Sahibkarlığın inkişafına qayğı iqtisadi siyasətin təməl prinsiplərindəndir

Zaman etibarilə qısa vaxt məsafəsinə - cəmiyyət həyatının son altı illik inkişaf trayektoriyasına ötəri bir baxış belə, Azərbaycanda sahibkarlığın inkişafına diqqətin, eləcə də milli sahibkarlar təbəqəsinin təşəkkül tapıb sıralarını daha da genişləndirməsinə isti münasibətin Prezident İlham Əliyevin prioritet verdiyi müstəsna əhəmiyyətli məsələlər cərgəsində olduğunu söyləməyə əsas verir. Belə bir qayğı bir tərəfdən liberal bazar dəyərlərinin məntiqi ilə diktə edilirsə, yəni təbii prosesdirsə, digər tərəfdən də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar siyasətinə bir vəfa borcunun ifadəsidir.
Dövlət başçısının ötən 6 ildə sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər öz ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdi. Həmin görüşdə möhtərəm Prezidentimiz inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət sonrakı mərhələdə konkret qərarlarla müşayiət olunmuşdu. Ötən 7 ilə yaxın müddətdə anti-inhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərlə regional iqtisad məhkəmələrinin yaradılması kimi tədbirlər dövlət başçısının verdiyi vədlərin əməli təsdiqidir.
Bu müddətdə iqtisadiyyatın liberallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atıldı. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət proqramı, "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına ciddi təkan verdi, qeyri-neft sektorunun inkişafını stimullaşdırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının birinci ilinin yekunları ilə bağlı müşavirədəki çıxışı bir daha göstərdi ki, respublikamızda sahibkarlığın inkişafı mühüm dövlət siyasətinə çevrilib. Ölkəmizin uğurlarında sahibkarların rolunu daim önə çəkən Prezident İlham Əliyev onlara süni problemlərin yaradılmasının yolverilməzliyini bir daha bəyan etdi: "Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir... Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur. Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər".
Bunu birmənalı və cəsarətlə deyə bilərik ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit zəmin mövcuddur. Həm şərait var, həm də bu fəaliyyəti tənzimləyən müvafiq qanunvericilik bazası. Hər bir işgüzar, zəhmətsevər, cağlam iqtisadi təfəkkür və düşüncə tərzinə malik insan bu gün normal sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Ölkənin daxilində istehsalatla, aqrar sahə ilə məşğul olmaq üçün böyük imkanlar və kadr potensialı vardır. Dövlət ölkənin iqtisadi qüdrətini artırmağa töhfə verə biləcək hər bir faydalı, perspektivli addımı stimullaşdırır.
Azərbaycan xarici iqtisadi əlaqələrin inkişafına da ciddi önəm verir. Belə ki, müxtəlif ölkələrlə ticarət-iqtisadi əlaqələrin kökündə qarşılıqlı faydalı əməkdaşlıq niyyətlərindən savayı, həm də qarşılıqlı etibar, insanların, xalqların ünsiyyət və təması kimi fundamental dəyərlər durur. Mənim bir sahibkar kimi fəaliyyətim əsrlər boyu yaxın qonşu və son iki onillikdə strateji tərəfdaşımız olan Rusiya ilə bağlıdır. Bu ölkə ilə tarixi-mədəni əlaqələrimiz iqtisadi əlaqələrin çoxtərəfliyi və etibarlığı ilə də zənginləşmişdir. Sovetlər Birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxsa da, siyasi münasibətlərdəki soyuqluq buna müəyyən problemlər yaradırdı. Son 10 ildə Azərbaycan və Rusiyanın dövlət başçıları ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev, eləcə də Vladimir Putin və Dmitri Medvedevin səyləri sayəsində həmin münasibətlər tamamilə yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır ki, bunların da 70-i dövlətlərarası və hökumətlərarası sənədlərdir.
Bir sahibkar kimi Sankt Peterburq şəhərindəki "Russkie samotsvetı" və Voloqda vilayətində yerləşən "Severnaya çern" müəssisələri ilə əməkdaşlıq edirəm. Qarşılıqlı münasibətlərimizdəki səmimilik, etibar, xoş məram bütövlükdə ölkələrimiz arasındakı əməkdaşlığın ovqatını təcəssüm etdirir. Lakin bir həqiqət də var ki, istənilən fəaliyyətin müvəffəqiyyətini konkret adamın işgüzar keyfiyyətləri ilə yanaşı, həm də ölkədə sahibkarlığın inkişafına, iş adamlarına yaradılmış şəraitin səviyyəsi müəyyənləşdirir. Buna görə də iş adamı kimi, daha çox bu məsələlərdən bəhs etmək istərdim. Xarici ticarət əlaqələrinin iştirakçısı olduğum üçün təbii ki, iş prosesində bir çox qurum və təşkilatlarla rastlaşıram; gömrük, vergi, bank və s. Etiraf edim ki, bütün bu təşkilatlarla çox səmimi münasibətimiz var. Səbəbləri sadədir. Əgər düzgün, şəffaf işləyirsənsə, nə problemin ola bilər ki!.. Axı, vergi xidməti də, gömrük də sənin problemlərini həll etmək məqsədilə yaradılıb, sənə problem yaratmaq üçün yox.
Bu məqamda xatırladım ki, sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidenti 2007-ci il oktyabrın 25-də "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. Sərəncamda ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə bir pəncərə prinsipinin tətbiqi məsələsi kəsini tapıb.
Azərbaycan Prezidentinin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla təsdiq olunmuş qaydalara əsasən 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artıb. 2009-ci ilin 1 yanvarından isə gömrükdə də bu sistemin tətbiqinə başlanılıb.
Dövlət başçısı İlham Əliyev Bakı Biznes Mərkəzində sahibkarlarla görüşündə bu sistemin əhəmiyyətini bir daha vurğuladı: "Bir sözlə, artıq bizdə müxtəlif yerlərdə "Bir pəncərə" sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur".
Sirr deyil ki, bəzi iş adamları hərdən mətbuatda, yaxud kuluar söhbətlərində car çəkirlər ki, bəs gömrük işləməyə qoymur, vergi sıxışdırır, bank boğur və s. Hesab edirəm ki, bunlar hamısı bekar adamların, əslində, ciddi sahibkarlıq fəaliyyətini xırda alverlə səhv salan və yalnız öz cibinin nəfini güdənlərin mülahizələridir. O adamlar ki, "qaz vurub qazan doldurmaq" və eyni zamanda da dövlətə çatacaq mənfəəti gizlətmək istəyirlər, təbii ki, bu cür danışacaqlar. Bilirsiniz, pul ifadəsində zəngin olmaq mümkündür; az yeyərsən, az geyərsən, xeyir-şərdən qaçarsan... Ancaq əsil zənginliyin meyarı bambaşqadır. Kimin çörəyini yediyini, pul qazanmaq üçün şəraiti sənə kimin yaratdığını unutmamalısan, minnətdar olmağı, şəxsi maraqlarını ümumi maraqlara qurban verməyi, şükranlığı bacarmalısan. Yaxşı, tutalım, hər kəs "közü özünə tərəf çəkdi", bəs bu dövlətin büdcəsi nəyin hesabına dolmalıdır, ölkədə həyata keçirilən nəhəng sosial layihələr maliyyə qidasını haradan almalıdır?
Ölkədə gömrük "bir pəncərə" iş prinsipinə keçib. Əgər nəzərə alsaq ki, xarici ticarətin aparılmasının əsas mərhələlərindən biri malların və nəqliyyat vasitələrinin dövlət sərhəd buraxılış məntəqələrindən keçməsindən ibarətdir, onda burada "bir pəncərə" prinsipinin tətbiqi çox vacibdir. Belə ki, ölkə sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi zamanı müxtəlif dövlət qurumlarının müvafiq nəzarət növlərindən keçmək, icazə və digər sənədlərin təqdim olunması tələb olunur. Bu proseslərin bir orqan tərəfindən həyata keçirilməsi və əməliyyatların aparılması zamanı sənədlərin qəbulu və yoxlanılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi ilə əlaqələndirilmiş şəkildə yerinə yetirilir. Yuxarıda qeyd olunanlarla əlaqədar operativ məlumat mübadiləsinin təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb. "Bir pəncərə" prinsipinin tətbiqi nəticəsində xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini minimum vaxt sərf etməklə həyata keçirmək imkanı əldə ediblər.
Bunu biz daha konkret şəkildə hiss edirik. Belə ki, rusiyalı tərəfdaşlarımız Azərbaycan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin müvafiq xidmətləri tərəfindən idxal olunan malların bütün zəruri əməliyyatlardan qısa müddət ərzində keçdiyini eşidəndə təəccüblənirlər. Çünki başqa respublikalarda bu sahədə süründürməçilik hökm sürür.
Götürək, bank sektorunu. Hər bir az-çox biznesə bağlı adam istər-istəməz bank strukturları ilə işləyir. Məsələn, mən neçə illərdir ki, ölkənin ən nüfuzlu maliyyə-kredit təşkilatlarından sayılan Beynəlxalq Bankla işləyirəm və bu əməkdaşlıqdan da çox razıyam. İstənilən bankla əməkdaşlığın kökündə qarşılıqlı inam, fəaliyyətin şəffaflığı dayanır. Bu cür imici qazana bildinsə, həmin elementləri fəaliyyətinin vazkeçilməz prinsipinə çevirməyi bacardınsa, deməli, işlərin də yaxşı gedəcək. Düzdür, dünya maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Xüsusilə xarici ticarət dövriyyəsində müəyyən sıxıntılar müşahidə olundu. Ancaq dövlət bu məsələdə amartizator rolunu oynadığı üçün ölkə iqtisadiyyatı daha böyük itkilərdən özünü sığorta edə bildi.
Dövlət başçısı İlham Əliyev Bakı Biznes Mərkəzində sahibkarlarla görüşü zamanı onların sosial layihələrdə iştirakının vacibliyini də xüsusi vurğuladı: "Bu gün Azərbaycanda çox böyük, regional, yəni transmilli mahiyyət daşıyan şirkətlər vardır. Onların böyük dövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamları üçün mənəvi bir qida verəcək, həm ölkəmizin inkişafı üçün. Bu proseslər gedir və xüsusilə bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar".
Bu gün toplumda praqmatikləşmə, eləcə də konyunktur maraqlara əsaslanan mənfəətçilik meyillərinin müəyyən dərəcədə artması cəmiyyətdə hər bir təmənnadan xali nəcib və saf dəyərlərə kölgə salmaqla bərabər, bəzən xeyriyyəçilik institutunun inkişafına da mane olur. Şübhəsiz, ölkədə maddiyyat sarıdan zəngin insanların, iş adamlarının sayının çoxalması son dərəcə sevindiricidir. Fəqət, məhz bu cür insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına, yalnız varlanmaq amalı ilə bütün nəcib təşəbbüslərdən kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz. Bütün sivil dövlətlərlə olduğu kimi, Azərbaycanda da iri şirkət rəhbərlərinin, nüfuzlu iş adamlarının xeyriyyəçilik tədbirlərində yaxından iştirakı onlara yalnız yüksək etimad və rəğbət qazandırar.
Sonda xüsusi qeyd etmək istərdim ki, iş adamı olaraq hər addımda Azərbaycan Prezidentinin qayğısını hiss edirik. Cənab İlham Əliyevin sahibkarlara diqqəti bizi ruhlandırır, daha fəal şəkildə xalq və dövlət maraqları naminə işləməyə sövq edir. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin ideallarına uyğun tərzdə günü-gündən çiçəklənən, inkişaf edən dövlətə çevrilir və biz də öz növbəmizdə bu prosesə töhfə verməyə çalışırıq.

{nl}

Lalə NİYAZOVA, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının üzvü

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında