Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı işə başlamışdır

İyunun 6-da "Hilton Baku" otelində XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı işə başlamışdır. 
İki gün davam edəcək konfransda 500-dən çox nümayəndə iştirak edir.
Konfransda Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov və İTE Group PLC şirkətinin baş məsləhətçisi Endrü Vud çıxış edərək iştirakçıları salamlamış, sərgi və konfransın işinə uğurlar arzulamışlar.
"Xəzər regionunun qızıl əsri" mövzusunda keçirilən birinci sessiyada çıxış edən Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov bildirmişdir ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyinə, dünyamiqyaslı təbii ehtiyatlarına və potensialına əsaslanaraq, Avropanın və digər qitələrin ölkələri, dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlığını davam etdirir. Bu əməkdaşlığın nəticəsidir ki, artıq Xəzər dənizindən Avropa bazarlarına nəql marşrutları reallaşdırılmışdır və hazırda yeni mühüm layihələrin həyata keçirilməsinin mümkünlüyü təhlil edilir. Hazırda Azərbaycanın neft-qaz sənayesi öz inkişafının ən mühüm dövrünü yaşayır. Ölkənin neft-qaz sahəsinə böyükhəcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində neft hasilatı 1991-ci ildən bəri beş dəfə, qaz hasilatı isə dörd dəfədən çox artmışdır. 2004-cü ildən etibarən respublikamızda iqtisadi artım 300 faizdən çox olmuşdur ki, bu da olduqca ciddi irəliləyişdir. Bu artımın ən böyük hissəsi neft və qaz sektorunun payına düşür.
R.Məmmədov diqqətə çatdırmışdır ki, 2011-ci ildə Azərbaycanın investisiya proqramının böyük hissəsi dövlət hesabına həyata keçirilmiş və bunun nəticəsində valyuta ehtiyatlarımız artmışdır.
İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. Azərbaycan birbaşa investisiya qoyuluşuna görə dünyada lider ölkələrdən biridir. Son 15 ildə Azərbaycana qoyulan xarici investisiyalar 120 milyard dollara çatmışdır. Artıq bu gün Azərbaycan xarici ölkələrdə investisiya proqramlarını həyata keçirir. İndi Azərbaycanda daxili investisiyalar xarici investisiyaları üstələyir. Belə ki, 20 milyard investisiyanın 13 milyardı daxili investisiyalar, 7 milyardı isə xarici sərmayələrdir. Azərbaycan qısa vaxtda maliyyə ehtiyatlarını böyük həcmdə artırmağa müvəffəq olmuşdur. Ölkədə təsdiq olunmuş neft ehtiyatları 2 milyard ton, qaz ehtiyatları isə 2,6 trilyon kubmetr həcmindədir. Bu gün Azərbaycan nefti dünyanın 24-dən çox ölkəsinə ixrac edilir. Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadır.
Ötən il yeni zəngin ehtiyatları olan qaz yataqlarının aşkarlandığını deyən R.Məmmədov qeyd etmişdir ki, "Abşeron" qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmış və ilkin məlumatlara görə, bu yataqda 350 milyard kubmetr qaz ehtiyatlarının mövcudluğu müəyyənləşdirilmişdir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia qurumun enerji komissarı Günter Ottingerin müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, qabaqcıl neft və qaz texnologiyasını tətbiq edən Azərbaycan 20 illik müstəqillik dövründə böyük nailiyyətlər əldə etmişdir. Bu istiqamətdə şəffaf qanunlar qəbul edilmiş və müxtəlif dövlətlərlə uzunmüddətli əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu dövrdə inkişaf edən əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatların və şirkətlərin Azərbaycana sərmayə yatırmaları üçün münbit şərait yaradılmış və dünyasəviyyəli ARDNŞ ölkənin uzunmüddətli, davamlı iqtisadi inkişafının təmin olunması işinə mühüm töhfələr vermişdir. Azərbaycanın artıq uzunmüddətli strategiyası formalaşmışdır. İqtisadi inkişafı ilə yanaşı, Azərbaycan hər zaman öz zəngin mədəniyyəti ilə seçilmişdir.
Litvanın energetika naziri Arvidas Sekmokas, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Hasan Murat Mercan, ABŞ Dövlət Departamentinin Avrasiya Enerji məsələləri üzrə xüsusi səfiri yanında baş müşavir Daniel Stein məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının olduğu diqqətə çatdırılmış, Baltikyanı və Xəzər regionu ölkələrinin mümkün əməkdaşlıq imkanlarından, Avrasiya dövlətlərinin enerji məsələlərindən bəhs edilmişdir.
"Dünya enerji bazarının təminatı" mövzusunda keçirilən ikinci sessiyada ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, konfransın işinə uğurlar arzulamışdır.
Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini təmin etmişdir. Azərbaycan, həmçinin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan xarici neft şirkətləri ilə birlikdə axtarış- kəşfiyyat, qazma, tikinti, neft və qazın hasilatı sahəsində uğurlu nəticələr əldə etmişdir.
X.Yusifzadə demişdir ki, "Azəri-Çıraq-Günəşli" yataqlarının ümumi çıxarıla biləcək ehtiyatları 1 milyard 200 milyon ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz" layihəsi üzrə hasil edilən qaz Gürcüstana və Türkiyəyə ixrac olunur. Artıq layihənin ikinci mərhələsinə hazırlıq işləri yekunlaşmaq üzrədir. "Ümid" yatağında qazılmış ikinci quyunun hasilatı üçün hazırlıq işləri başa çatmışdır. 2011-ci ildə Xəzərin Azərbaycan sektorunda qaz hasilatı 26 milyard kubmetrə çatmışdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir.
Sessiyada "bp Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir, "Statoil" şirkətinin icraçı vitse-prezidenti Piter Melbay, "OMV" şirkətinin Xəzər regionu üzrə meneceri Volfqanq Şporrer, "Botaş" şirkətinin baş menecerinin müavini Savaş Yanık, "DEPA S.A." şirkətinin beynəlxalq layihələr bölməsinin rəhbəri Kostantinos Karagiannakos, "Türkmənneft" Dövlət Konserninin sədr müavini Xıdırberdı Mametnazarov, Gürcüstan Neft və Qaz Korporasiyasının müşaviri David Oniani məruzələrlə çıxış etmişlər. Məruzələrdə Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına çatdırılması, Avrasiyanın enerji təminatı məsələlərindən danışılmışdır.
Sonra "Neft-qaz emalı və neft-kimya layihələri" və "Ekologiya və təmiz enerjinin yeni mənbələri" mövzularında keçirilən sessiyalarda müzakirələr aparılmış, məruzələr dinlənilmişdir.
Konfrans işini iyunun 7-də davam etdirəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında