Keçid iqtisadiyyatını uğurla başa çatdıran Azərbaycan Respublikasında hazırda iri infrastruktur layihələri həyata keçirilir. Ölkəmizdə bir neçə il əvvəl başlanmış sənayeləşmə prosesi bu işi bir qədər də sürətləndirir.
Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq "Bakı Gəmiqayırma Zavodunun tikintisi" layihəsi də bu baxımdan diqqəti cəlb edir. Xatırladaq ki, zavodun təməli ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2010-cu il martın 19-da qoyulmuşdur.
Bakı Gəmiqayırma Zavodunun inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin istehsalına nail olmaq, eləcə də mövcud gəmilərin təmirini həyata keçirməkdən ibarətdir. Təsadüfi deyil ki, zavodun təməlqoyma mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bu barədə demişdir: "... Bundan sonra Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaqdır. Eyni zamanda, ixrac potensialımızın gücləndirilməsi üçün də zavodun böyük əhəmiyyəti olacaqdır. Mən ümid edirəm ki, nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra olunacaq, iki il ərzində zavod öz fəaliyyətinə başlayacaqdır və biz Azərbaycanda rəqabətqabiliyyətli, gözəl, müasir məhsulun istehsalına nail olacağıq".
Məlumat üçün bildiririk ki, Böyük Britaniyanın "Royal Haskoning" şirkətinin dəvəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti "Bakı Gəmiqayırma Zavodunun tikintisi" layihəsi üzrə elan olunmuş tenderdə iştirak edərək sözügedən layihə ilə bağlı satınalmalar prosesinin bütün mərhələlərindən uğurla keçmiş və qalib adını qazanmışdır. "Bakı Gəmiqayırma Zavodunun tikintisi" layihəsi üzrə nəzərdə tutulmuş işləri müqavilə şərtlərinə uyğun olaraq vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədilə Dövlət Neft Şirkətinin nizamnaməsinə əsasən, "Neftqaztikinti" Trestinin tabeliyində hüquqi şəxs statusuna malik Sənaye Tikinti İdarəsi yaradılmışdır.
Bakı Gəmiqayırma Zavodunun tikintisinə isə ötən ilin sentyabr ayında start verilmişdir. Qeyd edək ki, inşaat işlərini beynəlxalq standartlara uyğun şəkildə həyata keçirmək məqsədilə Türkiyənin "Temel" və "İlk İnşaat", eləcə də yerli "Azərtunel", "Azərtikintiinvest", "Olimp", "ENKOTEK" məhdud məsuliyyətli cəmiyyətləri və digər tikinti təşkilatları ilə subpodrat müqavilələri imzalanmışdır. Layihədə nəzərdə tutulmuş əsas tikinti işləri isə Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir. Layihənin icrasını sürətləndirmək və tikinti işlərinə nəzarəti gücləndirmək məqsədilə xüsusi qrafik tərtib olunmuşdur. Məhz bunun nəticəsidir ki, ölkəmizin neft sənayesi, iqtisadiyyatımız üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bu nəhəng infrastruktur layihəsinin icrası anbaan sürətlənir. Hazırda inşaat işlərinin qızğın çağıdır. Ərazidə olarkən öyrəndik ki, artıq layihə çərçivəsində nəzərdə tutulmuş işlərin 35-40 faizi müvəffəqiyyətlə yerinə yetirilmişdir. Bu isə o deməkdir ki, inşaatçılar tikinti qrafikini 5-6 faiz qabaqlayırlar.
Layihənin icrasına start verildiyi vaxtdan ötən 10 ay ərzində inşaatçıların səyi ilə özül işləri, demək olar ki, vaxtında və keyfiyyətlə başa çatdırılmışdır. Buraya mexaniki istehsalat sahələrinin və digər sexlərin bünövrə işləri, sürüşmə sahəsinin hazırlanması və s. işləri misal göstərmək olar. Hazırda isə həmin sahələrdə üst tikililərin inşasına start verilmişdir. Bundan əlavə, əsas ofis binasının, 1-i əsas və 6-sı yardımçı olmaqla elektrik yarımstansiyalarının üst tikililərinin də inşası yekunlaşmaq üzrədir. Bir sıra mexaniki xətlərin (elektrik, qaz və su), həmçinin drenaj sisteminin tikintisi ilə bağlı da xeyli iş görülmüşdür. Ötən müddətdə estakadaların inşası da sürətlə həyata keçirilmiş və işlərin artıq 30 faizi arxada qalmışdır. Məişət bloklarının, anbarların, qumtəmizləmə və rəngləmə sexlərinin tikintisində isə işlərin 20-25 faizi yerinə yetirilmişdir. Bu yaxınlarda gəmiləri suya salmaq üçün lazım olan üzən dokun tikintisinə başlanılmış, hazırlıq işləri uğurla sona çatdırılmışdır.
Tikinti meydançasında olarkən onu da öyrəndik ki, ötən müddətdə ərazidə bir milyon kubmetrdən artıq torpaq işləri yerinə yetirilmişdir. Bununla yanaşı, ərazini inşaat işlərinin aparılması üçün hazır vəziyyətə gətirmək məqsədilə lazımi bərkitmə işləri görülmüşdür. Ötən müddətdə tikinti sahəsində 10 min tona yaxın armatur karkası toxunaraq istifadə olunmuş, 50 min kubmetrədək beton işlənmişdir. Bundan əlavə, özüllərdə lazımi hidroizolyasiya işləri həyata keçirilmişdir. Onu da deyək ki, tikinti işlərində tamamilə yerli inşaat materiallarından istifadə olunur. Zavodun tikintisi ən son texnologiyaların tətbiqi ilə həyata keçirilir. Avadanlıqların əksəriyyəti isə Türkiyə, Almaniya və digər xarici ölkələrdən gətirilmişdir.
Hazırda zavodun tikintisində 1000-1200 nəfər çalışır. Onların da 95 faizi yerli işçilərdir. Zavodun tikintisini vaxtında və keyfiyyətlə başa çatdırmaq, əmək məhsuldarlığını artırmaq məqsədilə işçilər üçün lazım sosial şərait yaradılmış, fərdi mühafizə vasitələri ilə təminat yüksək səviyyədə təşkil olunmuşdur. Məhz bunun nəticəsidir ki, ötən müddətdə tikinti sahəsində heç bir qəza hallarına təsadüf edilməmişdir.
Yeri gəlmişkən, "Bakı Gəmiqayırma Zavodunun tikintisi" layihəsi 520 min kvadratmetr, dəniz sahəsi 360 min kvadratmetr, ümumi qapalı istehsalat sahəsi isə 75 min kvadratmetr ərazini əhatə edir. Zavodun dalğaqıran divarının ümumi uzunluğu 1630 metr, üzən dokun uzunluğu 250 metr, eni 50 metr nəzərdə tutulmuşdur. Gələcəkdə isə burada uzunluğu 300 metr, eni 100 metr olan quru dokun da tikintisi planlaşdırılır. Zavodda, həmçinin yükgötürmə qabiliyyəti 300 ton olan əsas kran quraşdırılacaqdır. Xatırladaq ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 100-dək gəmini təmir etmək mümkün olacaq. Burada əsas istehsalat və yardımçı sahələrin yaradılması ilə yanaşı, geniş yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulur. Müəssisə işə düşdükdən sonra ilkin mərhələdə burada min, növbəti illərdə isə 2 min nəfəri işlə təmin etmək mümkün olacaq.
İlin sonunadək inşaatçıları daha məsul vəzifələr, mühüm tikinti işləri gözləyir. Sənaye Tikinti İdarəsinin rəisi Əfqan Məmmədov dedi: - Ölkəmizin neft sənayesi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən "Bakı Gəmiqayırma Zavodunun tikintisi" layihəsi Dövlət Neft Şirkəti və "Neftqaztikinti" Tresti rəhbərliklərinin xüsusi nəzarəti altında reallaşdırılır. Layihənin icrasına ən yüksək səviyyədə qayğı və diqqət göstərilir. Bu da inşaatçılarda ruh yüksəkliyi yaradır, onları layihə üzrə nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə sövq edir. İlin ikinci yarısında inşaatçılar 3 saylı əsas istehsalat sexinin, əsas anbarın, qumtəmizləmə və rəngləmə sexlərinin, ötürmə sahəsinin və istinad divarının tikintisini başa çatdırmalıdırlar. İşlərin belə sürətlə getməsi onu deməyə əsas verir ki, kollektivimiz qarşıya qoyulmuş məqsədə çatmağa çox yaxındır. Bakı Gəmiqayırma Zavodunun tikintisi isə gələn ilin sentyabr ayında başa çatdırılacaq...
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.