəsinin istismara verilməsinə baxmayaraq, burada artıq 100 nəfər işlə təmin olunmuşdur. Müəssisənin tam gücü ilə fəaliyyətə başlaması isə daha 200 yeni iş yerinin açılmasına imkan yaradacaq. Firma rəhbəri onu da bildirdi ki, müəssisədə avtomobil sənayesində istifadə edilən malların, xüsusən də xarici ölkələrin avtomaşınlarının ehtiyat hissələrinin də istehsalına başlanılması nəzərdə tutulur. Bir sözlə, daxili bazarın müxtəlif plastik mallara olan tələbatını ödəməklə yanaşı, başlıca hədəflərdən biri də xarici bazara çıxmaq və "Afsan" markasının xaricdə kifayət qədər tanınmasına nail olmaqdan ibarətdir.
Biz də "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" deyimini əsas tutaraq "Afsan" plastik zavodunda olmağı, müəssisədə yaradılmış istehsal prosesi, burada buraxılan malları öz gözümüzlə görməyi qərara aldıq. Zavodla ilk tanışlığımız məhsul istehsalı sexi ilə başlandı. Sexdə yaradılmış əlverişli şərait, burada quraşdırılmış nəhəng dəzgahlar, müasir axın xətləri ilk baxışdan diqqəti cəlb edir. Burada bütün istehsal prosesi başdan-başa kompyuterləşdirilib, xammalın qəbul edilib müvafiq dəzgahda istehsal olunaraq axın xətti ilə yarımfabrikata çevrilməsinədək bütün prosesə yüksək səviyyədə nəzarət olunur. İstehsal sexində müasir texnologiya əsasında buraxılan yarımfabrikatlar hissə-hissə quraşdırılaraq son nəticədə hazır məhsula çevrilir. Bir sözlə, həmin hissələr böyük ustalıqla, alıcı zövqünü oxşaya biləcək şəkildə montaj olunaraq ticarət şəbəkələrinə yola salınır.
Bura isə zavodun anbar sahəsidir. Təqribən 600 kvadratmetrlik bir sahəni əhatə edən anbarda müxtəlif adda, müxtəlif çeşiddə mallar öz alıcısına təhvil verilir. Burada həmin malların çeşidləri haqqında ətraflı məlumat alırıq. Öyrənirik ki, müəssisədə istehsal olunan müxtəlif ölçülü və müxtəlif rəngli fərqli dizayna malik plastik stol və stullara, həmçinin jurnal masalarına daxili bazarda maraq getdikcə artır. İstehsalın həcminə gəldikdə isə burada gün ərzində 500 ədəd stol və 750-800 ədəd stul buraxılır. Heç şübhəsiz, adı çəkilən mallara tələbatın getdikcə artması yaxın vaxtlarda məhsul buraxılışının genişləndirilməsinə səbəb olacaq. "Afsan" etiketi ilə buraxılan plastik stol və stullar müxtəlif ictimai-iaşə obyektlərində, iclas zallarında istifadə üçün olduqca münasib və rahatdır. Bundan əlavə, müəssisədə məişətdə geniş istifadə olunan müxtəlif meyvə, salat və çörək qabları, iri salat konteynerləri də istehsal edilir ki, bunlar da keyfiyyətinə və görünüşünə görə diqqət çəkir. Məhz bunun nəticəsidir ki, bu mallar ölkənin ticarət şəbəkələrində öz yerini getdikcə möhkəmləndirir.
"Afsan" plastik zavodunda təsərrüfatın bu və ya digər sahələrində geniş istifadə edilən müxtəlif tutumlu zibil qutularının və digər əşyaların da kütləvi istehsalına başlanılmışdır. Həmçinin müəssisədə istehsal olunan süni qazonlar hamam, sauna və bağ evlərinin bəzədilməsində istifadə etmək baxımından cəlbedici sayıla bilər. "Afsan" markalı "lejankalar" (çimərlik taxtı) isə dənizin qumlu sahillərində dincələn sakinlərə böyük rahatlıq və istirahət vəd edir. Bir sözlə, "Afsan" plastik zavodunda təsərrüfat həyatı üçün, can rahatlığı üçün nə istəsən, tapmaq mümkündür. Bu rahatlığı hiss etmək üçün isə, sadəcə olaraq, "Afsan" markalı plastik malları almaq kifayətdir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında