Ənənəvi Xəzər neft-qaz sərgi və konfransı öz işinə başlayır

Bu gün Bakıda dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən tanınmış şirkətlərinin iştirakı ilə keçirilən ənənəvi "Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgi və konfransı" öz işinə başlayır. Xatırladaq ki, Xəzəryanı regionun neft-qaz sektoru üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bu beynəlxalq tədbir neft və milyonlar səltənəti olan Bakı şəhərində ilk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir.
Bu möhtəşəm tədbir dünyanın əsas iqtisadi dairələrinin, neft-qaz sektorunda çalışan transmilli şirkətlərinin diqqətini Xəzər regionunun, xüsusən də qədim neft diyarı kimi tanınan Azərbaycanın karbohidrogen ehtiyatlarına, burada reallaşdırılan iri neft və qaz layihələrinə yönəltmək baxımından müstəsna rol oynayır. Eyni zamanda, bu il sayca 19-cu dəfə keçirilən beynəlxalq "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgisi regionun və dünyanın neft sektorunu təmsil edən iri istehsalçı və təchizatçı şirkətləri, eləcə də aparıcı ekspertləri bir yerə toplamaq baxımından da diqqəti cəlb edir.
Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı bu sahədə fəaliyyət göstərən şirkətlər üçün, bir növ, hesabat xarakteri daşıyır. Adıçəkilən tədbirin böyük şöhrət qazanmasının başlıca səbəblərindən biri də dünya neft-qaz hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın bu sahədəki zəngin ənənələri, ölkə rəhbərliyinin sərgiyə, həmçinin neft sektorunun inkişafına göstərdiyi qayğı və diqqətdir. Bu və digər məsələlər barədə 19-cu "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransa həsr olunmuş dünənki mətbuat konfransında ətraflı məlumat verildi.
Böyük Britaniyanın "İTE Qrup" şirkətinin Xəzər üzrə regional direktoru Edvard Stroon bildirdi ki, regionun neft və qaz sahəsi üçün xüsusi əhəmiyyət daşıyan bu möhtəşəm tədbir 5-8 iyun tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək. Qeyd olundu ki, dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir neft-qaz sənayesinin ən son nailiyyətlərini nümayiş etdirmək, mövcud problemlər barədə fikir mübadiləsi aparmaq məqsədilə hər il dünya neft və qaz sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il sərginin təntənəli açılış mərasimində iştirak etməsi isə tədbirin yüksək statusunu bir qədər də möhkəmləndirir. E. Stroon qeyd etdi ki, builki sərgidə dünyanın 35 ölkəsindən 304 şirkətin iştirakı gözlənilir. Sərgi sahəsinin 40 faizini dünya şöhrətli şirkətlər tutur ki, onların da əksəriyyəti tədbirin daimi və fəal iştirakçılarıdır. Sərginin işində xüsusi fəallıqları ilə seçilən Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. O da bildirildi ki, bu il MDB, Avropa və Şərqi Asiya şirkətlərinin sayında da əhəmiyyətli artım nəzərə çarpır. 40 şirkət ənənəvi neft-qaz sərgi və konfransının işində ilk dəfə iştirak edəcəkdir ki, onların sırasında Vyetnam şirkətləri də vardır. Bütövlükdə isə ekspozisiya sahəsinin 59 faizini xarici şirkətlər tuturlar. Qalan sahənin yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndələri üçün ayrıldığını diqqətə çatdıran E. Stroon ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməyən yeni şirkətlər tərəfindən tutulduğunu sərgiyə olan marağın artmasının göstəricisi kimi dəyərləndirdi.
Sərginin təşkilatçıları isə Böyük Britaniyanın "İTE Qroup plc" və onun tərəfdaşı "İteca Caspian" şirkətləridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi də ənənəvi olaraq sərgiyə dəstək göstərirlər. Bütövlükdə isə builki sərgi və konfransa rekord sayda- 21 şirkətin sponsorluq etməsi onun yüksək statusunu bir daha təsdiqləyir. "Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgi və konfransı"nın baş sponsoru bp Azərbaycan şirkəti, qızıl sponsoru isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
"Xəzər neft-qaz" sərgisinin layihə meneceri Tofiq Kərimov bildirdi ki, neftçıxarma və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qaz avadanlıqları, neft və qazın saxlanması sistemlərinin təmin olunması, regionda mövcud olan və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələri və s. mövzular sərgidə aparıcı yer tutacaq. Bundan əlavə, T. Kərimov bu il tədbir çərvivəsində keçiriləcək 2-ci "Xəzər beynəlxalq və alternativ enerji" sərgisi ilə bağlı da media nümayəndələrinə ətraflı məlumat verdi. Qeyd olundu ki, sözügedən tədbirin əsas məqsədi regionda enerji sektorunun gələcək inkişafı üçün münbit şəraitin təmin olunmasına, biznes əlaqələrinin qurulmasına, satış bazarlarının genişləndirilməsinə, birgə müəssisələrin yaradılmasına və ölkə bazarında investisiya layihələrinin, o cümlədən texnologiya və avadanlıqların təşviqinə kömək etməkdən ibarətdir. Sərgiyə rəsmi dəstək isə "Azərenerji" ASC və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən təmin olunur.
Yeri gəlmişkən, sərginin keçirildiyi günlərdə "Neft-qaz, neftayırma və neft kimyası konfransı"nın da keçirilməsi artıq ənənəvi xarakter almışdır. Bu barədə jurnalistlərə məlumat verən Xəzər neft və qaz konfransının meneceri Nigar Muradxanlı bildirdi ki, bu il ilk dəfə olaraq tədbir "Hilton Baku" otelində keçiriləcək. İyunun 6-da start götürəcək konfransda 550 nəfər nümayəndənin iştirak etməsinin neft-qaz sənayesində ikitərəfli əməkdaşlığa marağın artmasının nəticəsi olduğunu diqqətə çatdıran N. Muradxanlı qeyd etdi ki, konfransda "Xəzər regionunun qızıl dövrü", "Neft-qaz emalı və neft kimya layihələri, həmçinin ölkədə regionun ən böyük neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması", "Enerji daşıyıcılarının dünya bazarına təchizi", "Azərbaycanın əsas kəşfiyyat və hasilat layihələrinin icmalı", "Regionda investisiya imkanları" və s. mövzuda məruzələr dinləniləcək.
Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı suallarına da ətraflı cavab verildi.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında