Bakıda "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir

İyunun 28-də Bakıda "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir. Forum Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunmuşdur.
Forumun işində hər iki ölkənin prezidentləri administrasiyalarının, parlamentlərinin, mərkəzi və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərin çoxsaylı nümayəndəsi iştirak etmişlər.
Forumun keçirilməsinin məqsədi Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaqdır.
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi, elmi-texniki və humanitar sahələrdə sıx əməkdaşlıq mövcuddur. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 47,4 faiz artaraq 2 milyard 828 milyon ABŞ dolları olmuşdur.
Hazırda Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır. Həmin subyektlərdən Dağıstan, Tatarıstan, Başqırdıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Volqoqrad, Moskva, Sverdlovsk, Samara, Rostov, Perm, Çelyabinsk, Tula, Belqorod və Nijni Novqorod vilayətləri Azərbaycan ilə daha sıx əməkdaşlıq edirlər. Keçən il Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmində həmin regionların payı 81,7 faiz təşkil etmişdir.
Əvvəlcə forumun iştirakçıları "Rusiya-Azərbaycan: diplomatik əlaqələrin tarixi" mövzusunda fotosərgi ilə tanış olmuşlar.
Sonra forum öz işinə başlamışdır.
Forumu açan "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov bildirmişdir ki, regionlararası əlaqələr müasir dövrdə iqtisadi inkişafa böyük təsir göstərən əməkdaşlıq formalarından biridir. O, qeyd etmişdir ki, Azərbaycan və Rusiya münasibətlərində işgüzar sahə ilə yanaşı, humanitar, mədəniyyət və gənclər siyasəti istiqamətlərinə də diqqət yetirilir.
V.Tursunov vurğulamışdır ki, bu forum ölkələrimizin regionları arasında münasibətləri daha da genişləndirmək, qarşıda duran vəzifələri müzakirə etmək, mövcud problemləri aradan qaldırmaq üçün yaxşı platformadır.
Forumun Azərbaycan tərəfindən moderatoru Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forum çərçivəsində aparılacaq fikir mübadiləsinin, müzakirə olunacaq məsələlərin Azərbaycan ilə Rusiya arasında sosial-iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.
Z.Səmədzadə Azərbaycan və Rusiyada aparılan quruculuq işlərinin xalqlarımızın rifahına xidmət edəcəyini vurğulamışdır.
Regionlararası forumun rusiyalı moderatoru Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar isə qeyd etmişdir ki, bundan əvvəl keçirilən forumlar artıq öz bəhrəsini vermişdir.
Y.Pivovar üçüncü Rusiya-Azərbaycan regionlararası forumun da ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə münasibətlərin inkişafına töhfəsini verəcəyinə əminliyini vurğulamışdır.
Qonaqları salamlayan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.
(Məktubun mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunmuşdur).
Akademik Ramiz Mehdiyev çıxış edərək demişdir:
Bu, sayca artıq üçüncü forumdur. Xüsusi vurğulamaq istərdim ki, bu səviyyəli tədbirlərin müntəzəm keçirilməsi prezidentlərimiz İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi sayəsində mümkün olmuşdur. Hər iki dövlətin rəhbərləri ölkələrimiz arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsində maraqlıdırlar. Şübhəsiz, bugünkü forum da ikitərəfli əlaqələrin inkişafı prosesinə sanballı töhfə verəcəkdir.
Qarşılıqlı əlaqələrin bu formatının daim dialoq aparmaq və fikir mübadiləsi etmək, iqtisadi və humanitar münasibətlərin perspektivlərini müzakirə etmək, qarşılıqlı fəaliyyətin yeni formalarını birlikdə axtarmaq və tapmaq üçün gözəl imkan olduğunu vurğulayan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri demişdir ki, zəngin gündəliyi olan bugünkü görüş də bir sıra mühüm layihələri nəzərdən keçirməyə, qarşılıqlı əlaqələrimizin perspektivlərini müəyyənləşdirməyə və müzakirə edilən problemlərin həlli yollarını işləyib hazırlamağa imkan verəcəkdir.
Əlamətdar haldır ki, bu il həm Azərbaycanda, həm də Rusiyada qeyd edilən şanlı tarixlərlə yanaşı, dövlətlərimiz üçün vacib olan daha bir əhəmiyyətli tarixi hadisə vardır. Bu, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyidir. Tarixi baxımdan bu, kiçik bir zaman kəsiyi olsa da, həmin müddətdə sanballı nailiyyətlər baqajı yaratmışıq.
Azərbaycan-Rusiya əlaqələrinin tarixinə qısa nəzər salan Ramiz Mehdiyev bildirmişdir ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkələrimiz arasında münasibətlər xeyli mürəkkəb olmuşdur. Lakin Azərbaycanın ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdır. Məhz Heydər Əliyev 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməklə, Rusiya ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynamış və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur. 2000-ci ildə cənab Vladimir Putinin Rusiya Prezidenti seçilməsi Rusiya-Azərbaycan münasibətlərində yeni dönüş yaratmışdır. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail olmuşlar. Həmin münasibətlər bu gün də prezidentlərimizin səyləri sayəsində dinamik məcrada inkişafda davam edir.
Müasir mərhələdə Azərbaycan ilə Rusiyanın qarşılıqlı münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, əlaqələrimiz çoxşaxəli, çoxplanlıdır və həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. Dövlət başçılarının yüksək səviyyəli siyasi əlaqələri mövcuddur, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur".
Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən Ramiz Mehdiyev qeyd etmişdir ki, son illər ərzində biz birgə səylərimizlə hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapmağa nail olmuşuq. Dövlət sərhədi haqqında müqavilə bağlanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır. Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır. Bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensus əldə olunmasını təmin edə bilər.
Beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və Avropa Şurası çərçivəsində əməkdaşlıq ölkələrimizin qarşılıqlı fəaliyyətinin mühüm istiqamətidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi zamanı onu fəal dəstəklədiyinə görə biz Rusiya rəhbərliyinə dərindən minnətdarıq. Azərbaycanın seçilməsinin lehinə 155 ölkənin səs verməsi həqiqətən ölkəmizin beynəlxalq aləmdə rolunun artmasına dəlalət edən tarixi hadisədir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vurğulamışdır ki, ticari-iqtisadi əlaqələrin əsas parametrləri də ikitərəfli münasibətlərin inkişafında müsbət meyllərə dəlalət edir. 1996-cı ildən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu komissiya müntəzəm olaraq öz iclaslarını keçirir, həmin iclaslarda ticari-iqtisadi tərəfdaşlığın prinsipial məsələləri müzakirə edilir və bu sahədə konkret təkliflər hazırlanır.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmuşdur və olaraq qalır. MDB ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə nisbətən 47,4 faiz artmışdır. Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində heç vaxt belə nəticə olmamışdır. Bu, əlbəttə, bizi sevindirməyə bilməz. Bu, o deməkdir ki, qarşıda bizi yaxşı perspektivlər gözləyir.
Davamlı iqtisadi artım şəraitində Azərbaycan xarici və transmilli şirkətlər tərəfindən genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün cəlbedici olur. Hazırda respublikamızın ərazisində Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət göstərir. Onlardan 219-u 100 faiz Rusiya kapitalı əsasında yaradılmışdır, 149-u müştərək müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya nəhəng "LUKoyl" neft şirkəti, "Baltika" pivə istehsalı şirkəti, "Nikoyl" investisiya-kommersiya bankı, "Bank VTB" Açıq Səhmdar Cəmiyyəti və başqaları daxildir.
Yeni-yeni formalar kəsb edən humanitar əməkdaşlığın dövlətlərimiz və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük rol oynadığını diqqətə çatdıran Ramiz Mehdiyev demişdir ki, bu sahədə Azərbaycan-Rusiya münasibətləri humanitar əməkdaşlıq haqqında proqramlar, mədəniyyət, elm, informasiya, texnika və səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişlər, həmçinin başqa normativ-hüquqi aktlarla tənzimlənir.
Yuxarıda adları çəkilən proqram və sazişlərə uyğun olaraq son səkkiz ildə humanitar sahədə müxtəlif tədbirlər həyata keçirilmişdir: Azərbaycan və Rusiya "çarpaz" mədəniyyət illəri mübadiləsi etmiş, Bakıda Birinci Beynəlxalq Rus Kitabı festivalı keçirilmiş, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və postsovet məkanında ilk Rus Kitabı Evi açılmışdır. 2011-ci ilin oktyabr ayında iki ölkənin ziyalılarının təşəbbüsü ilə və prezidentlərin himayəsi altında Azərbaycan paytaxtında Beynəlxalq Humanitar Forum keçirilmişdir. Həmin forumun işində Azərbaycan və Rusiyadan başqa, 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd etmək yerinə düşər ki, son illərdə mütəmadi olaraq ölkəmizdə humanitar əməkdaşlıq, mədəniyyətlərarası və konfessiyalararası dialoq üzrə beynəlxalq tədbirlər keçirilir. Bu da təsadüfi deyildir, çünki Azərbaycan tolerant ölkədir, burada müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar sülh, dostluq və həmrəylik şəraitində yaşayırlar.
Bu baxımdan ruslar istisna deyildir. Hazırda Azərbaycanda 120 mindən çox rus yaşayır. Qeyd etmək istərdim ki, bu, Cənubi Qafqazda özünün etnik identikliyini, mədəniyyətini, dil və din bənzərsizliyini qoruyub saxlaya bilmiş ən iri rus diasporudur. Başqa millətlərin nümayəndələri kimi, rusların da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tamdəyərli inteqrasiyası üçün respublikada hər cür şərait yaradılmışdır. Rus icması xalqlarımız arasında real əlaqələndirici amildir.
Tərəfdaşlıq əlaqələrindən danışan akademik Ramiz Mehdiyev Azərbaycan ərazisində rus dilindən istifadə edilməsi mövzusuna toxunaraq demişdir ki, müstəqillik illəri ərzində Azərbaycanda rus dilinin tətbiq sahəsi nəinki məhdudlaşmamış, əksinə, o, ictimai həyatın demək olar ki, bütün sahələrində öz mövqelərini qoruyub saxlamışdır. Bu gün iyirmidən artıq ümumtəhsil məktəbinin şagirdləri rus dilində tam orta təhsil almaq imkanına malikdir, 327 məktəbdə isə məşğələlər Azərbaycan və rus dillərində aparılır. Dövlət ali məktəblərinin demək olar ki, hamısında və özəl ali məktəblərin bir qismində fəaliyyət göstərən fakültə və sektorlarda 16 mindən çox tələbə rus dilində ali təhsil alır.
Bakıda rusist kadrlar hazırlanması üzrə iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Dörd il bundan əvvəl ölkəmizin paytaxtında M.V.Lomonosov adına dünya şöhrətli Moskva Dövlət Universitetinin filialı açılmış, iki il bundan əvvəl isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illiyi təntənəli surətdə qeyd edilmişdir. Azərbaycanda Rusiyanın İTAR-TASS, "RİA Novosti" və "İnterfaks" kimi ən iri informasiya agentliklərinin nümayəndəlikləri fəaliyyət göstərir. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir ki, bu da sovet dövrünün statistikası ilə müqayisədə bir neçə dəfə çoxdur. Rusiyanın əhalinin müxtəlif təbəqələri arasında çox populyar olan xeyli sayda dövri mətbu nəşrləri respublika ərazisində satılır.
Yuxarıda göstərilən bütün faktlar Azərbaycan hökumətinin respublikada rusdilli mühitin qorunub saxlanmasına və inkişafına, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük əhəmiyyət verməsinə dəlalət edir.
Humanitar əməkdaşlıq barədə fikirlərini davam etdirən Ramiz Mehdiyev demişdir: "Daha bir mövzuya toxunmaq istərdim. Yadınızdadırsa, bir ay bundan əvvəl Azərbaycan paytaxtında "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi böyük uğurla keçdi. Biz şad olduq ki, Udmurtiyadan gəlmiş "Buranovskiye babuşki" folklor qrupu tamaşaçıların sevgisini qazanaraq fəxri ikinci yeri tutdu. Bu münasibətlə sizi bir daha ürəkdən təbrik edirik. Təsadüfi deyildir ki, Rusiya və Azərbaycan qarşılıqlı rəğbət və dəstək nümayiş etdirərək, bu populyar müsabiqədə bir-birinə yüksək bal verdilər".
Rusiya Federasiyasının regionları ilə əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Ramiz Mehdiyev bildirmişdir ki, Azərbaycan ilə Rusiyanın subyektləri arasında hökumətlərarası sazişlər bağlanması praktikası hələ 1994-cü ildə yaranmışdır. Bu sazişlər, bir qayda olaraq, ticari-iqtisadi, elmi-texniki və humanitar sahələri əhatə edir. İndiyə qədər 30-dan çox bu cür müqavilə imzalanmışdır. Azərbaycan Hökuməti təkcə keçən ilin sentyabr-oktyabr aylarında Həştərxan vilayəti, Dağıstan, İnquşetiya və Qaraçay-Çərkəz respublikaları ilə analoji sazişlər bağlamışdır. Lap yaxın vaxtlarda Volqoqrad, İvanovo, Leninqrad, Tambov və Çelyabinsk vilayətləri, Krasnodar diyarı və Çeçenistan Respublikası ilə ikitərəfli sazişlər imzalanması planlaşdırılır.
Əlamətdar haldır ki, bu gün Rusiyanın 70 regionu respublikamızla əməkdaşlıq edir. Dağıstan, Başkortostan və Tatarıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Belqorod, Volqoqrad, Moskva, Nijni Novqorod, Rostov, Samara, Sverdlovsk, Perm, Tula və Çelyabinsk vilayətləri Azərbaycan ilə əlaqələri daha fəal inkişaf etdirirlər. 2011-ci ilin yekunlarına görə, Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin ümumi həcmində bu subyektlərin payı 81,7 faiz olmuşdur.
Rusiyanın regionları arasında Dağıstan Respublikasını və Həştərxan vilayətini xüsusi qeyd etmək istərdim. Onlarla bizim aramızda dostluq münasibətləri çoxdan yaranmışdır. Rusiya Federasiyasının subyektləri arasında Dağıstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan ilə Şimali Qafqaz Federal Dairəsinin regionları arasında əmtəə dövriyyəsinin 80 faizdən çoxu Dağıstanın payına düşür. Dağıstanın Dərbənd rayonu ilə Azərbaycanın Xaçmaz rayonu arasında, habelə Məhərrəmkənd və Qusar rayonları arasında qardaşlaşma əlaqələri yaradılmışdır.
Həştərxan vilayəti də Azərbaycanla çox fəal və ardıcıl əməkdaşlıq edir. Bizə çox xoşdur ki, Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevə abidə ucaldılmışdır, şəhərin mərkəzi hissəsində bizim köməyimizlə abadlaşdırılmış bağ və orta məktəb onun adını daşıyır. Hazırda Volqa çayı üzərində "Rusiya-Azərbaycan dostluq körpüsü"nün tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda bu körpü yuxarıda adını çəkdiyim bağı Birinci Pyotr meydanı memarlıq kompleksinin park hissəsi ilə birləşdirəcəkdir. Azərbaycan diasporunun nümayəndələri vilayətin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, onun inkişafına sanballı töhfə verirlər. Rusiya rəhbərliyi keçən il ikinci Rusiya-Azərbaycan regionlararası forumunun məhz Həştərxanda keçirilməsi barədə qərar qəbul edərkən yəqin ki, bu vilayət ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin səmərəli olmasını əsas götürmüşdür.
Forumun həm plenar iclasında, həm də "dəyirmi masa"larında regionlararası əməkdaşlığın müxtəlif aspektlərinin ediləcəyini söyləyən akademik Ramiz Mehdiyev əmin olduğunu bildirmişdir ki, Rusiyanın və Azərbaycanın bu qədər nüfuzlu nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbir ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə sanballı töhfə verəcək və forumun işi hər cəhətdən səmərəli olacaqdır.
* * *
Sonra çıxış edən Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir ÇERNOV vurğulamışdır ki, artıq ənənəyə çevrilmiş Rusiya-Azərbaycan regionlararası forumları hər iki ölkənin istər mərkəzi hökumətlər, istərsə də Rusiya Federasiyasının və Azərbaycan Respublikasının regionları xətti ilə əməkdaşlığının aktual məsələlərinin açıq müzakirəsində maraqlı olmasını əks etdirir. Rusiya Prezidenti tərəfindən bu cür qarşılıqlı əlaqələrə verilən müstəsna yüksək əhəmiyyətin ən yaxşı təsdiqi forum iştirakçılarına ünvanlanmış təbrik sözləridir.
V.Çernov Rusiya Prezidenti Vladimir Putinin "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü regionlararası forumun iştirakçılarına və qonaqlarına təbrikini oxumuşdur (təbrikin mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc edilmişdir).
Rusiya Federasiyası Prezidenti idarəsinin rəisi demişdir: "Son illərdə regionlararası əməkdaşlığın dinamik inkişafı xeyli dərəcədə onunla izah edilir ki, yerlərdə göstərilən təşəbbüslər ölkələrimizin rəhbərliyi tərəfindən daim dəstəklənir. Bununla əlaqədar, icazə verin, üçüncü regionlararası forumun hazırlanmasının gedişində səlis qarşılıqlı fəaliyyətə görə Azərbaycan Prezidenti Administrasiyasının rəhbərliyinə təşəkkürümü bildirim.
Rusiya-Azərbaycan münasibətlərinin ümumi kontekstində regional tərəfdaşlığın xüsusi rolu mühüm ikitərəfli sənədlərdə təsdiqlənmişdir. Hazırda Rusiya regionlarının böyük əksəriyyəti - 70-dən çox region regionlararası əməkdaşlıq prosesinə cəlb edilmişdir. İlk növbədə Moskva və Moskva vilayəti, Sankt-Peterburq, Şimali Qafqaz Federal Dairəsinin subyektləri, Tatarıstan Respublikası, Həştərxan, Saratov, Volqoqrad, Sverdlovsk və Çelyabinsk vilayətləri bu əməkdaşlığa öz sanballı töhfələrini verirlər. Müvafiq hüquq-müqavilə bazası intensiv inkişaf edir. Beləliklə, regionlararası dialoq əslində iki ölkənin münasibətlərinin durmadan inkişafının təmin edilməsinin mühüm mexanizmlərindən birinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 2012-ci ilin yanvar ayında Rusiya Prezidenti ilə görüşü zamanı demişdir: "Biz ikitərəfli münasibətlərin bütün spektri üzrə müsbət dinamika müşahidə edirik. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır. 2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli işlərlə möhkəmlənməyə başlamışdır". Əziz dostlar, mənim fikrimcə, bundan daha dəqiq və ya daha yaxşı söz demək çətindir".
V.Çernov qeyd etmişdir ki, ötən dövr ərzində Rusiya və Azərbaycan xalqları arasında çoxəsrlik dostluq ənənələrinə, bizim bənzərsiz mədəniyyətlərimizin qarşılıqlı nüfuz etməsinə və bir-birini zənginləşdirməsinə əsaslanan ikitərəfli əlaqələrin möhkəmlənməsi və genişlənməsi üzrə xeyli iş görülmüşdür. Ümumi tarix, dövlətlərarası münasibətlərin nadir təcrübəsi, bir-birini qarşılıqlı tamamlayan iqtisadi strukturların mövcudluğu - bütün bunlar strateji tərəfdaşlığın möhkəmlənməsi və durmadan irəliləməsi üçün zəmin yaradır. Bu halda regionlararası dialoq təkcə iqtisadi dividendlər gətirməklə məhdudlaşmayıb, həm də xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradan inteqrasiya elementi kimi öz əhəmiyyətini saxlayacaqdır. Dinamik inkişaf edən qarşılıqlı ticari-iqtisadi əlaqələr buna sübutdur. 2011-ci ildə əmtəə dövriyyəsinin həcmi üç milyard dollara çatmışdır və bu, heç də son hədd deyildir. Xüsusən investisiya sahəsində əməkdaşlıq üçün əlavə imkanlar vardır. Regional tərəfdaşlığın konkret məzmunla zənginləşməsi və bu prosesə yeni iştirakçılar cəlb edilməsi, təbii ki, bizim üçün prioritetdir. Mövcud müqavilə-hüquq bazası bu məsələləri uğurla həll etməyə imkan verir. Başlıca vəzifə qüvvədə olan ikitərəfli sazişlərdə və müqavilələrdə təməli qoyulmuş potensialdan səmərəli istifadə etməkdir.
Sonda V.Çernov Bakı forumunun iştirakçılarına göstərilmiş qonaqpərvərliyə və səmimiyyətə, açıq və maraqlı fikir mübadiləsi üçün yaradılmış əlverişli şəraitə və səmimi atmosferə görə təşəkkürünü bildirmişdir. O, forum iştirakçılarına uğurlu iş, maraqlı və səmərəli diskussiyalar, yeni ideyalar, Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi naminə konstruktiv qərarlar arzulamışdır.
Sonra plenar iclasda Azərbaycan və Rusiya nümayəndələrinin müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV məruzəsində hər iki ölkə rəhbərliyi tərəfindən siyasi və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyətin verildiyini vurğulamışdır. Ölkələrimiz arasında geniş ticari-iqtisadi əlaqələrin yaranmasını təmin edən möhkəm hüquq-müqavilə bazasının mövcud olduğunu deyən nazir qeyd etmişdir ki, son illərdə Rusiya Azərbaycana 400 milyon ABŞ dolları məbləğində sərmayə yatırmışdır. Azərbaycan 10 il ərzində Rusiyaya 570 milyon ABŞ dolları məbləğində sərmayə qoymuşdur. Ş.Mustafayev, həmçinin Azərbaycan və Rusiya regionları arasında iqtisadi əlaqələrin əhəmiyyətindən danışmışdır.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir DOROXİN isə məruzəsində qeyd etmişdir ki, son illər hər iki ölkənin regionları arasında əlaqələrin fəallaşması müşahidə olunur. Diplomat bildirmişdir ki, 2011-ci ildə Rusiyanın yeddi regionunun rəhbəri Azərbaycana səfər etmiş, əməkdaşlıq haqqında altı müqavilə imzalanmışdır. Cari il isə Rusiyanın artıq beş subyektindən yüksək vəzifəli şəxslər Azərbaycanda olmuşlar. Bunun sevindirici hal olduğunu vurğulayan səfir artıq ilk biznes layihələrin həyata keçirildiyini demişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər ZEYNALOV bildirmişdir ki, ötən illər ərzində muxtar respublikanın makroiqtisadi göstəriciləri xeyli yüksəlmişdir. Keçən il Naxçıvanda ümumi daxili məhsul 2010-cu illə müqayisədə 49 faiz artmış və 2 milyard 300 milyon ABŞ dollarına çatmışdır. A.Zeynalov onu da qeyd etmişdir ki, Naxçıvanda sahibkarlığın inkişafı üçün dövlət maliyyə dəstəyi gücləndirilmişdir.
Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Sergey SUBBOTİN vurğulamışdır ki, Azərbaycan Şimali Qafqaz üçün strateji tərəfdaşdır. Buna görə də Rusiyanın Şimali Qafqaz respublikaları Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Keçən il bu region ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatmışdır.
S.Subbotin onu da əlavə etmişdir ki, Şimali Qafqazda dinlər və millətlər arasındakı problemlərin həllində Azərbaycanın təcrübəsindən istifadəyə üstünlük verilir.
Bakı Slavyan Universitetinin rektoru Kamal ABDULLAYEV isə məruzəsində bildirmişdir ki, təmsil etdiyi ali təhsil ocağı Azərbaycan-Rusiya münasibətlərinin inkişafına özünəməxsus töhfə verir. Universitet Rusiyanın bir çox regionlarındakı ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
K.Abdullayev xatırlatmışdır ki, 2009-cu ildə Bakı Slavyan Universitetinin təşəbbüsü ilə Moskva Dövlət Linqvistika Universitetində yaradılan Azərbaycan dili və Mədəniyyəti Mərkəzi uğurla fəaliyyət göstərir. Bu universitetdə Azərbaycan dili üzrə mütəxəssislər də hazırlanır.
Azərbaycanın Xəzər regionunda Həştərxan üçün ən vacib tərəfdaşlardan biri olduğunu deyən Rusiyanın Həştərxan Vilayəti qubernatorunun müavini Konstantin MARKELOV bildirmişdir ki, hazırda Azərbaycan ilə bu region arasında müxtəlif sahələr üzrə sıx iqtisadi əməkdaşlıq qurulmuşdur. Son illər ərzində tərəflər arasında əmtəə dövriyyəsi on dəfədən çox artmış və 2011-ci ildə 26 milyon ABŞ dolları olmuşdur. Cari ilin dörd ayında keçən ilin müvafiq dövrünə nisbətən bu göstərici 1,5 dəfə artmışdır.
Azərbaycanın və Rusiyanın sürətlə inkişaf etdiyini vurğulayan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz ƏLİZADƏ bunun ölkələrimizin bir-birinə marağının artmasına səbəb olduğunu demişdir. Həm Azərbaycanda, həm də Rusiyada ümumi daxili məhsulun artması, iqtisadiyyatın inkişafı dövlətlərimizin başçılarının praqmatik siyasəti ilə səciyyələnir ki, bu da ölkələrimizdə həyata keçirilən irimiqyaslı layihələrə böyük sərmayələrin cəlb olunmasına imkan verir.
Azərbaycan-Rusiya işgüzar münasibətlərinin hər zaman dinamik inkişaf etdiyini vurğulayan N.Əlizadə bu yüksəlişin hər iki ölkənin ticarət və sənaye palataları arasındakı əməkdaşlıqda da müşahidə olunduğunu demişdir. Aprel ayında Azərbaycan-Rusiya biznes forumunun keçirildiyini xatırladan məruzəçi qeyd etmişdir ki, bu tədbir çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasında mühüm sazişlər imzalanmışdır.
Rusiya Federasiyası nəqliyyat nazirinin müavini Valeri OKULOV isə əmtəə dövriyyəsində nəqliyyat sektorunun rolunu qeyd etmişdir. Keçən il Azərbaycan ilə Rusiya arasında yük dövriyyəsinin həcminin 5,5 milyon ton olduğunu diqqətə çatdıran V.Okulov ölkəmizin nəqliyyat sahəsinin inkişafına, eləcə də infrastrukturun yaxşılaşdırılması istiqamətində əldə etdiyi uğurlara sevindiklərini bildirmişdir.
Nazir müavini Azərbaycanın yüksək tələblərə cavab verən yolların, Beynəlxalq Dəniz Ticarət Limanının, logistika mərkəzinin, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisindəki təcrübəsinə böyük maraq göstərdiklərini bildirmişdir. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafı nəqliyyat sektorunun da inkişaf etdirilməsini şərtləndirir. V.Okulov bu inkişafın son illərdə ölkələrimiz arasında hava, dəniz və quru yük daşımalarında özünü göstərdiyini vurğulamışdır.
Azərbaycanın yüksək iqtisadi templərinə sevindiklərini deyən Rusiya Federasiyası Ticarət Sənaye Palatasının vitse-prezidenti Georgi PETROV regionlararası əməkdaşlığın ölkələrimizin iqtisadi münasibətlərinin təməlini təşkil etdiyini vurğulamışdır. Məhz bu təməlin hər iki dövlətin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsinə imkan verdiyini deyən G.Petrov demişdir: "Çox əlamətdar haldır ki, hər iki ölkənin gömrük statistikası ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını əks etdirir. Bu dinamika ilk növbədə, yüksək səviyyəli siyasi dialoqa, Azərbaycan və Rusiya iqtisadiyyatlarının uğurlu inkişafına söykənir".
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad SƏMƏDZADƏ regionlararası əlaqələrin iki xalqı daha da sıx birləşdirəcəyinə əminliyini bildirmiş, ölkəmizin iqtisadi inkişafından danışmışdır.
Komitə sədri vurğulamışdır ki, Azərbaycanın və Rusiyanın müvafiq strukturları ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün çox böyük işlər görür. Hazırda əsas vəzifələrdən biri ticarət dövriyyəsindəki disbalansı aradan qaldırmaqdır. Ölkələrin qarşılıqlı sərmayə yatırımlarını sürətləndirmək üçün qanunvericilik bazasını təhlil edərək mövcud maneələri aradan qaldırmaq olar.
"Vneşekonombank" sədrinin müavini, idarə heyətinin üzvü Mixail KOPEYKİN ölkələrimiz arasında bank sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışmışdır. O bildirmişdir ki, bank sahəsində əməkdaşlıq müxtəlif layihələrin daha səmərəli icrasına mühüm təkan verəcəkdir.
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin rektoru İqor MAKSİMTSEV isə qeyd etmişdir ki, iqtisadiyyat sahəsində peşəkar kadrların hazırlanması ikitərəfli münasibətlərin inkişafına yaxşı töhfə verə bilər. O, bu məsələnin Azərbaycan nümayəndələri ilə müzakirə olunacağını bildirmişdir.
* **
Sonra forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında bir sıra sənədlər imzalanmışdır.
* * *
Daha sonra forum işini "dəyirmi masa" iclasları ilə davam etdirmişdir.
Tərəflər Rusiya ilə Azərbaycanın infrastruktur, enerji layihələri, maliyyə-bank sistemi, nəqliyyat strategiyası, humanitar sahədə işbirliyi, Xəzər regionunda strateji əməkdaşlıq ilə bağlı məsələləri müzakirə etmişlər.
"Rusiya-Azərbaycan regionlararası əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilmiş "dəyirmi masa"da vurğulanmışdır ki, regional əməkdaşlığın möhkəmlənməsi xalqların rifahının yüksəlməsinə xidmət edəcəkdir. Rusiyanın Dağıstan Respublikasının iqtisadiyyat naziri Marat İlyasov xatırlatmışdır ki, keçən il nazirliyin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində müvafiq qurumlarla əməkdaşlıq haqqında razılıq əldə olunmuşdur.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bildirmişdir ki, Azərbaycanda xarici iş adamlarının fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır.
"Dəyirmi masa" çərçivəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair təqdimat da olmuşdur. Muxtar respublikanın iqtisadi potensialını əks etdirən film nümayiş etdirilmişdir.
Sonda Rusiyanın Şimalı Qafqaz bölgəsindəki kurortların təqdimatı olmuşdur.
Təqdimatlardan sonra aparılmış müzakirələrdə vurğulanmışdır ki, qarşılıqlı və faydalı iqtisadi əməkdaşlıq hər iki ölkənin xalqlarının sosial rifah halının yüksəlməsinə xidmət edəcəkdir.
* * *
"Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə yönəldilmiş enerji layihələri" mövzusunda keçirilmiş "dəyirmi masa"da isə Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov ölkəmizdə reallaşan enerji layihələrinin inkişafı barədə məlumat vermişdir.
Nazir müavini vurğulamışdır ki, Azərbaycan nəinki neftçıxarma ölkəsidir, həm də dünya bazarlarına "qara qızıl" nəql edən tranzit dövlətdir. Buna görə də Azərbaycan neftin nəqli üçün yeni marşrutları fəal surətdə öyrənməkdə davam edir. Azərbaycan neftinin nəql olunduğu əsas ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Lakin daha iki - Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri də vardır. Rusiya marşrutu ilə ildə 2,5-2,7 milyon ton neft nəql olunur. Neft kəmərləri ilə yanaşı, Azərbaycan qazının ixrac edildiyi dörd kəmər də vardır. 2050-ci ilədək qaz hasilatının ildə 50-50,5 milyard kubmetrədək artırılması planlaşdırılır.
Rusiyanın Energetika Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamenti direktorunun müavini Mixail Plyoşkin isə Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin sinxronlaşdırılması barədə 2009-cu ildə irəli sürülmüş təklifdən danışaraq demişdir ki, bu, bütün ölkələr üçün faydalı ola bilər.
M.Plyoşkin vurğulamışdır ki, Azərbaycan qısa müddətdə elektrik enerjisinin təhlükəsizliyini təmin edə bilmişdir. Artıq Azərbaycan elektrik enerjisi idxalçısından onun ixracatçısına çevrilmişdir.
"Dəyirmi masa"nın iştirakçıları beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması problemlərini müzakirə etmiş, dünya enerji siyasətində və beynəlxalq münasibətlərdə baş verən prosesləri təhlil etmişlər.
* **
"Rusiya-Azərbaycan regionlararası əməkdaşlığının inkişaf kontekstində bank sektoru və investisiyalar" mövzusunda keçirilmiş "dəyirmi masa"da Rusiyanın regionlarında fəaliyyət göstərən müvafiq qurumların, hər iki ölkənin aparıcı bank təsisatlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın bank və maliyyə sistemi barədə məlumat verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirmişdir ki, ölkəmiz fəal şəkildə Avropaya inteqrasiya etsə də, Rusiya ilə olan münasibətlərini yüksək səviyyədə saxlamaq marağındadır. Rusiyada iki milyon azərbaycanlının yaşadığını xatırladan deputat ölkələrimiz arasında əlaqələrin inkişafında bu amilin yetərli səbəb olduğunu vurğulamışdır.
"Dəyirmi masa"nın digər iştirakçıları da Azərbaycanın və Rusiyanın regionlarına yatırılacaq sərmayələrin artırılmasında maraqlı olduqlarını bildirmişlər.
Bundan əlavə, "dəyirmi masa"da beynəlxalq investisiyalar, banklar və digər maliyyə təsisatları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur.
* * *
"Rusiya ilə Azərbaycan arasında humanitar sahədəki əməkdaşlığın hazırkı vəziyyəti" mövzusunda "dəyirmi masa"da isə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin sosial siyasət və regional məsələlər komitələrinin üzvləri Elmira Axundova, Mixail Zabelin və başqaları forumun əhəmiyyətindən danışmışlar.
"Rosstrudnoçestvo" idarəsinin rəis müavini Sergey Medvedevin və Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun moderatorluğu ilə keçirilmiş "dəyirmi masa"da hər iki ölkədə humanitar sahədə görülən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
"Dəyirmi masa"da vurğulanmışdır ki, forumun keçirilməsi Azərbaycan-Rusiya münasibətlərinə və bütün sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəkdir.
Ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın perspektivlərini müzakirə edən iştirakçılar gələcəkdə bu istiqamətdə əlaqələrin daha da genişlənəcəyinə əminliklərini bildirmişlər.
* * *
"Xəzər regionunda Rusiya və Azərbaycanın strateji əməkdaşlığı" mövzusunda təşkil olunmuş "dəyirmi masa"da Xəzər dənizinin ekologiyası, su resurslarının qorunması, nəqliyyat və bir sıra iqtisadi layihələrin gücləndirilməsi məsələləri müzakirə edilmişdir.
Xəzər regionunda Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın əhəmiyyətinin vurğulandığı tədbirdə bildirilmişdir ki, Xəzərin zənginliyi hər zaman dostluq şəraitində yaşayan iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəkdir. Azərbaycan və Rusiya Xəzəryanı ölkələr arasında əsas oyunçular hesab olunur. Xəzəryanı ölkələr region xalqlarının sülh və rifah içində yaşaması, tərəqqiyə nail olması üçün hər cür şərait yaratmalıdırlar.
Xəzər regionu ölkələri arasında yaxın qonşuluğa və dostluğa əsaslanan möhkəm əməkdaşlığın vacibliyinin qeyd olunduğu "dəyirmi masa"da bildirilmişdir ki, Xəzərdən sadəcə zəngin neft və qaz ehtiyatları olan bir məkan kimi deyil, digər məqsədlər üçün də səmərəli faydalanmaq lazımdır.
"Dəyirmi masa"da son zamanlar mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanın iqtisadi və mədəni potensialına görə Xəzəryanı ölkələr arasında önəmi xüsusi vurğulanmışdır.
Tədbirdə "Avrasiya biznes körpüsü" layihəsinin təqdimatı da olmuşdur.
* * *
"Rusiyanın və Azərbaycanın nəqliyyat strategiyası regionlararası əməkdaşlığın möhkəmləndirilməsinin amili kimi" mövzusunda keçirilmiş "dəyirmi masa" da isə vurğulanmışdır ki, Azərbaycanın nəqliyyat sektoru böyük uğurlara nail olmuşdur. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin, o cümlədən Həştərxan nəqliyyat qovşağının, eləcə də Rusiya, Azərbaycan və İran arasında uzunluğu 172 kilometr olan dəmir yolunun tikintisinə dair üçtərəfli sazişin əhəmiyyəti qeyd edilmişdir.
Məruzələrdə Azərbaycan ilə Rusiya arasında birbaşa nəqliyyat əlaqələrinə, o cümlədən ikitərəfli və çoxtərəfli formatda aparılan əməkdaşlıq məsələlərinə toxunulmuşdur. "Dəyirmi masa"nın iştirakçıları əldə olunmuş nailiyyətlərdən və ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışmışlar.
* * *
Rusiya Federasiyası Dövlət Duması deputatının köməkçisi Ramin Qasımovun və Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətovun moderatorluğu ilə keçirilmiş sonuncu - "Rusiya və Azərbaycan gəncliyi - əməkdaşlığın üfüqləri" mövzusunda "dəyirmi masa"da isə hər iki ölkənin gənclər təşkilatlarının, ictimai birliklərin və mərkəzlərin nümayəndələri iştirak etmişlər.
"Dəyirmi masa"da vurğulanmışdır ki, Azərbaycan və Rusiya gəncləri arasında əlaqələrin inkişafı yeni meyillərə və innovasiyalara əsaslanır. Gənclər olmayan yerdə hər hansı bir yenilikdən danışmaq olmaz.
Gənclərin ölkənin ictimai-siyasi həyatına fəal şəkildə qoşulmaları üçün münbit fəaliyyət şəraitinin yaradılması vacibliyinin qeyd olunduğu "dəyirmi masa"da bu sahədə Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında