Bakıda "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

İyunun 27-də "Hilton Baku" otelində Təhsil Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu və Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlamışdır.
Tədbirdə ölkənin 60-dan çox ali təhsil müəssisəsinin, nazirlik və şirkətlərin nümayəndələri, Milli Məclisin deputatları, sahibkarlar, elmi işçilər və gənc tədqiqatçılar, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış iqtisadçı alimlər iştirak etmişlər.
Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev tədbirdə çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan regionda lider dövlətlərdən və dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Respublikanın iqtisadiyyatı ildən-ilə dinamik inkişaf edir. Azərbaycan nəinki regionda, həm də Avropa məkanında öz layiqli yerini tutmuşdur.
Ötən ilin sonlarında respublikamızın müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edildiyini, müstəqilliyin hər bir dövlət, hər bir xalq üçün əvəzsiz sərvət olduğunu söyləyən E.Quliyev müstəqilliyin ilk illərində xalqımızın üzləşdiyi çətinliklərdən də söz açmışdır.
Bildirilmişdir ki, yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə hərc-mərcliyə son qoyulmuş, siyasi sabitlik bərpa olunmuş, ölkənin bütün sahələrdə inkişafı istiqamətində islahatların aparılmasına başlanmışdır. Ulu öndərin müdrik siyasəti nəticəsində qısa vaxtda ölkənin siyasi-iqtisadi həyatında mühüm irəliləyişlər baş vermiş, xalqın rifah halı yaxşılaşmış, ölkəmiz bir çox beynəlxalq təşkilat və qurumların tamhüquqlu üzvü qəbul edilmişdir.
E.Quliyev demişdir ki, son illər ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifah halının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla yanaşı, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması, sahibkarlıq təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açır.
Hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan E.Quliyev bildirmişdir ki, bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə qabaqlayıcı inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Ölkənin perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə "Azərbaycan -2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladan E.Quliyev vurğulamışdır ki, konfransın keçirilməsində əsas məqsəd bu mühüm işdə respublikanın iqtisadçı alim və mütəxəssislərinin iştirakının təmin edilməsidir.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək konfransın əhəmiyyətindən danışmışdır. Azərbaycanın müstəqilliyinin bərpasından 20 il keçdiyini xatırladan nazir demişdir ki, hazırda bu yol Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində uğurla davam etdirilir. İyirmi il hər hansı bir dövlətin tarixində o qədər də böyük zaman deyildir. Lakin bu illərdə müstəqil Azərbaycan dövlətinin atdığı addımlar yüz illərə bərabərdir.
Müstəqilliyin bərpasından sonra əldə olunan nailiyyətlərdən bəhs edən M.Mərdanov bildirmişdir ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun göstəricisidir.
Qazanılan uğurların köklü əsasları olduğunu qeyd edən M.Mərdanov vurğulamışdır ki, bu gün müstəqil respublikamızda dövlətimizin başçısının rəhbərliyi altında elmi surətdə əsaslandırılmış və Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş çoxsaylı Dövlət proqramları həyata keçirilir. Bu proqramların hazırlanmasında Azərbaycanın və dünyanın tanınmış alim və mütəxəssisləri iştirak edirlər. Dünyanın aparıcı iqtisadçı alimləri ölkəmizin dinamik inkişafını məhz bu proqramların hazırlanmasında və həyata keçirilməsində görürlər.
Təhsil sahəsində son illərdə 16 Dövlət proqramının hazırlandığını, dövlətimizin başçısı və hökumətimiz tərəfindən təsdiq olunduğunu diqqətə çatdıran M.Mərdanov bu proqramlarda nəzərdə tutulan bütün məsələlərin ardıcıl olaraq həyata keçirildiyini, bu prosesin gələcəkdə də davam etdiriləcəyini qeyd etmiş, konfransın işinə uğurlar arzulamışdır.
Konfransda müvafiq dövlət strukturlarının, o cümlədən Milli Məclisin əlaqədar komitə sədrlərinin, nazirliklərin, elm və təhsil müəssisələri nümayəndələrinin, beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələri təmsil edən alimlərin, mütəxəssislərin, ekspertlərin mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə "Milli iqtisadiyyatın artımı və səmərəlilik problemi: əsas meyllər, gələcəyə baxış konsepsiyası barədə düşüncələr" mövzusunda məruzəsində bildirmişdir ki, dövlət müstəqilliyimizin bərpasından sonra respublikamızda yeni iqtisadi sistem yaradılmış, ölkənin iqtisadi inkişaf modeli formalaşmışdır. Məhz bu səbəbdən qlobal maliyyə böhranından ən az əziyyət çəkən ölkələrdən biri Azərbaycan olmuşdur. Hazırda adambaşına düşən büdcə xərcləri 1500 manatdan çoxdur. Bu isə ölkədə sosial-iqtisadi islahatların uğurla həyata keçirildiyini, əhalinin rifahının durmadan yaxşılaşdırıldığını bir daha təsdiq edir.
Tədbirdə akademik Asəf Nadirovun "Regionların sosial-iqtisadi inkişafı problemləri" mövzusunda məruzəsi dinlənilmişdir. Vurğulanmışdır ki, ötən əsrin 70-80-cı illərində ulu öndər Heydər Əliyevin düşünülmüş, müdrik siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının ilkin mərhələsi məhz həmin illərə təsadüf edir. İnkişafın ikinci mərhələsi 2004-cü ildən başlanmışdır. Üçüncü mərhələ isə 2013-2023-cü illəri əhatə edəcəkdir. Hazırda ölkədə fəaliyyətdə olan iki mindən artıq sənaye müəssisəsinin 43 faizdən çoxu regionların payına düşür.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun "Azərbaycanda pensiya-sığorta sistemində islahatlar: gələcəyə baxış" mövzusunda məruzəsində diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasında 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunla üçpilləli pensiya sistemi qəbul olunmuşdur. Bu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və 900 minədək adamın əmək pensiyası orta hesabla 40 faiz artırılmışdır.
Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti Hayrettin İvgin "Müstəqillikdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələri" mövzusunda məruzəsində bildirmişdir ki, Azərbaycan ilə Türkiyənin iqtisadi əlaqələri uğurla inkişaf edir və bu əlaqələr iki ölkə arasında idxal-ixracı xeyli artırmışdır. İndiyədək ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 140-dan çox müqavilə imzalanmışdır.
H.İvgin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının hazırda uğurla davam etdirildiyini, Azərbaycanın Cənubi Qafqazda siyasi nüfuzunun getdikcə artdığını vurğulamışdır.
Tədbirdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun "Aqrar sahənin inkişafında kooperasiya və inteqrasiya", AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyevin "Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivlərinə qlobal mühitdən baxış", Auditorlar Palatasının sədri Vahid Novruzovun "İqtisadiyyatın inkişafında və səmərəliliyin artırılmasında auditin rolu rolu və əhəmiyyəti" , Vergilər Nazirliyi baş idarəsinin rəisi Akif Musayevin "Modernləşdirmə və aktiv vergi siyasəti", italiyalı professor Sante de Angelisin "İtaliya-Azərbaycan iqtisadi əlaqələri" və digər mövzularda məruzələr dinlənilmişdir.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Konfrans işini iyunun 28-də altı müvafiq bölmə və elmi istiqamətlərdə davam etdirəcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında