Maliyyə Nazirliyində fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın iclası keçirilmişdir

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun iştirakı ilə Azərbaycan Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və prosesə ümumi nəzarətin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın iclası keçirilmişdir.  
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xüsusi Komissiyanın iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı əmanətlərin qaytarılması ilə bağlı postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variantın məhz Azərbaycanda tətbiq olunduğunu qeyd etmişdir.
"Kapital Bank"ın xidmət məntəqələrində fərdi birdəfəlik ödəmələrin verilməsi işinin uğurla davam etdiyini bildirən nazir əlavə etmişdir ki, prosesin gedişində zaman-zaman ortaya çıxan problemlər operativ şəkildə həll edilir və nəzərdə tutulduğu kimi, əmanətçilərə ödəmələrin verilməsi 2013-cü ilin sonunadək tam şəkildə uğurla başa çatdırılacaqdır. Nazir, eyni zamanda, Xüsusi Komissiyanın qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə icra etdiyini, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərlə bağlı əmanətçilər tərəfindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılaraq müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bu günədək Xüsusi Komissiyaya 1080 ərizə daxil olmuşdur ki, bunlar da əsasən itmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları ilə bağlıdır. Müvafiq araşdırma aparıldıqdan sonra Xüsusi Komissiya sözügedən müraciətlərdən 976-sı barəsində müsbət, 104-ü barəsində isə əlavə araşdırılmalar aparılması üçün "Kapital Bank"ın müvafiq filiallarına qaytarılmasına dair qərar qəbul etmişdir.
Prosesə ciddi nəzarət olunduğunu vurğulayan nazir qeyd etmişdir ki, indiyədək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı korporativ normaları və vəzifə borclarını pozan bir neçə "Kapital Bank" əməkdaşı inzibati qaydada cəzalandırılmışdır. Bildirilmişdir ki, Xüsusi Komissiya üzvləri yerlərə ezam olunaraq prosesin maksimum şəffaf və operativ şəkildə həyata keçirilməsinə bilavasitə nəzarət etməlidirlər.
İclasın işində "Kapital Bank"ın rəhbərliyi, o cümlədən Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında