Konqresmen Trent Franks: "Azərbaycan OPEC təchizatçılarına alternativ kimi ABŞ-ın milli maraqları üçün çox əhəmiyyətlidir"

ABŞ-ın Arizona ştatının Vaşinqtondakı təmsilçisi, Nümayəndələr Palatasında Silahlı Xidmətlər və Ədliyyə Komitələrinin üzvü, respublikaçı konqresmen Trent Franks Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr edilən konfransda ölkəmizə bölgədə nümayiş etdirdiyi iradə və ABŞ-la əməkdaşlığa görə minnətdarlığını bildirmişdir. Konfransın "Xəzər hövzəsinin enerji təhlükəsizliyi" devizi altına keçirilən sessiyasında çıxış edən T.Franks bildirmişdir ki, son 20 il ərzində Azərbaycan ilə ABŞ arasında qurulan strateji tərəfdaşlıq böyük əhəmiyyətə malikdir. 
Konqresmen demişdir: "ABŞ Konqresinin çoxsaylı üzvləri bölgədə Azərbaycanın göstərdiyi cəsarət və iradəni yüksək qiymətləndirirlər. Təbii ehtiyatların işlənilməsi və bir sıra mühüm məsələlərdə, o cümlədən beynəlxalq və enerji təhlükəsizliyi üzrə Birləşmiş Ştatlarla Azərbaycanın əməkdaşlığını önəmli hesab edirik.
Mən bir neçə il əvvəl Rusiyada baş verən Beslan faciəsi zamanı oraya səfər etmişdim. Terror bütün bəşəriyyətə təhdid yaratdığına görə, biz bölgədəki bütün dostlarla birgə olmalıyıq.
Azərbaycan ətrafdakı digər dövlətlərlə müqayisədə müstəqillik qazandıqdan bəri inanılmaz uğurlar və irəliləyiş əldə etmişdir. Tarixi xatırlasaq, Azərbaycanı və Bakını ələ keçirmək hələ faşistlərin dövründə Hitler üçün əsas bir məqsəd idi. Bu gün Azərbaycan, şübhəsiz, Birləşmiş Ştatların qlobal enerji təhlükəsizliyində ən vacib tərəfdaşlarından biridir.
Biz 1970-ci illərdə OPEC-lə yaşadığımız problemləri hələ də xatırlayırıq. Azərbaycan OPEC təchizatçılarına alternativ kimi ABŞ-ın milli maraqları üçün çox əhəmiyyətlidir. Bilirəm ki, Azərbaycanın neftlə yanaşı, böyük qaz ehtiyatlarınız da vardır. "Şahdəniz" yatağı dünyanın ən böyük qaz yataqları sırasındadır. Azərbaycanın neft-qaz kəmərlərini şaxələndirmək planları olduqca əhəmiyyətlidir. Çünki bununla Azərbaycan enerji təminatı mənasında təkcə ABŞ-ın təhlükəsizliyini deyil, bizim müttəfiqlərin də təhlükəsizliyini möhkəmləndirmiş olur. Ümid edirəm, bu planlar davamlı olaraq gerçəkləşəcəkdir. Xəzər hövzəsində enerji təhlükəsizliyi üzrə əməkdaşlıq münasibətlərimizin əsas istiqamətidir. Bölgədə enerji dəhlizlərinin şaxələndirilməsində tutduğu mövqe Azərbaycanı strateji tərəfdaş və etibarlı müttəfiqə çevirir.
Mən, bu konfransın bütün təşkilatçılarına minnətdarlığımı bildirirəm. Burada iştirak edənlərin münasibətlərimizi öz işləri ilə möhkəmləndirəcəklərinə ümid edirəm. Bu gün ABŞ və Azərbaycanın birlikdə olması çox vacibdir. Çünki illər sonra uşaqlarımız bu günün çətinlikləri ilə necə birgə mübarizə apardığımızla maraqlanacaqlar. Biz, elə bir dövrdə yaşayırıq ki, terrorizm hamımıza təsir edir. Ona görə, azadlıq və bəşəriyyətsevənlərin birgə olması vacibdir.
Sonda qeyd edim ki, ABŞ-da Azərbaycana və onun xalqına, bölgədə nümayiş etdirdiyi cəsarətə rəğbət vardır. Ümid edirəm ki, biz gələcəkdə də birgə işimizi davam etdirərək, övladlarımıza daha azad və yaxşı həyat bəxş edə biləcəyik".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında