Göstəricilər keçən ildəkindən yüksəkdir

Ölkəmizin taxıl zəmilərində məhsul yığımı sürətlə davam edir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, iyul ayının 2-dək respublika üzrə mövcud olan 986,5 min hektardan çox payızlıq və yazlıq dənli və dənli paxlalıların 61 faizində (601312 hektar) biçin başa çatmışdır. Fərəhli haldır ki, əldə edilən göstəricilər keçən ilin müvafiq dövründəkindən yüksəkdir. Əgər keçən il bu vaxtadək biçilmiş sahələrin hər hektarından ölkə üzrə orta hesabla 24,2 sentner məhsul götürülmüşdüsə, cari ildə həmin rəqəm 26,4 sentnerə qalxmışdır. Hesabat gününədək xırmanlara 1 milyon 584 min 558 ton arpa və buğda daşınmışdır ki, bu da ötən ildəkindən 208163 ton çoxdur.
Taxılçılıqla məşğul olan 58 rayondan 9-da biçin yekunlaşmışdır. Həmin rayonlar arasında goranboylular ən yüksək nəticələrə nail olmuşlar. Goranboy rayonunun fermerləri və fərdi torpaq sahibkarları 21541 hektar zəmidən 61 min tona yaxın məhsul yığmışlar. Bu, keçən il əldə olunan göstəricidən təqribən 13 min ton çoxdur. Məhsul tədarükünü başa çatdıran Abşeron, Cəbrayıl, Naftalan, Kəlbəcər, Zəngilan rayonları da ötənilki göstəricilərini xeyli arxada qoymuşlar.
Müstəqillik illərində daha çox inkişaf edib abadlaşan Yevlax şəhərinin kənd təsərrüfatı sahəsində çalışanları da ümumi yüksəlişdən geri qalmırlar. Belə ki, buranın fermerləri və fərdi torpaq sahibkarları cari ildə yetişdirdikləri 16655 hektar taxıl sahələrindən 51273 ton məhsul yığmışlar ki, bu da keçən il əldə olunan arpa və buğdadan 15193 ton çoxdur. Hər hektarda məhsuldarlıq keçən ildəkinə nisbətən 4,6 sentner artırılaraq rayon üzrə orta hesabla 30,8 sentnerə çatdırılmışdır.
Neftçala rayonu taxılçılarının əməyi də tərifə layiqdir. Məhsul yığımını yekunlaşdırmaq üzrə olan neftçalalılar hesabat gününədək 98 min tondan çox arpa və buğda tədarük etmişlər. Vaxtilə Azərbaycanın Ukraynası adlandırılan Cəlilabad rayonu öz keçmiş şöhrətini bərpa etməkdədir. Burada payızlıq və yazlıq taxıl əkinlərinin 87 faizində məhsul yığılıb. Rayon üzrə indiyədək 100517 ton məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən 20 min ton soxdur.
Keçən il olduğu kimi, bu il də Şəki rayonun fermerləri qabaqcıllıq nümunəsi göstərirlər. Rayonda yetişdirilən 77045 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların 55 faizində (42232 hektar) məhsul yığımı başa çatdırılıb. Hər hektardan 35 sentner taxıl tədarük edən şəkililər xırmanlara 147920 ton arpa və buğda daşımışlar. Məhsul yığımının gedişi göstərir ki, bu il ölkə üzrə 100 min tondan çox taxıl istehsal edən rayonların sırası artacaqdır.
Biçin dövründə havaların bəzən yağmurlu və küləkli keçməsinə baxmayaraq kənd təsərrüfatı naziri İsmət Abasov inamla deyir ki, bu il respublikada azı 2,7 milyon ton taxıl istehsal ediləcəkdir. Qiymətli ərzaq bitkisi olan buğda istehsalının da artacağı gözlənilir. Bu il ölkə üzrə yetişdirilən taxıl sahələrinin 689659 hektarını buğda məhsulu təşkil edir ki, bunun da 50 faizində biçin qurtarıb. Hər hektardan orta hesabla 27,1 sentner buğda götürən fermerlər və fərdi torpaq sahibkarları hələlik 940751 ton qiymətli ərzaq məhsulu tədarük etmişlər. İyulun 2-dək şəkililər zəmilərdən 92495 ton, cəlilabadlılar isə 86366 ton buğda məhsulu yığmışlar. Saatlı, Sabirabad, Füzuli, Goranboy rayonlarının və Yevlax şəhərinin fermerləri də buğda istehsalında fərqlənirlər.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında