Azərbaycanla Türkiyə arasında energetika sahəsində əməkdaşlıq daha da genişlənir

Azərbaycan və Türkiyənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin getdikcə dərinləşməsinə, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına səbəb olur. Təsadüfi deyil ki, bu səfərlər "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyəni bir-birinə qırılmaz tellərlə getdikcə daha möhkəm bağlayır, regionda dostluq və əməkdaşlığa dair bir nümunəyə, örnəyə çevrilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 7-də qardaş Türkiyəyə işgüzar səfəri diqqəti cəlb edir.
Təsadüfi deyil ki, iyunun 7-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin dövlət başçısı Abdullah Gül və qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşləri zamanı ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunmuşdur. Azərbaycanla Türkiyə arasında təbii qazla bağlı imzalanacaq sənədlərlə ölkələrimizin energetika sahəsində əməkdaşlığının yeni mərhələyə qədəm qoyacağı vurğulanmışdır. Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında energetika, eləcə də digər sahələrdə əməkdaşlığın təməli möhkəm və düşünülmüş siyasətə əsaslanır. Artıq uzun illərdir ki, iki qardaş ölkə arasında əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması, qlobal enerji layihələrinin reallaşdırılması istiqamətində göstərilən birgə səy dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxarmışdır. Təkcə onu demək kifayətdir ki, son illər qlobal, dünya səviyyəli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı rolunda çıxış edən Azərbaycan Respublikası bütün bu layihələrin reallaşdırılmasında qardaş Türkiyənin böyük dəstəyinə və gücünə arxalanır. Məhz bunun nəticəsidir ki, artıq dörd ildir ki, Azərbaycanda "Əsrin müqaviləsi" çərçivəsində hasil edilən xam neft Heydər Əliyev adına Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəməri ilə qardaş ölkənin Ceyhan limanına, oradan isə tankerlər vasitəsilə dünya bazarına çıxarılır. Bundan əlavə, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan təbii qaz da Bakı - Tbilisi - Ərzurum boru kəməri vasitəsilə Türkiyəyə, oradan isə Yunanıstana və digər Şərqi Avropa ölkələrinə ixrac olunur. Göründüyü kimi, Azərbaycan malik olduğu karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün ən təhlükəsiz və əlverişli marşrut kimi Türkiyə Respublikasının ərazisinə həmişə böyük üstünlük vermişdir. Bu da regionda əbədi sülhün və sabitliyin təmin olunmasına, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfələr vermişdir. İyunun 8-də İstanbulda, "Çırağan" sarayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında çıxış edən dövlətimizin başçısı İlham Əliyev bu barədə demişdir: "Ölkəmizdə başlanılmış və uğurla həyata keçirilmiş müxtəlif layihələr olduqca geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradır. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Həmin layihələr ilk olaraq boru kəməri layihələri kimi başlandı, hazırda isə bütün iştirakçılara fayda gətirən çox mühüm regional əməkdaşlıq nümunəsinə çevrilibdir". Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın tarixi İpək Yolunun bərpasına mühüm töhfələr verdiyini diqqətə çatdıraraq hazırda ölkəmizin iştirakı ilə reallaşdırılan Bakı - Tbilisi - Qars dəmir yolu layihəsinin Asiya ilə Avropanı birləşdirməklə regionda yaşayan xalqlara rifah gətirəcəyini vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfərinin əhəmiyyətini artıran məqamlardan biri də, şübhəsiz ölkələrimiz arasında bir sıra vacib sənədlərin imzalanması ilə bağlıdır. Xatırladaq ki, səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumu, həmçinin Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannamə, Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumu imzalanmışdır. Məlum olduğu kimi, bu sənədlər "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın Azərbaycandan Türkiyəyə ixracını nəzərdə tutur. Azərbaycanla Türkiyə arasında energetika sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək həmin sənədlərin çox nəhəng bir layihənin reallaşdırılmasına gətirib çıxaracağını bəyan edən Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinə müsahibəsi zamanı demişdir: "Əgər bu məsələnin maliyyə tərəfinə nəzər salsaq görərik ki, ilkin hesablamalara görə, bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaqdır. Nəzərə alsaq ki, 1995-ci ildən bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulubsa, görərik ki, bu, nə dərəcədə böyük maliyyə resursları tələb edən layihədir. Digər tərəfdən, bu layihənin icrası bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz potensialı tam şəkildə realizə edilsin... Bu bizə imkan verəcək ki, 5 ildən sonra "Şahdəniz" yatağından əlavə ən azı 16 milyard kubmetr qaz hasil edilsin və nəql olunsun". Eyni zamanda, Azərbaycanın artıq çox güclü və şaxələndirilmiş qaz ixracı infrastrukturunun olduğunu bəyan edən dövlətimizin başçısı demişdir ki, mövcud kəmərlərin genişləndirilməsi Azərbaycana istənilən istiqamətdə kifayət qədər qaz ixrac etməyə imkan verəcəkdir. Bununla da ölkəmizə böyük həcmdə valyuta axını başlanacaq, Azərbaycanın regiondakı və qitədəki mövqeyi xeyli güclənəcəkdir.
Elə iki ölkə arasında enerji sazişinin imzalanma mərasimindən sonra Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev keçirdikləri mətbuat konfransında da energetika sahəsində əməkdaşlığa təkan verən bu sənədləri yüksək qiymətləndirmiş, bir sıra vacib məqamlara aydınlıq gətirmişlər. Belə ki, türkiyəli nazir ölkələrimiz arasında təbii qaz məsələsi ilə bağlı uzun müddət davam edən müzakirələrdən söhbət açaraq bildirmişdir ki, danışıqların əsas məğzini "Şahdəniz - 2" adlandırılan layihənin qiymət mexanizmi ilə bağlı 2008-ci ilin aprelindən tənzimlənməli olan qiymətin razılaşdırılması, 2006-2017-ci illərdə istifadəyə veriləcək "Şahdəniz - 2" layihəsi və tranzit tariflərinin müəyyən olunması təşkil edirdi. Bununla bağlı, fikrini davam etdirən T.Yıldız demişdir: "Azərbaycan qazı Türkiyə və Avropanın təbii qaza olan ehtiyacının təmin olunması, "Nabukko" layihəsinin gələcəyi baxımından olduqca mühümdür. İmzaladığımız saziş bu istiqamətdə işimizə xidmət edir".
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də Türkiyədə imzalanmış sazişi tarixi hadisə kimi dəyərləndirərək bu addımın böyük qaz ölkəsi olan Azərbaycanın qardaş Türkiyə ilə enerji əlaqələrini gücləndirəcəyinə imkan yaradacağını bildirmişdir. Qardaş Türkiyənin "Azəri - Çıraq - Günəşli", "Bakı - Tbilisi - Ceyhan" və "Şahdəniz" layihələrində fəal iştirakını yüksək qiymətləndirən N.Əliyev yeni qaz sazişinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini vurğulamışdır.
Göründüyü kimi, Azərbaycanla qardaş Türkiyə arasında əməkdaşlıq əlaqələri getdikcə dərinləşir və bu istiqamətdə imzalanan hər bir sənəd ölkələrimizi bir-birinə getdikcə daha çox yaxınlaşdırır. Bu isə ölkələrimizə böyük iqtisadi faydalar və xalqlarımıza firavanlıq gətiməklə yanaşı, regionda əməkdaşlığın möhkəmləndirilməsinə, dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında