"Azərbaycan - 2020: gələcəyə baxış" ictimai-humanitar elmlərin inkişafı kontekstində

(əvvəli qəzetimizin 1 iyul 2012-ci il tarixli sayında)

{nl}

Əsas məsələ liberailzmin qalib gəldiyi şəraitdə çoxlu sayda sivilizasiyaların birgə mövcud olmasının fəlsəfi-nəzəri prinsipləri hazırlanmasından ibarət idi. Qərbdə bu aspektdə Z.Bzejinski, S.Hantinqton və H.Kissincerin konsepsiyaları meydana gəldi. Rusiyada keçən əsrin 90-cı illərinin sonunda bəşəriyyətin sivilizasiya anlayışında "dil və mədəniyyət" prinsipinə keçdiyi tezisini irəli sürdülər.
1999-cu ildə Piter Draker "yeni informasiya inqilabının başlanması" haqqında yazdı. Qeyd etdi ki, yeni informasiya inqilabı konsepsiyaların inqilabıdır.
Bütün bunlar XXI əsrin əvvəllərində milli dövlətlərin inkişaf strategiyasının mədəniyyəttutumlu əsas üzərində qurulması zərurətini təsdiq edir. Bu prosesin aparıcı ideya qüvvəsi isə fəlsəfə ola bilər. Çünki fəlsəfi təfəkkürün üniversal, strateji və proqnostik funksiyaları uzun müddət üçün inkişaf kursunu müəyyən etməkdə nəzəri və metodoloji rol oynayır. Deməli, Azərbaycanın 2020-ci ilə qədərki inkişafı strategiyası, hər şeydən öncə, fəlsəfi problemdir. Fəlsəfə 2020-ci il Azərbaycanın ümumi obrazını indidən yaratmağa şans verir. Çoxsivilizasiyalı tarixi mərhələdə müstəqillik və tərəqqi baxımından ölkəmizin gələcək obrazının optimal variantı fəlsəfi yanaşma çərçivəsində müəyyənləşməlidir. Konsepsiyaların aparıcı rol oynadığı bir zamanda fəlsəfəyə ehtiyac çox böyükdür.
Azərbaycanın gələcəyinin ideal obrazının fəlsəfi müəyyən edilməsi uzun müddət üçün bütün fəaliyyət planlarını bir-biri ilə əlaqələndirməyə geniş imkanlar verir. Dünya təcrübəsi sübut edir ki, cəmiyyətin bütün altsistemlərinin inkişafı harmoniyada olmasa, müxtəlif problemlər meydana çıxır. Harmonik inkişaf modeli ümumiyyətlə, inkişafın tam obrazını yaratmaq mümkün olanda reallaşa bilir.
İkinci tezis müasir cəmiyyətlərin mürəkkəb sistem kimi inkişafı xüsusiyyətləri ilə bağlıdır. Dünyanın aparıcı alimlərinin tədqiqatları göstərir ki, müasir cəmiyyətin inkişafına müxtəlif təbiətli risklər və təhdidlər ciddi təsir göstərir. Məsələ sosial-siyasi, mədəni, iqtisadi və texnoloji proseslərin sürətinin daha da artması ilə xeyli mürəkkəbləşir. İnsan təfəkkürü sosial-mədəni və texnoloji yenilikləri dərk etməkdə çətinlik çəkir. Çünki ictimai mühitdə yeniliklər o dərəcədə sürətlə baş verir ki, onların sosial mühitə əks-təsirini yoxlamağa zaman qalmır - bir başqa yenilik dövriyyəyə daxil olur.
Digər tərəfdən, dünyada qloballaşma prosesi getdikcə daha intensiv və miqyaslı olur. Ətraf mühitdən cəmiyyətə olan təsirlər daxili situasiyaya ciddi təsir edir. Burada iki variant ola bilər. Birincisi, daxili mühitin özünüqoruma sistemi güclüdür. Onda kənar təsirlər cəmiyyətin inkişaf kursuna ciddi təsir edə bilmir. İkincisi, daxili mühitin özünümüdafiə sistemi zəifdir. Onda kənar təsirlər cəmiyyəti öz təkamül kursundan yayındırır və bunun sonuncunun necə olacağını proqnozlaşdırmaq imkansız hala gəlir. Birinci halda milli dövlətçilik ənənə ilə müasirliyin vəhdətində inkişaf etmək imkanı qazanır. İkinci halda isə cəmiyyətin oyuncaq kütləyə çevrilməsi təhlükəsi yaranır.
Cəmiyyətin modernləşməsi prosesində ikinci variantın formalaşmaması üçün elmi monitorinq sisteminin yaradılması zəruridir. Elmi monitorinq cəmiyyətdə bütün növ riskləri (sosial, siyasi, geosiyasi, iqtisadi, mədəni, sosial, təbii, ekoloji, hərbi) nəzərə almaqla ölkənin strateji inkişaf kursunu saxlamağa imkan verməlidir. Eyni zamanda, kənar təsirlərin neytrallaşdırılması və ya cəmiyyətin daxili maraqlarına uyğunlaşdırılması modelini hazırlamağa yardım etməlidir. Bu iki strateji vəzifənin öhdəsindən gəlmək üçün elmi monitorinq sistemləri fənlərarası tədqiqat nəticəsində qurulmalıdır. Fənlərarası tədqiqatın metodologiyasını filosoflar işləməlidirlər. İdeya ondan ibarətdir ki, müxtəlif elm sahələrinə aid olan mütəxəssislər vahid ümumelmi mövqedən cəmiyyətin təkamül şərtlərini və konkret modelini yarada bilirlər. Fəlsəfi yanaşma əsasında problemin qoyuluşu və əsas mərhələləri müəyyənləşdirilir, ümumelmi səviyyədə konkret fəaliyyət pillələri aydınlaşdırılır. Proqramın həyata keçməsi isə konkret elm sahələri üzrə modellərin təhlili şərti ilə təmin edilir.
Aydındır ki, bu modeldə fəlsəfi yanaşma ilə metodologiya və riyazi modelləşdirmənin imkanları birləşməlidir. Azərbaycanın 2020-ci ildə bir cəmiyyət və dövlət olaraq obrazının bu üsulla müəyyənləşdirilməsi bütün sahələr üzrə modernləşməni uğurla həyata keçirməkdə mühüm rol oynaya bilər.
Habil Qurbanov, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru, professor:
- Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və həmin sərəncamın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edildi. Bununla Azərbaycan elminə zamanın tələblərini, cəmiyyətin ehtiyaclarını təmin etmək, yeni inkişaf səviyyəsinə nail olmaq üçün daha etibarlı zəmin yaradıldı. Eyni zamanda, Dövlət Proqramı ilə konkret məqsəd və vəzifələr, məsuliyyət yükünün həcmi və dərəcələri müəyyən edildi. Azərbaycanın intellektual inkişafı, insan kapitalının artmasının prioritet məsələ kimi önə çəkilməsini və həyata keçirilməsini təminatlatdıran Milli Strategiya və Dövlət Proqramı ictimai-humanitar elmlərin qarşısında da ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdur ki, bu baxımdan hüquq elminin və hüquqşünasların da üzərinə xüsusi məsuliyyət düşür.
Azərbaycanda ictimai-humanitar elmlər problemi və onun həlli heç də sadə məsələ deyil. İlk növbədə bu sferadakı qeyri-müəyyənliklər aradan qaldırılmalı, çoxsaylı suallara cavab verilməlidir.
Birincisi, təbii və ictimai-humanitar elmlər arasında çoxdan mövcud olan fərqlər haqqında mübahisəyə son qoyulmalıdır. İkincisi, ictimai elmlərlə humanitar elmlər arasında qarşılıqlı münasibət və ya subordinasiya problemi öz həllini tapmalıdır. Üçüncüsü, təməlli və tətbiqi elmlər arasında mövcud olan fərqləndirmə problemi həll edilməlidir. Dördüncüsü, təməlli və tətbiqi elmlərin fərqləndirilməsi həllinin ictimai-humanitar elmlərə münasibətdə prinsipial əhəmiyyəti vardır.
Azərbaycanda ictimai-humanitar elmlər problemi mövcuddur. Dövlət müstəqilliyinin üçüncü onilliyinə qədəm qoymuş ölkədə ictimai-humanitar elmlərdə baş verən pozitiv proseslər belə bir proqnozlaşdırmaya imkan verir ki, Azərbaycanda ictimai-humanitar elmlər ən yaxın gələcəkdə humanitar biliklər sistemində təşəkkül tapacaq və mövcud olacaqdır.
Qeyd etmək zəruridir ki, Azərbaycanda ictimai-humanitar elmlər Avropa ölkələrinin humanitar elmlərinin bir neçə əsrlər ərzində keçdiyi yolu qısa müddət ərzində qət etməkdədir. Bu, keçmiş Sovet İttifaqının tərkibində 70 il mövcud olmuş gənc bir dövlətə heç də asan başa gəlməmişdir. Buna ölkənin indiki sosial-iqtisadi və elmi-mədəni inkişafı münbit şərait yaratmışdır.
Azərbaycan Respublikasının indiki inkişaf sürəti sosiomədəni modelin yaradılmasında son dərəcə israrlıdır. Şübhə yoxdur ki, bu, Azərbaycan mədəniyyətinin optimal və intensiv inkişafı üçün yeni bir stimul olacaqdır.
Belə bir proqnoz verməkdə israrlıyıq ki, Azərbaycanda ən yaxın gələcəkdə ictimai-humanitar elmlərin statusunda ciddi dəyişikliklər gözlənilir. Ümid edirik ki, bu vakuumu daha müstəqil olan elmi-tədqiqat mərkəzləri tamamlayacaqdır.
İndiki elmi nailiyyətlər və ictimai-humanitar elmlərin inkişafına göstərilən dövlət qayğısı qabaqcadan belə bir nəticəyə gəlməyə imkan verir ki, ictimai-humanitar elmlər hər bir halda, seçimin və ya qiymətləndirmənin formal kriteriyalarına toxunulmadan daha sərbəst formada mövcud olacaqdır.
Hesab edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında imzaladığı sərəncam ölkəmizin həyatında yeni səhifə açacaq". Konsepsiyanın əsas məqsədi dünyadakı maliyyə-iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarını hərtərəfli şəkildə qorumaq, XXI əsrin narahat şəraitində dövlətin və xalqın siyasi, iqtisadi və hüquqi təhdidlərdən etibarlı şəkildə sığortalanmış gələcəyini təmin etməkdir.
Dövlət başçısı 2011-ci il 29 noyabr tarixli sərəncamı imzalayarkən bu məqsədləri müəyyən edib:
1) Azərbaycanı hərtərəfli inkişaf etdirmək;
2) Azərbaycanı müasir dövlətə çevirmək;
3) dünyadakı bütün mütərəqqi təcrübəni tətbiq etmək;
4) insanların bütün azadlıqlarını təmin etmək;
5) Hüquqi dövlət quruculuğu üçün daha iri addımlar atmaq.
Növbəti səkkiz ildə konsepsiya bu kompleks tədbirləri həyata keçirməlidir:
- Siyasi sahədə: dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması; demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi; qlobal çağırışlara qarşı adekvat və preventiv mexanizmlər sisteminin yaradılması;
- sosial-iqtisadi sahədə: ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;
- humanitar sahədə: təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, "qara qızıl" amilinin insan kapitalına çevrilməsi.
Hesab edirik ki, 2020-ci ilə kimi hüquq elminin daha da inkişafı üçün aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:
1) Xarici dillərdə olan (ingilis, alman, fransız, türk, ərəb və s.) dəyərli elmi əsərlərin və xarici ölkələrin bəzi qanunlarının Azərbaycan dilinə tərcümə edilməsi;
2)Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsinin hazırlanması. Çünki İnzibati Xətalar Məcəlləsi qüvvədə olduğu 11 il ərzində bu məcəlləyə 195 dəfə əlavə və dəyişiklik edilmişdir;
3) Azərbaycan Respublikasının yeni Əmək Məcəlləsinin hazırlanması, çünki Əmək Məcəlləsi qüvvədə olduğu 12 il ərzində bu məcəlləyə 54 dəfə əlavə və dəyişiklik edilmişdir;
4) Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsinin hazırlanması. Çünki Mülki Məcəllə qüvvədə olduğu 11 il ərzində bu məcəlləyə 46 dəfə əlavə və dəyişiklik edilmişdir;
5) Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsinin hazırlanması. Çünki Cinayət-Prosessual Məcəllə qüvvədə olduğu 11 il ərzində bu məcəlləyə 40 dəfədən artıq əlavə və dəyişiklik edilmişdir, həmçinin bu məcəllədə öz əksini tapmış andlı iclasçılar institutu indiyə kimi yaradılmamışdır;
6) Azərbaycan Respublikasının yeni Vergi Məcəlləsinin hazırlanması. Çünki Vergi Məcəlləsi qüvvədə olduğu 11 il ərzində bu məcəlləyə 26 dəfə əlavə və dəyişiklik edilmişdir;
7) Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinin hazırlanması. Çünki Cinayət Məcəlləsinin qüvvədə olduğu 11 il ərzində bu məcəlləyə 50-dən artıq əlavə və dəyişiklik edilmişdir;
8) Azərbaycan Respublikasının yeni Mülki Prosessual Məcəlləsinin hazırlanması. Çünki Mülki Prosessual Məcəllə qüvvədə olduğu müddətdə 11 il ərzində bu məcəlləyə 30 dəfə əlavə və dəyişiklik edilmişdir.
Çingiz Mustafayev, hüquq elmləri doktoru:
-Müstəqilliyimizin ilk illərində totalitar rejimin ideoloji buxovlarından azad olduqdan sonra əvvəlki cəmiyyətə məxsus dəyərlərin süqut etməsi və yeni mütərəqqi dəyərlərin qəbul olunmasının psixoloji gərginlik yaratması cəmiyyət həyatında balansın pozulmasına gətirib çıxartmışdır. Bu durumdam istifadə edərək ictimai şüur səviyyəsi aşağı olan insanlar qanunsuz silahlı birləşmələr yaratmış və cinayətkar fəaliyyətlə məşğul olmuşlar. Həmin dövrdə dövlətçilik təsisatlarının zəifləməsi nəticəsində cinayətkarlığa qarşı mübarizə sistemi demək olar ki, fəaliyyətsiz idi. Hətta elə vəziyyət yaranmışdır ki, bəzi cinayətkar ünsürlər hakimiyyət strukturlarına nüfuz edərək cinayətkar birliklərin normal fəaliyyətini sığortalayırdılar.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət qurumlarının normal fəaliyyəti bərpa olundu və ölkədə kriminogen durum nəzarət altına alındı. Məhz elə həmin vaxtdan başlayaraq ölkədə cinayətkarlığa qarşı müasir mübarizə sisteminin formalaşdırılması işi başlandı. Təcrübə göstərir ki, siyasi hakimiyyətdə sabitlik və məqsədyönlü fəaliyyət olmadan cinayətkarlığa qarşı mübarizə sistemi işə düşə bilməz. Cinayətkarlığa qarşı mübarizə işinin yeni tələblər səviyyəsində qurulması barədə dövlətin atdığı ilk addım Azərbaycan Respublikası Prezidentinin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 9 avqust 1994-cü il fərmanı oldu. Məhz bu addımla hakimiyyət bütün kriminal aləmə öz barışmaz mövqeyini bildirərək cinayətkarlığa qarşı mübarizə sisteminin səmərəli fəaliyyət göstərməsi üçün istiqamətlər müəyyən etdi. Qeyd edilməlidir ki, bu gün fəaliyyət göstərən cinayətkarlığa qarşı mübarizə sisteminin bünövrəsinin qoyulması həmin vaxtdan başlayır. 1995-ci ildə Azərbaycan Respublikasının müstəqillik dövrünün Konstitusiyasının qəbul edilməsi, bir müddət keçdikdən sonra yeni cinayət və cinayət-prosessual məcəlləsinin qüvvəyə minməsi, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi və başqa bu kimi mütərəqqi addımla antisosial təzahürlərə, o cümlədən cinayətkarlığıa qarşı mübarizə sisteminin hüquqi bazasının yaradılmasını təmin etdi. Bu istiqamətdə iş bu gün də davam etməkdədir. Cinayətkarlığa qarşı mübarizə sisteminin təkmilləşdirilməsi, ilk növbədə, hüquq elmində söylənilmiş cinayətkarlığa qarşı mübarizə işinin cinayət törədiləndən sonra deyil, ona qədər qurulmasının zəruriliyi barədə ideyanın reallaşmasından başlamalıdır. Təcrübə göstərir ki, biz hələ də bu vəzifəni reallığa çevirə bilməmişik. Zənnimizcə, ikinci prinsipial məsələ cinayətkarlığa qarşı mübarizə sisteminin optimallığının təzahürü ola biləcək cəmiyyətlə dövlətin bu mübarizədə bir-birini tamamlamalarına nail olunmasıdır. Gizli deyil ki,müxtəlif hüquqpozmaların, o cümlədən cinayətlərin törədilməsini bütövlükdə cəmiyyət qınasa da, dövlətin bu təzahürlərə qarşı yönələn fəaliyyətinə kifayət qədər kömək göstərmir. Bir çox inkişaf etmiş ölkələrdə (məsələn, ABŞ) cinayətkarlığa qarşı mübarizə işində ictimaiyyətin roluna xüsusi əhəmiyyət verilir.
Gəldiyimiz nəticə onu deməyə əsas verir ki, cinayətkarlığa qarşı mübarizə sisteminin əhatə etdiyi daxili sistemlər də vardır. Bu məqalə çərçivəsində isə biz onlardan daha vacib hesab etdiklərimiz üzərində dayanmaq istərdik. Bu gün çoxlu sayda təhsil ocaqlarının olmasına baxmayaraq hələ də tərbiyədənkənar, savadsız insanlar cəmiyyət həyatında az deyil. Təhsil və tərbiyə işi elə qurulmalıdır ki, cəmiyyət üçün sosial yükə çevriləcək azyaşlılar və yetkinlik yaşına çatmayanlar müəyyənləşdirilməli, onlarla işin aparılması üçün məcburiyyət tədbirlərini nəzərdə tutan tədris və tərbiyə müəssisələri yaradılmalıdır. Bundan əlavə, qeyd olunan kateqoriyaya aid şəxslər tərəfindən törədilən əməllərə görə təhsil ocaqlarının rəhbərlərinin, valideyinlərinin də məsuliyyəti (intizam, inzibati və mülki məsuliyyət) məsələsi qanunda nəzərdə tutulmalıdır.
Sistemdaxili sistemlərdən ən vacibi, zənnimizcə, cinayətkarlığa qarşı mübarizə orqanları həyata keçirilmişdir. Çünki cinayətlərin açılması, cinayətkarların ifşa edilməsi, cəzalandırılması və islah olunmaları qanunla bilavasitə onlara həvalə edilmişdir (prokurorluq, daxili işlər, təhlükəsizlik, vergi, gömrük, ədliyyə orqanları, məhkəmələr və s.) Bu orqanlar kompleksinin bir sistem olaraq təkmilləşdirilməsinədə böyük ehtiyac vardır. Çünki cinayətkarlığa qarşı mübarizə sisteminə daxil olan sistemlərdən ən vacibi məhz elə bu sistemdir. Cinayətkarlığa qarşı mübarizə siyasətinin həyata keçirilməsində əsas yük bu orqanlar sisteminin üzərinə düşür. Qeyd edilməlidir ki, müstəqillik dövründə həyata keçirilmiş irimiqyaslı tədbirlərdən biri də məhkəmə-hüquq islahatları olmuşdur.
Ölkədə həyata keçirilmiş hüquq islahatları prosesində yeni dövlət qurumları yaradıldı, əvvəllər fəaliyyət göstərən bəzi qurumların funksiyalarında dəyişiklik edildi. Ciddi funksional dəyişikliyə uğrayan orqanlardan biri də prokurorluq olmuşdur. Təkcə onu qeyd etmək yetər ki, bu orqanın ümumi nəzarət funksiyası ləğv edilmişdir. Prokurorluğun tarixinə retrospektiv yanaşmadan aydın olur ki, ümumi nəzarət funksiyasının mövcud olduğu dövrlərdə müxtəlif sahələrdə çoxlu sayda hüquqpozmalar, o cümlədən cinayət faktları aşkar edilirdi. Onu da qeyd etmək lazımdır ki, bu funksiya Rusiya kimi böyük ölkənin prokurorluq orqanlarında hələ də saxlanılmaqdadır. Bundan başqa, bir çox ölkələrdə prokurorluq daha geniş səlahiyyətlərə malikdir. Hüquq-mühafizə orqanları sistemindəki yeniliklərdən biri də bəzi dövlət qurumlarında istintaq idarələrinin yaradılmasıdır (vergi, gömrük və s). Zənnimizcə, bu təcrübə kifayət qədər səmərə verə bilməz. Ona görə ki, nazirliyin və ya komitənin rəhbərliyi tərəfindən onların fəaliyyətinin məhdudlaşdırılması mümkünlüyü istisna edilmir. Hesab edirik ki, yalnız müstəqil fəaliyyət göstərən istintaq orqanı ədalətli araşdırma apara bilər. Odur ki, bütün dövlət orqanlarında istintaq qurumları ləğv edilməli və müstəqil fəaliyyət göstərən İstintaq Komitəsi yaradılmalıdır. Bəzi inkişaf etmiş ölkələrdə bu təcrübə artıq vardır.
Bu gün dünyanı sarsıdan korrupsiyaya qarşı mübarizə məsələsi də diqqətdən kənarda qalmamalıdır. Məlumdur ki, bu istiqamətdə də ölkəmizdə müəyyən işlər görülməkdədir. Belə ki, respublika prokurorluğu nəzdində bu məsələ ilə məşğul olan müvafiq qurum yaradılmışdır.
Cinayətkarlığa qarşı mübarizə sisteminin çatışmazlıqlarından biri də odur ki, həm sistemin geniş mənası ilə əhatə olunan sistemdaxili sistemlər arasında, həm də cinayətkarlıqla bilavasitə mübarizə sisteminə daxil olan qurumlar arasında əlaqəli fəaliyyət təmin edilmir. Hesab edirik ki, ilk növbədə cinayətkarlıqla bilavasitə mübarizə aparan sistemə daxil olan orqanlar arasında əlaqənin təmin edilməsi üçün Ədliyyə Nazirliyi nəzdində cinayətkarlığa qarşı mübarizə məsələləri üzrə Kordinasiya Şurası yaradılmalıdır. Bu şura qeyd olunan sistemin fəaliyyət prinsiplərini, istiqamətlərini müəyyənləşdirməli, cinayətkarlığa qarşı mübarizə fəaliyyətini mütəmadi müzakirə etməli və sistemin işinin təkmilləşdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamalıdır.
Cinayətkarlığa qarşı mübarizə sisteminin fəaliyyətinin səmərəliliyi həmçinin vətəndaş cəmiyyətinin qurulması istiqamətində görülən işlərin səviyyəsindən də asılıdır. Hansı ölkələrdə vətəndaş cəmiyyətinin qurulması prioritet vəzifə kimi qarşıya qoyulursa,orada cinayətkarlığa qarşı mübarizə ümumxalq işinə çevrilir. Vətəndaş cəmiyyətinin qurulması hər bir cəmiyyət üzvünün fəal həyat mövqeyindən çıxış etməsinə söykəndiyindən, cinayətkarlıqla mübarizə sisteminə ictimai nəzarətin formalaşmasına şərait yaradır. Bu isə cinayətkarlığa qarşı mübarizə siyasətində cəmiyyətlə dövlət arasında qarşılıqlı əlaqənin yaranmasını təmin edir.
İsaxan Vəliyev, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru:
- Azərbaycan Respublikasının Prezideni İlham Əliyevin qeyd etdiyi kimi, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda mikroiqtisadı sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər sərbəst bazar iqtisadiyyatı institutunun yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması iqtisadı və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Prezident habelə göstərmişdir ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf tempinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunmasıdır.
Məhz bu sosial-iqtisadi şərait "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamı imzalamasına əsas yaratmışdır. Sərəncamda 2020-ci ilədək dövrü əhatə edən inkişaf konsepsiyasının hazırlanması məqsədi ilə elmi təşkilatların, yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasının, habelə bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmanın nəzərdə tutulması bugünkü konfransda yüksək avtoritetə malik olan xarici dövlət nümayəndələrinin iştirakını şərtləndirən əsas amillərdəndir. Əslində, bu sənəd hər bir Azərbaycan vətəndaşının Azərbaycanın gələcəyini necə görmək istəməsini tənzimləyən proqram sənədidir. Prezident Administarasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına həsr edilmiş "dəyirmi masa"dakı çıxışında söylədiyi kimi, hazırda ölkəmizdə yaşanan iqtisadi inkişaf təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və 2003-cü ildən uğurla həyata keçirilən siyasətin davamıdır.
Konsepsiyanın əhəmiyyətindən danışan akademik Ramiz Mehdiyev bildirmişdir ki, inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşıda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çagırışlarının nəzərə alınması ilə bağlıdır. Bu da ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqini tələb edir. Bu üsullara isə, müəllif haqlı olaraq, demokratiya institutlarının daha da inkişaf etdirilməsi, büdcədə təbii ehtiyatlar amilinin azaldılması, orta təbəqənin genişləndirilməsi, onun cəmiyyətdə rolunun və əhəmiyyətinin artırılmasına nail olunması, təhsilin səviyyəsinin, humanitar sahələrin inkişafı, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, önləyici inkişaf modelinə keçidin təmin edilməsi və s. kimi taleyüklü məsələləri aid etmişdir.
Məlumdur ki, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi əsaslı hüquqi islahatlar aparmadan mümkün deyildir. Hüquqi islahatlar dedikdə isə, dövlət hüquq nəzəriyyəsində, hər şeydən əvvəl, hakimiyyətin müxtəlif qolları arasında tarazlığın yaranması yada düşür və açığını deyək ki, bu tarazlığın ideal forması heç bir dövlətdə tam müəyyənləşdirilməmişdir. Bu nöqteyi- nəzərdən Azərbaycan Respublikasında bələdiyyə institutunun yaradılması, son referendumda onların müstəqilliyinə təminat verən 146-cı maddənin zənginləşdirliməsi mütərəqqi hal kimi qiymətləndirilməlidir. Lakin bələdiyyə hüquq münasibətlərini tənzimləyən hüquq normalarının heç də hamısını təkmil hesab etmək mümkün deyildir. Yerli özünüidarə orqanları üzərində yuxarı özünüidarə nəzarət orqanın olmaması ayrı-ayrı hallarda bələdiyyələr tərəfindən qanunla müəyyən edilmiş vəzifə sərhədlərindən kənaraçıxma hallarına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən maddəsinin 4-cü bəndində bələdiyyələrin qanunla müəyyən edilmiş hallarda və qaydada öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim etməsi nəzərdə tutulsa da, bu parlamentin bələdiyyələr üzərində sistemli nəzarətin həyata keçirilməsi anlamına gələ bilməz. Parlamentlə, dövlət hakimiyyətindəki yeri ilə bağlı, bələdiyyələr arasındakı məsafənin uzaqlığı da bu nəzarəti qeyri-mümkün edir. Düşünürəm ki, 2020-ci ilə kimi olan dövr yuxarı bələdiyyə instansiyalarının yaranması istiqamətində hüquqi islahatlar dövrü olacaqdır.
Hüquq ədəbiyyatında mübahisə doğuran məsələlərdən biri də prokurorluğun dövlət hakimiyyəti sistemində yeri məsələsidir. Bir sıra dövlətlərin qanunvericiliyi prokurorluğu icra hakimiyyəti sisteminə, digərləri məhkəmə hakimiyyəti sisteminə, üçüncü qrup isə onu hakimiyyətin müxtəlif qolları arasında tarazlığı yaradan bir kateqoriyaya aid edir. Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluğun yeri dəqiq müəyyən edilməmişdir. O, məhkəmə hakimiyyəti sistemi üçün ayrılmış yerdə göstərilsə də, nə təşkilati, nə də inzibati baxımdan ona tabe deyildir. Məhkəmə prokurorluq işçilərini vəzifəyə təyin edə, işdən azad edə və onlara intizam tənbehi verə bilməz. Prokurorluq məhkəmə hakimiyyəti qarşısında hesabat vermir. Konstitusiyada nəzərdə tutulmuş insan və vətəndaş hüquqularını məhdudlaşdıran prosessual hərəkətlərin prokuror tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş qaydada və hallarda məhkəmə qərarına əsasən yol verilməsi isə məhkəmənin prokurorluğun çoxsaylı fəaliyyəti üzərində nəzarət kimi başa düşülməməlidir. Odur ki, prokurorluq dövlət hakimiyyətinin heç bir qoluna aid deyildir, onun müxtəlif qolları arasında tarazlıq yaratmaqda iddialıdır və bu hal qanunvericilikdə təsbit olunmalıdır fikrini irəli sürməklə yanlışlığa yol vermədiyimi düşünürəm.
Məlumdur ki, prokurorluğun təşkili və fəaliyyətinin əsas prinsiplərindən biri aşkarlıq prinsipidir. Prokurorluğun nəzdində korrupsiya ilə mübarizə idarəsinin yaranması müsbət hal kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasında korrupsiya ilə mübarizəyə böyük önəm verilməsi kimi dəyərləndirlməlidir. Statistik məlumatlar da bu fikri təsdiq edir. Lakin bu quruma əməliyyat-axtarış fəaliyyəti ilə məşqul olmaq səlahiyyətinin verilməsi prokurorluğun ümumi təyinatına ziddir. Digər tərəfdən əməliyyat-axtarış fəaliyyəti icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan bu nəzarət orqanının təyinatına uyğun olmayan əlavə yüklərlə yüklənməsi kimi qiymətləndirilməlidir. Düşünürəm ki, 2020-ci ilə qədərki dövr həm də prokurorluğun dövlət hakimiyyəti sistemindəki yerini müəyyən edən islahatlar dövrü olacaqdır. Bu islahatların düzgün aparılması insan və vətəndaş hüquq və azadlıqlarının təminatının qarantı kimi güclü bir prokurorluq orqanının formalaşması ilə nəticələnəcəkdir.
Ən nəhayət, hamımız üçün ağrılı olan Qarabağ məsələsinə toxunmaya bilmərəm. Aparılan siyasət belə qənaətə gəlməyə əsas verir ki, 2020-ci ilə qədərki dövr məcburi köçkünlərin öz el-obasına qayıtması dövrü olacaqdır. Bu dövrdə məcburi köçkünlərin adaptasiya problemi, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələləri milli və beynəlxalq qanunvericilik müstəvisində həll ediləcəkdir. Lakin bu gün bu məsələ ilə bağlı bir çox suallar cavabsızdır. Milli qanunvericilik məcburi köçkünlərin hüquq və azadlıqlarının Qarabağda təminatı ilə bağlı ekstremal şəraitdə nə dərəcədə effektli işləyəcəkdir, torpaqlarına qayıtmaq istəməyən şəxslərlə qanunçuluğun hansı dili ilə danışılacaqdır, adaptasiya prosesində meydana gələn çətinliklər qanunvericiliklə necə tənzimlənəcəkdir və s. Bu sualların sayı çoxdur. Deməli, hüquqşünas alimlərin tədqiqat obyekti ola biləcək yeni mövzular, proqnozlaşdırma üçün qarşılaşıla biləcək problemlər də çoxdur. Düşünürəm ki, 2020-ci ilə qədərki dövr bu sahədə alimlərin proqnozlaşdırmalarına əsaslanan davamlı islahatlar dövrü olacaq.
Konfransda həmçinin BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Adil Əsədov və başqaları çıxış edərək təkliflərini verdilər.
İnstitutun direktoru, professor İlham Məmmədzadə konfransa yekun vuraraq, maraqlı çıxışlara, səmərəli diskussiyaya və faydalı təkliflərə görə tədbir iştirakçılarına təşəkkür etdi. Çıxışlarda səslənən bir sıra təkliflərin, o cümlədən Azərbaycan alimlərinin proqnozlaşdırma üzrə beynəlxalq işçi qruplarının, klub və korporasiyaların işinə cəlb edilməsinə ciddi ehtiyac duyulduğu barədə təkliflərin üzərində bir daha dayandı. Qeyd etdi ki, Azərbaycanın sürətli danamik inkişafı ölkə alimlərinin bu sahədə fəallığı artırmasını tələb edir.
Konfransın sonunda qətnamə qəbul olundu.

{nl}

Hazırladı: Qüdrət PİRİYEV, Fotolar Rafiq SALMANOVUNDUR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında