Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunması, müdafiəsi və təminatı sahəsində beynəlxalq qurumlarla əməkdaşlığını davam etdirir
İyunun 10-da Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə "Müəlliflik hüququ və kreativ sənayelərin iqtisadi əhəmiyyəti" mövzusunda ikigünlük beynəlxalq seminar işə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov bildirmişdir ki, mövzu əqli mülkiyyət sahəsində ən prioritet olan "biliklərə əsaslanan iqtisadiyyat" və "kreativ sənaye"nin iqtisadi əhəmiyyəti ilə bağlıdır. Bu isə müəlliflik hüququnun və digər əqli mülikiyyət hüquqlarının humanitar-kulturoloji konsepsiya olmaqla yanaşı, böyük iqtisadi əhəmiyyətə malik olmasının sübutudur və informasiya cəmiyyətindəki rolunun təsdiqinin bariz nümunəsidir.
Hər bir iqtisadiyyatın qlobal mənada özünəməxsus siması mövcuddur. XX əsrin sonlarında yaranmış "yeni iqtisadiyyat"ı informasiya cəhətdən silahlanmış zəkalı, intellektual investor və istehlakçılardan ibarət olan iqtisadiyyat kimi təsvir etmək mümkündür. "Yeni iqtisadiyyat"ın əsas xüsusiyyətlərindən biri İKT bazarına artan tələbatın ilbəil artması ilə bağlıdır. Bu tələbatı stimullaşdıran səbəblərdən birincisi, fərdiləşmiş malların kütləvi istehsalının güclənməsidir. İkincisi, zaman keçdikcə öz dəyərini itirməyən əmtəələrə, yəni "əmtəə-sərvətlər"ə, o cümlədən tətbiqi elmi-texniki araşdırmalara və yeni biliklərə tələbat artmışdır. Qeyd edilən hər iki tendensiya güclü informasiya müşahidəsini tələb edərək, yeni biliklərin iqtisadi sərvətə çevrilməsini təmin edir.
"Yeni iqtisadiyyat"ın ikinci xüsusiyyəti ondan ibarətdir ki, kommersiya əhəmiyyətinə malik olan əqli mülkiyyət hüquqları obyektlərinə də tələbat böyükdür. Beləliklə, "Yeni iqtisadiyyat" betona və dəmirə əsaslanan iqtisadiyyatı əvəzləyərək XXI əsrdə "biliklərə əsaslanan iqtisadiyyata" çevrilmiş və artıq yeni xüsusiyyətlərlə zəngünləşərək "biliklərin kapitallaşdırması"nı təsdiqləmişdir. Bununla da əqli mülkiyyət fenomeni ön plana keçmiş, onun qorunması, idarə olunması və təminatı məsələləri dövlət siyasətinin prioritet istiqamətləri sırasına daxil edilmişdir. Çünki əqli mülkiyyət iqtisadi inkişafın qüdrətli alətidir və biliklərə əsaslanan iqtisadiyyatda cəmlənən intellektual kapital əsas valyuta rolunda çıxış edir. Odur ki, dünya iqtisadiyyatında müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 8 faizə çatmış, trilyonlarla ABŞ dolları ilə ölçülür və onun iqtisadiyyatda illik artımı 6 faizdən çoxdur.
Müasir "biliklərə əsaslanan iqtisadiyyat"ın bir neçə amillə ölçüldüyünü diqqətə çatdıran K.İmanov bu amillər barədə ətraflı danışmış, deyilənləri təsdiqləmək üçün inkişaf etmiş və güclü inkişafda olan ölkələrin əqli mülkiyyətin iqtisadiyyatdakı rolunu qabardan göstəricilərini vurğulamışdır.
Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində görülən işlərdən danışan professor Kamran İmanov demişdir ki, ölkənin dinamik iqtisadi inkişafı "biliklərə əsaslanan iqtisadiyyat" üçün zəmanət yaratmışdır. Müəllif Hüquqları Agentliyinin (MHA) araşdırmaları göstərir ki, kreativ industriyanın ümumi daxili məhsuldakı (ÜDM) payı 2,4 faizə çatmışdır və 2003-cü ilə nisbətən 2009-cu ildə 5 dəfədən çox artmışdır və əksər yüksək templə inkişafda olan ölkələrlə, hətta inkişaf etmiş dövlətlərlə müqayisəlidir.
Davamlı iqtisadi artım - Solou modeli əsasında aparılan araşdırmalarımız göstərir ki, texnoloji nailiyyətlər və elmi-tərəqqi hesabına ÜDM-dəki artım (Solou əmsalı) 2003-cü ildən 2009-cu ilədək 7,2 faizdən 20,6 faizə qədər yüksəlmişdir. Bu cür "biliklərə əsaslanan" istiqamətdə Azərbaycan iqtisadiyyatının addımları heç də təsadüfi deyildir.
"Biliklərə əsaslanan iqtisadiyyatın" aparıcı qüvvəsindən biri əqli mülkiyyət hüququnun qorunması və təminatı sistemidir. Azərbaycan hökuməti əqli mülkiyyət sahəsini və əqli mülkiyyət hüquqlarının təminatını prioritet sahə kimi qəbul edərək, dünyadakı dəyişiklikləri diqqətlə izləyir və bir sıra kompleks tədbirlər həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyevin səyləri və dəstəyi nəticəsində ölkəmizdə zəngin qanunvericilik və normativ-hüquqi baza, çevik milli idarəetmə institutu və geniş beynəlxalq mübadilə və əməkdaşlıq sistemi yaradılmışdır. Bugünkü beynəlxalq tədbir ötən ildən başlayaraq 18-ci, o cümlədən 8-ci beynəlxalq tədbirdir. Müəllif-hüquq sahəsində islahatlar və yeniliklər davam etdirilir. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" qanunun qəbul edilməsi, əqli mülkiyyət hüquqlarının təminatının gücləndirilməsi məqsədi ilə İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual məcəllələrinə əlavələr və dəyişikliklərin edilməsi gözlənilir. MHA-nın nəzdində əqli mülkiyyət hüquqlarının təminatı, eləcə də on-line monitorinq lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi mərkəzlərinin yaradılması da islahatlar çərçivəsindədir. Hüquqi maarifləndirmə, əqli mülkiyyət mədəniyyətinin formalaşması, piratçılığın səviyyəsinin daim müşahidəsi və tədbirlərin görülməsi, agentlikdə "Qaynar xətt"in, icitimai əsaslarla "Hüquq məsləhətxanası"nın fəaliyyəti, çoxlu nəşrlərin dərc edilməsi qarşımızda duran yeni çağırışların müvafiq cavablarıdır.
"Biliklərə əsaslanan iqtisadiyyat"ı dəstəkləyən digər istiqamət investisiyaların axını, kapital qoyuluşunun və insan faktorunun nəzərə alınmasıdır, Prezident İlham Əliyevin dediyi kimi, "qara qızılı insan sərvətinə çevirmək məqsədimizdir".
Biliklərə əsaslanan iqtisadiyyatın digər əlamətdar xüsusiyyəti dinamik innovasiya infrastrukturunun yaranması ilə bağlıdır. İKT sahəsində son illər Azərbaycan sürətlə inkişaf edir, 2012-ci ildə ilk telekommunikasiya peyki kosmosa buraxılmalıdır. Ümumiyyətlə, İT sektorunun orta illik artımı 32-35 faizə yüksəlmişdir. Davos Dünya İqtisadi Forumunun reytinqinə əsasən Azərbaycan İKT üzrə 127 dövlət arasında 67-ci yeri tutaraq MDB məkanında lider olmuşdur.
Bu inkişafı nəzərə alaraq, veb və naqilsiz texnologiyaların qlobal cəmiyyətdə artan rolunu və innovasiya texnologiyalarının və kreativ industriyanın biliklərə əsaslanan iqtisadiyyatdakı xüsusi əhəmiyyətini diqqətdə saxlayaraq, MHA informasiya texnologiyaları - əqli mülkiyyət (İT-İP), "İP-e-com" cütlüklərlə bağlı problemləri araşdırır, qanunvericiliyə dəyişikliklər təklif edir, "rəqəmli hüquqların idarə edilməsi ilə bağlı" xüsusi layihələr həyata keçirir.
Sonda MHA-nın sədri əmin olduğunu bildirmişdir ki, beynəlxalq seminarda səslənən məruzə və çıxışlar, təqdimatlar, müzakirələr müəlliflik hüququ və digər əqli mülkiyyət hüququnun iqtisadiyatdakı artan əhəmiyyətini vurğulayacaq və onun qüdrətli iqtisadi inkişaf alətinə çevrilməsinin mürəkkəb və mühüm məsələlərinin həllinə töhfəsini verəcəkdir.
Tədbirdə Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçıları salamlamış, son illər Azərbaycanda iqtisadiyyat, qanunvericilik, mədəniyyət sahələrində əldə olunmuş nailiyyətləri qonaqların diqqətinə çatdırmışlar. MHA-nın Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, müdafiəsi və təminatı sahəsində gördüyü işlər təqdirəlayiq hesab edilmişdir.
Seminarın birinci günü İngiltərənin Lids Universitetinin professoru Kalvin Teylorun "Kreativ sənayelərin konsepsiyası", DƏMT-in kreativ sənaye şöbəsinin icraçı direktoru Dimiter Qantçevin "Qlobal iqtisadiyyatda kreativ sənayenin rolu: əqli mülkiyyətin perspektivi", MHA-nın sədri, professor Kamran İmanovun "Yeni biliklərə əsaslanan iqtisadi artım və kreativ sənayelərin iqtisadi payı: Azərbaycan təcrübəsi", Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin "Azərbaycanın müasir iqtisadiyyatı - vəziyyət, meyillər və perspektivlər" mövzusunda məruzələri dinlənilmişdir.
Seminar iyunun 11-də işini davam etdirəcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.