Dünyanın siyasi arenasında öz yeri olan, Azərbaycan xalqının şərəf simvolu ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrü xalqımızın yüz illərlə həsrətində olduğu Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə aparılan mübarizələr və qələbələr tarixidir. Bu dövrün az qala yarıdan çoxu sovet dönəminə, imperiya rejimi dövrünə təsadüf edir. Nə qədər qəribə olsa da əslində Heydər Əliyev elə bu illərdə Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətlərlə adını tarixə yazmışdı. Tanrı onu məhz öz missiyasını yerinə yetirmək üçün ən sərt və amansız mübarizələrdən belə qalib çıxarır, qoruyur və irəli aparırdı.
"Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin. Mən istəyirdim Azərbaycan hər şeydən əvvəl iqtisadi cəhətdən müstəqil olsun. Çünki istənilən müstəqilliyin əsası iqtisadiyyatdır. Mən burada çoxlu elektrik stansiyası tikdirdim. Moskvada məndən soruşurdular: bu sizin nəyinizə lazımdır? İzah edirdilər ki, Sovet İttifaqının vahid enerji sistemi var, bu nəyə lazımdır? Deyirdim ki, istəyirəm bizdə yeni iş yerləri olsun və s. Mingəçevirdə hər biri 250 meqavat gücündə 9 kompleksdən ibarət Kür SES-i tikdirdim. Yenikənd SES-in tikintisini başladım, ancaq yarımçıq qaldı. Qayıdandan sonra Dünya Bankından kredit alıb onun tikintisini başa çatdırdım və istismara buraxdıq". Onun 1970-ci illərdə Azərbaycanı yüksəlişə və iqtisadi tərəqqiyə aparan xidmətləri saysız-hesabsız idi. Sovet rejiminin sərt qaydalarından çox böyük ustalıqla istifadə edib bir onillikdən bir qədər artıq vaxtda respublikanın iqtisadi, milli-mədəni simasını dəyişməyi bacarmış və Kremlin hakimiyyət kuluarlarında işgüzar, bacarıqlı, peşəkar dövlət xadimi kimi tanınmağa başlamışdı. Bu, bir tərəfdən Heydər Əliyevin dostlarının dairəsini genişləndirmişdisə, digər tərəfdən rəqiblərinin, ona həsəd aparanların sayını artırmışdı.
1982-ci ildə ona "Heydər Əliyevin artıq Kremldə lazım olduğunu" deyəndə, bir qədər tərəddüd etmişdi. Yox, qorxmaq, çəkinmək bu şəxsiyyətin xarakterinə yad olan keyfiyyətlər idi. O, sadəcə Azərbaycanın bəlkə də müstəqilləşməsi üçün başladığı işlərin yarımçıq qalmağına təəssüflənirdi. Lakin tale onu yeni sınaqlara hazırlayırmış kimi, nəhəng bir dövlətin hakimiyyət intiriqalarının cərəyan etdiyi Moskvaya çəkib apardı. Ağır iqtisadi böhranın çökdürməkdə olduğu ölkənin ən çətin və problemli sahələrinə rəhbərlik etmək tapşırılan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev yorulmaq bilmədən çalışır və heyrətamiz gücü, bacarığı, müdrik qərarları ilə sadə sovet adamlarının belə dərin hörmət və rəğbətini qazanırdı.
"Heydər Əliyev: hakimiyyətin çəkisi" sənədli filminin müəllifi, dünya kinosunun tanınmış simalarından olan rejissor Andrey Konçalovski müsahibələrinin birində bu dahi azərbaycanlı haqqında belə deyir: "Bu insan tarix yaradıb. O böyük milli qəhrəmandır. O bir çox məsələlərdə dünyanın istənilən ölkəsinin rəhbərini qabaqlayır. Heydər Əliyev təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, həm də Rusiya üçün, bütün keçmiş Sovet İttifaqı və bu ucusuz-bucaqsız geniş ərazidə yaşayan bütün xalqlar üçün çox iş görüb. O ölkəni quran, dövləti yaradan və möhkəmləndirən çox böyük dahi şəxsiyyətlərdən biridir. Ona görə bu səviyyədə olan şəxsiyyətlərə hörmət və şərəflə yanaşmaq lazımdır".
Amma Kremldə 1980-ci illərin sonlarında bu fenomenal dahi şəxsiyyətə heç də hamı sevgi və məhəbbətlə, hörmət və rəğbətlə yanaşmırdı. Onun istedadı və sürətlə artan nüfuzu çoxlarını qorxuya salmış, paxıllığına və qəzəbinə səbəb olmuş, rəqib bilənlərsə bütün vasitələrlə onu məhv etməyə çalışmışlar. Lakin Tanrı onu, taleyinə düşən xilaskarlıq və quruculuq missiyasını yerinə yetirmək üçün daim qorumuşdur...
1993-cü ilin qanlı qadalı günlərini, yenicə müstəqilliyə qovuşmuş Azərbaycanın məhv olmaq və dövlətçiliyinin süquta uğramaq təhlükəsi qarşısında qaldığı məqamların canlı şahidləri olaraq hansı iztirab və həyəcanlar yaşadığımızı xatırlamaq belə içimizi sarsıdır. Erməni işğalının böyük miqyas aldığı, ölkə daxilində qardaş qanının axıdıldığı, xaos və hakimiyyətsizliyin doğurduğu anarxiyadan üzülən xalq məzlum-məzlum bütün ümidlərini məhz dahi oğlu Heydər Əliyevin gəlişinə bağlamışdı. "Ölüm yatağında" olan ölkənin son ümidinə Heydər Əliyev gəldi. Tikib, qurub, yaradıb, sonra qoyub getdiyi ölkədə gördükləri onu dəhşətə gətirdi. Ona görə də Azərbaycanın 1993-cü il iyun ayındakı gerçək mənzərəsini Heydər Əliyev mətbuata belə açıqlayırdı: "İndi Azərbaycanda vəziyyət belədir; iqtisadiyyat büsbütün dağılmışdır. O ki, qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz".
Məhz ona görə dünya politoloqları və kütləvi informasiya vasitələrinin nümayəndələri 1993-cü ilin iyun ayını Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyə bilet alması, Heydər Əliyevin həyatında və bioqrafiyasında isə misli görünməmiş yüksəlişin parlaq tarixi kimi dəyərləndirirlər.
Sovet İttifaqının dağılması, dünyanın bütün geosiyasi qatlarının dəyişməsi, dünya ağalığına cəhdlərin güclənməsi, Cənubi Qafqazda, Orta Asiyada və Avrasiya regionlarında eyni vaxtda yeni-yeni müstəqil dövlətlərin yaranması bütövlükdə yeni liderlərin meydana çıxmasını tələb edirdi. Sadəcə bacarıqlı insanlara deyil, fenomenal lider keyfiyyətlərinə malik, genetik cəhətdən innovasiyalara uyğunlaşa bilən şəxsiyyətlərə ehtiyac var idi. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan insanlar arasında bu keyfiyyətdə insanlar yox idi. Ümummilli lider Heydər Əliyev sonralar o dövrü xarakterizə edərək deyirdi: "Azərbaycanın kommunist hökuməti o zaman öz xalqına qarşı satqınçılıq mövqeyi tutdu və nəticədə getməyə məcbur oldu. Ancaq bu hökumətin yerinə təsadüfi və səriştəsiz adamlar gəldi və çox tezliklə də özlərini rüsvay etdilər. Bir ildən sonra onlar demək olar ki, hərəsi bir yerə, prezident də öz kəndinə qaçdı".
Heydər Əliyev müdrikliyə, vətənpərvərliyə, siyasətdə dəyərlər iyerarxiyasına və şəxsiyyətə hörmətə söykənən fenomen insan idi. XX əsrin ən qanlı, nəhəng miflərindən biri - Sovet imperiyası dağılanda Heydər Əliyevin əməlləri və qərarları sovet eksperimentinin xeyrinə olan son arqumentlər kimi tarixdə qaldı, sonra isə yeni, layiqli və xoşbəxt həyat imkanları haqqında təkzibedilməz sübuta çevrildi.
Heydər Əliyevin böyük miqyaslı siyasətçi olduğu artıq sovet dönəmindən bəlli idi və respublikamızın bir dövlət kimi varlığının qorunmasında məhz onun ölçülü-biçili siyasi qərarları, uzaqgörən strategiyası və taktikası, məqsəd və vəzifələrin miqyası öz hökmünü verdi. Ölkədə kəskin hakimiyyət böhranının, vətəndaş müharibəsi ehtimalının və müstəqilliyi itirmək təhlükəsinin qarşısını çox böyük ustalıqla alan Heydər Əliyev məhz bu gərgin məqamlarda dünyanın yeddi nəhəng və güclü dövlətinə ölkəsində birgə neft çıxartmağı, emal etməyi və daşımağı təklif etdi və bu təklif qəbul olundu. 1994-cü il sentyabrın 20-də 11 tanınmış neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bununla da Heydər Əliyevin qətiyyəti, siyasi müdrikliyi sayəsində Azərbaycan Xəzər dənizini və onun enerji resurslarını bütün dünyanın üzünə açdı.
1997-ci ildə rus yazarı Aleksandr Baraday bu faktı belə qiymətləndirirdi: "Sovet məktəbinin müdrik siyasətçisi Heydər Əliyev öz ölkəsini Türkiyə, ABŞ və ərəb dünyası ölkələri üçün əvəzedilməz geosiyasi həlqəyə çevirdi. O çox dahiyanə bir gedişlə öz ölkəsinin neft sənayesinin aksiyalarını dünyanın nəhəng dövlətləri və transmilli şirkətləri arasında bölüşdürdü və bununla da onların Azərbaycanın daxili sabitliyinin əldə edilməsində maraqlı olmalarını təmin etdi. Ona görə də Heydər Əliyev hər ehtimala qarşı Moskva ilə əlaqələri saxlamaqda davam edərək, daha müstəqil siyasət yeritməyə qadirdir".
O vaxt üçün iqtisadi, siyasi və informasiya blokadasında olan, hakimiyyət uğrunda daxili çəkişmələrin səngimədiyi, əksinə daha qorxulu, gizli xarakter aldığı, qonşu dövlətlərin ciddi təzyiqlərinə məruz qalan gənc müstəqil dövlətin belə bir addım atması bir çoxları tərəfindən Heydər Əliyevi məğlubiyyətə aparan səhv kimi qiymətləndirilsə də tarix onun qələbəsinə qərar verdi. "Əsrin müqaviləsi"nin mühüm əhəmiyyətlərindən biri də ondan ibarət idi ki, bu müqavilə respublikada çox güclü qanunvericilik bazası yaratdı, investorlar öz kapitallarının etibarlı müdafiəsinə inandılar və bununla da Azərbaycan əlverişli və etibarlı investisiya mühiti olan sivil bir ölkəyə çevrildi. Ölkə bununla ilk növbədə iqtisadi inkişaf üçün bünövrə əldə etdi. 1997-ci ildən başlayaraq istehsal, maliyyə və kənd təsərrüfatı sahəsində göstəricilər daim artmağa başladı.
Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə yaxşı nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neftin gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, infrastruktur layihələrin reallaşdırılmasına çalışmağın vacib olduğnu qeyd edir və buna səy göstərirdi. Keçmiş postsovet məkanında ilk dəfə Azərbaycanda dövlət başçısı Heydər Əliyevin göstərişi ilə torpaq islahatına start verildi. Aqrar islahatın bu fazası ilə bərabər kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına keçməsi kənd təsərrüfatına yeni həyat verdi. Onun təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəldir, ona yeni nəfəs verirdi. Az bir zaman içində bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Kommunist rejimindən yenicə ayrılmış Azərbaycanda sahibkarlığın inkişafına böyük maneələrin olacağını çox dəqiq bilən Heydər Əliyev, onları şəxsən himayə edir, vaxtaşırı görüşlər keçirir, problemlərini öyrənir və onlara dəstək olurdu.
Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra artıq müstəqil dövlət rəhbəri olaraq özünün peşəkar və yaradıcı siyasi tərcümeyi-halına yeni regional diplomatiya strategiyasını da əlavə etdi. Ağır çəkili siyasətçi, tarixçi və filosof, müstəsna yaddaşa malik natiq və şübhəsiz ki, fenomenal dövlət xadimi Heydər Əliyev, bir çox opponentlərinin qeyd etdiyi kimi, bircə əl verib görüşməklə istənilən adamı öz mühakimələrinin doğruluğuna inandırmağı bacarırdı. Bu insan istənilən səviyyədə və ranqda olan şəxsi paritet danışıqlar aparan bir səviyyəyə gətirməyin ustası idi.
"Bizim ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində və Azərbaycanın inkişafında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Mən onunla 1998-ci ilin iyulunda Birləşmiş Krallığa səfəri zamanı görüşümüzü çox yaxşı xatırlayıram". Kraliça ülyahəzrət II Yelizavetanın bu sözləri Heydər Əliyevin istənilən mənsəbdən olan şəxslərlə qarşılıqlı münasibətlər qurmaqda fenomen keyfiyyətindən xəbər verir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və bütöv Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri heç şübhəsiz onun xalqımızın təkid və tələbi ilə gənc dövlətin sükanı arxasına keçib müstəqil Azərbaycan Respublikasını ən qorxulu faciədən - məhv olmaq və tarixin səhnəsindən silinmək təhlükəsindən xilas etməsi oldu. Onun ilk gündən başlayaraq, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək naminə həyata keçirdiyi strateji əməkdaşlıq strategiyası təkcə MDB məkanında deyil, bütün Qərb dövlətləri ilə sıx münasibətlər qurmağa imkan verdi.
Heydər Əliyev türk dünyası ilə münasibətləri nəinki qorudu, həm də yüksək səviyyədə inkişaf etdirdi. Nahaq deyil ki, Türkiyənin görkəmli dövlət və siyasi xadimi Bülənt Ecevit onu belə dəyərləndirirdi: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".
Heydər Əliyev böyük qonşumuz Rusiya ilə münasibətləri bərpa etdi, öz islam köklərini unutmadı və nəhayət Qərb dövlətləri ilə etimadlı münasibətlər qurdu. 1995-2007-ci illərdə Fransanın prezidenti olmuş Jak Şirak onun xidmətlərini belə dəyərləndirirdi: "Bu özünəməxsus unikal şəxsiyyət Azərbaycanı çiçəklənməyə doğru apardı. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlarda mən onun konflikti sülh yolu ilə həll etmək üçün göstərdiyi qəhrəmanlığı, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirəm".
Şübhəsiz dünyanın bütün siyasi məktəblərində, Mitteran, Bismark, Adenaur, de Qoll, Çörçill kimi tarixi şəxsiyyətlərlə yanaşı Heydər Əliyevi - Azərbaycan dahisini də öyrənmək lazımdır. Çünki şəxsiyyətin tarixi dəyişikliklərə təsiri, bu şəxsiyyətin miqyasını səciyyələndirir. Tarixin gedişini dəyişmək iqtidarında olan siyasətçilərin taleyinə, həmişə olduğu kimi, ən təhlükəli və ağır məsuliyyət düşür. Bu məsuliyyəti necə daşımasından, ölkəsinin tarixi inkişafı üçün hansı istiqaməti seçməsindən asılı olaraq politoloqlar o tarixi şəxsiyyət fenomenini tarixi liderlərin üç tipindən birinə aid edirlər - konservator, islahatçı və ya inqilabçı.
Heydər Əliyev birmənalı olaraq islahatçı lider idi. Adət-ənənəni, milli mənəvi dəyərləri, mədəniyyəti qayğı ilə qoruyan, amma, eyni zamanda, ictimai düşüncənin ağrılı islahatının və dekonstruksiyasının məsuliyyətini üzərinə götürən lider. 1990-cı illərdə məhz bu lider nəqliyyat dəhlizi məsələlərini aktuallaşdıraraq Azərbaycana Şərqi və Qərbi birləşdirən ölkə statusunu qazandırdı, respublikanı regional geosiyasi oyunçu formatına daxil etməyi bacardı.
Bu gün, 1993-cü ilin o müdhiş iyun günlərindən 17 il keçəndən sonra biz çox qətiyyətlə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı qatı millətçilikdən və dini fanatizmdən qorudu, azərbaycançılıq fəlsəfəsilə xalqı və bütün dünyaya səpələnmiş azərbaycanlıları bir məfkurə ətrafında topladı, müstəqil dövlətçiliyi möhkəm təməl üzərinə çıxarıb inkişaf etdirdi, yeni iqtisadi strategiya sayəsində ölkəni inkişaf müstəvisinə çıxardı, milli ordunu formalaşdırdı və s. və i.
Nə yaxşı bu gün Azərbaycan fenomenal siyasət ustası Heydər Əliyevin arzularının işığına doğru getməkdədir. Ümummilli liderin siyasi zəmanəti və yüksək xalq etimadı ilə 2003-cü ildə prezidentlik missiyasına başlayan İlham Əliyev qısa zamanda misilsiz uğurlara imza atdı və xalqın sonsuz hörmət və rəğbətini qazandı. Bu gün bütün dünyada müasir dövrün lideri obrazının bütün keyfiyyətlərini beynəlxalq aləmə öz siyasi fəaliyyəti ilə nümayiş etdirən Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanın milli maraqlarını, mənafeyini ləyaqətlə və qətiyyətlə qorumaqdadır. Gəlin razılaşaq ki, bu şansı da ölkəmizə qazandıran məhz ulu öndər Heydər Əliyev olmuşdur.
{nl}
Dilfərə MƏMMƏDOVA, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.