Şriftin ölçüsü:
06.07.2012 08:04 | Oxunma sayı: 746
Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti (BAMF) Nyu-Yorkda, BMT-nin baş qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOS) "Minilliyin məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində kasıbçılığın aradan qaldırılması üçün bacarıqların və faydalı işlərin dəstəklənməsi" mövzusunda yüksək səviyyəli toplantısında iştirak etmişdir.
Toplantı çərçivəsində BAMF "Dayanıqlı və geniş inkişaf istiqamətində işləyən donor və tərəfdaşların toplantısı" mövzusunda tədbir keçirmişdir. Tədbirdə vətəndaş cəmiyyəti institutlarını və BMT-nin donor icmasını təmsil edən nümayəndələr iştirak etmişlər.
ECOSOS-un QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları tədbirdə iştirak etmişlər. Son illər dayanıqlı inkişaf istiqamətində həyata keçirilən işlərdə BAMF-a ən çox dəstək göstərən ABŞ Dövlət Departamentini tədbirdə xanım Kone Hensman təmsil etmişdir.
BAMF-ın rəhbəri Umud Mirzəyev tədbiri açaraq yoxsulluq və aclıqla bağlı qlobal strategiyanı müzakirə etmək üçün dayanıqlı və əsaslı inkişafa dəstək verən donorlar və tərəfdaşlarla görüşməyə ehtiyac olduğunu vurğulamışdır. U.Mirzəyev demişdir: "Son dövrlərdə qlobal maliyyə böhranının mənfi təsirləri bəzi inkişaf yönümlü işlərdə dayanıqlılığı qoruyub saxlamağı çətinləşdirmişdir. Donor təşkilatlar fondlarını azaltmış, bəziləri isə müəyyən layihələrin maliyyələşdirilməsini dayandırmışlar. Lakin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilin sonuna qədər dayanıqlı inkişaf aksiyaları maliyyələşdirilməli və dəstəklənməlidir".
Milli Məclisinin üzvü Qənirə Paşayeva vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan hökumətinin gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, ölkə qanunvericiliyi yerli və beynəlxalq QHT-lərə səmərəli fəaliyyət göstərmək üçün əlverişli imkanlar yaradır.
Qənirə Paşayeva Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırmışdır. Q.Paşayeva demişdir: "Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu qeyd-şərtsiz tərk etməsinə dair BMT-nin qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl etməməsi Azərbaycanda dayanıqlı və əsaslı inkişafın tam həyata keçirilməsi üçün əngəl yaradır".
Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının nümayəndəsi Məhəmməd Məhərrəmov qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan hökumətinin gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, görülmüş işlər nəticəsində qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 74 faizdən 18 faizə enmişdir. Lakin hökumətin göstərdiyi səylərə baxmayaraq, 400 min məcburi köçkün hələ də müvəqqəti yaşayış məntəqələrində çətin vəziyyətdə yaşayır. Ona görə də bu istiqamətdə işlərin davamlı həyata keçirilməsi üçün donor dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi hələ də vacibdir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Nyu-Yorkdakı ofisinin direktoru Udo Canz məcburi köçkünlərin vəziyyətinin həmişə gündəlikdə olmasının vacibliyini qeyd etmişdir. Azərbaycanda məcburi köçkünlərin vəziyyəti məsələsinə toxunan U.Cans bu istiqamətdə gələcəkdə hələ çox işlərin görüləcəyini bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra yeni problemlərin çözülməsinə ehtiyac yaranacağını diqqətə çatdırmışdır.
BMT-nin İnkişaf Proqramının Mərkəzi Asiya və Azərbaycan üzrə bölməsinin rəhbəri Jan Harfist demişdir ki, dayanıqlı insan inkişafı proqramın fəaliyyətinin əsasını təşkil edir. O qeyd etmişdir ki, yoxsulların və sosial cəhətdən zəif təbəqələrin ehtiyacları təmin olunmayınca iqtisadi inkişaf, iş yerlərinin yaradılması qeyri-mümkündür.
UNICEF-in nümayəndəsi Suba Jayasekanan yoxsulluğun aradan qaldırılması istiqamətində təmsil etdiyi qurumun həyata keçirdiyi "Uşaqların hüquqları və biznes prinsipləri" layihəsindən danışmışdır.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsi Envera Selimoviç insanlar arasında bərabər dayanıqlı inkişaf sahəsində QHT-lərin, xüsusilə də BAMF-ın fəaliyyətini yüksək dəyərləndirmişdir.
ECOSOS-un QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov demişdir ki, yoxsulluq, gender balansı, uşaq hüquqları, təhsil, səhiyyə və ətraf mühit dayanıqlı inkişaf istiqamətində diqqət yetirilməli əsas məsələlərdir. O, QHT-lərə, xüsusilə də BAMF-a fəaliyyətini genişləndirməyi, dayanıqlı inkişaf istiqamətində dəstəyə ehtiyacı olan ölkələrdə də aksiyalar həyata keçirməyi tövsiyə etmişdir. A.Abramov demişdir: "2011-ci ilin dekabrında Azərbaycana səfərim zamanı donor təşkilatlar və QHT-lər arasında səmərəli əməkdaşlığın şahidi oldum. Dayanıqlı inkişafın bir vasitəsi kimi, təlimlər və mikromaliyyələşdirmə də daxil olmaqla, kənd təsərrüfatı praktikasının inkişaf etdirilməsinin BAMF modeli digər ölkələrdə, məsələn Mərkəzi Asiya dövlətlərində də tətbiq edilə bilər".
Tədbirdə Minilliyin İnkişaf Məqsədlərinə uğurla nail olmaq üçün donor - QHT tərəfdaşlığının davam etdirilməsi məsələsində yekdil razılıq əldə edilmişdir. BAMF-ın təqdimatında donorların maliyyə dəstəyinin davam etməsinin zəruriliyi vurğulanmış, son illər qazanılmış uğurların yoxsulluğun aradan qaldırılmasının mümkünlüyünə əsas verdiyi bildirilmişdir.
Tədbirdə Qırğızıstanın Qadın Hüquqları Forumunun, Nigeriyanın Dünya Missiyası Fondunun nümayəndələri dayanıqlı inkişaf üçün müzakirələrdə qadın məsələlərinə əsas yer verilməsinin zəruriliyini vurğulamışlar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi xanım Kone Hensman BAMF-ın Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən məmnun olduğunu bildirmişdir.
Sonda BAMF-ın sədri U.Mirzəyev demişdir ki, rəhbərlik etdiyi qurum donorlar, tərəfdaşlar və QHT-lər üçün qlobal strategiya hazırlamağı planlaşdırır. BAMF keçirilmiş tədbirin nəticələri əsasında "2015-ci ilə qədər yoxsulluğun aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu" adlı hesabat hazırlayacaq, ECOSOS-un QHT-lər bölməsinə və vətəndaş cəmiyyəti təşkilatlarına göndərəcəkdir.
U.Mirzəyev tədbirin Azərbaycanın vətəndaş cəmiyyəti üçün əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, BAMF belə yüksək səviyyəli tədbir keçirən ilk Azərbaycan QHT-sidir.
Xatırladırıq ki, BAMF ECOSOS -un xüsusi məşvərətçi statuslu üzvüdür və dəfələrlə BMT-nin yüksək səviyyəli toplantılarında iştirak etmişdir.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.