"Çıraq" layihəsi çərçivəsində işlər davam edir

."Əsrin müqaviləsi"nin uğurla reallaşdırılması Xəzər dənizini beynəlxalq əməkdaşlıq üçün böyük təcrübə mərkəzinə çevirmişdir. Bu təcrübə isə yeni-yeni layihələrə, əməkdaşlığa yol açır. Elə Azərbaycanın neft strategiyasının, "Əsrin müqaviləsi"nin mühüm istiqamətlərindən sayılan "Çıraq" neft layihəsi də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birgə həyata keçirdikləri böyük layihələrin uğurlu davamıdır. Təsadüfi deyil ki, sözügedən layihə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ilə bağlı indiyədək əldə edilmiş nailiyyətlər üzərində qurulmuşdur. Xatırladaq ki, "Çıraq" neft layihəsinə sərmayə qoyulmasına dair qərar 2010-cu ilin mart ayının 9-da qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp Azərbaycan şirkəti arasında imzalanmış bu sənəd xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılması istiqamətində daha bir mərhələnin əsasını qoymuşdur. "Çıraq" neft layihəsinə start verilməsi, eyni zamanda, ölkəmizin neft sənayesində növbəti, son dərəcə mühüm tikinti-quraşdırma işləri üçün geniş imkanlar yaratmışdır.
Ötən dövr ərzində layihənin reallaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir. Buna isə layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əsas tikinti-quraşdırma işlərinə dair podratçı təşkilatlarla bütün müqavilələrin vaxtında imzalanması imkan yaratmışdır. Xatırladaq ki, 2010-cu ilin mart ayında layihənin icrasına başlamağa dair qərar qəbul edilməsindən ötən dövr ərzində dənizdə və quruda nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinə dair 11 əsas müqavilənin hamısı imzalanmışdır. Xatırladaq ki, ilk müqavilə platformanın dayaq blokunun, sualtı dayaq hissəsinin və bununla bağlı olan bərkitmə dayaqları, həmçinin "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üzərindəki boş saxlanmış yerdə dik borunun dayaq çərçivəsinin quraşdırılması kimi mühüm işləri əhatə edir. Növbəti beş müqaviləyə isə platformanın birləşmiş göyərtəsinin (üst modulların), eləcə də dayaq tavasının quraşdırılması, yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri, dəniz obyektlərinin və qazma modullarının mühəndis-layihə işləri daxildir. 2010-cu ilin noyabr ayında "Çıraq" neft layihəsi üzrə daha iki əsas podrat müqaviləsi imzalanmışdır. "Günəşli" yatağının dərinlikdə yerləşən mövcud hasilat, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə layihə üçün tələb olunan quraşdırma, montaj və nizamlama, həmçinin istismar sınaqlarının həyata keçirilməsi AMEK-Tekfen-Azfen konsorsiumuna həvalə olunmuşdur. Dayaq blokunun və üst modulların dənizə daşınması və quraşdırılması işlərini isə "Saipem" şirkəti həyata keçirəcək.
2010-cu ilin sonu və 2011-ci ilin əvvəllərində dəniz işləri üzrə qalan üç müqavilənin də podratçıları məlum olmuşdur. Boru kəmərinin örtüklənməsi, sualtı boru kəmərinin inşası və dalğıc işləri, eləcə də STB-1 barjının gücünün artırılması üzrə müqavilələr müvafiq olaraq "Caspian Pipeline Coatinq", "McDermott Caspian Cantrasctors İnc" və "Caspian Shipyard Company" şirkətlərinə verilmişdir. Yeri gəlmişkən, "Çıraq" neft layihəsi üzrə imzalanmış müqavilələr Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq barədə ABƏŞ-in öhdəliyini əks etdirir.
Məlumat üçün bildiririk ki, "Çıraq" neft layihəsinin ümumi dəyəri 6 milyard dollar təşkil edir ki, bunun da 4 milyard dolları tikinti-quraşdırma işlərinə, 2 milyard dolları isə qazma əməliyyatlarına sərf olunacaq. Bu günədək tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş vəsaitin 70 faizi, yəni 3 milyard dollara yaxın hissəsi xərclənmişdir. Müqaviləyə əsasən, "Çıraq" neft layihəsi çərçivəsində nəzərdə tutulmuş bütün tikinti-quraşdırma işləri Azərbaycanda həyata keçirilməlidir. Bu isə Azərbaycan hökuməti ilə xarici neft şirkətləri arasında imzalanmış hasilatın pay bölgüsü tipli sazişlər üzrə ilkin təcrübə kimi diqqəti cəlb edir. Onu da deyək ki, "Çıraq" neft layihəsi çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işləri Amek-Tekfen-Azfen (ATA) Alyansının Bibiheybətdəki tikinti sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində həyata keçirilir. Tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanışlıq məqsədilə bp-Azərbaycan şirkəti hər iki sahəyə kütləvi informasiya vasitələri nümayəndələrinin səfərini təşkil etmişdi. Layihə çərçivəsində görülmüş işlərlə bağlı ilk tanışlığımız ATA tikinti sahəsindən başlandı. Burada mətbuat nümayəndələri sağlamlıq və əməyin təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıldılar.
Xatırladaq ki, burada "Qərbi Çıraq" plarformasının üst modulları inşa olunur. bp-Azərbaycan şirkətinin dəniz qurğuları üzrə layihə meneceri İlqar Məmmədov bildirdi ki, sözügedən platforma "Əsrin müqaviləsi" çərçivəsində inşa olunmuş sayca 8-ci nəhəng dəniz qurğusudur. Onun tikintisi "Şərqi Azəri" platformasına uyğun həyata keçirilsə də, texnoloji proseslərin mükəmməlliyinə və həcminə görə seçilir. Qeyd olundu ki, layihəyə üç əsas iş həcmi daxildir. İlk növbədə, "Qərbi Çıraq" platformasının üst modullarının və dayaq blokunun inşası "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində həyata keçirilmiş işlərə uyğun aparılacaq. İkincisi, "Çıraq" neft layihəsi çərçivəsində yataqdaxili sualtı boru kəmərləri çəkiləcək ki, bunlar da dənizdən Səngəçal terminalına çəkilmiş və hazırda istismarda olan ixrac kəmərlərinə birləşdiriləcək. Digər tərəfdən, "Dərinsulu Günəşli" platformasının mövcud qurğularında bir sıra yenidənqurma tədbirləri həyata keçiriləcək ki, bu da "Qərbi Çiraq" platforması istismara verildikdən sonra hasilat işlərinə kömək edəcək.
"Qərbi Çıraq" platformasının çəkisi 19200 tondur ki, bu da Xəzər dənizində indiyədək quraşdırılmış ən ağır platformadır. Platformanın və onun dayaq blokunun dənizə aparılmasını təmin etmək məqsədilə ARDNŞ-ə məxsus STB-1 barjında da bir sıra modernləşdirmə işləri həyata keçirilmişdir. İlqar Məmmədov onu da dedi ki, ATA tikinti sahəsində platformanın üst modullarının inşası zamanı heç bir qəza hadisəsi baş vermədən 12,4 milyon adam-iş saatı yerinə yetirilmişdir ki, bu da rekord göstərici, tarixi nailiyyət hesab oluna bilər. Hazırda tikinti sahəsində 4200 nəfər işləyir. Bütövlükdə isə platformanın dayaq blokunun inşasının həyata keçirildiyi Bakı Dərin Özüllər Zavodunun tikinti sahəsində və sualtı işlərin görülməsində 6 mindən çox adam çalışır. "Qərbi Çıraq" layihəsi çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin isə 84 faizindən çoxu artıq uğurla tamamlanmışdır. Tikinti-quraşdırma işlərinin aparılmasında 90 min tondan çox müxtəlif avadanlıqlardan istifadə olunmuşdur.
Əvvəllər platformalarda quraşdırılan qazma modulları Hollandiyadan gətirilirdisə, ilk dəfə olaraq "Qərbi Çıraq" layihəsi çərçivəsində bu mühüm qurğu da Azərbaycanda tikilib quraşdırılmışdır. Məlumat verildi ki, 48 quyuağzına malik platforma 2013-cü ilin ikinci rübündə dənizə yola salınacaq. Buradan ilk neftin hasilatı gələn ilin sonlarına planlaşdırılır. "Qərbi Çıraq" platformasının istismara verilməsi isə öz növbəsində "Əsrin müqaviləsi" çərçivəsində əlavə olataq 360 milyon barrel neftin hasilatına imkan yaradacaq. Təqdimatdan sonra jurnalistlər tikinti meydançasında həyata keçirilən inşaat işləri ilə yaxından tanış oldular.
Mətbuat nümayəndələri daha sonra "Qərbi Çıraq" platformasının dayaq blokunun inşa olunduğu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti sahəsinə gəldilər. Burada da tikinti işləri nəzərdə tutulmuş qrafikə uyğun sürətlə davam edirdi. Məlumat verildi ki, dayaq bloku indiyədək burada inşa olunmuş 7-ci qurğudur. Onun çəkisi 18 min ton təşkil edir ki, bu da indiyədək tikilmiş ən ağır blokdur. Bu isə "Qərbi Çıraq" platformasının ağırlığı nəzərə alınaraq quraşdırılmış əlavə avadanlıqlarla bağlıdır. Artıq blokun tikintisi ilə bağlı işlərin 88 faizi yerinə yetirilmişdir. Onun inşası zamanı isə 5,3 milyon adam-iş saatı göstəricisinə nail olunmuşdur. Dayaq bloku 2012-ci ilin 4-cü rübündə dənizə yola salınacaq. Quğunun dənizə yola salınması və dənizdə quraşdırılması "Saipem" şirkəti tərəfindən həyata keçiriləcək. Yeri gəlmişkən, dayaq bloku Xəzərdə indiyədək quraşdırılmış bu tip ən mürəkkəb qurğudur. Onun dənizdə əvvəlcədən quraşdırılmış dayaq tavasına bərkidilməsi üçün hər birinin ağırlığı 6700 ton olan 12 ədəd payadan istifadə olunacaq.
Yeri gəlmişkən, indi layihə çərçivəsində sualtı kəmərlərin çəkilişi üçün hazırlıq görülür. Artıq tikinti üçün lazım olan bütün borular xaricdən Azərbaycana gətirilib. Kəmərlərin çəkilişinə isə bu ilin ortalarında başlanacaq. Bunlar, əsasən, yataqdaxili kəmərlər olacaq, onların ümumi uzunluğu isə 32 kilometrdir. Xatırladaq ki, "Çıraq" neft layihəsi çərçivəsində sualtı boru kəmərləri "İsrafil Hüseynov" borudüzən gəmisi vasitəsilə həyata keçiriləcək. Hazırda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun körpüsündə olan gəmi gələcək işlər üçün modernləşdirilir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında