Azərbaycan regionun və Avropanın mühüm enerji təminatçısıdır

Son 20 ildən artıq bir müddətdə enerji ehtiyatlarının zəngin olduğu regionlar, ölkələr ətrafinda gedən münaqişələr, lokal müharibələr və qarşıdurmalar aydın şəkildə göstərir ki, indiki dünyada ölkələrin təhlükəsizliyini enerji təhlükəsizliyindən ayrı təsəvvür etmək mümkün deyil. Bu mənada Azərbaycanın hazırda regionun, Avropanın və ümumiyyətlə, dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi onu dünya birliyinin mühüm strateji dövlətləri sırasına çıxarmışdır. Lakin bu nüfuza sahib çıxmaq üçün ölkə çox şərəfli və böyük inkişaf yolu keçmişdir.
XX əsrin əvvəllərində Alfred Nobelin "burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb" deyə, xarakterizə etdiyi Azərbaycan elə həmin əsrin sonunda da eynən belə idi...Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Azərbaycandakı xaosa və hakimiyyət boşluğuna, qardaş qırğınına son vermək, müstəqil dövlətçiliyin əsaslarını qoymaqla yanaşı, çox böyük səylə özünün neft strategiyasının real konturlarını çəkməyə başladı. Böyük siyasət ustası XX əsrin sonunda dünyada neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyanın reallıqlarının nəzərə alınacağı təqdirdə ölkənin qazanacağı iqtisadi və siyasi dividendləri çox dəqiq hesablaya bilmişdi...
1994-cü il sentyabrın 20-də bəzi dövlətlərin təzyiq və hədələrinə baxmayaraq, dünyanın 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi" adını alan hasilatın pay bölgüsü haqqında ilk saziş imzalandı. Dünyada o qədər də tanınmayan müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi...
"Əsrin müqaviləsi" Azərbaycanda güclü qanunvericilik bazası yaratdı və ölkə əlverişli və etibarlı investisiya mühiti olan sivil bir ölkəyə çevrildi. Qisa zamanda Azərbaycana investisiya axını başladı. Artıq neft sənayesinə geniş sərmayə qoyuluşu və neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng "Şahdəniz" qaz-kondensatı yatağı açkar edildi.
1994 - 2010-cu illər ərzində ölkənin neft-qaz sektoruna 40 milyard dollar həcmində sərmayə qoyuldu. Elə bu müddətdə xarici ölkələrin neft şirkətləri ilə hasilatın pay bölgüsü üzrə 32 saziş imzalandı. Hazırda 15 ölkənin 34 beynəlxalq enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən 30 yataq üzrə aparılan neft-qaz hasilatına cəlb olunmuşdur.
Yeni neft strategiyasına uyğun olaraq böyük həcmdə Azərbaycan neftinin Avropaya və dünya bazarına çıxarılması üçün alternativ marşrutlar təyin etmək lazım gəlirdi. 1999-cu ildə ilkin dövr üçün Bakı-Tbilisi- Supsa neft kəməri tikilərək istismara verildi. Bu marşrutun mövcud olan Bakı - Novorossiysk marşrutundan üstünlüyü onda idi ki, birincisi, Azərbaycan nefti "Azerlayt" markası altında təmiz halda dünya bazarına çıxarılır, ikincisi, nəql xərcləri daha ucuz olur və ən mühümü Azərbaycan neftinin sərbəst çıxışına maneə qalmırdı.
Heydər Əliyevin şah əsəri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallığa çevrilməsi ulu öndərin neft strategiyasında yeni bir mərhələ oldu. Layihə ətrafında kəskin diskussiyalar getdiyi bir vaxtda gənc siyasətçi İlham Əliyev böyük uzaqgörənliklə deyirdi: "Biz özümüz kəmərə nəzarət etməliyik və buna nail olacağıq... Biz imkan verə bilmərik ki, "kimsə" kəmərin mülkiyyətçisi, sahibi olsun."
2006-cı ilin mayında ötürmə qabiliyyəti 60 milyon ton olan BTC kəməri işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: "BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi. " Bu mənada BTC bu gün həm də beynəlxalq enerji təhlükəsizliyi sisteminin əsas elementlərindən birinə çevrilmişdir. Mərkəzi Asiyanın nəhəng neft mərkəzlərindən olan Qazaxıstan artıq "Tengiz" yatağından hasil etdiyi neftin müəyyən hissəsini məhz bu kəmər vasitəsi ilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürür. Hazırda ulu öndərin adını daşıyan bu kəmər vasitəsi ilə sutkada 1,2 milyon barrel neft Səngəçal terminalından Aralıq dənizi sahillərinə yola salınır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Rolan Kobia qeyd edir ki, "müstəqillik illəri Azərbaycan iqtisadiyyatının böyük inkişaf dövrü olmuş və indiki vaxtda ölkə qabaqcıl neft və qaz təminatçılarından birinə çevrilmişdir. Şəffaf müqavilə şəraiti, uzunmüddətli əməkdaşlıq imkanları, xarici şirkətlər üçün yaradılmış şərait və ARDNŞ-in fəaliyyəti dünya səviyyəsindədir. Azərbaycan qlobal səviyyədə neft və qaz istehsalçısıdır." Hazırda Azərbaycan ABŞ, İtaliya, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla dünyanın 24 ölkəsinə xam neft ixrac edir. 2010-cu ildə ölkədə ilk dəfə olaraq neft hasilatı 50,9 milyon tona çatmışdır. Hasil edilmiş neftin 6,4 milyon tonu emal edilmiş, 44,3 milyon tonu isə ixrac olunmuşdur. Vaxtı ilə çoxlarının xəyal hesab etdikləri BTC kəməri vasitəsilə 2006-cı ildən bu günə qədər dünya bazarına 189, 3 milyon tona yaxın neft yola salınmışdır.
Azərbaycanın ABŞ və Avropa İttifaqı ölkələri ilə sıx münasibətləri, strateji enerji əməkdaşlığının inkişafı respublikanın iqtisadi tərəqqisilə yanaşı, heç şübhəsiz, ölkənin müstəqilliyinin və suverenliyinin də bilavasitə möhkəmlənməsi deməkdir. Sabit xarici siyasət kursu, dünya birliyinə uğurlu inteqrasiya artıq gənc müstəqil dövlətin əsas etibar mandatına çevrilmişdir. Rolan Kobianın sözləri ilə desək, "...Avropa Azərbaycanı bu regionda ən mühüm tərəfdaş hesab edir."
Azərbaycan özünü təkcə neft ixracatçısı deyil, eyni zamanda, etibarlı qaz ixracatçısı kimi də beynəlxalq birliyə təqdim edə bilmişdir. Dövlət başçısı İlham Əliyev AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnektor ) layihəsi ilə bağlı 2010-cu il sentyabrın 14-də keçirilmiş görüşü zamanı bildirmişdi ki, "...Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdir, reallıqda isə bizim minimal ehtiyat potensialımız 5 triliyon kubmetrə yaxındır. Diversifikasiya ixracı strategiyası üçün bu, bir neçə onilliyə, bəlkə də yüz ilə bəs edər..."
Prezident İlham Əliyev Azərbaycan qazının müxtəlif bazarlara nəqli üçün də öz infrastrukturuna sahib olmasının vacibliyini qeyd edərək bildirir ki, "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi bizim regionun qaz sahəsində əməkdaşlığının inkişafında böyük rol oynadı. Diversifikasiyanın bizim hamımıza böyük faydası olacağını nəzərə alaraq, biz hazırda yeni marşrutların müəyyənləşdirilməsi üzərində işləyirik. Bu işin həyata keçirilməsi üçün bizim planlarımız da, siyasi iradəmiz də var."
Azərbaycanın müstəqillik illərində həyata keçirilən bir mühüm layihəsi də, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri olmuşdur. Ötürmə gücü 20 milyard kumetr olan bu kəmər hazırda ölkənin əsas qaz ixrac kəməridir. Lakin ölkənin qaz potensialını reallaşdırmaq, eyni zamanda, Avropa istehlakçılarının Xəzər regionuna və onun karbohidrogen resurslarına çıxışını təmin etmək üçün bir çox layihələr üzərində ciddi iş gedir. Təbii ki, nəqliyyat marşrutları üzərində intensiv işləməyə əsaslar da var. Ölkədə qaz hasilatı dinamıkasını nəzərdən keçirək: 2002-ci ildə 4, 2 milyard kubmetr qaz hasil edilibsə, 2010-cu ildə bu göstərici 26 milyard 349,6 milyon kubmetr olub.
Hazırda Azərbaycan 5 ölkəyə qaz ixrac edir. Son bir ildə Türkiyəyə 6,6 milyard, Gürcüstana 1,5 milyard, Rusiyaya 500 milyon, İrana 400 milyon və reeksport yolu ilə Yunanıstana 400 milyon kubmetr qaz satılıb. Azərbaycanın enrji resursları təminatı sahəsində region və Avropa Birliyi ölkələri ilə əməkdaşlığını yüksək dəyərləndirən qonşu Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili deyir: "...Azərbaycanın Avropa istiqamətində enerji təminatında siyasi nöqteyi-nəzərdən heç bir dəyişiklik yoxdur. Azərbaycanın enerji resursları sabit şəkildə artır. Azərbaycan özünü sabit, proqnozllaşdırılmış və etibarlı enerji təminatçısı kimi təqdim edib. Bütün bu işlər şəffaf şəkildə aparılmışdır."
Bu, bir daha onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu onun bəyan etdiyi "enrgetika sahəsində əməkdaşlıq istehsalçıların və istehlakçıların bərabərhüquqlu əməkdaşlıq zəminində qurulmalıdır" fikri ilə tam eynilik təşkil edir. Bu da təkcə neft- qaz sektoruna deyil, ölkənin digər sənaye və kənd təsərrüfatı infrastrukturlarına da xarici iş adamlarının marağını artırır.
Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri, tanınmış siyasi xadim Hans -Ditrix Qenşer Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı hesab etməklə bərabər, bildirir: "Mən regionda əməkdaşlıq üçün Azərbaycandan yaxşı partnyor tanımıram. Azərbaycan bizim üçün mühüm ölkələrdən biridir. Mən belə hesab edirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliynin təmin olunmasında həlledici rol oynayır".
Almaniya kimi Avropanın digər ölkələrinin də qaz təminatı ilə bağlı Azərbaycana üz tutması təkcə ölkəmizin zəngin qaz ehtiyatlarının olması ilə yox, həm də respublikanın regionda sabit siyasət yürüdə bilməsilə bağlıdır. Buna baxmayaraq, Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Rolan Kobia qeyd edir ki, "respublikanın mövcud kəmərlər şəbəkəsi Xəzər qazının Avropaya daşınması ilə bağlı ambisiyalı planları reallaşdırmaq gücündə deyil... Biz uzunmüddətli və fasiləsiz fəaliyyət göstərəcək, heç bir "tıxac və ləngimə" problemi yaşatmayacaq dəhliz istəyirik".
Bu baxımdan təbii ki, Cənub enerji dəhlizi ilə bağlı layihələrdən Transanadolu qaz kəməri layihəsi daha real görünür. Bakının və Ankaranın illik ötürmə gücü 16 milyard kubmetr olacaq Transanadolu qaz kəməri layihəsi üzrə 2011-ci ilin dekabrında imzaladığı anlaşma memorandumundan sonra bu istiqamətdə müzakirələr daha intensiv xarakter almışdır.
Ekspertlər bildirirlər ki, Transanadolu qaz kəməri ilə bağlı bəzi konseptual məsələlər həll olunarsa, onda bu kəmər Avropanın qaz təminatı ilə bağlı bütün tələblərə cavab verər. Bununla belə, Azərbaycan qazı Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından prioritet sayılan Nabukko, Türkiyə-Yunanıstan-İtaliya (İTGİ), Transadriatik qaz kəməri (TAP), "Bəyaz axın" kimi iritutumlu qaz kəmərləri layihələrinin də əsas mənbələrindən hesab olunur.
Bütün hallarda Avropa İttifaqı ən azından "Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılacaq qazın Avropaya ixracı üçün xüsusi infrastrukturun yaradılmasında çox maraqlıdır. R.Kobia hələ bu ilin mart ayında bəyan etmişdi ki, "Avropa İttifaqı Azərbaycan qazının Avropaya ixracı üçün xüsusi infrastrukturun yaradılmasını zəruri hesab edir... Azərbaycan qazının Avropaya ixracı üçün seçilmiş infrastruktur variantının sonradan həm Azərbaycan, həm də bütölükdə regionda, xüsusilə Türkmənistanda yaranacaq yeni qaz həcmlərinə görə genişləndirmək imkanları da olmalıdır."
Aydın ifadə olunan bu mövqe istər ABŞ-ın, istərsə də Aİ-nin münasibətlərindən bir gercək məram da üzə çıxır ki, onlar Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycana təkcə enerji resurslarının təminatçısı rolunu deyil, həm də əsas taranzit ölkə rolunu ayırmışlar. Əslində Azərbaycan bu etimadı çoxdan qazanıb. Çünki məhz bizim ölkə son onillikdə regionda təkcə neft və qaz istehsalçısı kimi deyil, Xəzərətrafı qonşu ölkələrin enerji resurslarının tranzit ölkəsi kimi də qabaqcıl mövqeyə çıxmışdır.

{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrin inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında