Bakı şəhəri və ətraf qəsəbələr içməli su ilə fasiləsiz təmin olunur

Son zamanlar ölkəmizdə sosial infrastrukturun yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan içməli su sektorunda reallaşdırılan işlər də diqqəti cəlb edir. Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatı üçün bölgələrdə və paytaxt Bakıda iri infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması paytaxtın içməli su təchizatının getdikcə yaxşılaşdırılmasına geniş imkanlar yaradır. 
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə "+ 110 Şərq" su anbarından Bakıxanov qəsəbəsinə 3 kilometr uzunluğunda müxtəlif diametrli borularla çəkilmiş magistral su xətti istismara verilmişdir. Artıq anbardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə 24 saat həyata keçirilir.
Yeni magistral xəttin istismara verilməsi ilə Bakıxanov qəsəbəsinin böyük bir hissəsinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. Xatırladaq ki, indiyə qədər qəsəbəyə içməli su qrafiklə - sutkada 4 saat verilirdisə, yeni xəttin çəkilməsi ilə Bakıxanov qəsəbəsinin 60 mindən çox sakini fasiləsiz su ilə təmin olunur. Yeni xəttin istismara verilməsi Sabunçu və Suraxanı rayonlarının şərq hissələrinin su təchizatına da müsbət təsir göstərmişdir. Belə ki, Bakıxanov qəsəbəsi əvvəllər "Maştağa" anbarından su alırdı. İndi isə qəsəbənin "+ 110 Şərq" anbarından qidalanması "Maştağa" anbarında əlavə su həcminin yaranması ilə nəticələnmişdir. Əlavə su isə hazırda Sabunçu, Bülbülə və Əmircan qəsəbələrinin təminatına yönəldilir.
"Azərsu" ASC-dən verilən məlumata görə, hazırda "+ 110 Şərq" anbarından Bakıxanov qəsəbəsinə çəkilmiş yeni xəttin imkanlarından istifadə etməklə Qaraçuxur qəsəbəsinin də içməli su ilə fasiləsiz təminatı layihəsi üzərində iş aparılır.
Məlumat üçün bildiririk ki, "Azərsu" ASC-nin 2011-ci ildə və 2012-ci ilin birinci yarısında içməli su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə bir milyondan artıq sakin keyfiyyətli su ilə tam təmin olunur. Bütövlükdə isə 2012-ci ildə həyata keçirilmiş tədbirlər Suraxanı rayonunun Hövsan qəsəbəsi, Sabunçu rayonunun Bakıxanov və Nardaran qəsəbələri, Ramana südçülük sovxozu, Binəqədi qəsəbəsinin 6, 7 və 9-cu mikrorayonları, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsi, Nəsimi rayonunun 2, 3, 5-ci mikrorayonları və Xutor yaşayış massivi, həmçinin Yasamal rayonunun böyük bir hissəsinin 24 saat su ilə təminatına imkan yaratmışdır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında