İyun ayının 28-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Mərkəzin 10 illiyinə həsr olunmuş "Azərbaycan: 2020 - Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Vergilər və Təhsil nazirliklərinin rəhbər vəzifəli şəxsləri, respublikada fəaliyyət göstərən ali məktəblərin professor-müəllim heyətinin, biznes strukturlarının, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov qonaqları salamlayaraq, nazirliyin insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayan Tədris Mərkəzinin yaradılmasının 10 ilik yubileyi ərəfəsində əhəmiyyətli bir sənədin-"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının dəyirmi masa ətrafında müzakirəsinin aktuallığını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, son on ildə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmış, azad sahibkarlığa söykənən iqtisadi model bərqərar olmuş, sosial-iqtisadi infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Ə.Məmmədov bildirmişdir ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, eyni zamanda elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Vergilər Nazirliyi də bu inkişafa daim öz töhfəsini verməyə çalışır. Tədris Mərkəzində həyata keçirilən tədris strategiyasının əsas məqsədi əməkdaşların peşə hazırlığı səviyyəsinin artırılması yolu ilə mövcud vergi və büdcə qanunvericiliklərinə uyğun olaraq vergilərin toplanmasının mümkün qədər yüksək səmərəliliyinə nail olmaqdır.
Sonra Tədris Mərkəzinin 10 illiyinə həsr olunmuş film nümayiş etdirilmiş, qonaqlar bu təhsil ocağının fəaliyyətindən bəhs edən kadrlarla tanış olmuşlar.
Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda geniş təqdimatla çıxış etmiş, əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yeridilən vergi siyasətindən, onun həyata keçirilməsi metodları barədə dəyirmi masa iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, fiziki şəxslərin gəlir vergisinin təkmilləşdirilməsi, transfer qiymətlərinin tətbiqi mexanizminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prosedurlarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması, elektron auditin, elektron ticarətə nəzarətin təmin olunması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirməsi üçün təkliflərin hazırlanması, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması, ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılması və s. gələcəkdə nəzərdə tutulan vergi siyasətinin əsas inkişaf istiqamətlərindəndir.
Sonra Ə.Məmmədov "Vergi sistemində insan resurslarının inkişafında təlim və tədrisin yeri" mövzusunda təqdimatla çıxış etmişdir. Qeyd olunmuşdur ki, vergi siyasətinin başlıca prinsipi olan vergilərin məcburi yığılmasından könüllü ödənilməsi sisteminə keçid zamanı əsas vəzifələrin icrası üçün məhz insan resurslarının inkişafı önəmlidir. Bu, 2004-cü ildə Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş "İnsan resurslarının inkişafı strategiyası" Konsepsiyası ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanına əsasən Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli Qərarı ilə yaradılmış Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən Ə.Məmmədov vergilər sahəsində təlim və tədrisin formaları və texniki üsulları, ixtisasartırma kursları, Tədris Mərkəzinin fəaliyyətinin nəticələrindən danışmışdır. Təqdimatda Vergilər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə də toxunulmuş, Vergi Administrasiyalarının Avropadaxili Təşkilatı (IOTA), Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (İTİC), İrlandiyanın Vergi İnstitutu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avstriyanın Vergi Akademiyası ilə Tədris mərkəz arasında qurulmuş ikitərəfli əlaqələrin əsas istiqamətləri dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr olmuş, KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.