Uğurların təməlində möhtəşəm inkişaf strategiyası dayanır
{nl}
Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi Naxçıvana böyük diqqət göstərir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Blokada şəraitində yaşayan, bu səbəbdən də Azərbaycanın digər ərazilərindən təcrid olunan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1990-cı ilin keşməkeşli iyul günlərində doğma Vətəninə dönərək xalqa nicat və qurtuluş yolunu göstərən ulu öndər Naxçıvanda Azərbaycan xalqının müstəqilliyi və firavanlığı naminə yorulmadan çalışırdı.
Həmin vaxtlar ölkəmizin xüsusilə ağır iqtisadi vəziyyətə düşmüş regionu olan Naxçıvan Muxtar Respublikasında naxçıvanlılarla birgə çətin şəraitdə yaşayan, xalqın təkidli tələbi ilə 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin apardığı gərgin işlər sayəsində bölgəni işğal təhlükəsindən və ağır iqtisadi-sosial vəziyyətdən qurtarmaq mümkün oldu. Onun rəhbərliyi ilə həyata keçirilən antiböhran tədbirlərinin əsas istiqamətlərini siyasi sabitlik, iqtisadi potensialdan səmərəli istifadə yollarının tapılması, xarici ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təşkil edirdi.
1992-ci ilin oktyabr ayında Araz çayı üzərində Naxçıvanla Türkiyəni birləşdirən Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi, Türkiyədən və İrandan yeni elektrik verilişi xətləri çəkilərək elektrik enerjisinin idxalına başlanılması, İran və Türkiyə ilə birgə müəssisələrin yaradılması, İran ərazisindən tranzit keçid üçün Arazboyu avtomobil yolunun inşası, muxtar respublikada yığılıb qalmış bir sıra məhsulların Türkiyəyə satılması üzrə müqavilələrin bağlanması məhz ümummilli lider Heydər Əliyevin şəxsi nüfuzu sayəsində əldə edilmiş böyük uğurlar idi.
Blokadanın doğurduğu ilkin və ən böyük təhlükə qismində ərzaq çatışmazlığı problemlərinin həlli və məşğulluğun səmərəli təşkili məqsədilə aqrar islahatlara ilk dəfə məhz həmin dövrdə başlanıldı. Ümumilikdə isə həmin illərdə Naxçıvanda başlanılmış çoxşaxəli islahatların sonrakı illərdə də strateji istiqamət qismində saxlanılması, Heydər Əliyev ideyalarına dönmədən əməl olunması hazırkı uğurlarımızı şərtləndirən başlıca amildir.
Ötən 17 il ərzində Naxçıvan Muxtar Respublikasında reallaşdırılan sosial-iqtisadi islahatların ilkin hədəfi də məhz blokada şəraitinin doğurduğu çətinliklərin aradan qaldırılmasına, alternativ yollarla bu problemin kompensasiya olunmasına yönəlmişdir. İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunmasını, istehsal potensialının hərəkətə gətirilməsini, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həllini və ən əsası əhalinin güzəranının layiqincə yaxşılaşdırılmasını, demək olar ki, hər bir naxçıvanlının qayğısını çəkmək bacarığını yalnız sadə formada tərəqqi və inkişaf yolu adlandırmaq doğru olmazdı. Bu yol Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü olan əsl qəhrəmanlıq səlnaməsi kimi yaddaşlara həkk olunmuşdur.
1996-cı ildən ötən dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarımızda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azalmışdır.
Muxtar respublikanın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi alternativsiz strategiyaya əsaslanan və ölkə Prezidenti İlham Əliyevin dövrün tələbləri nəzərə alınmaqla daim təkmilləşdirdiyi inkişaf siyasətinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının modernləşmə xətti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin muxtar respublikaya etdiyi 10 ardıcıl səfər zamanı söylədiyi fikirlərin və dərin məzmunlu nitqlərin ortaq və oxşar bir tərəfi ölkə rəhbərinin blokadada olan bir inzibati ərazidə möhtəşəm quruculuğa şahid olmaqdan duyduğu məmnunluğu və qürur hissini, bu sahədə muxtar respublika rəhbərliyinin gərgin əməyini və bu inkişafa ölkə başçısı kimi verəcəyi davamlı dəstəyi qeyd etməsidir.
Ölkə başçısı budəfəki səfərində də muxtar respublikada formalaşdırılmış dinamik iqtisadi yüksəlişi və genişmiqyaslı quruculuğu yüksək qiymətləndirməklə yanaşı, məhdud iqtisadi imkanlar çərçivəsində bu tərəqqiyə nail olmağın sirrini də açıqladı: "Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir".
{nl}
Yüksəlişin dinamikası
Naxçıvan Muxtar Respublikasında ötən dövr ərzində reallaşdırılmış iqtisadi və sosial təmayüllü islahatlar nəticəsində qısa zaman ərzində makroiqtisadi sabitlik təmin olunmuş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Geniş ictimai rəydə "Naxçıvan möcüzəsi" adlandırılan, iqtisadi inkişafın Naxçıvan modeli haqda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov belə xarakteristika verir: "Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar". İqtisadi inkişaf, sosial həyat standartları və insanların yaşayış səviyyəsi üzrə müşahidə olunan sürətli müsbət dəyişikliklərin müqayisəli xarakteristikası keçilən yolun möhtəşəm və əzəmətli olduğunu aydın şəkildə ifadə etməkdədir:
1996-cı ilin yekunu üzrə inflyasiya səviyyəsi 19,9 faiz təşkil edirdi - hazırda 0,2 faiz həddində deflyasiya (ucuzlaşma) müşahidə olunmaqdadır;
1996-cı ildə 60 milyon 421 min manat həcmində ümumi daxili məhsul yaradılmışdı ki, bu da bir il öncəki göstəricini 4,2 faiz üstələmişdir - 2011-ci il ərzində yaradılmış ümumi daxili məhsulun həcmi 1 milyard 786 milyon manat olmaqla bir il öncəyə nisbətdə 49,5 faiz çox olmuşdur;
Əhalinin hər bir nəfərinə düşən ümumi daxili məhsulun həcmi 1996-cı ildə 178 manat həcmində idi - ötən ilin yekunlarına əsasən muxtar respublikada ümumi daxili məhsulun hər bir nəfərə düşən həcmi 4312 manat təşkil etdi;
1996-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi fəaliyyət göstərib - ötən il fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 429 olmuşdur;
1996-cı ildə sənaye sahəsində 2080 nəfər işçi çalışıb - ötən il muxtar respublikada sənaye sahəsində 14454 nəfər işçi məşğul idi;
1996-cı ildə 9 milyon 714 min manat həcmində sənaye məhsulu istehsal edilmişdi - 2011-ci ildə 681 milyon manata yaxın həcmdə sənaye məhsulu istehsal olundu;
1996-cı ildə əsas kapitalın yaradılması üçün 5 milyon 788 min manat investisiyadan istifadə olunmuşdurə 2011-ci ildə əsas kapitalın yaradılmasına 815 milyon manatdan çox vəsait sərf olundu.
1996-cı ildə müxtəlif təyinatlı 59 obyekt inşa olunub - ötən il inşa olunan obyektlərin sayı 539-a bərabər olub;
1996-cı ilədək olan 17 il ərzində 390 kilometr uzunluğunda avtomobil yolu inşa olunub - 96-cı ildən ötən 17 il ərzində 3264 kilometr uzunluğunda avtomobil yolu inşa olunub;
1996-cı ildə tikinti sahəsində 4796 nəfər işçi çalışıb - ötən il muxtar respublikada tikinti sahəsində 11584 nəfər işçi məşğul idi;
1996-cı ildə taxıl istehsalı 22 min 116 ton olmuşdur - ötən il taxıl istehsalının həcmi 101 min tondan çox oldu;
1996-cı ildə ət istehsalının həcmi (diri çəkidə) 7 min 357 ton olmuşdur - ötən il ət istehsalının həcmi (diri çəkidə) 18 min 244 ton təşkil etmişdir;
1996-cı ildə xarici ticarət balansı üzrə 13 milyon 610 min ABŞ dolları həcmində kəsr mövcud idi - ötən ilin yekununa əsasən xarici ticarət dövriyyəsi üzrə 244 milyon 364 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır;
1996-cı ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 15,9 manat səviyyəsində idi - 2011-ci ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 341,4 manat olmuşdur;
1996-cı il ərzində əhalinin şəxsi vəsaiti hesabına alınmış yeni avtomobillərin sayı 180 ədəd olmuşdur - ötən il sakinlər 2405 ədəd yeni avtomobil almışdır;
1996-cı il ərzində əhalinin şəxsi vəsaiti hesabına 9,3 min kvadratmetr yaşayış sahəsi tikilmişdisə 2011-ci ildə əhalinin şəxsi vəsaiti hesabına 339,5 min kvadratmetr yaşayış sahəsi inşa olunmuşdur;
1996-cı ildə ailələrin 0,4 faizində kompyuterdən istifadə edilirdi - 2011-ci ildə ailələrin 94,9 faizi kompyuterdən istifadə edib;
1996-cı ildə ailələrin 0,9 faizi fərdi istilik sistemindən istifadə edib - 2011-ci ildə ailələrin 64 faizi fərdi istilik sisteminə malik olub;
1996-cı ildə 1 yaşa qədər ölən uşaqların sayı 173 nəfər olmuşdur - 2011-ci ildə 1 yaşa qədər ölən uşaqların sayı 10 nəfər olmuşdur;
{nl}
Makroiqtisadi sabitlik və davamlı inkişaf
Ötən 17 il ərzində iqtisadi resurslara çıxış imkanlarının məhdud olduğu bir şəraitdə makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin olunması iqtisadi həyatımızın əsas xarakterik xüsusiyyəti və böyük uğurumuzdur. İqtisadi inkişafın əsas ölçüsü hesab olunan ümumi daxili məhsul istehsalının həcmi cari ilin yanvar-may aylarında 663 milyon 19 min manata çatmaqla 1996-cı ilin müvafiq dövründəki göstəricini 22 dəfə üstələmişdir.
2012-ci ilin yanvar-may aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 1996-cı ilin müvafiq dövrünə nisbətən 18 dəfə artaraq 1577,5 manat (2006,5 ABŞ dolları) səviyyəsində olmuşdur.
1996-cı ilin müvafiq dövrü ilə müqayisədə 2012-ci ilin yanvar-may ayları ərzində sənaye məhsulunun həcmi 80 dəfə, əsas kapitala yönəldilən investisiyalar 154 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2 dəfə, nəqliyyat sektorunda yük daşınması 18 dəfə, informasiya və rabitə xidmətləri 48 dəfə, pərakəndə əmtəə dövriyyəsi 15 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 18 dəfə, ixracın həcmi 97 dəfə, icmal büdcənin həcmi 44 dəfə, əhalinin gəlirləri 26 dəfə, hər bir nəfərə düşən gəlirlər 21 dəfə, orta aylıq əməkhaqqı isə 27 dəfə artmışdır.
Bu dövr ərzində ənənəvi qaydada aqrar sektorun üstünlük təşkil etdiyi iqtisadiyyatın qurulması ən əsas seçim sayıla bilərdi. Lakin müasir açıq rəqabət fonunda sənaye iqtisadiyyatına aparıcı mövqe qazandırmaq cəhdləri və bu sahədə artıq ciddi uğurların təmin olunması iqtisadi islahatların effektivliyini təsdiqləməkdədir. Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfədən çox üstələyir. Hazırda istehsal olunan ümumi daxili məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi, ikinci yeri isə tikinti sektoru tutmaqdadır.
Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, cari ilin ötən beş ayı üzrə makroiqtisadi göstəricilərin 1996-cı ilin analoji dövründəki göstəricilərlə müqayisəsi üzrə sürətli inkişaf meylləri müşahidə olunmaqdadır.
{nl}
17 ildə 375 yeni sənaye müəssisəsi
Bu sahədə proseslərin normallaşdırılması üçün ötən dövrdə sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə iqtisadi qüdrətin artırılmasına yönəldilmişdir.
Bu dövr ərzində blokada şəraitinin yaratdığı mənfi nəticələrin aradan qaldırılmasını, istehlak və istehsal prosesləri üzrə yerli tələbatın vaxtında və keyfiyyətli ödənilməsini, məşğulluq məsələlərinin səmərəli həll edilməsini, ümumilikdə isə sənayeləşmə xəttinin daha da dərinləşdirilməsini təmin etmək məqsədilə yeni sənaye müəssisələrinin yaradılması işi uğurla icra olunmuşdur.
Son 17 il ərzində muxtar respublikada 375 yeni sənaye müəssisəsi işə başlamışdır. Əgər 1996-cı ilin sonuna muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 1 iyun 2012-ci ilədək olan dövr ərzində bu müəssisələrin sayı 8 dəfə artaraq 431-ə çatmışdır.
Təkcə son 7 ildə sənaye sahəsində iqtisadi aktivliyi gücləndirmək üçün sahibkarlara 52 milyon 215 min manat həcmində güzəştli kreditlər verilmişdir. 2011-ci ildə bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə 5 milyon 667 min manat kredit verilmişdir ki, bu da 1996-cı ildəki müvafiq göstəricini 157,4 dəfə üstələyir. Həyata keçirilən məşğulluq strategiyasının mühüm istiqamətlərindən biri məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran institusional şəraitin daha da təkmilləşdirilməsindən ibarətdir. Bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər sənaye sahəsində yeni iş yerlərinin açılmasını xeyli sürətləndirmiş və son 17 il ərzində muxtar respublikada ümumilikdə bu sahədə 10854 yeni iş yeri yaradılmışdır.
Hazırda muxtar respublikanın sənaye müəssisələrində 14946 nəfər işçi çalışır ki, bu da 1996-cı ilin yanvar-may aylarındakı müvafiq göstəricini 7,2 dəfə üstələyir. Muxtar respublikada orta aylıq əməkhaqqının yüksək olduğu iqtisadi fəaliyyət sahələrindən biri də sənaye sahəsidir. Hazırda sənaye sahəsində orta aylıq əməkhaqqının məbləği 334,3 manata çatmaqla 1996-cı ilin yanvar-may aylarındakı müvafiq göstəricini 27 dəfə üstələmişdir.
{nl}
Elektrik enerjisi: idxaldan ixraca
1996-cı ildə 925 milyon kilovat-saat elektrik enerjisi idxal olunmuşdursa, ötən il 311 milyon kilovat-saat elektrik enerjisi ixrac olunub. Əgər 1996-cı ilə kimi muxtar respublikada elektrik enerjisi istehsal edən bir müəssisə mövcud idisə, aparılan məqsədyönlü islahatlar nəticəsində bu müəssisələrin sayı 5-ə çatdırılmışdır. Ötən dövr ərzində ümumi gücü 87 mVt olan Naxçıvan Modul Elektrik Stansiyası, ümumi gücü 22 mVt olan Biləv Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 mVt gücündə Su Elektrik Stansiyası tikilmiş, ümumi gücü 60 mVt olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulmuş, hazırda Şərur rayonunda 20,5 mVt gücündə Arpaçay, Ordubad rayonunda 36 mVt gücündə Ordubad Su Elektrik Stansiyalarının inşası davam etdirilməkdədir.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi kimi 2011-ci il ərzində muxtar respublikada 730 milyon kvt saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1996-cı ildəki göstəricidən 7,6 dəfə çoxdur. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı elektrik enerjisinin ixracına imkan yaratmışdır. Bir sözlə, bu gün muxtar respublika elektrik enerjisi idxal olunan regiondan elektrik enerjisi ixrac edən diyara çevrilmişdir. Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçılar, ən əsası isə əhali təsərrüfatları təbii qazla təmin olunmuşdur. 1 iyun 2012-ci il tarixə 79 min 351 əhali abonenti mavi yanacaqla təmin olunmuş, bütün mənzillərə pulsuz olaraq mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır.
İrimiqyaslı quruculuq
2012-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilən investisiyaların həcmi 1996-cı ilin müvafiq dövründəki göstəricini 154 dəfə üstələyərək 370 milyon 458 min manata çatmışdır.
1 yanvar 1996-cı ildən 1 iyun 2012-ci ilədək olan dövr ərzində muxtar respublikada 199 inzibati bina, mənzil təsərrüfatı üzrə 37 obyekt, 51 nasos stansiyası, 266 subartezian quyusu, 66 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 268 obyekt və qurğu, 48 xidmət və ticarət mərkəzi, 152 elm və təhsil müəssisəsi, 157 mədəniyyət müəssisəsi, 140 səhiyyə müəssisəsi, 21 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 452 fərdi ev, 497 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilmişdir.
Bu dövr ərzində 235 halda inzibati binaların, mənzil təsərrüfatı üzrə 599 halda obyektlərin, 109 halda nasos stansiyalarının, 100 halda subartezian quyularının, 59 halda körpülərin, 9 xidmət və ticarət mərkəzinin, 94 halda elm və təhsil müəssisələrinin, 140 halda mədəniyyət müəssisələrinin, 47 halda səhiyyə müəssisələrinin, 15 halda idman obyektlərinin, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 21 halda fərdi evlərin yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır.
İdarəetmənin səmərəli təşkili və ucqar yaşayış məntəqələrinin, kəndlərin, qəsəbələrin inkişafı bu müddət ərzində diqqətdə saxlanılmış və son 17 il ərzində 67 kənd mərkəzi, 3 qəsəbə mərkəzi istifadəyə verilmişdir.
Hazırda əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. 2012-ci ilin yanvar-may ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 217 min kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1996-cı ilin yanvar-may ayları ilə müqayisədə 56 dəfə çoxdur.
Ötən dövr ərzində muxtar respublikada mövcud olan kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir. Bu işlərin davamı qismində hazırda muxtar respublikanın mərkəzi Naxçıvan şəhərinin, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər davam etdirilməkdədir.
Ötən 17 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində 164 obyekt, o cümlədən 16 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 49 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
{nl}
Torpağın qüdrəti
Kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi son 17 ildə 7 dəfə artmışdır.
Muxtar respublikada ərzaq balansının müsbət meylliliyini təmin etmək, idxaldan asılı olmayan dayanıqlı ərzaq təminatına nail olmaq üçün bitkiçiliyin inkişafı ötən dövr ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılmış, bu sahədə ciddi irəliləyişlər əldə olunmuşdur. Əkinə yararlı torpaqlar tam şəkildə əkin dövriyyəsinə qatılmaqla 2011-ci ilin məhsulu üçün 60 min 20 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 1996-cı ilin məhsulu üçün əkilmiş sahədən 2,2 dəfə çoxdur.
1996-cı ilə nisbətən 2011-ci ildə taxıl istehsalı 4,6 dəfə artmışdır. 2009-cu ildə tutumu 18 min ton taxılı uzunmüddətə, tutumu 20 min ton taxılı qısamüddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Son illər ərzində muxtar respublikada istehsal olunan buğdanın hər kiloqramının orta hesabla 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına və onun vaxtında itkisiz yığılmasına marağını daha da artırmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ildə 2764 hektar sahədə kartof əkilmişdir. Ötən il bu sahələrdən 38309,6 ton məhsul yığılmışdır ki, bu da 1996-cı ildəki göstəricidən 6,4 dəfə çoxdur.
Artıq muxtar respublikada bitkiçilik məhsullarına olan tələbat əsas etibarı ilə yerli istehsal hesabına ödənilməkdədir. 2011-ci ildə muxtar respublikada 101028 ton taxıl, 65247 ton tərəvəz, 40193 ton bostan məhsulları, 54622,4 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1996-cı ildə olan göstəriciləri müvafiq olaraq 4,6 dəfə, 2,4 dəfə, 10,9 dəfə, 10,1 faiz üstələmişdir.
Əsas strateji xəttə uyğun olaraq yerli tələbatın səmərəli ödənilməsi ilə yanaşı, muxtar respublikada son illər ərzində yerli tələbatdan artıq səviyyədə istehsal olunan bir sıra meyvə və tərəvəz məhsullarının ixracı davamlı xarakter almışdır. Ötən il ərzində xarici ölkələrə və respublikamızın digər bölgələrinə 90 milyon 461 min ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 137 ədədi 2012-ci ilin yanvar-may aylarında olmaqla, cəmi 822 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2012-ci ilin yanvar-may aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 138 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ümumilikdə 1996-cı ildən ötən dövr ərzində muxtar respublikaya 988 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmişdir.
Aqrar sektorun inkişafında mühüm mərhələ kimi soyuducu anbarların yaradılması prosesi davam etdirilir. Bu dövr ərzində tutumu 9 min 720 ton olan 14 soyuducu anbar istifadəyə verilmiş, tutumu 2 min ton olan bir soyuducu anbar hazırda qurulmaqdadır.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün bu sahəyə xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur.
Heyvandarlığın inkişaf etdirilməsi, daxili bazarda heyvandarlıq məhsullarına olan tələbatın tam ödənilməsi və bu sahədə ixracın təşviqi diqqət mərkəzində saxlanılır. Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə sahibkarlığa dəstək məqsədilə təkcə ötən il muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə və ayrı-ayrı fiziki şəxslərə ümumilikdə 15 milyon 897 min manatdan artıq həcmdə və yaxud 1996-cı illə müqayisədə 76 dəfə çox kredit verilmişdir.
Ötən müddətdə su ehtiyatını artırmaq məqsədilə mövcud su anbarlarında təmir işləri aparılmış, yenilərinin tikilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunda 4364 hektar, Culfa rayonunda 2311 hektar, Şahbuz rayonunda 244 hektar, ümumilikdə isə 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16830 hektara çatmışdır.
Son 17 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10983 hektar sahədə yaşıllıqlar-meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmış, meşəbərpa işləri aparılmışdır.
{nl}
Yol, nəqliyyat, rabitə
Nəqliyyat sisteminin ahəngdar işinin bərpası məqsədilə sonrakı illərdə ilk növbədə hava nəqliyyatının işinin gücləndirilməsi, qonşu xarici ölkələrin ərazisindən tranzit istifadə imkanlarının genişləndirilməsi istiqamətində irimiqyaslı layihələrin icrası bu istiqamətdə əhəmiyyətli dönüşə səbəb oldu. Ötən dövr ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldırmaq və nəqliyyat infrastrukturunu müasirləşdirmək sahəsində əsaslı tədbirlərə uyğun olaraq Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı sərhəd-keçid komplekslərinin, Culfa və Şahtaxtı Sərhəd Keçid Məntəqələrində yeni körpülərin istifadəyə verilməsi, "Bakı-Naxçıvan-Bakı" müntəzəm avtobus və yeni hava nəqliyyatı marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.
Son 17 ildə muxtar respublikada 3264 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 66 körpü tikilmiş, 59 halda isə körpülər əsaslı təmir olunmuşdur. Digər tərəfdən bu müddət ərzində dəmiryolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq dəmir yolu infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir. 1996-cı ilin yanvar-may ayları ilə müqayisədə cari ilin ötən dövrü ərzində yük daşınması 18 dəfə, sərnişin daşınması isə 3 dəfə artmışdır. 1996-cı ildən ötən dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması, mövcud koordinat tipli avtomat telefon stansiyalarının hamısının elektron tipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, İran və Türkiyə ərazilərindən keçməklə fiber optik kabellərinin çəkilişi, "Naxtel" simsiz telefon xidmətinin və Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin istifadəyə verilməsi, "Kanal-35" televiziyasının və "Naxçıvanın səsi" radiosunun fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi və efir vaxtının artırılması, Naxçıvan Dövlət Universitetində Universitet televiziyasının, "Nuhçıxan" radiosu üçün yeni studiyaların yaradılması, Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Kompyuter Təlim-Tədris və İnternet Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, bu sahə ilə əlaqədar çoxsaylı beynəlxalq simpoziumların və konfransların keçirilməsi muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının iqtisadi və sosial həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ümumilikdə bu sahə üzrə göstərilən xidmətlərin həcminin dinamik artımına da zəmin yaratmışdır. Belə ki, 2012-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin həcmi 17 milyon 201 min manat olmuşdur ki, bu 1996-cı ilin müvafiq dövrü ilə müqayisədə 48 dəfə çoxdur.
{nl}
Sahibkarlıq, məşğulluq, gəlirlər
2000-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 1058 layihənin maliyyələşdirilməsinə 84 milyon 812 min manat həcmində kredit verilmişdir. Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq hazırda muxtar respublikada 316 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 202 növü qeyri-ərzaq məhsullarıdır. 105 növdə ərzaq, 198 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 303 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq 2011-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86,5 faiz təşkil etmişdir.
1 iyun 2012-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 13879-a çatmışdır ki, bunun da 11255-i və ya 81,1 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 1738 bank hesabının 1713-ü və ya 98,6 faizi aktiv hesab olmuşdur.
2011-ci ildə muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 1996-cı illə müqayisədə 161 dəfə artaraq 47 milyon 229 min manat təşkil etmişdir.
Məşğulluq sahəsində bu gərginliyin aradan qaldırılması məqsədilə ötən 17 ilə yaxın dövr ərzində muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, yeni müəssisələr yaradılmış, səmərəli məşğulluq üçün mühüm layihələr reallaşdırılmış, özünüməşğulluğun intensivləşməsi dəstəklənmiş, yüksək əməkhaqqı tutumlu yeni iş yerlərinin açılması ciddi təşviq olunmuşdur ki, bu da son nəticədə əmək bazarında münasibətləri xeyli yaxşılaşdırmağa imkan yaratmışdır.
Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində 1 yanvar 1996-cı ildən 1 iyun 2012-ci il tarixədək muxtar respublika üzrə ümumilikdə 70474 yeni iş yeri yaradılmışdır ki, bu iş yerlərinin 44178-i və ya 62,7 faizi daimi iş yeridir.
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2012-ci ilin yanvar-may aylarında muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 357,9 manat təşkil etməklə 1996-cı ilin yanvar-may aylarındakı göstəricini 27 dəfə üstələmişdir. Əldə olunmuş uğurlu nəticələr ilk növbədə əhali gəlirlərinə öz müsbət təsirini göstərmişdir. Muxtar respublikada əhali gəlirləri 2012-ci ilin yanvar-may aylarında 558 milyon 341 min manat təşkil etmişdir ki, bu da 1996-cı ilin müvafiq dövründəki göstəricidən 26 dəfə çoxdur. Bu dövr ərzində hər bir nəfərə düşən gəlirlər 21 dəfə artmışdır.
2012-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının icmal büdcəsinin həcmi 223 milyon manat olmuşdur ki, bu da 1996-cı ilin müvafiq dövrü ilə müqayisədə 44,4 dəfə çoxdur.
{nl}
Humanitar sahə
1996-cı ildən muxtar respublikada elm və ali təhsil üzrə 12 obyektin, 37606 şagird yerlik 115 ümumtəhsil məktəbinin, 9 məktəbəqədər müəssisənin, 12 uşaq musiqi məktəbinin və 4 digər təhsil müəssisəsinin tikintisi, elm və ali təhsil üzrə 7 obyektin, 3600 şagird yerlik 62 ümumtəhsil məktəbinin, 5 məktəbəqədər müəssisənin, 10 uşaq musiqi məktəbinin və 10 digər təhsil müəssisəsinin yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
Ümumtəhsil məktəblərində 1 iyun 2012-ci il tarixə istifadə olunan 2996 dəst kompyuterin 2465-i və ya 82,3 faizi internetə qoşulmuş və təhsilin daha da keyfiyyətli aparılması məqsədilə 405 elektron lövhə quraşdırılmışdır.
Tarixi mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi son 17 il ərzində diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası davamlı xarakter almışdır. Cari ilin yanvar-may ayları ərzində xarici ölkələrdən və respublikamızın digər bölgələrindən ümumilikdə 129 min 800 nəfər turist gəlmişdir ki, bu da 1996-cı ilin yanvar-may ayları ilə müqayisədə 7 dəfə çoxdur.
İnsanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə ötən dövr ərzində səhiyyə sahəsində mühüm işlər görülmüşdür. Ümumilikdə, 140 səhiyyə obyektinin tikintisi, 47 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
1 iyun 2012-ci il tarixə muxtar respublikada əhalinin sayı 1 yanvar 1996-cı il tarixə olan göstəriciyə nisbətən 84 min nəfər artaraq 422 min nəfərə çatmışdır. Son 17 ilə yaxın dövr ərzində muxtar respublikada 116 min nəfər uşaq doğulmuşdur.
2012-ci ilin ilk beş ayı ərzində muxtar respublikanın ərazisində 8 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 1996-cı ilin yanvar-may aylarında qeydə alınmış 215 cinayət hadisəsi ilə müqayisədə 27 dəfə azalma deməkdir.
{nl}
Xoş sabahlara doğru
Dövlət başçısı İlham Əliyev muxtar respublikaya 10 ardıcıl səfəri çərçivəsində 70-ə yaxın obyektin açılışını etmiş, öz xeyr-duasını vermişdir. O cümlədən Prezidentin son səfəri çərçivəsində cəmi bir gün ərzində 10 obyektin - Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Fövqəladə Hallar Nazirliyinin inzibati binasının, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin, sement zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev adına Mədəniyyət və istirahət parkının, mədəniyyət evinin, həmin qəsəbədəki "N" saylı hərbi hissədə qərargah binasının, Naxçıvan-Culfa magistral avtomobil yolunun, Culfa şəhərində uşaq musiqi məktəbinin, sərhəd komendantlığının və sərhəd zastavasının açılış mərasimlərinin keçirilməsi sürətli tərəqqinin əyani göstəricisidir.
Həyatımızın son 17 ilə yaxın bir dövrü inkişaf və tərəqqi mərhələsi kimi Naxçıvanın iqtisadi və siyasi tarixinin parlaq səhifəsinə çevrildi. Gərgin əmək və müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan bu uğurlar, nailiyyətlər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini bir daha sübut edir. Ulu öndərin "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin" sözləri bu gün də quruculuq işlərinin əsas qayəsi olmaqla muxtar respublikamızı yeni-yeni uğurlara doğru aparır.
{nl}
(Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır.)
{nl}
"Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.