Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki dövrlərdəki kimi, bu ilin altı ayı ərzində də dinamik inkişaf davam etmişdir. Bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da öz aydın ifadəsini tapmışdır.
Məlumatda bildirilir ki, cari ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1,5 faiz, yaxud müqayisəli qiymətlərlə 369,2 milyon manat artaraq 25,9 milyard manata çatmışdır. ÜDM-in 67,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54 faizi sənayedə, 9,2 faizi inşaat kompleksində, 4,5 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,3 faiz, o cümlədən nəqliyyatda 4,9 faiz, ticarət və pullu xidmətdə 8,4 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,3 faiz təşkil etmişdir. ÜDM-in 6 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2828 manat (3597,5 ABŞ dolları) olmuşdur.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 11,3 faiz artmış, neft sektorunda isə 6,4 faiz azalmışdır. Azərbaycan iqtisadiyyatının strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində artıq iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərir. Yəni, əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr, sözün əsl mənasında, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verir.
Ölkə iqtisadiyyatının qeyri-neft sənayesində artım nəzərə çarpır. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir. Ümumiyyətlə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır, həm də orta və kiçik həcmli müəssisələr fəaliyyətini gücləndirir, onların sayı artır. Bu, cari ilin altı ayı ərzində sənaye sahəsində daha qabarıq büruzə verir. Xatırladaq ki, hesabat dövründə ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 17,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azalmışdır. Məhsulun 77,1 faizi mədənçıxarma bölməsində, 17,6 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5,4 faiz azalmış, emal bölməsində 13,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 4,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 4,8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 faiz artmış, neft sektorunda isə 5,2 faiz azalmışdır. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 22,2 milyon ton, əmtəəlik qaz hasilatı 8,8 milyard kubmetr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 5,2 faiz, içki istehsalı 11,6 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 98,8 faiz, geyim istehsalı 65,2 faiz, poliqrafiya fəaliyyəti 2,1 dəfə, rezin və plastik məmulatlar istehsalı 3,4 dəfə, tikinti materialları istehsalı 22,9 faiz, metallurgiya sənayesi məhsulları 12,1 faiz, hazır metal məmulatları istehsalı 82 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı 12,9 dəfə, elektrik avadanlıqları istehsalı 3,1 dəfə, maşın və avadanlıqların istehsalı 14,4 faiz artmışdır. İlin ilk yarısında 10,6 milyard kilovatsaat, yaxud 10,5 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir. Bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə istehsalın artırılması üçün ən mühüm layihələr həyata keçirilir. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Məhz elə bunun nəticəsidir ki, sözügedən sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Statistik göstəricilərə nəzər salaq. Aqrar bölmədə yaz tarla işləri başa çatmışdır. İyun ayının 22-nə kimi 373,7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 31,7 min hektar sahədə dənli və dənli paxlalılar, 35,8 min hektar sahədə dən üçün qarğıdalı, 78 min hektar sahədə tərəvəz, 66 min hektar sahədə kartof, 29,1 min hektar sahədə pambıq, 30 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 10,7 min hektarda dən üçün günəbaxan, 1530 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 23,6 min hektar azalmış, eyni zamanda dənli və paxlalıların əkin sahəsi 2 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 2,2 min hektar, kartofun əkin sahəsi 841 hektar, tütünün əkin sahəsi 95 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 606,6 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1606,9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 119,7 min hektar çox sahənin taxılı biçilmiş və 415 min ton çox məhsul toplanmış, məhsuldarlıq 2 sentner yüksələrək hər hektardan orta hesabla 26,5 sentnerə bərabər olmuşdur.
Yığım başlanandan tarlalardan 245,8 min ton kartof, 315,3 min ton tərəvəz, 71,6 min ton meyvə və giləmeyvə, 48 min ton bostan məhsulları, 54 ton tütün, 277,7 ton yaşıl çay yarpağı toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,4 min ton, yaxud 2,7 faiz, bostan məhsulları istehsalı 19,2 min ton (66,4 faiz), tütün istehsalı 16,7 ton (44,8 faiz), meyvə və giləmeyvə istehsalı 8,8 min ton (14 faiz) artmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1,5 faiz artaraq 2703,5 min başa, qoyun və keçilərin sayı 1,3 faiz çoxalaraq 8741,2 min başa çatmışdır. Bu dövrdə 3,2 faiz çox və ya diri çəkidə 214,6 min ton ət, 7,3 faiz çox, yaxud 856,4 min ton süd, 16 faiz az və ya 600,4 milyon ədəd yumurta, 3 faiz çox, yaxud 14,6 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 17,5 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 10,4 faiz artmışdır. Hesabat dövründə ölkədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Azərbaycanın, eləcə də Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir.
İlin əvvəlindən inşaat kompleksində 5,9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,1 faizi və ya 3,4 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 29,6 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 29,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini və ya 4,6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 38,8 faiz artmışdır.
Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı gördüyü işlərin nəticəsidir ki, ölkədə möhtəşəm, bir çox hallarda isə regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr reallaşır və bu istiqamətdə işlər uğurla davam edir. Məhz elə buna görə də cari ilin altı ayı ərzində nəqliyyat sektorunda uğurlar əldə olunmuşdur. Hesabat dövründə nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, bütün infrastruktur layihələri vaxtında icra edilmişdir. Bu fikrin təsdiqi kimi statistik göstəricilərə diqqət yetirək.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 103,3 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox yük, 761,2 milyon nəfər və ya 8,8 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10,7 faizi dəmir yolu nəqliyyatı, 54,1 faizi avtomobil nəqliyyatı, 6,3 faizi dəniz nəqliyyatı, 28,9 faizi boru kəmərləri ilə, sərnişinlərin 86,6 faizi avtomobil, 13,1 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 643,5 milyon manat dəyərində və ya ötən ildə olduğundan 17,9 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72,3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 74,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənir və əhalinin rifah halı yaxşılaşır. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir. Məhz bu səbəbdəndir ki, 2012-ci ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 14,2 faiz artaraq 15,1 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12,7 faiz artaraq 1651,2 manata (orta hesabla ayda 275,2 manata) çatmışdır. Gəlirlərin 63,2 faizi son istehlaka, 9 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 590,9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 551,5 manat təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ilin yanvar-may aylarında aparılmış xarici ticarət dövriyyəsinin 90,4 faizi və ya 13 milyard dolları uzaq xarici dövlətlərlə, 1,4 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır. Beş ay ərzində ölkəmizdən xarici ölkələrə 10,7 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 442,7 milyon dollarlıq həcmi MDB ölkələrinə, 10,3 milyard dollar dəyərində mallar isə digər xarici dövlətlərə ixrac olunmuşdur. Qeyri-neft məhsullarının ixracı beş ay ərzində 10 faiz artmışdır. Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 3,7 milyard dollar təşkil etmişdir. MDB ölkələrindən gətirilmiş malların dəyəri 934,4 milyon dollar, digər xarici ölkələrdən ölkəmizə daxil olmuş malların dəyəri 2,8 milyard dollar olmuşdur. Beş ay ərzində xarici ticarətdə 7,1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 18,9 milyard dollar (o cümlədən ixrac 15,2 milyard dollar) təşkil etmiş, 6,4 faiz azalmış və müsbət saldo 11,6 milyard dollar olmuşdur. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 6,7 milyard manat həcmində, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 39,2 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 5,6 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 53,4 faiz çox vəsait xərclənmiş, 1066,8 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 5,1 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 39,3 faizi və ya 2,2 milyard manatı iqtisadiyyatın inkişafına, 14,8 faizi, yaxud 838,4 milyon manatı sosial müdafiə və sosial təminata, 11,2 faizi və ya 634,9 milyon manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 25,3 faizi və ya 1,4 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz artaraq iyun ayının 1-nə 4,3 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2,4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 milyard manat olmuşdur.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.