Şriftin ölçüsü:
08.06.2012 11:05 | Oxunma sayı: 668
XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı iyunun 7-də işini başa çatdırmışdır. Konfransın ikinci günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Müstəqillik illərində Azərbaycanda aparılmış geoloji-kəşfiyyat işlərində əldə edilmiş nailiyyətlər" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Akademik Xoşbəxt Yusifzadə demişdir ki, 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı ölkələrinin məşhur neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmışdır. Müqaviləyə əsasən, dənizdə suyun dərin sahələrində yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının neft və qaz ehtiyatlarının çıxarılmasına nail olunmuşdur. Bu yataqlarda genişmiqyaslı geoloji-kəşfiyyat işləri aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsi ilə Azərbaycanda neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona, qaz hasilatı isə 2004-cü ildəki 5 milyard kubmetrdən 2010-cu ildə 26 milyard kubmetrə çatdırılmışdır. İstismarın əvvəlindən bəri "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə 272 milyon ton neft hasil edilmişdir ki, bunun 134 milyon tonu mənfəət nefti kimi Azərbaycanın payına düşmüşdür. Ötən illər ərzində ölkəmizin neft sektoruna 45 milyard ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Bu nailiyyətlər respublikanın dəniz və quru sahələrində aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsində yeni aşkar edilmiş karbohidrogen yataqlarının sayəsində əldə edilmişdir.
1996-cı ildən bu günədək xarici neft şirkətləri ARDNŞ ilə birlikdə müvafiq sazişlər üzrə dənizdəki 18 sahədə axtarış-kəşfiyyat işləri aparılmış, 11 sahə kəşfiyyata yeni daxil edilmiş, 34 quyuda qazma işləri başa çatdırılmışdır. Bu illər ərzində axtarış-qazma işləri "Qarabağ", "Əşrəfi", "Naxçıvan", "Zəfər", "Məşəl", "İnam" və başqa yataqlarda aparılmışdır.
X.Yusifzadə diqqətə çatdırmışdır ki, 1996-2011-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda aparılan axtarış-kəşfiyyat qazması nəticəsində müəyyən edilmişdir ki, quyuların 50 faizdən çoxu məhsuldardır.
"Azəri-Çıraq-Günəşli" yataqlarında aparılmış səmərəli kəşfiyyat qazmasının davam etdirilməsi nəticəsində bu blokda neft ehtiyatlarının 510 milyon ton deyil, 1 milyard ton olduğu müəyyənləşdirilmişdir. Axtarış-kəşfiyyat qazması nəticəsində 1999-cu ildə dənizdə aşkar edilmiş "Şahdəniz" yatağında 1 trilyon 200 milyard kubmetr qaz və 240 milyon tondan artıq kondensat ehtiyatı olduğu müəyyənləşdirilmişdir. Bunun sayəsində Azərbaycan qaz ixrac edən ölkəyə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsində respublikamızın neft-qaz sənayesi sürətlə inkişaf etmiş, ARDNŞ beynəlxalq səviyyəli şirkətə çevrilmişdir. Bu özünü ARDNŞ-in istər ölkə daxildə, istərsə də xaricdə reallaşdırdığı layihələrdə əyani şəkildə göstərir.
"bp-Azərbaycan" şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezidenti Qreqori Rayli "Xəzərin potensialının açılması: Azərbaycanda seysmik nailiyyətlər" mövzusunda məruzə edərək demişdir ki, Xəzər dənizinin Azərbaycan sektorunda aparılan bütün kəşfiyyat-axtarış işləri uğurla nəticələnmişdir. Qazılan quyuların hamısı proqnozu doğrultmuşdur.
"RWE Dea AG" şirkətinin baş geoloqu Yoxen Naet "Azərbaycanda Cənubi Xəzər hövzəsində 3Ö neft sisteminin modelləşdirilməsi" mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın neft və qaz sənayesində müasir texnologiyalar sürətlə tətbiq edilir ki, bu da təhlükəsizlik və ekoloji baxımdan olduqca əhəmiyyətlidir.
"Statoil" şirkətinin baş geoloqu Novruz Əhmədov "Mürəkkəb ərazilərin kəşfiyyatı üzrə xüsusi qərarların qəbul edilməsi" adlı məruzəsində diqqətə çatdırmışdır ki, neft və qazın aşkar edilməsi üçün hər hansı bir ərazidə qazma işləri başlamazdan əvvəl həmin ərazi ətraflı öyrənilməli, seysmoloji vəziyyəti dəqiqləşdirilməlidir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərin dəqiqliyinin nəticəsidir ki, istismarda olan yataqların heç birində təbii və texnogen hadisə baş verməmişdir.
"Total-Abşeron" şirkətinin geologiya-geofizika üzrə meneceri Bertran Şövalye "Abşeron blokuna uğurlu qayıdış", "Velosi Asset İntegrity Ltd" şirkətinin idarəetmə üzrə baş mütəxəssisi Stefen Çiaraldi "İri neft-qaz layihələrinin idarə edilməsi", "bp" şirkətinin yeni texnologiyalar və onların tətbiqi üzrə vitse-prezidenti Endi Breyşou "Nəhəng potensialların texnologiyalar vasitəsi ilə açılması" mövzularında məruzələr etmişlər. Məruzələrdə yeni texnologiyalar, onların tətbiqinin iqtisadi səmərəsi, neft və qazın nəql olunmasında istifadə edilən boruların keyfiyyəti, müəssisələrdə təhlükəsizlik qaydalarına nəzarət və başqa məsələlərə toxunulmuşdur.
Sonra iştirakçılar konfrans çərçivəsində "Regionda investisiya imkanları", "Nəql" və "Dünya enerji sektorunda dəyişikliklərin Xəzər regionuna təsiri" mövzularında keçirilən sessiyaların işinə qatılmışlar. Sessiyalarda müzakirələr aparılmış, konfransda söylənilən məruzələr təhlil edilmişdir.
Sonda ARDNŞ prezidentinin müşaviri Murad Heydərov və Oksford Enerji Tədqiqatları İnstitutunun baş elmi mütəxəssisi Saymon Pirani konfrans iştirakçılarının suallarını cavablandırmışlar.
Bununla da XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı başa çatmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.