Şriftin ölçüsü:
02.06.2012 12:04 | Oxunma sayı: 974
Yasamal rayonundakı Hüseyn Cavid adına parkda Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasının təşkilatçılığı ilə "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilmişdir. Ötən illərdən fərqli olaraq, tədbir rəsm işlərinin sərgisi ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə uşaqlar üçün böyük bayram şənliyinin təşkil olunması ilə yadda qalmışdır.
"Vergi uşaqların gözü ilə" rəsm müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və tədris prosesi zamanı vergilər barədə müəllimlərdən və valideynlərindən aldıqları bilikləri kağız üzərinə köçürürlər. Ötən 10 il ərzində sərgidə ümumilikdə 2500-ə yaxın rəsm əsəri nümayiş etdirilmiş, illər ötdükcə sərgiyə təqdim olunan rəsmlər də xeyli təkmilləşmiş, mövzu çalarları zənginləşmişdir. Builki müsabiqə 2012-ci ilin aprel ayından start götürmüş, 250-dən çox rəsm nümunəsi Azərbaycan Rəssamlar İttifaqının baş katibi, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun rəhbərlik etdiyi 6 nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunmuşdur.
Yubiley tədbirini T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açmış, rəsm müsabiqəsinin əhəmiyyəti, uşaqların yaradıcılığında onun oynadığı rol barədə danışmışdır.
Vergilər Nazirliyi Aparatının rəhbəri Asif Cahangirov tədbir iştirakçılarını salamlamış və qeyd etmişdir ki, belə rəsm müsabiqələri uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə, vergilərin ictimai həyatda oynadığı rol haqqında onlarda müəyyən təsəvvürlərin formalaşmasına imkan yaradır. Təqdim olunan əsərlər gənc nəsildə vergi mədəniyyətinin və vergi biliklərinin formalaşmasına imkan yaradır.
Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov çıxış edərək bildirmişdir ki, uşaq və gənclər arasında vergi biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini nəzərə alan Vergilər Nazirliyi 2003-cü ildən başlayaraq hər il "Uşaq dünyası" qalereyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günündə rəsm və inşa müsabiqəsi keçirir. Gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində gördüyü işlərin mühüm hissəsidir. E.Məmmədov müsabiqənin keçirildiyi 10 illik tarixə qısa nəzər salmış, bu müddət ərzində müsabiqə iştirakçıları sırasında peşəkar rəssamların da yetişdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, tədbirin əsas məqsədi gələcəyin vergi ödəyiciləri olan gənclərə vergi haqqında bilik və anlayışların uşaqların başa düşə biləcəyi formada çatdırılmasından ibarətdir. Hər il bu müsabiqələrdə iştirak etmiş rəsm əsərləri nəfis albom şəklində nəşr edilir və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir və builki müsabiqədə iştirak edən 200-dən artıq rəsm əsərinin də ən yaxşılarından bu məqsədlə istifadə ediləcək.
Sonra rəsm müsabiqəsinin münsiflər heyətinin sədri, xalq rəssamı Ağaəli İbrahimov rəsm və inşa üzrə builki müsabiqənin qaliblərini elan etmiş, münsiflər heyətinin üzvləri tərəfindən onlara diplom və hədiyyələr təqdim olunmuşdur. İnşa müsabiqəsində Seymur Həşimov 1-ci, Aydan Kazımova 2-ci, Alsu Cavadova 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Firuzə Mahmudova 1-ci, Seyid Oqtay Həsənov 2-ci, Daşa Starikova 3-cü yerə, 9-12 yaş qrupu üzrə Məmməd Haqverdi 1-ci, Fuad Anzurov 2-ci, Məryəm Sultanova 3-cü yerə, 13-18 yaş qrupu üzrə Milana Süleymanova 1-ci, Mustafa Abdullayev 2-ci, Zümrüd İbişova 3-cü yerə layiq görülmüşlər. Bundan başqa, ötən müsabiqələrdə qalib olmuş 5 nəfər gənc rəssama Vergilər Nazirliyinin xatirə hədiyyələri verilmişdir.
Bayram şənliyi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gənc vokalçı və rəqqaslarından ibarət "Noğullar" və "Can bala" uşaq musiqi qruplarının, "Cücələrim" rəqs ansamblının, şən klounların və sehrbazların çıxışları ilə davam etmişdir. Rəsm sərgisi gün ərzində H.Cavid parkında nümayiş etdirilmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.