Azərbaycanda keçirilən 19-cu beynəlxalq "Xəzər neft-qaz sərgi və konfransı"na yekun vuruldu. Xatırladaq ki, iyun ayının 5-dən 8-dək davam edən builki sərgidə dünyanın 35 ölkəsini təmsil edən 304 şirkət iştirak edirdi. Bakı Sərgi Mərkəzində keçirilən bu möhtəşəm tədbirdə iştirak edən şirkətlərin 59 faizi xarici şirkətlər idi. Bütövlükdə isə sərgi sahəsinin 40 faizini dünya şöhrətli xarici şirkətlər tuturdu. Onların isə 10 faizi yeni şirkətlər idi. Onu da deyək ki, ənənəvi sərgi neft və qaz sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, bu möhtəşəm tədbir həmin şirkətləri bir araya toplayaraq onlara öz nailiyyətlərini, potensial imkanlarını nümayiş etdirməyə, yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına geniş meydan açır. Elə bunu sərgi iştirakçılarından aldığımız rəylər də təsdiq edir. Həmin rəyləri təqdim edirik.
Hans Herman Eke, Almaniyanın RWE. dea şirkətinin yeni müəssisələr üzrə baş vitse-prezidenti: - RWE şirkətinin baş ofisi Almaniyanın Hamburq şəhərində yerləşir. Onun bir bölməsi olan RWE. dea şirkəti neftin kəşfiyyatı və hasilatı ilə məşğuldur. İki ildir ki, Azərbaycanda fəaliyyət göstəririk. 2009-cu ildə ölkənizdə qeydiyyatdan keçən şirkətimiz ötən müddətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Naxçıvan" strukturu üzrə danışıqlar aparmışıq. Bu da hasilatın pay bölgüsünə dair sazişin imzalanması istiqamətində mühüm addımdır. Artıq "Naxçıvan" strukturunun kəşfiyyatı və qazma işlərini əhatə edən bu sazişin imzalanması ilə bağlı xeyli irəliləyişə nail olunmuşdur. Ümidvarıq ki, çox yaxın bir müddətdə bu saziş imzalanacaq və biz Azərbaycanda tam fəaliyyətə başlaya biləcəyik. Onu da qeyd etmək istəyirəm ki, "Naxçıvan" strukturundan əlavə bizim Azərbaycanda başqa maraqlarımız da var. Ümumiyyətlə, biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə digər layihələrdə də işləməyə hər an hazırıq.
Azərbaycan zəngin neft ənənələrinə malik bir ölkədir. Bugünkü sərgi də məhz bunu təsdiqləyir. Yeri gəlmişkən, demək istəyirəm ki, sərgi çox möhtəşəm təşkil olunmuşdur. Bu bir daha onu sübut edir ki, Azərbaycan bu tipli tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Bu da xaricdən gələn şirkətlər üçün çox cəlbedicidir və əlbəttə ki, bu amil onlarda sərgidə iştirak etmək üçün böyük stimul yaradır. Şirkətimiz artıq dördüncü dəfədir ki, Xəzər neft-qaz sərgisində iştirak edir. Sərgi həm də əməkdaşlıq əlaqələrinin yaradılması üçün, bir növ, əla fürsətdir. Bütövlükdə isə deməliyəm ki, əməkdaşlıq ümumi biznesin inkişafından asılı olan bir məqamdır. Əlbəttə ki, rəqabət elə bir məsələdir ki, o, həmişə şirkətləri daha yaxşı xidmət göstərməyə məcbur edir.
Arzu Həsənova, Vyetnamın "Petrovyetnam" şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı: - Petrovyetnam Neft və Qaz Korporasiyası 1973-cü ildə yaradılmışdır. Şirkətimiz yeni neft yataqlarının kəşfiyyatı, neftin hasilatı, emalı və satışı ilə məşğuldur. Bütövlükdə isə neft-qaz sektorunda çoxşaxəli fəaliyyəti ilə seçilən Petrovyetnam şirkətinin bir neçə bölməsi vardır. Vyetnamın dövlət neft şirkəti olan Petrovyetnam Kanada, Malayziya, Sinqapur, Konqo, Madaqaskar və digər ölkələrdə neftin kəşfiyyatı, hasilatı, satışı, ekologiya və s. sahələrdə çalışır. Son illərdə isə şirkət MDB ölkələrindən olan Qazaxıstanda və Rusiyanın bir çox yerlərində öz fəaliyyətini qurmuşdur. Bütövlükdə isə şirkətimiz neftin və qazın kəşfiyyatı, hasilatı və satışı ilə bağlı 80-dən çox sazişdə iştirak payına malikdir. Azərbaycandakı fəaliyyətimizə gəldikdə bu, iki illik bir zaman kəsiyini əhatə edir. Azərbaycandakı fəaliyyətimizin əsas hədəfi isə burada Dövlət Neft Şirkəti ilə birlikdə neft yataqlarında kəşfiyyat, hasilat və digər sahələrdə müştərək işləməkdən ibarətdir.
Azərbaycanda Xəzər neft-qaz sərgi və konfransının keçirilməsi artıq ənənə halını almışdır. Ötənilki sərgidə qonaq qismində iştirak etməyimiz bizdə bu tədbirə marağı xeyli artırdı. Ona görə də builki sərgidə rəsmi şəkildə iştirak eməyi qərara aldıq. Bunun digər səbəbi də ondan ibarətdir ki, artıq şirkətimiz Azərbaycanda bir sıra razılaşma sənədlərinə imza atmışdır. Bu isə Azərbaycandakı fəaliyyətimizin genişləndirilməsi üçün imkan yaradır. Sərginin işinə qatılmaq həm də bizim üçün digər iştirakçı şirkətlərlə neft və qaz sektoruna aid yeni əlaqələr yaradılması baxımından vacibdir. Yeri gəlmişkən, fürsətdən istifadə edib sərginin möhtəşəm təşkilinə nail olduğuna görə "İTE Qroup" üzvlərinə təşəkkürümü bildirirəm.
Nazim Allahverdiyev, ABŞ-ın PPG Protective and Marine Coatings şirkətinin Xəzər regionu üzrə nümayəndəliyinin texniki satış müdiri: - PPG-nin Azərbaycandakı ofisi bütün Xəzər regionunu əhatə edir. Burada Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan da təmsil olunur. Xatırladım ki, PPG boya və qoruyucu örtüklərin istehsalı üzrə dünyada lider şirkətlərdən biridir. Şirkətimiz boru kəmərləri, polad buruqlar üçün boya və örtüklər istehsal edir. Dünyanın ayrı-ayrı ölkələrində 40 zavodumuz var. Azərbaycana boya məhsulları Belçika və Dubaydan gətirilir. Dubayda istehsal sahəsi olmasa da, məhsul anbarımız var. Yaxın illərdə Xəzər regionunda da istehsala başlamaq niyyətindəyik. Amma bu, hələ ideyadır. Fikirləşirik ki, iqtisadi və coğrafi cəhətdən bu, harada daha əlverişli olar. Azərbaycanda iki ildir, fəaliyyət göstəririk. Burada SOCAR, bp, "Saypem", "Şevron", "Şell" və digər şirkətlərlə əməkdaşlıq edirik. Biz bir qədər əvvəl Özbəkistanda və Qazaxıstanda keçirilən neft-qaz sərgilərində də iştirak etmişik. Bakıdakı sərgi isə "Expo Center" kimi möhtəşəm bir mərkəzdə keçirilməsi ilə fərqlənir. Onu da deyim ki, burada dünyanın ən aparıcı şirkətləri toplaşıb. Deməli, yeni tanışlıqlar, gələcək əlaqələr üçün münbit şərait var.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.