Məhsul sürətlə, itkisiz yığılır

Taxıl biçini
Azərbaycanın taxıl zəmilərində məhsul yığımı sona yaxınlaşır. Böyük zəhmət bahasına yetişdirilən arpa və buğda itkisiz toplanır. Son bir həftə ərzində ölkə üzrə mövcud olan payızlıq və yazlıq dənli və dənli paxlalı əkin sahələrinin (988265 hektar) 12 faizində taxıl biçilmiş və məhsulu yığılan zəmilərin ümumi miqdarı 73 faizə çatdırılmışdır.
Dövlət Statistika Komitəsi məlumat verir ki, iyul ayının 9-na kimi respublikada 1 milyon 921 min 917 ton arpa və buğda tədarük edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 202 min 421 ton çoxdur. Əvvəlki ilə nisbətən hər hektarın məhsuldarlığı ölkə üzrə orta hesabla 2,1 sentner artırılaraq 26,6 sentnerə çatdırılmışdır.
Taxılçılıqla məşğul olan rayonların 20-sində və Naxçıvan Muxtar Respublikasında zəmilərin hər hektarından 26,6 sentnerdən də çox taxıl yığılır. Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Laçın, Saatlı, Sabirabad, Salyan, Samux, Şəki, Şəmkir, Tərtər, Yevlax rayonlarında isə bu göstərici 30 sentnerdən yuxarıdır. Artıq 16 rayonda biçin yekunlaşıb. Həmin rayonlar arasında Neftçalanın fermerləri və fərdi torpaq mülkiyyətçiləri ən yüksək göstərici əldə etmişlər (102075 ton). Biçini qurtaran sabirabadlılar zəmilərdən 67670 ton, biləsuvarlılar 58723 ton, bərədəlilər 53347 ton, yevlaxlılar isə 51273 ton arpa və buğda yığmışlar.
Biçini davam etdirən Şəki və Cəlilabad rayonlarının taxılçıları ümumi məhsul istehsalının miqdarına görə rekord nəticə əldə edirlər. Belə ki, şəkililər hesabat gününədək 50106 hektarda biçini yekunlaşdıraraq rayon üzrə 171117 ton arpa və buğda tədarük etmişlər. Bu, keçən ilin müvafiq dövründəki göstəricidən təqribən 9 min ton artıqdır. Rayonda məhsulu biçilməmiş 35 faiz sahə qalıb (26939 hektar). Hər hektardan orta hesabla 34,2 sentner taxıl yığan fermerlər son nəticədə keçən ilki göstəricilərini arxada qoymaq əzmindədirlər (238272 ton).
Şəkililərə nisbətən cəlilabadlılar məhsul yığımını yekunlaşdırmaq üzrədirlər. Cari ildə Cəlilabad rayonunda yetişdirilən 68248 hektar zəminin 93 faizində biçin başa çatdırılıb. İndiyədək rayon üzrə 120945 ton arpa və buğda tədarük edilib ki, bu da keçən ilin müvafiq dövründəki məhsuldan təqribən 32 min ton çoxdur.
Qeyd etmək lazımdır ki, həm Şəki, həm də Cəlilabad rayonlarında payızlıq taxıl əkini sahələrinin böyük əksəriyyəti dəmyə şəraitindədir. Belədə bol məhsul yetişdirməyin taleyi keyfiyyətli toxum seçimindən çox asılıdır. Şəkidə bu iş yüksək səviyyədə qurulub. Cəlilabadlı fermerlər haqqında isə bunu demək olmaz. Fikrimizi əsaslandıran real göstəricilər göz qabağındadır. Şəkidə bu gün zəmilərin hər hektarından rayon üzrə orta hesabla 34,2 sentner taxıl məhsulu götürülürsə, Cəlilabadda bu rəqəm 19 sentnerə bərabərdir.
Sevindirici haldır ki, respublikamızda qiymətli ərzaq bitkisi olan buğda məhsulunun ildən-ilə artırılmasına ciddi fikir verilir. Bunu builki məhsul yığımı mövsümü də sübut edir. Cari ildə ölkədə yetişdirilən 689703 hektar buğda sahəsinin 451137 hektarında biçin yekunlaşıb. Hər hektardan orta hesabla 27,5 sentner buğda toplayan fermerlər və fərdi torpaq sahibkarları hesabat gününədək məhsul tədarükünü 1 milyon 240 min 937 tona çatdırmışlar. Bu, ötən ilin müvafiq dövründəki məhsuldan 188601 ton çoxdur. Əvvəlki illə müqayisədə Ağdam, Ağdaş, Ağcabədi, Ağsu, Bərdə, Cəlilabad, Xaçmaz, Xocavənd, İmişli, Kürdəmir, Quba, Saatlı, Sabirabad, Şəki və Yevlax rayonlarının taxılçıları buğda istehsalını nəzərəçarpacaq dərəcədə artırmışlar.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında