Naxçıvan Muxtar Respublikasında taxıl biçini davam edir

Son vaxtlar Naxçıvan Muxtar Respublikasında taxılçılığa marağın artmasının nəticəsidir ki, muxtar respublikada cari ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkini aparılmış, 25 min 861 hektar sahədə buğda, 9 min 104 hektar sahədə arpa əkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayonunun Zeyvə kəndi ərazisində əkilən taxıl zəmilərinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov məlumat vermişdir ki, rayonda bu il 9177 hektar sahədə taxıl əkilmişdir. Bu günədək 4785 hektar sahənin taxılı biçilmişdir. Rayonda hər hektardan məhsuldarlıq 30,5 sentner təşkil edir. Baxış keçirilən ərazilərdə əkin şırım üsulu ilə aparıldığından və əraziyə aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən bol məhsul yetişdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Məmməd Abbasov məlumat vermişdir ki, muxtar respublikada taxıl ehtiyatı anbarının fəaliyyət göstərməsi, 15 taxıl müəssisəsinin mövsümə, 104 taxılbiçən kombaynın biçinə hazır vəziyyətə gətirilməsi, istehsal olunmuş taxılın ehtiyat anbarlarına qəbulu üçün yüksək qiymətlərin müəyyənləşdirilməsi cari ildə də məhsul istehsalçılarının taxılın tədarükü və satışı zamanı heç bir problemlə üzləşməməsinə şərait yaradır. Torpaq mülkiyyətçiləri dövlət yardımı hesabına 4 min tona yaxın gübrə ilə təmin edilmişlər. Taxıl tədarükünə və daşınmasına özüboşaldan yük maşınları, müxtəlif markalı traktorlar və traktor yedəkləri cəlb olunmuşdur. Bu günədək muxtar respublikada 7555 hektar arpa, 12 min 350 hektar buğda olmaqla, cəmi 19 min 905 hektar sahədə biçin aparılmışdır. Hər hektardan məhsuldarlıq 27,1 sentner təşkil edir.
Fermer Rafiz Aslanov yaradılan şəraitə, göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıq edərək demişdir ki, muxtar respublikada yeni emal müəssisələrinin, dəyirmanların işə salınması, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi bu sahəyə olan marağı daha da artırmışdır. Şərur rayonunda kifayət qədər müasir kənd təsərrüfatı texnikası vardır. Əkin sahələri davamlı olaraq suvarma suyu ilə təmin edilir, yetişdirilən məhsullar muxtar respublikada rahatlıqla satılır. Ona görə də torpaq mülkiyyətçiləri mütərəqqi əkin üsullarından istifadə edərək məhsuldarlığı ildən-ilə yüksəldirlər.
Ali Məclisin sədri kənd təsərrüfatının inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini qeyd etmiş, fermerlərə, torpaq mülkiyyətçilərinə lazımi dövlət maliyyə dəstəyinin göstəriləcəyini bildirmişdir.
Muxtar respublikada taxıl biçininin avqustun 10-dək başa çatdırılması nəzərdə tutulmuşdur.
Sonra Ali Məclisin sədri Vasif Talıbov taxıl sahəsinin yaxınlığındakı bostan və tərəvəz əkini sahəsinə baxmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada torpaq islahatının uğurla başa çatdırılması, kənd təsərrüfatı istehsalçılarına dövlət maliyyə dəstəyinin göstərilməsi və yeni emal müəssisələrinin yaradılması nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır.
2012-2015-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı Şərur rayonunda bu sahənin inkişafını daha da sürətləndirmişdir. Bu il rayonda 468 hektar sahədə bostan, 1560 hektar sahədə tərəvəz əkilmişdir. Baxış keçirilən ərazinin 2 hektarı bostan, 2 hektarı isə tərəvəzdən ibarətdir. Yetişdirilən keyfiyyətli məhsullar Şərur rayonunda və Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarılır.
Bildirilmişdir ki, əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında