Ölkəmizin qeyri-neft sektorunda mühüm layihə

Azərbaycanın qeyri-neft sektorundakı uğurlu fəaliyyəti ilə diqqəti cəlb edən "AGA" Şirkətlər Qrupu ölkəmizdə daha bir mühüm layihəni reallaşdırmağa yaxındır. Dünən "Caspian Plaza" iş mərkəzində "AGA" Şirkətlər Qrupu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında Bakı şəhərindəki "Demirçi Business Center"in tikintisinə dəstək məqsədilə "AGA" Şirkətlər Qrupunun üzvü olan "Demirçi Development" MMC-yə 7 il müddətinə 22 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına dair saziş imzalanmışdır. Bu da 2010-cu ilin iyun ayında tikintisinə başlanılmış "Demirçi Business Center"də inşaat işlərinin bu ilin sonlarında, gələn ilin əvvəllərində yekunlaşdırmağa imkan yaradacaq. Xatırladaq ki, Azərbaycanın bank sektorunda mühüm yer tutan "Paşa Bank" ASC bank təminatı təqdim etməklə layihəni dəstəkləmişdir. 
"Demirçi Buziness Center" 29800 kvadratmetr ümumi və 18800 kvadratmetr icarə sahəsinə malik 25 mərtəbəli binadır. Bundan əlavə, yeni binada 30 mərtəbəli dayanacaq inşa ediləcək ki, burada da eyni vaxtda 240 avtomobil saxlamaq mümkün olacaq. Tkintidə istifadə olunan materialların 25 faizindən çoxu Ukrayna və Türkiyə də daxil olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankına üzv dövlətlərdən idxal edilmişdir. "Demirçi Business Center" Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanda indiyədək maliyyələşdirdiyi ikinci iş mərkəzi olacaq. Öz növbəsində layihənin reallaşdırılması ilə Bakı şəhərində mövcud ofis və avtomobil dayanacaqlarının siyahısına daha biri əlavə olunacaq.
İkitərəfli müqavilənin imzalanması mərasimində çıxış edən "AGA" Şirkətlər Qrupunun təsisçisi Aydın Demirçi bildirdi ki, son illər Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, özəl sektorun inkişafına göstərilən diqqət və qayğı rəhbərlik etdiyi quruma burada bir sıra önəmli layihələri gerçəkləşdirməyə imkan yaratmışdır. Qeyd olundu ki, 2008-ci ildə əsası qoyulmuş "Demirçi Development" MMC Demirçi ailəsinə məxsus "AGA" Şirkətlər Qrupunun üzvüdür. 1994-cü ildə yaradılmış "AGA" Şirkətlər Qrupu bir neçə müstəqil şirkətdən ibarətdir. Adıçəkilən qrupun ilk şirkəti olan "Caspian İnvestment Companu" ölkəmizdə, əsasən, ofis icarəsi və digər müvafiq xidmətlər göstərilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycanda biznes mərkəzlərinin ilk yaradıcılarından olan şirkət 1996-cı ildə "Caspian Business Senteri"in inşasını uğurla tamamlamış və 1998-ci ildə istismara vermişdir. Yeni binaların tikintisi və göstərilən xidmətlərin artırılması sahəsindəki fəaliyyətini daha da genişləndirməyi qarşısına məqsəd qoymuş "AGA" Şirkətlər Qrupu 2000-2010-cu illər ərzində Bakıda ümumu sahəsi 45 min kvadratmetrdən artıq olan "Silkvay Business Center", "Old Caspian Business Center", üç blokdan ibarət "Caspian Plaza" və "AGA Center" iş mərkəzlərini tikib istifadəyə vermişdir. Bütün bu layihələrin həyata keçirilməsinə isə 75 milyon dollardan çox vəsait yönəldilmiş, 300 nəfərdən artıq yeni iş yeri yaradılmışdır. Bildirildi ki, şirkətlərə göstərilən xidmətlərin təkmilləşdirilməsini və onlar üçün rahat şəraitin yaradılması sahəsində böyük təcrübəyə malik olan "AGA Qroup" bunu gələcək fəaliyyətinin başlıca istiqaməti kimi görür. A. Demirçi bazarın müstəqil təhlilinə əsasən Bakıda icarəyə verilən ümumi ofis sahəsinin təxminən 20 faizinin "AGA Group"a daxil olan şirkətlərə məxsus olduğunu diqqətə çatdırmaqla yanaşı, onu da bildirdi ki, 2011-ci ildə "AGA" Şirkətlər Qrupu tərəfindən Azərbaycanın dövlət büdcəsinə 300 min manat vergi ödənilmişdir.
Son illər dünyanın ən sürətli inkişaf edən paytaxt şəhərlərindən olan Bakıda ofislərin sayını artıracaq belə bir kompleksin tikintisinə göstərdikləri köməkdən məmnunluğunu vurğulayan Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Mustafa Boran bildirdi ki, hazırda Azərbaycan təmsil etdiyi qurumun ən fəal tərəfdaşlarından biridir. Qonaq son illər sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın qeyri-neft sektoruna mühüm töhfə sayılan bu layihənin istər tikinti mərhələsində, istərsə də fəaliyyəti zamanı yeni iş yerlərinin yaradılmasına imkan yaradacağını bildirdi. Təmsil etdiyi bankın üzv ölkələr arasında ticarət və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində önəmli rol oynadığını diqqətə çatdıran Mustafa Boran bu layihənin Azərbaycan iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına təkan verəcəyinə ümidvar olduğun söylədi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı əsası Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən qoyulmuş beynəlxalq maliyyə qurumudur. Bankın baş qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. Dövlət və özəl sektora ayırdığı ssuda, kredit limiti, səhm, layihə təminatı və ticarətin maliyyələşdirilməsi ilə banka üzv ölkələrdə iqtisadi inkişafa və regional əməkdaşlığa dəstək verir. Bankın nizamnamə kapitalı isə təxminən 3,3 milyard avro təşkil edir.
Tədbirin sonunda "AGA" Şirkətlər Qrupunun təsisçisi Aydın Demirçi və Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Mustafa Boran layihənin maliyyələşdirilməsi ilə bağlı sənədi imzaladılar.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında