Azərbaycan dövlətinin iqtisadi sahədə apardığı ardıcıl siyasət ölkənin qüdrətini günbəgün artırmaqdadır. Respublika iqtisadiyyatının aktiv inkişafı fonunda irimiqyaslı infrastruktur layihələr həyata keçirilərək, böyük tikinti obyektləri inşa edilir. Mülki və sənaye tikintiləri, unikal çoxmərtəbəli binalar, mədəniyyət və idman mərkəzləri, körpülər, nəqliyyat yolları, sənaye obyektləri öz növbəsində tikinti təyinatlı polad məhsullara olan tələbatı da artırmaqdadır. Əgər əvvəllər ölkənin tikinti materialları bazarı yalnız xaricdə istehsal olunan məhsullarla təmin edilirdisə, bu gün yerli bazarda dünya standartlarına cavab verən keyfiyyətli və müxtəlif çeşidli Azərbaycan istehsalı olan məhsullara tələbat günbəgün artmaqdadır. Ölkədə bol və rəngarəng xammal bazasının, müxtəlif metal tullantılarının, yerli enerji ehtiyatlarının-neft və təbii qazın, metal tələbatlı sənaye və tikinti sahələrinin, təcrübəli kadr və əmək ehtiyatlarının olması ağır sənayenin, o cümlədən metallurgiya sənayesinin inkişafı üçün geniş imkanlar açır.
Ümummilli lider fitri istedadı ilə bütün sahələrdə olduğu kimi ağır sənayenin də inkişaf yolunu müəyyənləşdirmişdir. Azərbaycanda, Azərbaycandan kənarda - mürəkkəb bir siyasi və iqtisadi şəraitdə, Sovet İttifaqının idarə aparatında işlədiyi dövrlərdə Heydər Əliyev respublikanın sənayesini, onun əsası olan metallurgiyanı unutmamış və onun inkişafı üçün həmişə kömək etmişdir. Ulu öndər xalqımıza, respublikamıza xidmətdə fədakarlıq nümunəsi olmuşdur. Hələ sovet hakimiyyəti illərində, o vaxtlar ölkəyə rəhbərlik edən Heydər Əliyevin təkidli və uzaqgörən siyasəti nəticəsində Kremlin "1976-1980-cı illərdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nin təkliflərinin nəzərdən keçirilməsi haqqında" qərarı Azərbaycanın iqtisadi və sosial inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Qara metallurgiya müəssisələrində, xüsusilə Azərbaycan Boruyayma zavodunda təşkilati və texniki tədbirlərin həyata keçirilməsi burada polad borular istehsalını artırmağa imkan verdi. Əlvan metallurgiya sənayesi üzrə bir neçe yeni müəssisə və istehsal sahəsi istifadəyə verildi. Respublika sənayesinin böyük müəssisələrindən biri sayılan Sumqayıt Alüminium zavodunun texnoloji avadanlığının modernləşdirilməsi, texnoloji proseslərin intensivləşdirilməsi sahəsində tədbirlər görüldü, alüminumdan və başqa əlvan metallardan yeni məhsul növlərinin istehsalına başlandı.
Metallurgiya sahəsində aparılan ardıcıl siyasəti yerinə yetirmək üçün Azərbaycan kifayət qədər xammal, avadanlıq və elmi mühəndis kadr potensialına malikdir. Daşkəsəndə dəmir, Filizçay, Katex, Kasdağ, Mehmanlı, Naxçıvanda əlvan metal-alüminium, kobalt, mis, sink, qurğuşun, Daşsalahlıda - filiz sayılmayan bentonit gili yataqlarının olması, Azərbaycana fasiləsiz və maneəsiz daşınan metal və avadanlıqlar ehtiyatı, iyirmidən çox, bu və ya digər dərəcədə metallurgiya sənayesi ilə bağlı metallurgiya maşınqayırma zavodları, Azərbaycan maşınqayırma texnologiyası və neft-maşınqayırma kimi elmi-tədqiqat institutları, metallurgiyanın doqquz ixtisası üzrə mühəndis hazırlayan, üç ixtisas kafedrasına, dörd elmi-tədqiqat laboratoriyasına malik və otuz ildən çox bir müddətdə fəaliyyət göstərən Azərbaycan Texniki Universitetinin metallurgiya fakültəsi, metallurgiya sahələri üzrə səkkiz elmlər doktoru və professor, əllidən çox elmlər namizədi Azərbaycanın metallurgiya potensialının böyük bir hissəsi kimi dəyərləndirilən faktorlardan idi.
Metallurgiya sənayesi iki sahədən - qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Qara metallurgiyaya - dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir. Azərbaycanın ən iri qara metallurgiya mərkəzləri tarixən Sumqayıt, Bakı və Daşkəsən olmuşdur. Daşkəsən Azərbaycanın ən iri dağ-mədən sənayesi mərkəzidir. Sovetlər dönəmində Daşkəsəndə filiz saflaşdırma kombinatının istehsalı olan filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilirdi. Sumqayıtdakı boru-prokat zavodunda isə qara metallurgiyanın son məhsulu olan boru və prokat hazırlanırdı. Azərbaycanda boru-prokat istehsalının yaradılması neft-qaz sənayesinin inkişafı ilə əlaqədardır. Maşınqayırmanın inkişafı və metal tullantılarının çoxluğu ilə əlaqədar Abşeronda təkrar metal emalı zavodları və kiçik metallurgiya sexlərinin yaradılmasına və inkişafına şərait yaratdı.
Uzun illər boyu "Azərboru" ASC, "Daşkəsən Filizsaflaşdırma" ASC "Azəralüminium" ASC Azərbaycanda fəaliyyət göstərən ən böyük metallurgiya müəssələri sayılmaqla bu sahənin flaqmanı olmuşlar. "Azərboru" ASC ikinci dünya müharibəsindən sonra tikilməyə başlanmış və 1952-ci ildə Azərbaycanda ilk polad boru istehsal edilmişdir. Zavodda 60-cı illərdən sonra 2 ədəd boruyayma aqreqatı, 2 ədəd pəstahyayma aqreqatı, 6 ədəd poladəridən marten sobası tikilib istismara verilmişdir.
"Daşkəsən Filizsaflaşdırma" ASC isə 1954-cü ildə istifadəyə verilmişdir. Azərbaycanın müstəqilliyi dövründə, uzun fasilədən sonra 2006-cı ildən "Daşkəsən Filizsaflaşdırma" ASC 25 illik müqaviləyə əsasən Böyük Britaniyanın Detal Limited şirkətinə idarəçiliyinə verilmişdir. "Azəralüminium" ASC-nin Sumqayıt alüminium zavodu keçmiş Azərbaycan SSR-nin əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisəsi idi. Tikintisinə 1949-cu ildə başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə - ilkin alüminium alınmışdır. 2000-ci ilin aprel ayından "Azəralüminium" ASC-nin Sumqayıt "Alüminium" istehsal sahəsi adlandırılır. Hazırda müəssisədə ilkin alüminium istehsal edən 4 sex fəaliyyət göstərir. Azərbaycanda alüminium istehsalı ilə Azəralüminium ASC-nin "Gəncə Gil-torpaq istehsal sahəsi" (İS), "Sumqayıt Alüminium" İS, Daşkəsən "Zəylik Alunit" İS və kiçik həcmdə özəl müəssisələr məşğul olur. "Gəncə Gil-torpaq" İS-də gil-torpaq istehsal olunur.
Ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı göstərdi ki, o, respublikamızın ağır sənayesi, o cümlədən metallurgiya sənayesinin inkişafındakı böyük siyasətini davam etdirir, bu işin vacibliyini dəfələrlə qeyd edir və beləliklə ölkəmizin tərəqqisini mütərəqqi sənaye sahələrinin durmadan inkişafında görür. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. Məhz Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda özəl sektor sahəsində ilk və ən müasir metallurgiya zavodu olan "Baku Steel Company" yaradılaraq həyata vəsiqə aldı.
Azərbaycanda sənayenin, o cümlədən qeyri-neft sektorunun sonrakı inkişafı da göstərdi ki, respublikada polad məhsullarının istehsalı sahəsində əvəzsiz rolu olan və müasir Azərbaycanın metallurgiya sənayesində önəmli yer tutan müəssisə "Baku Steel Company" MMC-dir. Hələ 2001-ci ilin iyun ayının 23-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə zavodun rəsmi açılışı keçirilmişdir. Azərbaycan metallurgiya sənayesinin yenidən qurulmasında əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyev öz uzaqgörən siyasətinə əsaslanaraq, ölkənin gələcək inkişafı istiqamətində bu sənaye sahəsinin vacibliyini daim qeyd etmişdir. Qafqaz regionunda birinci müasir poladərtimə müəssisəsi olan "Baku Steel Company" MMC-nin ümumi istehsal gücü 2008-ci ilə kimi 250 min ton təşkil edirdisə, aparılan siyasət və düzgün investisiya qoyuluşu nəticəsində 2010-cu ildə bu rəqəm 770 min tona çatdırıldı. Bununla kifayətlənməyən şirkət, 2013-cü ilin 1-ci rübündə bu rəqəmi 1 milyon 100 min tona çatdırmaq niyyətindədir. İstehsal gücünü maksimuma çatdırmaq niyyətində olan BSC 2011-ci ilin dekabr ayında Almaniyanın "Siemens VAİ" şirkəti ilə müqavilə bağlamış, zavodda həmin şirkətin istehsalı olan yeni, daha müasir soba quraşdırılması nəzərdə tutulmuşdur. Bu soba karbontərkibli materialların sobaya vurulması prossesini idarə edən yeni sistemlə təchiz olunacaqdır. Bununla yanaşı, istehsalda yüksək keyfiyyət fərqi ilə seçilən şirkət, istehsal etdiyi məhsulların çeşidini də artıraraq künclük, şveller, iki-tavr, katanka istehsalını genişləndirmişdir.
İstehsalın gücləndirilməsi istiqamətində BSC durmadan bir sıra layihələr də həyata keçirir. Bu layihələr sırasına Hövsan qəsəbəsindəki Hövsan Metallurgiya Zavodunun inşası da daxildir. İllik istehsal gücü 1 milyon ton olan bu zavodda müxtəlif qalınlıqda polad təbəqələrin istehsalı nəzərdə tutulub. Bu məqsədlə yeni müəssisədə iki ən son standartlara cavab verəcək soyuq və isti təbəqə yayma xətləri quraşdırılacaq. Onlardan isti yayma xəttində qalınlığı 2ё2,2 mm-dək istehsal olunacaq təbəqələr konstruksiya poladı olaraq, əsasən metal konstruksiyaların hazırlanması üçün nəzərdə tutulmuşdur. Digər soyuq yayma xəttində isə qalınlığı 0.3ё1.3 mm-dək olacaq polad təbəqələr avtomobil sənayesində məişət texnikasının hazırlanmasında və s. sahələrdə istifadə ediləcəkdir. İstehsal zamanı, ölkəmizin bu məhsullara olan tələbatının təmin edilməsi ilə yanaşı, xarici ölkələrə ixrac da nəzərdə tutulmuşdur. Zavodun əsas istehsalat sahəsində ən müasir 1 ədəd - 120 tonluq Elektrik Qövs Sobası, 6 şırnaqlı fasiləsiz pəstah və slab tökmə maşını, poladın sobadan kənar emalı üçün 120 tonluq Soba-çalov qurğusunun alınıb quraşdırılması planlaşdırılmışdır. Alınacaq Elektrik Qövs Sobasında 0ё10 faizədək təkrar qara metal əridilməsi ilə yanaşı, 0ё100 faizədək metallizləşdirilmiş yuvarların da əridilməsi mümkün olacaqdır. Həmçinin, istehsal olunacaq poladların tərkibini qeyri-metallik birləşmələrdən təmizləmək və bu marka poladlara qoyulan tələbləri ödəmək məqsədi ilə ən müasir avadanlıq olan vakuumator qurğusunun da quraşdırılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
"Baku Steel Company" MMC-nin polad məhsulları (inşaat armaturları və polad pəstahlar) daxili bazar ilə bərabər, ölkə hüdudlarından kənar regionlarda da inşaatçılar tərəfindən yüksək qiymətləndirilir. Şirkət bugünkü gündə cənub qonşumuz İrana böyük miqdarda polad pəstahlar ixrac edir. Keyfiyyət əmsalına görə Rusiya, Ukrayna kimi ölkələrdən idxal olunan pəstahlardan fərqlənən BSC məhsulları İranda, eləcə də Yaxın Şərq ölkələrində brend kimi tanınır və bu məhsullara olan tələbat günü-gündən artmaqdadır.
Xatırladım ki, 2011-ci ilin 9 aylıq göstəricilərinə görə, metallurgiya sənayesinin istehsalı çox böyük inkişaf tempi ilə yadda qaldı, bu dövrdə armatur istehsalındakı 32 faizə qədər artım "Baku Steel Company" MMC-nin böyük uğuru hesab edilə bilər. Tikinti təyinatlı metal məhsullar içərisində ən kütləvi istehsal olunan məhsul polad tikinti armaturlarıdır. Statistikaya nəzər salsaq, təkcə son bir ildə MDB məkanında istehlak olunmuş polad yayma məhsullarının 7-8 milyon tonunu tikinti armaturları təşkil etdiyini görərik. Tikinti sektorunda monolit tikinti texnologiyasının geniş tətbiqi ilə əlaqədar bu rəqəmin əlavə olaraq 25-30% artması gözlənilir. Tələbatın belə artımı bütün ölkələri bu məhsulun istehsalının artırılmasında və istehsal sahələrinin genişləndirilməsində maraqlı edir.
Hazırda müstəqil Azərbaycanda metallurgiyanın inkişafında önəmli yer tutan və daim öz yenilikləri ilə tanınan "Baku Steel Company" MMC bu istiqamətdə uğurlu addımlar ataraq, daxili bazarın xarici armaturlarından asılılığını minimuma endirmişdir. Qabaqcıl texnologiyalarla hazırlanmış armatur yaymaları, keyfiyyət baxımından hətta xaricdən ixrac olunan məhsulları da üstələyir. Əvvəllər daxili bazarın tikinti armaturlarına tələbatı yalnız kənardan gətirilən məhsullar hesabına ödənilirdisə, bu gün Azərbaycanda azad bazar münasibətləri artıq formalaşıb. Statistikaya nəzər salsaq görərik ki, BSC-nin 2009-cu ildə daxili bazarda satışı 102 000 ton, ixrac etdiyi məhsulların həcmi 13 000 ton, 2010-cu ildə daxili bazarda satışı 129 000 ton, ixrac həcmi 98 000 ton təşkil edirdisə, 2011-ci ildə bu rəqəm yerli bazar üçün 181 000 ton, ixrac məhsulları üçün isə 200 000 tona yüksəldi. 2012-ci ilin birinci yarısında isə şirkətin yerli bazarda satışı 81 000 ton, ixrac məhsullarının həcmi 75 000 ton olmuşdur. Qeyd edim ki, uzun müddətdir ki, "Baku Steel Company" MMC daxili bazar ilə bərabər, Rusiya, Gürcüstan, Qazaxıstan, İran və digər regionların yerli bazarlarının armatur tələbatını lazımi səviyyədə ödəyir.
Azərbaycan Respublikası Gömrük Komitəsinin məlumatlarına nəzər yetirsək, ötən 2 ildə respublikada ən çox idxal olunan malların sırasında qara metal və ondan alınan məmulatların yer tutduğunu görərik. Məsələn, 2010-cu ildə ölkədə idxal olunan qara metallar və onlardan alınan məmulatlar 787 186,40 min ABŞ dolları təşkil edibsə, artıq 2011-ci ildə bu rəqəm 1milyard 171 946,18 min ABŞ dollar həcmində olub. Burdan da bəlli olur ki, bu məmulatların idxalına ayrılan xərclər 2010-cu illə müqayisədə 2011-ci ildə 48 faiz artıb. Ümumiyyətlə, Azərbaycan qara metallurgiya bazarında tələbatın bir hissəsini yerli istehsal, digər hissəsini isə Rusiya, Ukrayna, Türkiyə və s. kimi ölkələrin məhsulları ödəyir. Demək olar ki, bu gün nəqliyyat sektorunda bütün təhcizat birmənalı olaraq xarici istehsaldan asılıdır. Dəmir yolunda, metropolitendə əsaslı təmir işlərindən, əksər avadanlıqlardan tutmuş, təkərlərə və dəmiryol relslərinə qədər bütün avadanlıqlar xaricdən gətirilir. Baxın, 2011-ci ilin ilk 4 ayı ərzində ölkəyə 341762,90 ABŞ dolları dəyərində qara metallar və onlardan hazırlanan məmulatlar daxil olmuşdusa, 2012-ci ilin müvafiq dövrü ərzində bu rəqəm 395370,77 ABŞ dollarıdır. Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin, nəqliyyat vasitələri və onların hissələrinin idxalında da bu artım açıq görünür.Bu kimi amillər sənayenin başqa sahələrində də özunu biruzə verir. Deyək ki, Sovetlər birliyi dağılandan sonra Azərbaycan neft maşınqayırması Rusiya bazarlarını itirdi. Amma bu gün neft sənayesinin surətli inkişafı təchizat sahəsində əsaslı yeniləşmə tələb edir. Neft sənayesi üçün maşın və avadanlıq istehsalı tarixən inkişaf etmiş və maşınqayırma sənayesində əsas yer tutmuşdur. Azərbaycan dünyada neft maşınqayırması ölkəsi kimi tanınmışdır. Dünyada buruq qazma işində yeni mərhələ açmış turbin qazma və elektrik qazma qurğuları ilk dəfə Bakıda istehsal edilmişdir. Ulu öndərimiz Heydər Əliyevin Səttarxan adına zavodun işə salınmasının 100 illiyi münasibətilə zavod kollektivi ilə görüşündə deyirdi: "Azərbaycanın maşınqayırma sənayesi keçmiş Sovetlər İttifaqında bütün neft maşınqayırmasının mərkəzi idi. O dövrlərdə, o cümlədən 70-80-ci illərdə Sovetlər İttifaqı neft sənayesinin neftçıxarma avadanlığına tələbatının 70-80 faizini Azərbaycanın maşınqayırma zavodları ödəyirdi."
Təəssüf hissi ilə qeyd edilməlidir ki, vaxtı ilə sovet neft sənayesini demək olar ki, bütün qazma qurğuları və digər avadanlıqlarla təmin edən Bakı, bu gün bu məhsulları xaricdən alır. Amma Bakıda neft avadanlığı istehsalı üçün çox əlverişli imkanlar vardır. Bir əsrdən artıq vaxtda yaranmış zəngin təcrübə, peşəkar fəhlə və yüksək ixtisaslı elmi-texniki kadrlar, neft-maşınqayırma institutları, konstruktor-layihə büroları, neft-qaz sənayesinin ehtiyacları burada neft-mədən avadanlığı istehsalının səmərəli inkişafı üçün əvəzsiz bir mənbədir. Belə olan halda Bakını yenidən maşınqayırma mərkəzinə çevirmək bu günün tələbidir. Qeyd edək ki, mövcud durumun aktuallığını nəzərə alan ölkə Prezidenti öz çıxışlarında bu məsələnin araşdırılmasını tələb edərək, Azərbaycanda istehsal olunan yerli məhsullara üstünlük verilməsinin vacibliyini bildirib: "Dövlətin dəstəyi olmaqla, biz gərək özəl investorları stimullaşdıraraq, şərait yaradaq ki, onlar bu sahəyə daha çox investisiya qoysunlar. Yəni, bu sahədə biz özümüzü tikinti materialları ilə tam təmin etməliyik".
Qara metallurgiya qeyri neft sektorunda strateji sahələrdən biri sayılır. Bu sahənin müasir texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi, dünya bazarinda rəqabət qabiliyyətli məhsullar istehsal edən yeni müəssisələrin yaradılması vacibdir. Xatırladaq ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da öz çıxışlarının birində metallurgiyanın inkişafının vacibliyinə toxunaraq bildirmişdir: "Metallurgiya sənayesinin inkişafına böyük diqqət göstərilməlidir. Bu sahədə də böyük imkanlar vardır. Nəzərə alsaq ki, bizdə kifayət qədər metal qırıntıları var, onlardan səmərəli istifadə edilməlidir. Xaricdən indi məhsullar gətirilir. Bizim Daşkəsəndə filiz yataqlarımız vardır. Yəni, güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik".
Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, respublikanın qara metallurgiya sahəsində qiymətli imkanları mövcuddur. Hazırda Daşkəsən filiz yataqlarının ehtiyatları 350 mln ton qiymətləndirilir. Yaxın dövr ərzində Daşkəsəndə Filizsaflaşdırma Kombinatının yenidən qurulması və dəmirin filizdən birbaşa reduksiya edilməsi üçün ən son texnologiyalarla təchiz olunmuş, yüksək standartlara cavab verən metallurgiya kombinatının yaradılması planlaşdırılır. Qeyd etməliyəm ki, ölkə daxilində saflaşdırılmış dəmir filizindən son məhsul istehsal edən müəssisələr olmadığından 1954-cü ildən respublika bu xammalı qonşu Gürcüstana və digər ölkələrə ixrac edir. Respublikada belə zəngin xammalın olduğu bir şəraitdə və eləcə də müasir texnologiyaların tətbiqi sayəsində Azərbaycanda güclü Metallurgiya Kompleksinin yaranması, həmçinin respublikamızın Yaxın Şərqdə və Xəzərətrafı ölkələr arasında nüfuzlu metallurgiya sənayesi olan dövlətə çevrilməsi üçün əlverişli şərat vardır. Metallurgiya Kompleksinin yaradılması dövlətimizin iqtisadi sahədə daha da inkişaf etməsinə təkan verəcək, bu isə öz növbəsində daha peşəkar və lazımlı iş yerlərinin açılması üçün şərait yaradacaq. Bu gün ən müasir avadanlıqlar və texnologiyalarla təhciz olunmuş respublika metallurgiyasının elmi biliklərlə silahlanmış mühəndis-texniki kadrları da buna imkan verir. Metallurgiya kompleksinin yaradılması müxtəlif çeşidli, yüksək keyfiyyətli məhsulların istehsalını daha da genişləndirəcək, bu isə öz növbəsində Azərbaycanda qara metallurgiya bazarının nəinki yerli tələbatı ödəməsinə, həmçinin dünya bazarına hazır məhsul çıxarmasının daha da genişləndirilməsinə imkan yaradacaq. Bu isə dövlətin ağır sənaye məhsullarının ixracından gələn gəlirlərinin artması deməkdir.
Fəaliyyətinin son 3 ilində şirkətdə görülən işlərin miqyası o qədər böyükdür ki, şübhəsiz bunu bir yazıda əhatə etmək xeyli çətindir. Amma yeri gəlmişkən qeyd etməliyəm ki, 2001-ci ildə şirkət fəaliyyətə başlayanda 400 nəfər işçisi var idi, bu gün isə 3100 nəfərdir. Bundan əlavə, hazırda şirkətlə 150-dən çox subpodratçı şirkətlər çalışır. BSC-nin dinamik inkişafı şirkətə xidmət edən subpodratçı şirkətlərin də yüksələn istiqamətdə inkişafına və fəaliyyətlərini genişləndirməsinə səbəb olur. Eyni zamanda şirkətdə aparılan yenidənqurma işləri və yeni istehsal sahələrinin yaradılması bu sahədə daha böyük işlər aparıldığından xəbər verir. Daha sadə dillə desək, istehsal gücünün artırılması xeyli sayda yeni işçi qüvvəsinin istehsalata cəlb olunmasına təkan vermişdir. Ölkədə son 7 ildə 900 mindən artıq iş yeri açılmış və adamlar işlə təmin edilmişdir. Bu ölkə iqtisadiyyatının sürətlə inkişafını göstərməklə yanaşı, həm də adamların maddi-rifah halının və sosial vəziyyətinin yüksəlməsi haqqında bariz faktdır.
Baku Steel Company MMC-nin uğurlu və perespektivli inkişafı ulu öndərimiz Heydər Əliyevin dediyi kimi "Azərbaycan dövlətinin iqtisadi sahədə apardığı ardıcıl siyasətin bariz nümunəsidir". Şirkət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi, Azərbaycan dövlətinin iqtisadi siyasətindən bəhrələnərək ölkədə gedən quruculuq işlərində daim öndə dayanır. Xüsusən də, son 3 ildə metallurgiya sahəsində aparılan yenidənqurma və quruculuq işləri bu metallurgiya flaqmanının adı ilə bağlı olmuş, onun istehsal etdiyi məhsullar Azərbaycan brendi kimi yaxın xaricdə keyfiyyət göstəricilərinə görə şöhrət qazanmışdır.
{nl}
Rasim MƏMMƏDOV, "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.