Ölkəmizin sosial-iqtisadi strategiyası böyük uğurla həyata keçirilir
{nl}
Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Regionlarda sosial-iqtisadi sahələrdə müsbət dəyişikliklər baş vermiş, kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.
2012-ci ilin ilk yarısı da ölkəmizin sosial-iqtisadi sahələrində əldə edilən mühüm uğurlarla yadda qaldı. Dövlət başçısının düzgün strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etdi. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirdi. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edildi. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə ətraflı danışılmışdır. Dövlət başçısı giriş nitqində demişdir: "...Altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz artmışdır. Bu rəqəm əvvəlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. Onu qeyd edə bilərəm ki, iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir".
Azərbaycan Prezidenti çıxışında qeyri-neft sektorunun dinamik inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulamış, bu istiqamətdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Ölkə rəhbəri xatırlatmışdır ki, altı ayda qeyri-neft iqtisadiyyatı 11,3 faiz artmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricidir....Bundan sonrakı illərdə də əsas diqqət qeyri-neft iqtisadiyyatının inkişafına yönəldiləcək. İlin altı ayının yekunları Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Sənaye istehsalının ümumi həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi neft hasilatının aşağı düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayesinin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir.
Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcəkdir. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorunu daha da gücləndirəcəkdir.
İclasda dövlət başçısı bu ilin üç ayında investisiyaların 4,3 milyard dollar təşkil etməsini, keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyaların 30 faiz, əhalinin pul gəlirlərinin 14,2 faiz artmasını, inflyasiyanın 2,2 faiz olmasını diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla reallaşmasını qeyd etmiş, bölgələrdə tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət aldığının vurğulamışdır. Bildirmişdir ki, ötən dövr ərzində, yəni, ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır...
İclasda həmçinin qeyd edilmişdir ki, hesabat dövründə dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox olmuşdur. Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116 faiz əməl etmişdir, yəni, büdcəyə 2 milyard 968 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 405 milyon manat və ya 15,8 faiz çox vəsait köçürülmüşdür. Həmin vəsaitin 55 faizi və ya 1 milyard 633 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 222 milyon manat və yaxud 15,8 faiz çoxdur.
Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidən qurulması üçün 1 milyard 476 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 405 milyon manat, "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası üçün 118 milyon manat, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidən qurulması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 154 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Acıq Səhmdar Cəmiyyətinə 156 milyon manat vəsait yönəldilmişdir.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348 milyon manat məbləğində vəsait istifadə edilmişdir.
İclasda diqqətə çatdırılmışdır ki, hesabat dövründə dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400 milyon manat, o cümlədən "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi fərmanın icrası olaraq 300 milyon manat vəsait ayrılmışdır. Qeyd olunan fərmanın icrası olaraq cari ilin iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılmış, 10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilmiş, onun 156 mini üzrə isə 86 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilmişdir.
Fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yarana biləcək mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə xüsusi idarələrarası komissiya yaradılmış, əmanətçiləri ən çox maraqlandıran məsələlər müəyyənləşdirilərək bu istiqamətdə geniş məlumatlandırma və təbliğat işləri aparılır.
İclasda bildirilmişdir ki, ölkə vətəndaşları xalqın rifahı naminə imzalanan bu fərmanı Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndirirlər.
Qeyd edilmişdir ki, bu ilin altı ayında kənd təsərrüfatı məhsulları istehsalçılarına 35 milyon, damazlıq heyvanların alınmasına 10 milyon, lizinq xidmətlərinə 33 milyon, fermerlərə kreditlərin verilməsinə 8 milyon, sahibkarlığın inkişafına 110 milyon manat vəsait yönəldilmişdir. Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği isə 53 faiz artmışdır. Azərbaycanda sığorta bazarının məcmu aktivləri iki dəfə, sığorta şirkətlərinin məcmu nizamnamə kapitalı isə 3,3 dəfə çoxalmışdır.
Bu gün ölkədə əsas hədəflərdən biri də sahibkarlığın inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası və bu əsasda ölkədə dinamik inkişafın davamlılığını təmin etməkdir.
İqtisadi inkişafı şərtləndirən və əhəmiyyətli dərəcədə sürətləndirən əsas amillərdən biri də dövlətlərarası ticarət əlaqələrinin genişləndirilməsi, uğurlu idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, onlar arasında nisbətin milli maraqlara uyğun olaraq düzgün qurulmasıdır.
İclasda həmçinin vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin təkrarsız və unikal dövlət idarəçilik məktəbinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət milli maraqlarımızın qorunmasını təmin etmişdir. Digər sahələrdə olduğu kimi, ölkəmizin xarici-iqtisadi fəaliyyət sferasında da daim inkişaf nəzərə çarpır, xarici-ticarət dövriyyəsinin həcmi böyük sürətlə artır. Ölkənin fiskal siyasətinin həyata keçirilməsində önəmli rola malik olan Dövlət Gömrük Komitəsi üçün hər il olduğu kimi "2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 1 milyard 200 milyon manat həcmində büdcə daxilolmaları proqnozlaşdırılmışdır. Hesabat ilinin ilk 6 ayında 555 milyon manat büdcə proqnozuna qarşı faktiki olaraq 557,2 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş, proqnoza 100,4 faiz əməl edilmişdir.
Beynəlxalq ticarətin inkişaf etdirilməsində, mal dövriyyəsinin sürətləndirilməsində, yük-nəqliyyat daşımalarının həcminin artırılmasında, tranzit sisteminin səmərəli fəaliyyət göstərməsində, gömrük işi sahəsində hüquqpozmalarla mübarizədə, nəqliyyat daşımalarında təhlükəsizlik məsələlərinin təmin olunmasında gömrük xidməti müstəsna rol oynayır.
Ölkə Prezidentin müvafiq sərəncamına əsasən tətbiq olunan "Bir pəncərə" sistemi gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış qaydada həyata keçirilməsini, bu işə sərf olunan vaxtın minimuma endirilməsini təmin edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına və fiziki şəxslərə xidmətin səviyyəsini yaxşılaşdırmış, bütövlükdə gömrük orqanlarında idarəçiliyin təkmilləşdirilməsinə imkan yaratmışdır. Bununla yanaşı, gömrük ödənişlərinin bank və ya plastik kart vasitəsilə alınması təşkil olunmuş, bütün gömrük idarələrində pos-terminallar quraşdırılmış və ya müvafiq bankların filialları açılmışdır.
İclasda yuxarıda qeyd edilənlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, İKT və telekommunikasiya sektorunda görülən işlər, sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulması və s. məsələlər barədə də ətraflı danışılmışdır.
Ölkə Prezidenti yekun nitqində 2012-ci ildə qarşıda duran vəzifələrə də toxunmuş, həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələrini vermişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.