Azərbaycanda sosial-iqtisadi inkişaf dinamik səciyyə daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki dövrlərdəki kimi, bu ilin yanvar-may aylarında da inkişaf davam etmişdir. Bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da öz aydın ifadəsini tapmışdır.
Keçən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 10,5 faiz artmış, neft-qaz sektorunda isə 6,5 faiz azalmışdır. Orta hesabla ölkənin hər bir sakininə düşən Ümumi Daxili Məhsulun həcmi 2281,5 manata və ya 2901,9 ABŞ dollara çatmışdır.
Azərbaycan iqtisadiyyatının strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində artıq iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərir. Yəni, əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr, sözün əsl mənasında, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verir.
Ölkə iqtisadiyyatının qeyri-neft sənayesində artım nəzərə çarpır. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.
Ümumiyyətlə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır, həm də orta və kiçik həcmli müəssisələr fəaliyyətini gücləndirir, onların sayı artır. Bunu yanvar-may aylarında sənaye sahəsində əldə edilən göstəricilərdən də aydın görə bilərik. Belə ki, hesabat dövründə fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla beş ay ərzində 15 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 77,5 faizi mədənçıxarma bölməsində, 17,1 faizi emal bölməsində, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artmış, neft-qaz sektorunda isə 5,1 faiz azalmışdır. Beş ay ərzində 18,5 milyon ton neft, 7,4 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul istehsalı 14,6 faiz artmış, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 5 faiz, içki istehsalı 14,4 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 2 dəfə, geyim istehsalı 1,8 dəfə, poliqrafiya fəaliyyəti 2 dəfə, rezin və plastmas məmulatları istehsalı 3,7 dəfə, tikinti materialları istehsalı 19,5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 10,7 faiz, hazır metal məmulatları istehsalı 1,9 dəfə, kompyuterlər və digər elektron avadanlıqları istehsalı 17,5 dəfə, elektrik avadanlıqları istehsalı 3,3 dəfə, maşın və avadanlıqlar istehsalı 37,7 faiz, sair nəqliyyat vasitələri istehsalı 15,1 faiz, mebel istehsalı 3,9 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 53,3 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 3,4 faiz artmış, 9,1 milyard kilovatsaat və ya keçənilki səviyyədən 9,6 faiz çox elektrik enerjisi istehsal olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,5 faiz artmışdır.
Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir.
Bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə istehsalın artırılması üçün ən mühüm layihələr həyata keçirilir. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Məhz elə bunun nəticəsidir ki, sözügedən sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Statistik göstəricilərə nəzər salaq. May ayında yaz-tarla işləri davam etdirilərək iyun ayının 1-nə kimi 351,4 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 29,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 33,7 min hektar sahədə dən üçün qarğıdalı, 65,3 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 29,3 min hektar sahədə pambıq çiyidi, 28,2 min hektar sahədə bostan bitkiləri, 3,7 min hektar sahədə şəkər çuğunduru, 9,5 min hektar sahədə dən üçün günəbaxan və 1,5 min hektar sahədə tütün əkilmişdir.
Ölkədə əsas bitkiçilik məhsullarının yığımına başlanmışdır. Sahələrdən 49,3 min ton və ya keçən ilə nisbətən 1,2 faiz çox kartof, 71,8 min ton və ya 10,3 faiz çox tərəvəz, 7,3 min ton və ya 52,8 faiz çox meyvə və giləmeyvə yığılmışdır. Havaların isti keçməsi ilə əlaqədar cari ildə taxıl biçininə bir qədər tez başlanılmış və iyunun 1-i vəziyyətinə 19,1 min hektar sahədən 47,5 min ton taxıl məhsulu götürülmüşdür.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 173,2 min tona, süd istehsalı 7,2 faiz artaraq 699,6 min tona, yumurta istehsalı 12,2 faiz artaraq 495,2 milyon ədədə çatmış, ötən ildəkindən 5,8 faiz çox və ya 12,7 min ton yun qırxılmışdır.
Kənd əməkçilərinin səyi nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 23,1 faiz, heyvandarlıq məhsulları istehsalı 5,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,1 faiz artmışdır.
Hesabat dövründə ölkədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Azərbaycanın, eləcə də Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən yanvar-may ayları ərzində əsas kapitala 4,5 milyard manat vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 2,2 milyard manatı və ya 50 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 3,4 milyard manatı və ya 76,5 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 29,2 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 25,5 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 26,6 faiz artaraq 2,6 milyard manat təşkil etmişdir.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5921,4 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən beş ay ərzində həmin vəsaitin 1820,3 milyon manatından istifadə edilmişdir.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Beş ay ərzində ümumi sahəsi 545,9 min kvadratmetr yaşayış evləri, növbədə 666 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 360 şagird yerlik məktəb, Bakı şəhərində Heydər Əliyev Mərkəzi, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex", Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncə şəhərində Alüminium zavodu Kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi Xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda "Ayan Palace" oteli və digər obyektlər istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı gördüyü işlərin nəticəsidir ki, ölkədə möhtəşəm, bir çox hallarda isə regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr reallaşır və bu istiqamətdə işlər uğurla davam edir. Məhz elə buna görə də cari ilin yanvar-may aylarında da nəqliyyat sektorunda uğurlar əldə olunmuşdur. Hesabat dövründə nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, bütün infrastruktur layihələri vaxtında icra edilmişdir. Bu fikrin təsdiqi kimi statistik göstəricilərə diqqət yetirək.
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 83,6 milyon ton yük və 623,2 milyon nəfər sərnişin daşınaraq 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 3,6 faiz və 9,2 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 7,5 faiz, hava nəqliyyatı ilə 17,1 faiz, dəniz nəqliyyatı ilə 5,3 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 9,1 faiz, metropolitenlə 10,4 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 538,2 milyon manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 16,5 faiz çox xidmət göstərmişlər. Xidmətlərin 72,4 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənir və əhalinin rifah halı yaxşılaşır. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir. Məhz bu səbəbdəndir ki, 2012-ci ilin beş ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 13,1 faiz artaraq 1352,2 manata çatmış və onun 64,6 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında 379,1 manat təşkil etmiş və keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artmışdır. Bununla belə, sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olmuşdur.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 29,2 faiz artaraq may ayının 1-nə 4,3 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 2,4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 milyard manat olmuşdur.
İlin əvvəlindən əhaliyə 6,8 milyard manatlıq istehlak malları satılmış və 2,1 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9,4 faiz, pullu xidmətlərin həcmi isə 8,8 faiz artmışdır.
Azərbaycanın xarici iqtisadi əlaqələri də dinamik inkişaf edir. 2012-ci ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, xarici ölkələrlə 11,3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 10,2 milyard dolları və ya 90,4 faizi uzaq xarici dövlətlərin, 1,1 milyard dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 5,8 faiz azalmış, o cümlədən uzaq xarici ölkələrlə 3,3 faiz artmışdır.
İxrac olunmuş məhsulların 8,1 milyard dollarlığı (95,9 faizi) uzaq xarici ölkələrə, 343,4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 1,1 faiz artmış və 72 faiz azalmışdır.
İlin əvvəlindən ölkəmizə 2,9 milyard dollar məbləğində, o cümlədən uzaq xarici dövlətlərdən 2,2 milyard dollar, MDB üzvü ölkələrindən 748,8 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə uzaq xarici ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 11,6 faiz artmışdır.
İxracın idxalı üstələməsi nəticəsində 5,5 milyard dollar məbləğində, o cümlədən uzaq xarici ölkələrlə əlaqələrdə 5,9 milyard dollarlıq müsbət saldo yaranmışdır. Xarici ticarət əlaqələrinin 42,8 faizi Avropa Birliyi ölkələri, 9,6 faizi MDB üzvü dövlətləri, 47,6 faizi digər ölkələrlə aparılmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 15,3 milyard dollar (o cümlədən ixrac 12,4 milyard dollar) təşkil etmiş və 6,5 faiz azalmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-aprel aylarında dövlət büdcəsinə 5,4 milyard manat vəsait daxil olmuş, büdcədən 3,9 milyard manat xərclənmiş, nəticədə Ümumi Daxili Məhsulun 9 faizi qədər və ya 1492 milyon manat məbləğində profisit yaranmışdır. Büdcə xərclərinin 1568 milyon manatı (40,3 faizi) iqtisadiyyatın inkişafına, 614,9 milyon manatı (15,8 faizi) sosial müdafiə və sosial təminata, 468,3 milyon manatı (12 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.

{nl}

Vaqif  BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında