Yasamal rayonunda təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında alıcılar və satıcılar üçün hər cür şərait yaradılmışdır

İyunun 23-də Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Gədəbəy və Göyçay rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 64,7 ton meyvə-tərəvəz, ət, ağartı və digər məhsullar gətirmişdilər. 
Yarmarkada nümunəvi səliqə-səhman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Yarmarkanın keçirildiyi ərazi və yol abadlaşdırılmışdır. Ərazi asfaltlanmış, 100-dən çox yeni piştaxta quraşdırılmış, burada yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Yarmarkada nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Yarmarkada satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən xiyar, pomidor, bibər, badımcan, yerkökü, çuğundur, kələm, soğan, kartof, göyərti, həmçinin meyvələrdən alma, armud və s. təşkil edir. Yarmarkada mövsümə uyğun məhsullardan olan lobya, alça, çiyələk, gilas, tut, ərik və digər meyvə-tərəvəzlər daha çoxdur. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Kənd təsərrüfatı naziri İsmət Abasov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışlar.
İsmət Abasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artır. Məhsul istehsalı artdıqca qiymətlərin də aşağı düşməsi tendensiyası özünü göstərir. Ümumilikdə indiyədək 628 yarmarka keçirilmiş, 134 min ton müxtəlif kənd təsərrüfatı məhsulları satılmışdır. Yarmarkalar bundan sonra da davam edəcəkdir.
Diqqətə çatdırılmışdır ki, payız ayları ərəfəsində yarmarkanın ərazisində abadlıq işləri davam etdiriləcək, o cümlədən ticarət sahələrinin üstü örtüləcəkdir. Bu, yarmarkanın bütün hava şəraitində işləyə bilməsini təmin edəcəkdir.
Sakinlər istədikləri məhsulları həvəslə alır, yarmarkanın uzunmüddətli olmasını arzulayırdılar. Eyni zamanda, istehsal etdikləri məhsulları sərfəli qiymətə maneəsiz satan fermerlər də yarmarkaların təşkilindən razılıqlarını bildirirdilər. Alıcılar ailə büdcələrinə xeyli kömək edən yarmarkaların təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.
İyunun 23-də isə Bakı şəhərinin digər rayonlarında da əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında