Məlum olduğu kimi, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Azərbaycan: - 2020: gələcəyə baxış" ictimai-humanitar elmlərin inkişafı kontekstində (yaxın gələcəyin proqnozlaşdırılması problemləri)" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu barədə respublika mətbuatında, o cümlədən "Xalq qəzeti"ndə informasiya dərc olunsa da, mövzunun aktuallığını, məruzə və çıxışlarda səslənən fikirlərin, verilən təkliflərin əhəmiyyətini nəzərə alaraq, konfransdan hesabatı ixtisarla oxucuların diqqətinə təqdim edirik:
{nl}
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, cəmiyyətin davamlı inkişafını, gələcəyini proqnozlaşdırmayan, tərəqqinin əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyənləşdirməyən dövlət heç vaxt uğur qazana bilməz. Bu mənada Prezident İlham Əliyevin "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında 2011-ci il 29 noyabr tarixli sərəncamı dövləti əhəmiyyət kəsb edən son dərəcə qiymətli sənəddir. Məlum olduğu kimi, bu sənəddə elmdə yeni nailiyyətlərin əldə olunması xüsusi vurğulanıb. Sərəncamın 3.2.1-ci maddəsində deyilir ki, "Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəsislərin cəlb olunması təmin edilsin".
"Azərbaycana 2020-ci ilin yüksəkliyindən baxarkən, artıq bizim bu gün olan təsəvvürlərimizdən prinsip etibarilə fərqlənəcək bir dövlətin qüdrətini nələrin təşkil edəcəyini nəzərə almaq lazımdır. Bunun mümkün olması üçün biz bu gündən sabaha baxmalı, o zamanın necə ola biləcəyini dərk etməliyik. Təbii ki, bu nüansların müzakirəsi Azərbaycanın müasirləşməsi məsələləri ilə məşğul olanlara, o cümlədən, iqtisadçılara, hüquqşünaslara, filosoflara, politoloqlara, sosioloqlara və s. Aiddir.
Azərbaycan Prezidenti İlham Əliyevin müasirləşdirmə kursu ölkənin müasir bir dövlətə - iqtisadi cəhətdən inkişaf etmiş, siyasi cəhətdən isə demokratik və milli adət-ənənəni hifz edən dövlətə - çevrilmə strategiyasını dəqiq müəyyənləşdirir. Ölkənin nəzərə alaq ki, həm də sosiomədəni müasirləşdirilməsi kursu da vardır. Bu da modernləşmənin ayrılmaz bir tərkib hissəsidir. Onun mahiyyəti cəmiyyətin mədəniyyətinin müasirləşməsindən ibarətdir. Sosiomədəni modernləşmə isə cəmiyyətə belə bir mesaj verir: dövlətin xalqın firavan yaşamasını istəməsi hələ kifayət deyildir. Xalq özü gərək daha yaxşı, bugünkü güzəranına nisbətən, keyfiyyətcə daha sivil yaşamaq istəsin. Bu yolda çox işlər görülübdür. Son 10 il ərzində Azərbaycan bir sıra inkişaf etmiş ölkələrin çox onilliklər ərzində keçdiyi yolu arxada qoyubdur. Məhz buradan aydın olur ki, inkişaf yolumuzdakı sonrakı tarixi addımları atmaq üçün, getdikcə daha çox, əsasən bundan sonra necə və hara getmək haqqında düşünmək lazımdır. Təbii ki, bu, yalnız siyasətçilərin deyil, həm də, bütövlükdə ictimaiyyətçi alimlərin qarşısında duran bir vəzifədir.
Dövlət başçısı "Azərbaycan - 2020: gələcəyə baxış "İnkişaf Konsepsiyasında bir siyasi kurs kimi inkişafımızın sabahkı yolunu göstərir. Bu, biliklər cəmiyyətinə doğru yoldur. Bu, o deməkdir ki, dövlət və cəmiyyətin gələcəyə yönəldilmiş siyasi kursunun elmi ekspertizaya, elmi biliklərə, elmi proqnozlaşdırmaya, həm də məsuliyyətlə bağlı biliklərə ehtiyacı vardır.
Görkəmli filosof, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "bu gün respublikanın elmi dairələrində modernləşmə planlarının həyata keçirilməsinin konseptual layihələri fəal müzakirə olunur, müasir Azərbaycan cəmiyyətinin reallıqları, onun sosial strukturu və cəmiyyətimizin həyatında baş verən dəyişikliklərin dinamikası nəzərə alınmaqla transformasiya prosesləri tədqiq edilir".
Prezident İlham Əliyevin imzaladığı bu sərəncam da cəmiyyəti, elmi, elm adamını innovasiyalı müasirləşməyə istiqamətləndirir. Buradakı konkret vəzifə və məqsədlərin elm nümayəndələri tərəfindən də müəyyənləşməsi günümüzün aktuallığıdır. Müasirləşmə prosesində elm və elm insanları həm də öz fəaliyyətlərini gələcəyə yönəldərək praktiki tədqiqatlar və araşdırmalar üzərində qurmalıdırlar. Müxtəlif sahələr üzrə alimlərdən ibarət qruplar yaradılmalı, onlar da bir-birilə koordinasiyalı şəkildə işləməlidirlər. Bu proses məhz əlaqələndirici müstəvidə getməli, daim yeni keyfiyyət və kəmiyyətli məzmunla zənginləşməlidir.
{nl}
Vaqif Fərzəliyev, AMEA-nın akademik-katibi, akademik:
- Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyasının hazırlanması haqqında sərəncamı vaxtında imzalanmış sənəddir. Sərəncamda yaxın gələcəkdə inkişafımızın əsas istiqamətləri və bu inkişaf nəticəsində qarşıya qoyulan hədəflərin konsepsiya şəklində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.
Dövlət başçımız Azərbaycanın gələcək inkişafından danışarkən dəfələrlə bildirmişdir ki, qarşıdakı dövrlərdə hər bir dövlətin, bütövlükdə dünyanın inkişafı elm və təhsilin səviyyəsindən, bu sahəyə göstərilən diqqətdən asılı olacaqdır. Odur ki, elm və təhsilin inkişafına diqqət və qayğı durmadan artırılmalıdır. Son illərdə elmin inkişafı və gənclərin təhsili ilə bağlı qəbul edilmiş dövlət proqramları bu məqsədə xidmət edir. Hazırda Azərbaycanda güclü elmi potensial yaranmışdır. Bugünkü gənc elmi elitanın hesabına bu potensial daha da güclənəcəkdir. Bu gün dövlətimiz təhsilin, elmin müxtəlif sahələrinin, xüsusən informasiya-kommunikasiya texnologiyaların inkişafını prioritet sayır və bu sferaların tərəqqisi üçün lazım olan hər şeyi edir.
AMEA-nın müvafiq institut və qurumları bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səfərbər olunmuşdur.Yaranmış imkandan istifadə edərək mən Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun bu istiqamətdəki uğurlu fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Eyni zamanda, AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun salamlarını və xoş diləklərini sizə çatdırmaqdan məmnunluq duyur, konfrans iştirakçılarına səmərəli müzakirələr və uğurlar arzulayıram.
{nl}
Roida Rzayeva, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru:
- Cəmiyyətin inkişaf konsepsiyasına dair bir sıra yanaşmalar mövcuddur və bu, müxtəlif baxış bucaqlarından nəzərdən keçirilə bilər. Bunlardan ən əhəmiyyətlilərindən biri ideoloji müstəvidir, yəni ümumi dəyər və inkişaf vəzifələrini həyata keçirən şüurun, dünyagörüşünün formalaşmasıdır. Çünki, hər bir konsepsiyanı və bununla bağlı tədbirlər planını müvafiq şüurla, konsepsiyanın nəzərdə tutduğu metodları bütünlüklə dərk edən və görə bilən təfəkkür tərzi (dünyagörüşü) ilə tam şəkildə həyata keçirmək mümkün olur.
Bu mənada şüurun formalaşmasına təsir göstərəcək bir neçə amili qeyd edə bilərik. Bunlara modernləşmə, azərbaycançılıq məfkurəsi, elm və təhsil və müvafiq dünyagörüşü aid edilə bilər.
1) Hər bir cəmiyyətin və dövlətin inkişaf konsepsiyası onun fəlsəfi təhlili, müasirlik anlayışı və həyata keçirilən modernləşmə prosesi ilə bilavasitə bağlıdır.Bu gün modernləşmə bəşəri proses kimi qəbul olunur. Və buna görə dünya reallıqlarının hesaba alınması inteqrasiya proseslərində iştirakı tələb edir.
Modernləşmə prosesinin əsası olaraq yeni mentalitetin yaranması üçün, son 20 ildə müstəqil Azərbaycanda əhəmiyyət kəsb edən məsələlərdən biri də, sosio-mədəni modernləşmənin qarşısında duran, məhz müasirliyin və xüsusilə də müasir azərbaycançılığın tələblərinə cavab verən şüurun formalaşmasıdır.
"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bilavasitə bu ifadənin ehtiva etdiyi hər bir sözün mənasından çıxış edir. İnkişaf irəliləyiş deməkdir, müasir dünyanın çağrışlarına cavab verən cəmiyyət deməkdir. Bu zaman modernləşmənin vasitəsilə modernləşmə prosesində müvafiq şüurun formalaşdırılması zəruridir. Bu da müasir təfəkkür, dünyaya və dəyişikliklərə açıq şüurun formalaşdırılmasıdır. Ölkəmizdə milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edən modernləşmə xətti bu yolda müvafiq nəticələrin əldə edilməsi üçün zəmindir. Modernləşmə hər bir inkişaf edən ölkə üçün labüd olduğu kimi, gələcək Azərbaycanın təşəkkülündə iştirak edən ən vacib amillərdən biridir. 2) Azərbaycançılıq ideologiyası. Azərbaycanın gələcəyini formalaşdıran şüur ölkəmizin modernləşmə xəttilə yanaşı, ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycançılıq ideologiyasının inkişafının nəticəsi olan təfəkkür tərzindən doğur. Nəzərə alsaq ki, Azərbaycan mədəni-tarixi sintezin təcəssümü olaraq Şərq və Qərbin qovuşduğu məkanda yerləşməsinin verdiyi xüsusi səciyyəvi ictimai-mədəni xüsusiyyətlərə malikdir, sintez fikri azərbaycançılıq ideyası ilə səsləşir.
Müasirləşmə prosesində "milli kimliy"i formalaşdıran komponentlərin optimal sintezi ölkənin 2020-ci ildəki imicinə təsir göstərən ən vacib amillərdən biridir.
3) Elm və təhsil. Müasir qlobal çağırışlar və dünyada yaranan yeni geosiyasi və geoiqtisadi struktur şəraitində məhz biliyə söykənən və elmə əsaslanan konsepsiya, nəticələrin proqnoz və yoxlanılmasını təmin edə bilər.Və bu müstəvidə yenə də elm və bilik, eyni zamanda cəmiyyətin intellektual potensialı aktuallıq qazanır.
Təbii ki, hər bir ictimai reallığın və müasir prosesin təhlili və dərki fəlsəfi müstəvidə də aparılmalıdır, çünki əks təqdirdə təhlil natamam və səthi olar.
4) Dördüncü, bilavasitə qeyd edilən hər üç məqamı ehtiva etməklə, yəni - modernləşmə, azərbaycançılıq ideologiyası, elm və təhsil ilə bağlı olmaqla bərabər, eyni zamanda daha geniş spektri, müvafiq dünyagörüşünün formalaşmasını, konsepsiyanı icra edəcək insanları da nəzərdə tutur. 2020-ci il o qədər də uzaq bir tarix deyil. Bu günün gənci konsepsiyanın, yəni sabahın vəzifələrini yerinə yetirəcək. Buna qadir, buna hazır dünyagörüşü formalaşmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində bir neçə prioritet məsələlər sırasında informasiya-kommunikasiya texnologiyalarının, elm, təhsil sahələrinin inkişaf etdirilməsi də vurğulandı.Gələcəkdə biliyin, savadın ölkələrin dünyadakı yerini daha üstün dərəcədə müəyyən edəcəyi üçün bu sahənin ön plana çıxmasının vacibliyi qeyd edildi. Azərbaycanı 20 il, 30 il, 50 il bundan sonra uğurla idarə edə biləcək, çox güclü gənc elmi elitanın yaradılmasının vacibliyini vurğulandı. Bu elita məhz bəhs etdiyimiz amillər əsasında formalaşan şüurun daşıyıcısı olacaqdır. Bu İnkişaf Konsepsiyasının həyata keçirilməsində üstünlük təşkil edən metodları müəyyənləşdirir və konstruksiyanın ideoloji mahiyyətini təşkil edən ən vacib məsələlərdən biridir.
{nl}
İsa Alıyev, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor;
- Müasir və perspektiv inkişaf meyillərini nəzərə alsaq, yeni qəbul olunan konsepsiya əsasən ölkənin uzunmüddətli inkişaf istiqamətində çağırışlarını aşağıdakı kimi sistemləşdirmək məqsədəuyğun olardı.
Birincisi. Güclənməkdə olan qlobal rəqabət təsirləri yalnız ənənəvi əmtəə, kapital,texnologiya və əmək bazarlarını əhatə etməməli, həmçinin milli idarəetmə və innovasiya sisteminə, insan potensialının inkişafına da nüfuz edərək Azərbaycanın yenicə formalaşan özünəməxsus sosial-iqtisadi inkişaf modelinin keyfiyyətcə mükəmməlliyinə gətirib çıxarmalıdır.
Çox güman ki, qlobal iqtisadi rəqabət mühitinin inkişafı özünü geopolitik rəqabətin güclənməsinin davam etməsində, o cümlədən xammal-material, energetika, su ehtiyatları və ərzaq resursları potensialının artmasında göstərir. Azərbaycan üçün dünya iqtisadiyyatına nüfuzetmə, beynəlxalq inteqrasiyaya qoşulma yeni və daha səmərəli beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, tədricən texnologiya və kapital bazarlarına sürətli çıxış imkanlarının artmasını yaradır.
İkincisi. Dünya iqtisadiyyatında texnoloji inkişafın və dəyişkənliyin yeni dalğasının güclənməsi, sosial-iqtisadi inkişafda innovasiyaların rolunun güclənməsi və çoxsaylı ənənəvi artım amillərinin təsirlərinin aşağı düşməsi və s. amilləri nəzərə almağı zəruri edir. Tədqiqatlar göstərir ki, yaxın onillikdə dünyada və ölkələrdə inkişaf meyilləri iqtisadi sistemin yeni texnoloji bazasının formalaşmasına istiqamətlənəcəkdir. Əsasən, bu inkişaf özünü biotexnoloji, informatika, nanotexnologiyalar, səhiyyə və iqtisadiyyatın daha çox elm tutumlu sahələrində büruzə verəcəkdir. Azərbaycan üçün elmi-texniki, tədqiqat potensialının və yüksək texnologiyalı istehsalın mövcudluğu bir çox şərtlərin nəzərə alınmasını və müvafiq şəraitin yaradılmasının vacibliyini önə çəkir:
-İlkin və həlli mümkün olan istiqamətlərdə texnoloji liderliyin təmin edilməsi;
-yüksək texnologiyalı komplekslərin, sahələrin yaradılması, beynəlxalq bazarlara daha mütərəqqi elm tutumlu məhsulların çıxarılmasına nail olunması;
-Azərbaycanın yüksək texnologiyalı məhsul və intellektual xidmət bazarlarında iştirak mövqeyinin gücləndirilməsi;
-ənənəvi iqtisadiyyat sahələrinin perspektiv inkişaf istiqamətləri;
-əsas götürülməklə daxili maliyyə mənbələri hesabına və inkişaf etməkdə olan qlobal, beynəlxalq bazarlara uyğunlaşan subyektlərin modernləşdirilməsi.
Eyni zamanda, son texnologiya nəslinin tətbiqindən və inkişafından geri qalan müəsisələr ümumilikdə ölkənin iqtisadi baxımdan rəqabət qabiliyyətini zəiflətməklə, idxaldan asılılığı yüksəltməklə, artmaqda olan geopolitik rəqabət mühitində mövqelərimizin itirilməsinə gətirib çıxara bilər.
Müasir innovasiyalı iqtisadiyyatın rəqabət qabiliyyətinin inkişafı yüksək və peşəkar kadr potensialının keyfiyyət, korporativ əlaqə səviyyəsindən əhəmiyyətli şəkildə asılıdır. Burada demoqrafik situasiya da hökmən saxlanılmalıdır. Müasir inkişaf şəraitində MDB ölkələrində olduğu kimi, Azərbaycan da beynəlxalq iqtisadi mühitdə, bazarlarda kadr və işçi qüvvəsinin keyfiyyət səviyyəsinə görə, hələ ki, yüksək mövqe tuta bilmir. Buna səbəb daha çox həmin kadr və işçi potensialının əmək qabiliyyətinin aşağı səviyyədə olması, ölkədə qismən təhsil və səhiyyə sisteminin müasir tələblərə cavab verməməsidir. Azərbaycan üçün bu məsələ yaxın üç-beş ildə öz həllini tapmalı, bu sahədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır.
{nl}
Viktor Nikolayeviç Qriqoryev, Moskva Sosial-Psixoloji Universiteti cinayət hüququ, cinayət prosesi və kriminalistika kafedrasının müdiri, hüquq elmləri doktoru, professor:
- Bəşəriyyətin inkişafının bütün mərhələlərində müxtəlif ədliyyə nümayəndələrini bir məsələ düşündürmüşdür: Necə etmək lazımdır ki, cinayət-mühakimə icraatının nəticəsi səmərəli və mübahisəsiz olsun və hamını qane etsin. Bununla əlaqədar olaraq bütün dövrlərdə təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi çox cazibədar üsul kimi qəbul edilir və bununla da iş tez həll olunurdu.
Müəyyən dövrlərdə bu, ən optimal variant kimi qəbul edilirdi. Əgər təqsirləndirilən şəxs cinayəti həqiqətən törətməyibsə, bəs onda necə olsun? Burada istintaqın gedişində yol verilmiş ədalətsizliklərin (işgəncə, zor, tətbiq etmək və s.) qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsində deyilir: "Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər". Şübhəsiz, bu, mühakimə icraatının obyektiv nəticə çıxarmasına xidmət edir. Təəssüf ki, Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsində bu məsələyə başdansovdu yanaşılmış, nisbətən asan yol qəbul olunmuşdur. Belə ki, RF CPM-nin 40-cı bölməsində təqsirləndirilən şəxsin verilmiş ittihamla razılaşması ilə bağlı məhkəmə qərarının qəbul edilməsinə dair xüsusi qayda nəzərdə tutulmuşdur. Bu qaydaya görə, cinayət işi üzrə toplanmış sübutlar tədqiq edilmir və qiymətləndirilmir. Nəticədə iş üzrə qərar yalnız təqsirləndirilən şəxsin etirafı əsasında qəbul olunur.
Belə bir təcrübə yalnız hakimə, prokurora və müstəntiqə sərf edir. Cinayət prosesinin obyektivliyinin təmin olunması isə istisna edilir. Azərbaycan və Rusiya arasında əlaqələrin böyük tarixə malik olması zəminində qanunvericiliklər arasında bir çox müddəaların oxşarlığına baxmayaraq, göründüyü kimi, fərqlər də vardır. Zənnimcə, əlaqələrimizi genişləndirməli, bir-birimizin müsbət təcrübəmizdən yararlanmalıyıq. Konkret olaraq, haqqında söz gedən məsələdə biz azərbaycanlı həmkarlarımızın təcrübəsindən öyrənməliyik. Elə məqamlar da vardır ki, onlar bizim qanunvericilikdə daha optimal şəkildə öz həllini tapır. Odur ki, qarşılıqlı surətdə əməkdaşlığımızı genişləndirərək bir-birimizin müsbət təcrübəmizdən səmərəli istifadə etməliyik.
Ümumiyyətlə cəmiyyətin inkişafı bütün sahələrdə, o cümlədən ədliyyə sistemində də əsaslı islahatların aparılmasını, qabaqcıl dünya təcrübəsinin öyrənərək yaradıcı surətdə tətbiq olunmasını tələb edir.
{nl}
Nikolay Qriqoryeviç Şuruxnov, Moskva Humanitar Universiteti cinayət-hüququ və xüsusi fənlər kafedrasının professoru:
- Azərbaycan Respublikasında cinayət təqibinin obyektivliyini, ədalətliliyini təmin etmək məqsədilə onun məlumat bazasının yaradılmasına ehtiyac vardır. Bu məqsədlə cinayət təqibi prosesində texniki vasitələrdən istifadə edilməsi zəruridir.
Azərbaycan Respublikasının cinayət-mühakimə icraatında texniki vasitələrdən və elmi tövsiyyələrdən istifadə edilməsinin mühüm istiqamətlərindən biri təhqiqatçının,müstəntiqin mobil avtomatlaşdırılmış iş yerinin tətbiq edilməsidir.Bu nə deməkdir? Burada, ilk növbədə müvafiq proqram təminatına, əlaqə və məlumatların verilməsi vasitələrinə malik olan noutbuklar nəzərdə tutulur.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, öz texniki xüsusiyyətlərinə, xüsusən yaddaşına, həcminə və məhsuldarlığına görə noutbuk tipli kompyuterlər stasionar elektron-hesablayıcı maşınlardan (EHM) geri qalmır.
Mobil avtomatlaşdırılmış iş yerləri daha geniş dairədə vəzifələrin həll edilməsinə imkan verir. Qeyd olunan proqram təminatı aşağıdakıları əhatə edir:
-Axtarışda olan şəxslər, nəqliyyat vasitələri, silahlar,pasportlar,pasportların blankları və başqa obyektlər haqqında informasiya resursları əldə etmək;
-cinayət işləri və cinayət təqibi ilə əlaqədar başqa materiallar üzrə respublika səviyyəli prosessual aktlar barədə resurslara daxil olma vasitələri;
-axtarış, baxış və başqa prosessual hərəkətlərə dair taktik üsulların məlumat sistemini;
-məlumatların,sorğuların,tapşırıqların,prosessual aktların, cinayət təqibi üzrə prosessual hərəkətlərin gedişinin və nəticələrinin Azərbaycan CPM-nin tələblərinə uyğun protokollaşdırılmasının tərtibatına dair proqramı;
-təhqiqatçıların və müstəntiqlərin təhsili, bilik və bacarıqlarının yoxlanılması üzrə proqramı.
Digər tərəfdən, bu gün jurnalistikada, xüsusən alınmış müsahibələrdə trankrayber metodundan istifadə etmək olardı. Bu ideyaların həyata keçirilməsinə nail olmaq üçün cinayət mühakimə icraatının ən müasir texniki vasitələrlə təchiz olunmasına ehtiyac vardır. Qeyd etmək lazımdır ki, qabaqcıl Qərb ölkələrinin bir çoxunda bu və digər metodlardan uğurla istifadə olunur.
{nl}
Çingiz İsmayılov: Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, coğrafiya elmləri doktoru,professor:
-Müasir dünya iqtisadiyyatında baş verən proseslər hər bir ölkənin sosial-iqtisadi inkişafına öz təsirini göstərir. Ölkəmizdə aparılan struktur islahatlar iqtisadiyyatımızın davamlı inkişafında mühüm rol oynayır. Ancaq bununla yanaşı, qeyd etmək lazımdır ki, mövcud inkişaf imkanlarımızdan hələ tam istifadə olunmur.
Təcrübə göstərir ki, təbii ehtiyatların zənginliyi və əlverişli təbii-iqlim şəraiti hər hansı bir ölkənin iqtisadi inkişafını heç də tam təmin etmir. Yeni şəraitdə ön plana sərmayələrin, ixtisaslı mütəxəssislərin, yeni texnologiyalar və informasiya axınlarının əldə edilməsi istiqamətində rəqabət artır. Məhz bu səbəbdən dünya iqtisadiyyatının qeyri-stabil inkişafı şəraitində iqtisadi proseslərin gedişində dövlətin tənzimləyici rolunun artırılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan respublikamızın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə daxil olması məsələsində hökumət tərəfindən yeridilən siyasət təqdirəlayiq hal kimi qəbul olunmalıdır.
Qeyd etmək lazımdır ki,iqtisadiyyatımızın bir çox sahələri, xüsusən kənd təsərrüfatı bazar iqtisadiyyatındakı açıq rəqabət şəraitinə hələ tam hazır deyil.Bu səbəbdən dövlət tərəfindən sahibkarlığa dəstək siyasəti davam etdirilməlidir.Fermer təsərrüfatlarında istehsal olunan məhsulun istehlakçıya çatdırılması xüsusi önəm daşıyır.
Ölkəmizdə əkinçilik sahəsindəki təbii-resurs potensialından hələ ki tam istifadə olunmur. Məsələn respublikanın ümumi əkin sahəsinin təxminən üçdə-ikisi şoranlaşmış torpaqlardır. Təbii ki,bu torpaqlarda lazımi meliorativ işlərin aparılması bir çox kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün yeni imkanlar yaradacaqdır.Belə ki, aqrar sahənin inkişafı ölkəmizdə bütövlükdə qeyri-neft sektorunun inkişafında həlledici rol oynayaraq, eyni zamanda respublikada ərzaq təhlükəsizliyi məsələsini tam həll etmək imkanlarını reallaşdırır.Hələ ki, ölkəmizdə daxili istehsal hesabına ərzaq məhsullarında yalnız şəkər, kartof, meyvə və tərəvəz üzrə biz öz təlabatımızı tam təmin edirik. Dövlətin yeritdiyi regional inkişaf siyasəti ölkənin ümumi iqtisadi inkişafında mühüm yer tutur. Lakin respublikamızın ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal olunması, təbiidir ki, bütün ölkə ərazisi üçün vahid regional inkişaf siyasətinin hazırlanmasını xeyli mürəkkəbləşdirir. Buna baxmayaraq, ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair artıq ikinci Dövlət Proqramı həyata keçirilir.
Fikrimcə, bu istiqamətdə ölkə ərazisində bir neçə inkişaf mərkəzləri seçilməlidir.Məlumdur ki,ərazilər fərqli inkişaf imkanlarına malikdir. Nəzərə almaq lazımdır ki, daha böyük imkanlara malik olan ərazilərin inkişafı qonşu, daha zəif ərazilərin inkişafına öz təsirini göstərəcəkdir.
Yaradılacaq xüsusi iqtisadi zonalar burada öz rolunu oynaya bilər. Məhz bu səpkidən belə zonaların ucqar bölgələrdə, xüsusən Abşeron rayonundan aralı yerlərdə təşkili əyalətlərin inkişafında əhəmiyyətli amilə çevrilə bilər. Bu, eyni zamanda, bölgələrdə gənclərin işlə təmin edilməsinə yeni imkanlar açar. Gənclərin bölgələrə cəlb edilməsi ölkəmizin gələcək inkişafında ən vacib məsələlərdən biridir.
Dünyada cərəyan edən proseslərin və çağırışların dəyişilməsini nəzərə alaraq, ölkəmizin gələcək inkişafının daha da uğurlu olması üçün aşağıdakı məsələlərin həllinə diqqət daha da artırılmalıdır:
- Kiçik və orta sahibkarlığın davamlı inkişafını təmin edilməsi məqsədilə onların fəaliyyətinin hüquqi bazası təkmilləşdirilməli və qəbul edilmiş qanunlara ciddi riayət olunmalıdır;
- ölkəmizə xarici sərmayələrin cəlb edilməsi üçün yeni mexanizmlər hazırlanmalıdır;
- ölkəmizdə xüsusi iqtisadi zonaların təşkili üçün konkret məqsədli proqramlar işlənib hazırlanmalıdır;
- iqtisadiyyatımızın ərazi üzrə inkişafında yeni inkişaf "qütblər"i müəyyən edilməli və onların ardıcıl inkişafı təmin olunmalıdır;
- bölgələrdə gənclərin məşğulluğu məsələsinin həlli istiqamətində konkret proqramlar hazırlanmalıdır;
- qeyri-neft sektorunun aparıcı sahələri üçün yeni texnologiyaların idxalı istiqamətində məqsədli proqramlar hazırlanmalıdır.
{nl}
Füzuli Qurbanov, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru:
- İki tezisi müzakirənizə çıxarmaq istərdim:
1. Azərbaycanın 2020-ci ilə qədər strateji inkişaf məsələsi, hər şeydən öncə, fəlsəfi problemdir;
2. Hansı inkişaf modelinin seçilməsindən asılı olmayaraq, həyata keçirilən proqramların elmi monitorinqi zəruridir.
Bu tezislər müasir dünyanın təkamül şərtləri ilə birbaşa bağlıdır. Həmin şərtlər XX əsrin ikinci yarısı-XXI əsrin əvvəllərində insan təfəkküründə baş verən ideya dəyişikliyi ilə əlaqəlidir. XX əsrdə ümumiyyətlə, bəşər miqyasında ideya təkamülü baş verdi. Dünyanın qabaqcıl filosof, politoloq, ideoloq və alimləri bununla bağlı kifayət qədər təhlillər aparıblar. Onların gəldiyi qənaətləri qəbul etsək, bəşəriyyətin keyfiyyətcə yeni ideya səviyyəsinə keçdiyini də inkar etməməliyik.
XX əsrin ikinci yarısından başlayaraq sivilizasiya və mədəniyyət anlayışlarının münasibəti məsələsinə Qərbdə yeni baxışlar formalaşmağa başladı. ABŞ-da başlanan bu prosesdə sivilizasiyanın mədəniyyətlə bağlı olduğu tezisi önə çıxarılırdı. XVII əsrdən Fransa fəlsəfi fikrində sivilizasiya anlayışı "sivilizasiya-barbarlıq" qarşıdurması çərçivəsində inkişaf etdirilirdi. ABŞ antropoloqları A.Kroeber və K.Klukhon sivilizasiya ilə mədəniyyəti qarşı-qarşıya qoymağın düzgün olmadığını sübut etdilər. F.Brodel "Tarix haqqında" əsərində sivilizasiyanın mədəniyyətlə müəyyən edildiyini əsaslandırdı. Nəhayət, XX əsrin 80-ci illərində "soyuq müharibənin" başa çatması ilə Qərbdə yeni ideoloji sistem bərqərar olmağa başladı. Bu ideoloji konseptə görə, dünya polisivilizasiyalardan ibarətdir. F.Fukuyama "Tarixin sonu" adlı məqaləsi ilə həmin aspektdə yeni tədqiqatlara start verdi.
{nl}
Hazırladı:
Qüdrət PİRİYEV, Fotolar Rafiq SALMANOVUNDUR, "Xalq qəzeti"
{nl}
(ardı var)
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.