Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində mühüm uğurlar əldə edilir

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi.Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iştisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. 
Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan sürətli tərəqqisi əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşmasını, həmçinin onun beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasını şərtləndirmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman və sərəncamlar ölkəmizdə yaşanan iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 9 ilə yaxın bir müddətdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, böyük əksəriyyəti daimi olmaqla ümumilikdə bir milyona yaxın yeni iş yeri açılmış, son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enmişdir. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artmış, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilmişdir. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılmışdır. Birinci üç ayda isə investisiyalar 4,3 milyard dollar təşkil etmişdir. Hələ ki, altı ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil etmişdir.
Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən çoxdur. Xatırladım ki, bu ilin altı ayında isə ümumi daxili məhsul 1,5 faiz artmışdır. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüş, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq 30,6 milyard manata çatmış, adambaşına düşən məbləğ 3 min 400 manat olmuşdur.
Bu ilin iyulun 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası göstərdi ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir. Bu ilin altı ayında əhalinin pul gəlirləri 14,2 faiz artmışdır. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templə artmasına dəlalət edir.
Bu gün iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricidir.
Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi böhran, Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan həmin böhrandan Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur.
Ölkəmizin maliyyə vəziyyəti də getdikcə yaxşılaşır. İlin əvvəlindən strateji valyuta ehtiyatlarımız artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 44 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəm şübhəsiz ki, daha artacaqdır.
Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən bu işdə fəallıq göstərmək, sahibkarlara kömək etmək məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Bunların bir qisminə diqqət yetirək.
Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.
Qlobal maliyyə böhranı şəraitində belə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amillərindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaldır. Bu il qeyri-neft sektorunda ümumi daxili məhsulun 7,7 faiz və qeyri-neft sənayesinin 16,5 faiz artımının baş verməsi də ilk növbədə regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Hazırda ümumi daxili məhsulun 85 faizi özəl sektorda istehsal olunur. Bu uğurların qazanılmasında Azərbaycan sahibkarlarının, eyni zamanda ASK-nın da öz töhfəsi olmuşdur.
Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsi və Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktlarıdır. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır".
Başa vurmaqda olduğumuz mərhələ sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada multikulturalizm və etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. Ötən ilin sonlarında 155 ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir neçə ay əvvəl isə Meksikada "Böyük iyirmiliyin" sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin böyük siyasi-diplomatik qələbəsi və beynəlxalq nüfuzunun birmənalı etirafıdır.
Vaxtilə ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ictimai təşkilat kimi ölkədə sahibkarlığın inkişafına kömək sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsində, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində, sahibkarların və iş adamlarının hüquq və qanuni mənafelərinin qorunmasında, ölkədə əhalinin hüquq mədəniyyətinin formalaşdırılmasında və işgüzar fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır".
Bu gün bir daha bildirmək istəyirəm ki, konfederasiyanın üzvləri daim ölkə sahibkarlarına, o cümlədən konfederasiyaya ulu öndər tərəfindən verilən yüksək qiymətə layiq olmağa calışır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkədə iş adamlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə 5000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-yə qədər assosiasiya və birlikləri birləşdirir.
Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.
2001-ci ildən etibarən, konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayıb. Konfederasiya öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, Milli Məclis, məhkəmə orqanları, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, bir sıra nüfuzlu Beynəlxalq Təşkilatların, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin üzvlüyündə təmsilçiliyi davam etdirərək ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir.
Azərbaycan hökuməti ilə razılaşmaya əsasən 2012-2013-cü illər üzrə Baş Kollektiv Saziş 6 mart 2012-ci ildə imzalanmışdır. Bu yeni sənəd də sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, inkişafına kömək edəcəkdir.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində də fəal iştirak edirik. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Bununla əlaqədar 27 yanvar 2012-ci il tarixdə keçirilmiş iclasda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında "Təhlükəsiz və Sağlam əmək şəraiti" üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması haqqında qərar imzalanmış və onun əsasnaməsi təsdiq edilmişdir. Təhlükəsiz və sağlam əmək şəraiti bütün səviyyələrdə sosial dialoq üçün yaxşı başlanğıc nöqtəsidir və yeni yaradılmış şura bu istiqamətdə vacib platforma olacaq.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, qarşıdakı 10 ildə qeyri- neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını nəzərdə tutur. Qarşıda duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini qərarlaşdırmışdır.
Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları, digər beynəlxalq qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.
Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2011-ci il ərzində ölkə sahibkarlarının iştirakı ilə Azərbaycanda 91, xarici ölkələrdə 99 biznes forum və konfrans, eləcə də Özbəkistanın Daşkənd şəhərində xaricdə ilk dəfə olaraq milli sərgi təşkil olunmuşdur. Qeyri-neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada keçirilmiş sərgilərdə Azərbaycan sahibkarlarının iştirakı təmin edilmişdir.
Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə respublikada 144 belə tədbir keçirilmişdir ki, onlardan 80-ni regionlarda yerli iş adamlarının iştirakı ilə təşkil edilmiş, sahibkarların və gənc menecerlərin bir qrupu bilik və bacarıqlarını artırmaq, inkişaf etmiş ölkələrdə mövcud texnologiya və işin qurulması mexanizmlərini mənimsəmək məqsədilə Almaniyada müvafiq müəssisələrdə təcrübə keçmək üçün göndərilmişlər.
Keçən müddət ərzində konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin komissiyaları və təşkilatları ilə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.
2011-ci ildə Türkiyə, Qazaxıstan, Azərbaycan və Qırğızıstanın daxil olduğu Türkdilli ölkə rəhbərlərinin Astanada keçirilən zirvə görüşü çərçivəsində həmin ölkələrin Əməkdaşlıq Şurası yaradılmışdır. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Şurada və onun işçi qruplarında ölkəmizi özəl sektor adından təmsil edir.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi, səfir Xəlil Akıncı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirmiş, həmçinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Türkiyənin Diş Ekonomik ilişkileri kurulu (DEİK), Özbəkistanın Ticarət Sənaye, Auditorlar, Fransa-Azərbaycan ticarət palataları, İteka Caspian MMC, Azərbaycan Banklar Assosiasiyası, Polşa, Latviya, Litva işəgötürənlər konfederasiyaları, Azərbaycan Mikromaliyyə, Gürcüstan işəgötürənlər və Gəncə şəhər sahibkarlar assosiasiyaları və "Marketinq Mütəxəssislər" ictimai birliyi ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Hazırda bu qarşılıqlı faydalı əməkdaşlıqdan hər iki tərəf bəhrələnməkdədir.
İran,Türkiyə, Küveyt, Misir, Pakistan, İtaliya, Macarıstan, Rusiya, Yunanıstan, Almaniya, Çin, İsveçrə, Mərakeş, Belarus, Hindistan, Fransa, ABŞ, Koreya və digər ölkələrin səfirliklərinin keçirdikləri tədbirlərdə konfederasiyanın nümayəndələri iştirak etmiş, Azərbaycan sahibkarları ilə bu ölkələrdə çalışan sahibkarlar arasında işbirliyinin qurulması və inkişaf etdirilməsi üçün tədbirlər görülür.
2012-ci ilin birinci rübündə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun xətti ilə yerli və xarici iş adamlarının, habelə beynəlxalq təşkilatların iştirakı ilə 73 biznes forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.
Konfederasiya Azərbaycan Respublikasını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasında müvəffəqiyyətlə təmsil edir. Bu məqsədlə konfederasiyanın nümayəndə heyəti Biznes Şurasının Serbiyanın Belqrad şəhərində keçirilən yığıncağında iştirak etmişdir. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq davam etdirilir.
Konfederasiya ölkədə və xaricdə təşkil olunan sərgi və biznes forumlarda sahibkarların iştirakına önəm verərək onların bu vasitələrdən yararlanmasına kömək göstərir. Sahibkarlar üçün Avropa profilli Yunanıstan şirkətinin "Milli Konfederasiya Bürosuna və TƏS-in icrasına dəstək layihəsi" ilə birlikdə rəqabətə davamlılıq və iş yerlərinin təhlükəsizliyi mövzularında seminarlar keçirilmişdir. Sahibkarların maarifləndirilməsinin təşkili məqsədilə konfederasiya tərəfindən "ABŞ texnikasının və texnologiyasının Azərbaycanın kənd təsərrüfatında tətbiqi" mövzusunda da seminar keçirilmişdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Almaniyanın Meklenburq - Vorpemmern Texniki Peşə Təhsil İnstitutu ilə birlikdə "Sosial Dialoq Sahəsində Əməkdaşlıq" mövzusunda 3 illik layihəni müvəffəqiyyətlə başa çatdırmışdır. Əhəmiyyəti nəzərə alınaraq layihənin 2-ci mərhələsinin daha 3 illiyə uzadılması ilə bağlı sənəd imzalanmışdır.
Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişaf etdirilməsi, hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik faəliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.
Layihə çərçivəsində əmək qanunvericiliyi, əməyin mühafizəsi, assosiasiyaların təşkili və digər mövzular üzrə həm baş ofisdə, həm də regionlarda sahibkarlarla 6 seminar keçirilmişdir.
Bu ilin aprel ayının 12-də Avropa İttifaqı Texniki Yardım Layihəsi çərçivəsində "Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyə dair" seminarda ASK-nın iştirakı çox əhəmiyyətli olmuşdur.
Artıq bu ilin yanvar ayından etibarən ASK BƏT-in "Böhrandan uyğun və təhlükəsiz işə" adlı layihə sənədinə qoşulmuşdur. Layihə 2013-cü ilin dekabr ayına qədər nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində işlə bağlı davamlı regional inkişaf və sosial ədalət, milli peşəkar təhlükəsizliyin və səhiyyə sisteminin modernləşdirilməsi, sosial müdafiə və sosial təhlükəsizliyin təmin olunmasıdır.
Yeri gəlmişkən, Avropanın təşəbbüskarlığı çərçivəsində Şərq regionunun mehriban qonşuluğunun iqtisadi inkişafına yönəldilən investisiya-ticarət əhatəsinin yaxşılaşdırılması üçün Şərq tərəfdaşlığı regional "Twinnig" layihəsi barədə də bir neçə kəlmə danışmaq istərdim. Bu layihə Avropa Birliyinin Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya qarşılıqlı investisiya münasibətlərində və əməkdaşlığında onların potensial inkişafına köməklik etmək məqsədilə reallaşdırılır.
"Twinnig" layihəsi çərçivəsində kiçik və orta sahibkarların ixracatla bağlı ASK üzvlərinə "İxrac potensialının artırılması" mövzusunda Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası Almaniyadan dəvət olunmuş ekspertlərin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələrinin iştirakı ilə bu ilin aprel ayının 23-24-də seminar keçirilmişdir. Seminarda təcrübə mübadiləsi, təqdimatlar, digər məsələlər və sual-cavablar maraqla qarşılanmışdır.
Bir mühüm məqama da toxunmaq istərdim. Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlətimizin başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.
Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Bu gün ASK Azərbaycan hökuməti ilə yaxından əməkdaşlığı şəraitində sahibkarlara keyfiyyətli kredit xidmətinin göstərilməsi, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və biznes mühitinin inkişafının təmin edilməsi məsələlərinə də mühüm önəm verir.
Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız 2012-ci və növbəti illərdə daha da güclənəcəkdir.
Sahibkarlar Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq subyektlərinin maraq və mənafelərinə uyğun olaraq milli səviyyədə sosial-iqtisadi siyasəti həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə əməkdaşlıq əlaqələrini genişləndirir, sahibkarların sahə və regional ictimai təşkilatlarının yaradılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, sosial tərəfdaşlıq və əməkdaşlıq praktikasının gücləndirilməsinə köməklik edir".
Ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız bundan sonra da bu işdə səy və biliklərini əsirgəməyəcək, ölkəmizin çiçəklənməsi naminə daha böyük əzmkarlıq göstərəcəklər.

{nl}


Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının prezidenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında