Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilmişdir

Forumda Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobalia iştirak etmişlər. 
Forumu "Üç dəniz layihəsi" adlandıran Zəfər Çağlayan bildirmişdir ki, Türkiyə Ermənistana qarşı mövqeyini bundan sonra da davam etdirəcəkdir. "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir", - deyən türkiyəli nazir vurğulamışdır ki, qardaş ölkənin torpaqları işğaldan azad olunmayana qədər Ermənistan ilə diplomatik əlaqələr qurulmayacaqdır.
Cari ilin fevralında Tbilisidə keçirilmiş birinci forumun da əhəmiyyətindən bəhs edən Z.Çağlayan demişdir ki, üç dost ölkəni - Türkiyə, Azərbaycan və Gürcüstanı bir çox ortaq mənafe birləşdirir. Dünyada ciddi iqtisadi və maliyyə böhranı hökm sürdüyü bir şəraitdə bizim ölkələrdə inkişaf davam edir. Bu uğurlar prezidentlər İlham Əliyev, Mixeil Saakaşvili və Baş nazir Rəcəb Tayyib Ərdoğanın səylərinin nəticəsidir. Hazırda üç ölkənin milli gəliri 850 milyard dollar təşkil edir. Onların ümumu xarici ticarət həcmi isə 430 milyard dollara çatmışdır. Keçən il Türkiyənin Azərbaycan ilə ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollar, Gürcüstan ilə isə 1,5 milyard dollar olmuşdur. Gürcüstan ilə Azərbaycanın 850 milyon dollarlıq ticarət dövriyyəsini də nəzərə alsaq, ölkələrimiz arasında ümumi ticarətin həcmi 6 milyard dollardır. Bu rəqəm yaxşı sayılsa da, kifayət deyildir. Gələcəkdə daha böyük nəticələr əldə etmək üçün geniş potensialımız vardır. Türkiyənin Azərbaycanda yatırdığı kimi, Azərbaycanın da Türkiyədəki sərmayəsi yaxın gələcəkdə daha da artacaqdır. Eyni zamanda, ARDNŞ-in Türkiyədəki sərmayəsi də iqtisadiyyatımız üçün əhəmiyyətlidir. Biz, həmçinin üç ölkə arasında azad ticarət zonasının yaradılmasına nail olmalıyıq.
Şahin Mustafayev çıxışında bildirmişdir ki, bu mühüm forum Azərbaycan hökuməti və iş adamlarında böyük maraq doğurmuşdur. Bizim şirkətlərimiz əməkdaşlığın daha da genişləndirilməsinə hazırdırlar. İndi Azərbaycanın bu sahədə güclü infrastrukturu, geniş potensialı vardır. Türkiyə və Gürcüstanda sərmayələrin həcmi artır və yeni birgə layihələr həyata keçiriləcəkdir.
Gürcüstanlı nazir Vera Kobalia Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən bəhs etmiş, bu xəttin üç ölkənin əməkdaşlığında yeni mərhələ açacağını vurğulamışdır. O, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində Azərbaycan dövlətinin səylərini xüsusi vurğulamışdır.
Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyə, Gürcüstanın müvafiq idarələrinin iqtisadiyyata dair təqdimatları olmuşdur.
Sonra forum iştirakçıları Qars şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar.
Forum iştirakçıları ARDNŞ-in Qars şəhərində inşa etdirdiyi 24 sinifdən və 200 yerlik yataqxanadan ibarət Heydər Əliyev adına peşə liseyində tikinti işlərinin gedişi ilə maraqlanmışlar. Burada vurğulanmışdır ki, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini Türkiyənin bütün bölgələrində əziz tutur, adını əbədiləşdirirlər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov tədbirlərdə iştirak etmişlər.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Qars


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında