Azərbaycan - Türkiyə əbədi dostluğu və qardaşlığı daha bir möhtəşəm layihəni ərsəyə gətirdi

Trans-Anadolu qaz boru kəmərinin reallaşması Avropanın enerji təhlükəsizliyinə yeni töhfə olacaq

{nl}

Mən bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Keçən il biz müstəqilliyimizin bərpasının 20 illik ildönümünü qeyd etmişik. İyirmi ildir ki, Azərbaycan müstəqil dövlətdir. Bu 20 il ərzində Türkiyə-Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olmuşdur. Bu əlaqələr getdikcə daha da güclənir, daha da dərinləşir. Bu əlaqələrin təməlində xalqlarımız arasında olan bağlılıqdır, qardaşlıqdır, dostluqdur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

{nl}

A zərbaycan ilə Türkiyə güclü qardaşlıq və qohumluq telləri ilə bir-birinə bağlı iki dövlətdir. Həmçinin, - ruhu şad olsun, - mərhum Prezident Heydər Əliyevin unudulmaz sözləri ilə desək, bizlər Türkiyə və Azərbaycan olaraq özümüzü "bir millət, iki dövlət" görürük və belə tərəqqi edirik... Azərbaycan ilə hər zaman qeyd etdiyimiz bu dərin qohumluq və qonşuluq əlaqələrimizlə bərabər, enerji sahəsində də strateji əhəmiyyətə malik münasibətlərimiz vardır.
Rəcəb Tayyib ƏRDOĞAN, Türkiyə Respublikasının Baş naziri

{nl}

Sarsılmaz dostluğa, əbədi qardaşlığa söykənən Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı regionda sülhün, sabitliyin bərqərar olmasına, iqtisadi inkişafın daha da sürətlənməsinə istiqamətlənib. Tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan - Türkiyə qardaşlığı daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda əmin-amanlığın qarantına çevrilir. Bu gün Ankara ilə Bakının münasibətlərini türk dünyasının ulu öndərləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin siyasi tezisləri müəyyənləşdirir. "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" və "Biz bir millət, iki dövlətik" müdrik kəlamları bu gün də hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyətində öz əksini tapır. 
Türkiyə ilə Azərbaycan arasındakı ənənəvi dostluq, qardaşlıq münasibətləri heç bir maneə tanımadan daha da inkişaf edir. İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan qlobal əhəmiyyətə malik sənədlər bunu bir daha təsdiq etdi. İstanbuldakı Lütfi Kırdar Beynəlxalq İclas Mərkəzində dövlət başçımız ilə Türkiyə Prezidenti Abdullah Gülün görüşü yüksək səviyyədə baş tutmuş, ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə sürətli inkişafından məmnunluq ifadə edilmişdir. Qardaş dövlətlərin başçıları bu əməkdaşlığın sonrakı inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsinin zəruriliyini vurğulamışlar. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsinin aparıldığı görüşdə prezidentlər respublikalarımız arasındakı iqtisadi əlaqələrin hazırkı səviyyəsindən razılıqlarını bildirmiş, bu və digər sahələrin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırmışlar.
Həqiqətən də ötən 20 il ərzində müstəqil Azərbaycan ilə Türkiyə arasında mühüm əhəmiyyətə malik 100-dən çox sənəd imzalanmış və onlar istər qarşılıqlı faydalı əlaqələrin inkişafında, istərsə də regional əməkdaşlığın genişlənməsində xüsusi rol oynamışdır. Dövlət başçımızın Türkiyəyə son səfərində isə ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənəd - Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilə imzalandı. Bunun ardınca, BOTAŞ və ARDNŞ arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma ilə yanaşı, Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında "Ev sahibi hökuməti müqaviləsi" də imzalandı. Bu, iki ölkənin tarixində çox önəmli bir hadisə, iqtisadi, siyasi cəhətdən güclənən Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşacaq transmilli layihənin hüquqi bazasını təşkil edən mühüm sənədlərdir.
Məsələnin mahiyyətini daha yaxşı anlamaq üçün qeyd edək ki, uzun müddətdir Xəzər hövzəsinin qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması mövzusu dünyanın aktual problemlərindən birinə çevrilib. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, bu məsələ ətrafında neçə illərdir danışıqlar aparılır və Avropa Birliyinin təşəbbüsü ilə "Nabukko" adlı qaz layihəsinin reallaşdırılması gündəmdədir. Amma təəssüflər olsun ki, indiyədək ortada real bir iş yoxdur. "Nabukko"nun taleyi də bu gün artıq müəyyən dairələrdə nikbin əhval-ruhiyyə doğurmur. Bunun əsaslı səbəbləri vardır. Bunlardan birincisi, ötən illərdə aparılan hesablamalara görə reallaşması 8 milyard avrodan çox vəsait tələb edən kəmərin maliyyələşmə məsələsinə indiyədək aydınlıq gətirilməyib. Maliyyə böhranı ilə üz-üzə qalan Avropada bütün mənbələrdən ayrılan vəsait 3,5 milyard avro həddində hesablanıb. Layihənin həyata keçirilməsində bütün Avropa İttifaqı ölkələrinin vahid mövqedən çıxış etməsi də önəmlidir. Lakin Qərb mətbuatında yayılan məlumatlardan aydın olur ki, birliyin Almaniya, Avstriya, İtaliya kimi əhəmiyyətli ölkələri kəmərə kifayət qədər maraq göstərmir.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək yerinə düşər ki, önümüzdəki 10 il müddətində Avropa İttifaqı ölkələrinin təbii qaza olan tələbatı 2 dəfəyədək artacaq. Həmin ölkələrdə sıradan çıxmaqda olan köhnə nüvə və kömür əsaslı istilik stansiyalarının qısa zaman ərzində yalnız qaz stansiyalarıyla əvəz edilə biləcəyini nəzərə alsaq, bəzi dövlətlərin nəyə görə Xəzər hövzəsinin qaz ehtiyatlarının Avropaya çatdırılmasına bu qədər əhəmiyyət verdiyi də məlum olar. Hazırda Avropa ölkələrinin mavi yanacağa olan tələbatının 42 faizini, bəzilərinin isə hətta 80 faizini Rusiya ödəyir. Lakin ötən illərdə Rusiya ilə Ukrayna arasında baş verən qaz böhranı zamanı sözün həqiqi mənasında donan və iqtisadiyyatları tənəzzülə uğrayan bu ölkələr önümüzdəki illərdə də artan tələbatlarını hətta Rusiya hesabına da təmin edə bilməyəcəklər. Ona görə də ümid qalır təbii qaz ehtiyatlarıyla zəngin olan digər ölkələrə və o cümlədən təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edən Azərbaycana. Lakin inkişaf etmiş Avropa ölkələri onlar üçün çox vacib olan "Nabukko" layihəsini heç cür reallaşdıra bilmirlər.
Vəziyyət belə ikən, Azərbaycan çox mühüm bir təşəbbüslə çıxış edərək, Trans-Anadolu qaz boru kəməri layihəsinin reallaşdırılması təklifi ilə çıxış etdi. Qüdrətli Türkiyə ilə gündən-günə güclənən Azərbaycan birlikdə bu layihənin həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən müqaviləni imzalamaqla, gələcəkdə Avropa ölkələrini, necə deyərlər, böyük bir problemdən xilas etmiş oldular. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın keçirdiyi birgə mətbuat konfransında çıxış edən dövlətimizin başçısı bu barədə demişdir: "Bildiyiniz kimi, Azərbaycan qazının Avropaya nəql edilməsi ilə əlaqədar son illər ərzində çox böyük danışıqlar, müzakirələr aparılır, müxtəlif tədbirlər keçirilir. Biz görürdük ki, bu müzakirələr elə durmadan davam edir, amma ortada bir nəticə yoxdur. Biz həmişə olduğu kimi, ikitərəfli məsləhətləşmələr aparmaqla qərara gəldik ki, Türkiyə və Azərbaycan bu məsələdə də liderliyi üzərinə götürməli və bu layihəni birlikdə icra etməlidirlər. Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir. Bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik. TANAP layihəsinin icrası nəticəsində biz ilk növbədə Türkiyəyə daha da böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, Türkiyə ərazisindən tranzit imkanları da açılacaqdır. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir. "
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da xüsusi vurğulamışdır ki, biz Xəzər hövzəsi və Orta Asiya təbii qazının ölkəmizin ərazisindən alternativ marşrutlarla Avropaya nəqlini nəzərdə tutan "Cənub" qaz dəhlizi layihələrini istər öz enerji təhlükəsizliyimizi təmin etmək, istərsə də Avropanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədi ilə fəal şəkildə dəstəkləyirik. Bu çərçivədə Türkiyənin enerji strategiyasının əsas tərkib hissələrindən olan mənbələrin və marşrutların şaxələndirilməsinə də Ankara böyük əhəmiyyət verir. "Cənub" qaz dəhlizinin reallaşması Azərbaycanın enerji resurslarının etibarlı şəkildə Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Baş nazir qeyd etmişdir ki, Azərbaycan və Türkiyə tarixi əhəmiyyətə malik daha bir yeni addım atmışdır. Trans-Anadolu təbii qaz boru kəməri layihəsinin reallaşdırılması üçün lazımi hüquqi sənədlər, müqavilələr imzalanmışdır.
Bu layihə Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək çox önəmli və tarixi əhəmiyyətli bir layihədir. Baş nazir Ərdoğan demişdir: "Beləliklə, bu gün Türkiə-Azərbaycan enerji əməkdaşlığının inkişaf etdirilməsi yalnız ölkəmizin deyil, Avropanın da enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisəyə şahidlik edirik... Bu layihə ölkələrimiz arasındakı strateji əməkdaşlığı dərinləşdirməklə kifayətlənməyəcək, eyni zamanda, Azərbaycan ilə Avropa arasında Türkiyə ərazisindən təbii bir bağlantı yaradacaqdır. Layihənin həyata keçməsi ilə ölkələrimiz həm Avropa İttifaqının mənbələrin şaxələndirilməsi hədəfinə əlavə dəyərə malik bir töhfə vermiş, həm də Avropanın enerji təhlükəsizliyində üzərinə mühüm öhdəlik götürmüş olacaqdır. Başqa sözlə, Qərb-Şərq enerji dəhlizini formalaşdıran bütün bu layihələr bölgədə təhlükəsizliyin və sülhün gücləndirilməsi və iqtisadi inkişafın təmin edilməsi istiqamətində strateji səylərdir. Bu layihələr bölgə ölkələrinin bir-biriləri ilə olan siyasi və iqtisadi əlaqələri ilə yanaşı, Qərb dünyası ilə münasibətlərini də gücləndirməkdədir".
Qeyd olunduğu kimi, Trans-Anadolu təbii qaz boru kəməri layihəsi sırf ticari yatırım olmaqdan daha üstün bir məna daşımaqdadır. Belə ki, TANAP layihəsi "Şahdəniz-2" qazı ilə işləməyə başlayacaqdır. Ancaq gələcəkdə bu boru kəməri ilə Azərbaycanın digər yataqlarından əldə ediləcək təbii qazın da daşınması da mümkün olacaqdır. Bundan başqa, Azərbaycan ərazisindən tranzit keçəcək Xəzərin o tayındakı qaz mənbələri də TANAP boru xəttinə istiqamətləndiriləcəkdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, milyardlarla dollarlıq sərmayə tələb edəcək bu layihənin bölgə xalqlarının və gələcək nəsillərin rifahının təminat altına alınmasına böyük töhfə verəcəyinə inamımız qətidir. Eyni zamanda, bu layihənin Azərbaycan ilə ortaq taleyimizə və bütün sahələrdə mükəmməl əlaqələrimizin enerji qisminə də əlavə bir güc qazandıracağına inanırıq.
Azərbaycan ilə Türkiyə arasındakı enerji əməkdaşlığı, məlum olduğu kimi, təkcə bu layihə ilə məhdudlaşmır. Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə gəldikdə isə keçən il aparılan müzakirələr nəticəsində "Şahdəniz-2" layihəsi çərçivəsində əldə ediləcək təbii qazın 6 milyard kubmetrlik hissəsinin Türkiyəyə satışına, 10 milyard kubmetrlik hissəsinin də Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar qardaş ölkə rəhbərliyi ilə 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalanmışdır. Azərbaycan Prezidenti qeyd etmişdir ki, Petkim, TANAP layihələrinə birlikdə qoyulacaq sərmayə təxminən 15-20 milyard dollara bərabərdir. O demişdir: "Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulmasaydı, əlbəttə ki, böyük sərmayədən söhbət gedə bilməzdi. Yenə də qayıdıram əsas məsələyə ki, gördüyümüz işlərin təməlində xalqlarımızın bağlılığıdır, maraqlarımızın uzlaşmasıdır və bir-birimizə olan məhəbbətdir. Mən əminəm ki, bu layihələr əlaqələrimizi daha da möhkəmləndirəcəkdir".
Azərbaycan - Türkiyə çoxşaxəli əlaqələri, dostluq, qardaşlıq münasibətləri durmadan inkişaf edir və bu yaxınlaşma təkcə region ölkələri üçün deyil, Avropa ölkələri üçün də özünün müsbət nəticələrini verməkdədir. Bu mənada, dünyanın bir sıra sivil və qabaqcıl dövlətləri Ankara-Bakı münasibətlərinin inkişafını dəstəkləyirlər. Çünki Türkiyə-Azərbaycan birliyi, həm də regionda sabitlik yaradan bir amildir. İqtisadi sahədə əməkdaşlığımız bölgə üçün çox böyük rol oynayır. Siyasi-diplomatik əlaqələrimizə gəlincə, bu məsələdə dünyada Türkiyə və Azərbaycan kimi ikinci bu qədər yaxın müttəfiq yoxdur. Bu münasibətlər regiona yalnız sülh, təhlükəsizlik və rifah vəd edir.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında