"Tükənməz resurs". 2022-ci ilədək enerji istehsalının beşdə bir hissəsi alternativ mənbələrin payına düşəcəkdir

Məşhur "Rossiyskaya qazeta"da "Tükənməz resurs" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə alternativ energetikanın Azərbaycan iqtisadiyyatının adi elementinə çevrilməsindən bəhs edilir. AzərTAc həmin məqaləni təqdim edir. 
Bakının cəmi 50 kilometrliyində, şimal istiqamətdə yeni avtomobil magistralı boyunca fırlanan pərli nəhəng ağ dirəkləri - külək generatorlarını görmək olar. Bu qurğular sınaq meydanının bir hissəsini təşkil edir. Burada günəş enerjisinin generasiyası qurğuları - bu enerjinin toplandığı günəş panelləri və batareyaları da sınaqdan çıxarılır. Pilot layihə çərçivəsində Azərbaycan mütəxəssisləri bərpa olunan mənbələrdən istifadə edilməsi yolu ilə elektrik enerjisi hasilatının bizim şəraitdə daha qənaətli və sərfəli üsullarını müəyyənləşdirməyə çalışırlar.
Alimlərin fikrincə, Azərbaycanda istifadə edilən neft-qaz yataqları indiki hasilat səviyyəsini daha 30-40 il təmin etməyə qadirdir. Lakin yaxın gələcəkdə yeni iri karbohidrogen yataqları kəşf edilsə belə, beynəlxalq təsisatlar Azərbaycanı bərpa olunan yataqlara üstünlük verərək eyni zamanda alternativ enerji mənbələrinin inkişaf etdirilməsi yolu ilə getməyə fəal sövq edəcəklər. Hökumət bununla razıdır, çünki belə hesab edir ki, ölkənin iqtisadi inkişafını və enerji təhlükəsizliyini təmin etmək üçün yalnız neft və qaza bel bağlamaq olmaz. Bu işi daha planlı və sistemli şəkildə həyata keçirmək üçün Azərbaycan Prezidentinin Fərmanı ilə cari il iyunun 1-dən Sənaye və Energetika Nazirliyi yanında Alternativ energetikanın inkişafı məsələləri ilə məşğul olan Dövlət agentliyi Dövlət şirkəti statusunu almışdır.
Azərbaycanda qeyri-ənənəvi enerji mənbələrinin inkişafı üçün şərait vardır. "Bakı küləklər şəhəridir" ifadəsi yeni məna kəsb edir. Xüsusən Bakının yerləşdiyi Abşeron yarımadasında il boyu küləyin sürəti saniyədə 3-7 metr arasında dəyişir ki, bu da külək generatorlarının səmərəli işi üçün ideal hesab olunur. Günəş enerjisindən istifadə edilməsi də perspektivli sayılır: Azərbaycanda ildə 260-280 günəşli gün olur. Ölkədə bəzən qaynayan, 90 dərəcə istiliyi olan su vuran termal mənbələr də vardır. Azərbaycan kənd təsərrüfatının mühüm ənənəvi seqmenti hesab edilən heyvandarlıq biokütlədən enerji mənbəyi kimi istifadə olunmasına şərait yaradır.
Yeni yaradılmış dövlət şirkətinin başçısı Akim Bədəlov deyir: "Ölkəmizdə alternativ energetika sektoru formalaşdırmaq lazımdır". Özəl sektor bu prosesə fəal cəlb olunmalıdır. Əhalini qeyri-ənənəvi mənbələr hesabına enerji resursları ilə təmin etmək üçün kiçik formalardan istifadə edilməsi alternativ energetikanın inkişafına tam uğurlu yanaşma ola bilər. Əsas ideyası evlərdə günəş panelləri və akkumulyatorlar quraşdırılmasından ibarət olan "1000 ev üçün bir elektrik stansiyası" prinsipi ev sahiblərinin öz tələbatının ödənilməsinə kömək göstərməklə yanaşı, həm də artıq enerjini ümumi enerji şəbəkəsinə satmağa imkan verər. Bu, dövlətlə özəl sahənin tərəfdaşlığına yaxşı nümunə ola bilər. Yeni dövlət şirkəti məhz bu yolla getmək niyyətindədir.
Hələlik alternativ və bərpa olunan enerjinin xüsusi çəkisi ölkədə istehsal edilən ilkin enerjinin cəmi 1 faizini təşkil edir. Bu, əsasən dağ çaylarındakı kiçik hidrostansiyalardır. Bu sahəyə özəl sektoru cəlb etmək asan deyil, belə ki, bərpa olunan mənbələrdən istifadə etməklə elektrik enerjisi istehsalı faydalı qazıntıların tətbiqi ilə müqayisədə daha kapitaltutumlu işdir.
Hazırda bərpa olunan enerji mənbələrinin kadastrı üzərində iş gedir. Alternativ energetika obyektlərinin yaradılması üçün daha əlverişli yerlər müəyyənləşdirilməlidir. Alternativ və bərpa olunan enerji mənbələrinin imkanlarının öyrənilməsi üçün artıq 21 ölçü-müşahidə stansiyası quraşdırılmışdır. Stansiyalar küləyin sürətini ölçməyə, termal mənbələrin və kiçik su-elektrik stansiyalarının imkanlarını öyrənməyə kömək edir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında