Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqil Azərbaycanda sahibkarlığın inkişafına güclü stimul yaratdı

Azərbaycan xalqı hər il Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Məhz həmin gün - 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, Azərbaycan xalqının tarixində çox əhəmiyyətli bir hadisə idi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən gəlişi ilə ölkəyə yeni ab-hava gətirdi, Azərbaycanımızı dağılmaq təhlükəsindən xilas etdi.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyin pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində 90-ci illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülü başlamış və bu proses getdikcə dərinləşərək xroniki səciyyə almışdı. İkinci dəfə hakimiyyətə qayıdışı zamanı ulu öndər bu vəziyyəti təhlil edərək deyirdi: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".
Dahi şəxsiyyətin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da iqtisadi inkişafın mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri ulu öndərin siyasətinin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev belə bir gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. "Əsrin müqaviləsi"nin imzalanmasından 3 il sonra, 1997-ci ilin noyabrında həmin müqavilənin iştirakçılarından ibarət Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti "Çıraq" yatağının ilk quyusundan neftin fontan vurmasına nail oldu və bu vaxtdan başlayaraq, 2002-ci ilin sonunadək həmin yataqdan 24,5 milyon ton neft və 3,5 milyard kubmetr qaz hasil edildi. Ümumiyyətlə, 2002-ci ildə Azərbaycanda 15,3 milyon ton neft hasil edilərək son iyirmi dörd ildə ən yüksək göstərici əldə olundu.
"Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Layihə çərçivəsində ilkin neftin hasil olunmağa başladığı dövrdə onun Bakı-Novorossiysk kəməri vasitəsiylə nəqli həyata keçirilirdisə, artıq tezliklə neft hasilatının 50 milyon ton və ondan daha artıq səviyyəyə çıxarılması planlaşdırıldığından alternativ neft kəməri layihələri tələb olunurdu. Digər tərəfdən neftin nəqli məsələsi həm də siyasi səciyyə daşıdığından marşrutun seçilməsində maraqlı dövlətlərin də rəylərinin nəzərə alınması vacib idi. Məhz belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış etdi. Beləliklə, o vaxt Bakı-Supsa kəməri işə salındı, eyni zamanda, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi üzrə danışıqlar intensivləşdirildi. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar. Bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq ulu öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələr dəf edilərək sözügedən layihənin gerçəkləşməsi reallığa çevrildi, kəmərin tikintisinə başlanıldı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələrkən respublikada ümumi daxili məhsul istehsalında böyük geriləmə müşahidə edilirdi. Lakin ulu öndərin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başlandı.
Ümummilli liderimiz haqqında söhbət açarkən iş adamı olaraq diqqəti bir məqama da yönəltməyi zəruri sayıram. Bu böyük şəxsiyyət yenidən Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra sahibkarlığın inkişafına xüsusi diqqət yetirdi. Bunun üçün ilk növbədə özəl bölmənin formalaşmasına, tərəqqisinə əlverişli şəraitin yaradılması məqsədilə onun hüquqi bazası hazırlanmalı idi. Ona görə də ulu öndərin tövsiyəsi ilə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edildi. Eyni zamanda, sahibkarlığın inkişafı sahəsində 1993-1995 və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının imzalanması da bu sahənin formalaşmasına öz müsbət təsirini göstərdi, kiçik və orta sahibkarlığın inkişafını Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.
Sözügedən dövlət proqramları çərçivəsində iqtisadiyyatımızın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə yardımı sistemi formalaşdırıldı. Eyni zamanda, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar formalaşdırıldı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən tədbirlər görüldü. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanıldı.
Ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə görüşlər keçirdi. Ulu öndərimiz yerli sahibkarlarla görüşündə yekun nitqində dedi ki, siz bilməlisiniz ki, biz lazım olan qayğını göstərəcəyik. İnanıram ki, siz də sahibkarlıq xüsusiyyətlərini daha da dərindən mənimsəyəcəksiniz, sağlam, öz xalqına, vətəninə sədaqətlə xidmət edən sahibkarlar kimi inkişaf edəcəksiniz. Bunlar hamısı Azərbaycanda iqtisadiyyatın sürətlənməsini təmin edəcəkdir... Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarı və dayağıdır.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni bir mərhələnin əsasını qoydu.
Ulu öndərimiz yaxşı bilirdi ki, ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafını sürətləndirməkdən, ölkənin sosial-iqtisadi problemlərinin həllində onun rolunu gücləndirməkdən və fəaliyyətini iqtisadiyyatın inkişafı tələblərinə daha da uyğunlaşdırmaqdan, bu istiqamətdə dövlət köməyini genişləndirməkdən, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasından asılıdır. Ona görə də ümummilli liderimizin 17 avqust 2002-ci il tarixli fərmanı ilə imzaladığı "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" bu istiqamətdə həyata keçirilməli olan dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq, ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi. Xatırlatmaq yerinə düşər ki, qəbul edilmiş həmin sənəd özəl bölmədə ölkə iqtisadiyyatı potensialının daha səmərəli reallaşdırılması baxımından struktur dəyişikliklərinin həyata keçirilməsinə, sahibkarlığın inkişafı mexanizmlərinin yaradılmasına yönəldilmişdi.
Ulu öndərimiz Heydər Əliyev sahibkarlığın regional inkişafının sürətləndirilməsinə xüsusi diqqət yetirirdi. Məhz yuxarıda adı çəkilən Dövlət Proqramı da sahibkarlığın inkişafının prioritet istiqamətinin reallaşması baxımından kompleks tədbirləri əhatə edirdi. Həmin proqram çərçivəsində nəzərdə tutulan müddətdə ölkə regionlarının investisiya xəritələri hazırlandı, regional təşviq mexanizmləri müəyyənləşdirildi və reallaşdırıldı. Bundan başqa, regional infrastrukturun yaradılması və inkişafı istiqamətində bir sıra ciddi tədbirlər həyata keçirildi ki, bunun da nəticəsində yerlərdə özəl bölmənin inkişafı sürətləndi, sahibkarlıq üçün əlverişli şərait yarandı.
Ulu öndərimizin özəl bölmədə diqqət yetirdiyi məsələlərdən biri də sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsi idi. Bu məqsədlə 27 avqust 2002-ci il tarixdə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" fərman imzaladı. Bu fərman dövlət büdcəsi vəsaiti hesabına kiçik və orta sahibkarların etibarlı maliyyə müdafiəsi sistemi yaradılmasını reallaşdırdı. Adı çəkilən sənədin icrası nəticəsində, eyni zamanda, investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirildi.
Sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən danışarkən bir məqamı da xatırlatmaq istərdim. Ümummilli liderimizin "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 10 sentyabr 2002-ci il tarixli fərmanı ilə dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi artırıldı, ipoteka və girov mexanizmləri təkmilləşdirildi, girov qoyulan əmlakın bazası genişləndirildi.
O illərdə sahibkarlığın dövlət tənzimlənməsinə də xüsusi fikir verilirdi. Kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən edilməsi meyarlarının təkmilləşdirilməsi ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlər hazırlandı. Bununla da sahibkarlıq sektoruna dövlət köməyinin ünvanlılığı daha da artırıldı. Kiçik sahibkarlıq subyektləri üçün səmərəli vergi sisteminin formalaşdırılması məqsədilə sadələşdirilmiş sistem üzrə verginin tətbiqi təcrübəsi geniş təhlil olundu və bu sistem təkmilləşdirildi. Həmin dəyişikliklər sadələşdirilmiş sistem üzrə vergi ödəyicilərinin bazasının genişlənməsinə, regionlarda kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına müsbət təsir göstərdi.
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" ulu öndərimizin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş sənədlərlə ölkədəki mövcud lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyanın müddəti 2 ildən 5 ilə qədər uzadıldı.
Yeni lisenziyalaşdırma sisteminin tətbiqi, şübhəsiz ki, azad rəqabətin inkişafına, istehsal olunan məhsulun və göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb oldu. Bu sistemin tətbiqi məqsədilə fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər hazırlandı və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edildi. Tələb olunan əlavə sənədlərin sayı minimuma endirildi və lisenziyalaşdırma sistemində şəffaf mexanizmin yaradılması təmin edildi. Bununla yanaşı, xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edildi. Bu sənəddə kütləvi xarakter daşıyan fəaliyyət növləri üzrə dövlət rüsumunun məbləği minimal həddə müəyyənləşdirildi.
Sahibkarlığın hüquqlarının müdafiəsi və dövlət-sahibkar münasibətlərinin inkişafı o dövrdə günümüzün reallığına çevrilmişdi. "Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması haqqında" Azərbaycan Prezidentinin 27 avqust 2002-ci il tarixli fərmanının icrası ilə əlaqədar yaradılan Sahibkarlar Şurası ölkədə sahibkarlığın inkişafında, bu sahədə dövlət qayğısının artırılmasında, mövcud problemlərin vaxtaşırı təhlil edilərək müvafiq tədbirlərin görülməsində böyük rol oynamışdır.
Ulu öndərimizin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28 sentyabr 2002-ci il tarixli fərmanı ölkədə sahibkarların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir. "Yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişinin nümunəvi forması" hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir. Bu sənəd sahibkarlarla dövlət tənzimləmə və nəzarət orqanları arasında sıx əməkdaşlığı, anlaşma münasibətlərinin qurulması istiqamətlərini müəyyənləşdirmişdir...
...Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-sosial siyasət artıq yeddinci ildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli liderimiz kimi möhtərəm İlham Əliyevin də ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, özəl bölmənin, sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin inkişafında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Sahibkarlığın inkişafı cəmiyyətdə kəskin təbəqələşmənin qarşısını alır, inkişaf prosesində harmoniya yaradır.
Azərbaycanda sahibkarlığın inkişafına göstərilən qayğını mən bir iş adamı, sahibkar kimi həm ulu öndərimizin vaxtında, həm də indi açıq-aydın hiss edirəm. Məhz rəhbəri olduğum "Bərdə-Çörək" Açıq Səhmdar Cəmiyyətinin hazırkı səviyyəyə çıxması, böyük uğurlar qazanması bu diqqətin bariz ifadəsidir. Sahibkarlığa yaradılan əlverişli şəraitin məntiqi nəticəsidir ki, müəssisəmiz yüksək istehsal və keyfiyyət göstəricilərinə görə respublikada nüfuz qazanıb. Burada reallaşdırılan texnoloji islahatlar öz bəhrəsini verib: məhsul keyfiyyətinə görə alıcılarda böyük razılıq hissi yaradıb.
Bu gün ulu öndərin ölməz ideyaları inkişafımızın yoluna işıq salır, ölkəmiz bu ideyalardan bəhrələnərək uğurlu sabaha doğru inamla irəliləyir.

{nl}

Məhərrəm SƏFİYEV, iqtisad elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında