Krans Montana Forumu çərçivəsində interaktiv sessiyalar keçirilmişdir

İyunun 29-da Bakıda Krans Montana Forumu çərçivəsində interaktiv sessiyalar keçirilmişdir.
"Uzaq Şərqi Avropa və enerji: təhlükəsizlik əsas çağırışdırmı?" mövzusunda keçirilən birinci sessiyada çıxış edən Fransanın beynəlxalq terror məsələləri üzrə mütəxəssisi Jean-Louis Brugviere aparılacaq müzakirənin əhəmiyyətini vurğulamışdır. O, bu gün dünyada enerji təhlükəsizliyinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.
Jean-Louis Brugviere Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının Cənubi Qafqazın və Şərqi Avropanın enerji təhlükəsizliyinə ciddi təhdid olduğunu demişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qonaqları salamlamış və mövzunun əhəmiyyətindən danışmışdır. Fuad Ələsgərov bildirmişdir ki, Şərqi Avropada təhlükəsizliyin, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunan bu sessiya ayrı-ayrılıqda regionun istənilən dövləti, həmçinin bütövlükdə Avropa və dünya birliyi üçün həyati əhəmiyyət kəsb edir. Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırmışdır ki, ölkəmizdə enerji təhlükəsizliyi məsələlərinin həlli istiqamətində əsaslı tədbirlər görülür. Onların həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının reallaşdırılması sayəsində mümkün olmuşdur. Fuad Ələsgərov bu gün bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini demişdir.
Monteneqro Prezidenti Filip Vuyanoviç və digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildirmiş, enerji təhlükəsizliyinin bu gün Avropada böyük əhəmiyyət daşıdığını bildirmişlər.
Forum çərçivəsində keçirilən digər sessiya isə "Enerji, təbii ehtiyatlar, müstəqillik, qarşılıqlı asılılıq və beynəlxalq məsələlər" mövzusuna həsr edilmişdir. Sessiyada çıxış edən İRİS təşkilatının tədqiqat departamentinin professoru François Bernard Huyghes, forumun əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, bu gün çox aktual olan "Enerji, təbii ehtiyatlar, müstəqillik, qarşılıqlı asıllıq və beynəlxalq məsələlər" mövzusunda bu sessiyanın keçirilməsi təqdirəlayiqdir. Bildirilmişdir ki, bu cür məsələlərdə qarşılıqlı fəaliyyət göstərilməlidir.
Sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanın enerji ehtiyatları ilə zəngin olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanda enerji və təbii ehtiyatlardan səmərəli istifadə olunur. Nazir bu ehtiyatların qorunması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat vermişdir. Azərbaycanın neft tarixindən danışan N.Əliyev ölkəmizin iştirak etdiyi şaxələndirilmiş tranzit layihələrindən danışmış və bir müddət əvvəl Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Transanadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilənin əhəmiyyətini vurğulamışdır.
Rumıniyanın keçmiş prezidenti İon İliyesku və digər çıxış edənlər bütün dünyada enerji ehtiyatlarından səmərəli istifadənin vacibliyini diqqətə çatdırmışlar.
"Regional münaqişənin enerji siyasətinə təsiri" mövzusunda keçirilən digər sessiyada Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varner mövzunun əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, forum çərçivəsində belə sessiyaların keçirilməsi enerji siyasətinə öz müsbət təsirini göstərəcəkdir.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin enerji siyasətinə təsiri barədə sessiya iştirakçılarına məlumat vermişdir. Qeyd etmişdir ki, münaqişənin həll olunmamasına baxmayaraq, Azərbaycan uğurlu enerji siyasəti həyata keçirərək dinamik inkişaf edir.
Fələstin hökumətinin nümayəndəsi Saeb Erakat və digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşmüşlər. Qeyd edilmişdir ki, qloballaşan dünyanın ən mühüm məsələlərindən olan enerji sahəsi bütün dövlətlər üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya çevrilmişdir. Belə ki, artıq enerji dövlətlərarası münasibətləri müəyyənləşdirən həlledici amil kimi çıxış edir.
Bildirilmişdir ki, müxtəlif regionlarda çoxsaylı münaqişə ocaqlarının mövcud olması, onların həlli istiqamətində həyata keçirilən tədbirlər dünya dövlətlərinin enerji siyasətinə təsirsiz ötüşmür. Belə münaqişələr beynəlxalq birlik üçün vacib olan regionlarda baş verdiyi halda bu təsir özünü daha çox göstərmiş olur.
"Regional nəqliyyat strategiyasının həyata keçirilməsi" mövzusunda sessiyada çıxış edən Macarıstanın keçmiş Baş naziri Peter Medgyessi sessiyanın əhəmiyyətindən danışmış, Azərbaycanın coğrafi mövqeyinin beynəlxalq tranzit dəhlizi üçün çox əhəmiyyətli olduğunu demişdir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, ölkə iqtisadiyyatının yüksəlişi fonunda beynəlxalq ticarətin həcminin artması nəqliyyat sektorunun da inkişafı və müasirləşdirilməsinə investisiya qoyuluşuna şərait yaradır. 2011-ci ildə nəqliyyat yol kompleksinə 2,2 milyard ABŞ doları məbləğində investisiya cəlb edilmişdir. Son 5 ildə yükdaşımalarının orta illik artım tempi 6,9 faiz olmuşdur.
Digər çıxış edənlər də mövzunun əhəmiyyətinə toxunmuşlar.
"Beynəlxalq Qaz İttifaqının qazla bağlı qlobal baxışları: davamlı enerji gələcəyinə aparan yollar" mövzusunda keçirilən sessiyada da çıxış edən Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varner mövzunun əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir. O, bu gün davamlı enerji gələcəyinə gedən yolda qazla bağlı qlobal baxışların mövcudluğundan danışmışdır.
Beynəlxalq Qaz İttifaqının baş katibi, Səudiyyə Ərəbistanının "Aldar Properties" şirkətinin infrastruktur rəhbəri George Kenich və digər çıxış edənlər də "Beynəlxalq Qaz İttifaqının qazla bağlı qlobal baxışları: davamlı enerji gələcəyinə aparan yollar" mövzusunda sessiyanın keçirilməsini təqdirəlayiq hesab etmişlər. Bildirilmişdir ki, bu cür məsələlərdə qarşılıqlı fəaliyyət göstərilməlidir.
"İKT elektron hökumət, kiber mühafizə və qloballaşma" mövzusunda keçirilən növbəti sessiyada çıxış edən İRİS təşkilatının tədqiqat departamentinin professoru François Bernard Huyghes mövzunun əhəmiyyətindən danışaraq müasir qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunmasının vacibliyini vurğulamışdır.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya-kommunikasiya texnologiyalarının ölkəmizdə geniş şəkildə tətbiq edilməsindən və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunmasından danışmışdır. "Elektron hökumət" layihəsinin uğurlu icrasından danışan nazir vətəndaşlar, o cümlədən dövlət qurumları arasında informasiya mübadiləsinin elektron şəkildə şəffaf formada həyata keçirildiyini demişdir.
Estoniyanın iqtisadiyyat və rabitə naziri Yuhan Parts və digər çıxış edənlər də qloballaşma dövründə kiber mühafizə sistemlərinin geniş şəkildə tətbiqini və dünya ölkələri arasında informasiya mübadiləsinin müasir texnoloji yeniliklər əsasında aparılmasının əhəmiyyətini qeyd etmişlər.
"Bərpa olunan enerji və enerji təhlükəsizliyi" mövzusunda sessiyada çıxış edən Civitetis Beynəlxalq Şirkətinin rəhbəri Jan Morter dünyada gündən-günə enerji resurslarına olan tələbatın artdığını bildirmişdir. Vurğulanmışdır ki, bu baxımdan bərpa olunan enerjilər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair müvafiq dövlət proqramları uğurla icra edilir. O, qeyd etmişdir ki, artıq Azərbaycanda alternativ enerjidən istifadə ilə yanaşı, bu sahədə tətbiq edilən avadanlığın istehsalı üçün də müəssisələr yaradılmışdır.
Nigeriyanın layihələr üzrə dövlət katibi Amadou Sisse və digər çıxış edənlər hazırda beynəlxalq aləmdə alternativ və bərpa olunan enerjiyə böyük ehtiyacın olduğunu və bu istiqamətdə dünya ölkələrinin sıx əməkdaşlığının vacibliyini vurğulamışlar.
"Turizm və beynəlxalq əməkdaşlığın sivilizasiyalararası dialoqa təsiri" mövzusunda keçirilən sessiyada çıxış edən Dünya Turizm Təşkilatının baş direktoru Françesko Frangali mövzu ilə bağlı fikirlərini bölüşmüşdür. Qeyd etmişdir ki, son illərdə dünyanın müxtəlif xalqlarını bir araya gətirmək, sivilizasiyalararası dialoqu inkişaf etdirmək və bu yolla beynəlxalq əməkdaşlığa töhfə vermək istiqamətində bir çox mühüm tədbirlər həyata keçirilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, Azərbaycan turizmin inkişafında mühüm nailiyyətlər əldə etmişdir. Nazir bildirmişdir ki, ölkəmiz ev sahibliyi etdiyi humanitar və mədəni tədbirlərlə beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusunu qazanmışdır.
Mədəniyyətlərarası dialoqun genişləndirilməsində turizmin özünəməxsus rolu vardır. Bu sahələr bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidir. Tədbirdə həmçinin, aqroturizmin inkişaf etdirilməsinin vacibliyi qeyd edilmişdir. Vurğulanmışdır ki, turizmin bu istiqaməti müxtəlif ənənələrə malik xalqların həyat tərzini öyrənməyə, yeni insanlar tanımağa daha əlverişli şərait yaradır. Azərbaycanda qeyri-neft sektorunun vacib hissəsinə çevrilən turizm sənayesi çox böyük sürətlə inkişaf etməkdədir.
Ə.Qarayev ölkəmizin bölgələrində də turizmin inkişafı ilə bağlı layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, Azərbaycanda xarici turistləri cəlb edəcək zəngin potensial mövcuddur.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini səsləndirmişlər.
"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün enerji çağırışları və perspektivləri" mövzusunda keçirilən sessiyada çıxış edən islam ölkələri üzrə statistika və iqtisadiyyat, sosial tədqiqatlar rəhbəri Savaş Alpay mövzu ilə bağlı fikirlərini bölüşmüş, İslam Əməkdaşlıq Təşkilatı barədə iştirakçıları məlumatlandırmışdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə neft və qaz sahəsində həyata keçirilən iri layihələr barədə məlumat vermiş və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətini vurğulamışdır. Nazir bildirmişdir ki, Azərbaycanda son illər neft-qaz sahəsində əldə olunan gəlirlər qeyri-neft sektorunun və digər sahələrin inkişafına sərf olunur. O, hazırda ölkəmizdə turizm sahəsində də bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Sessiyalar mövzular ətrafında faydalı dialoqlarla başa çatmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında