Milli Məclis 2012-ci ilin büdcəsinə dəyişikliklər etmişdir

Mayın 29-da Milli Məclisin növbəti iclası keçirilmişdir. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilindən danışmışdır. 
O.Əsədov demişdir: "Eurovision-2012" mahnı müsabiqəsində Avropanın 42 ölkəsinin təmsilçisi iştirak etmişdir. Bütün müşahidəçilər bu yarışmanın çox yüksək səviyyədə təşkil olunduğunu vurğulamışlar. Bir çox iddiaların əksinə olaraq, Azərbaycan qısa zaman ərzində bu tədbirlə bağlı hazırlıq işlərini yüksək səviyyədə başa çatdırmış, müsabiqənin keçirilməsi üçün tikilən "Baku Crystall Hall" istifadəyə verilmiş, Dənizkənarı Milli Parkda əsaslı yenidənqurma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində tədbir uğurla başa çatmışdır. Bununla əlaqədar olaraq, parlament adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildirir, eyni zamanda, deputat həmkarımız, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, "Eurovision-2012"nin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik. Bu tədbir təbii ki, dostlarımızı sevindirmiş, eyni zamanda, ilk gündən bu tədbirlə bağlı mənfi rəy söyləyənləri, qaralama kampaniyası aparanları bir daha məyus etmişdir. Bu, sadəcə onların Azərbaycanın inkişafına olan qısqanclığından irəli gəlirdi".
Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı mayın 24-də qəbul etdiyi qətnaməyə də toxunmuşdur. Bildirmişdir ki, o, ötən həftənin şənbə günü bu qətnamə ilə bağlı fikirlərini və etirazını Avropa Parlamentinin sədri Martin Şultsa ünvanladığı məktubda aşağıdakı kimi ifadə etmişdir: "Mən həmin məktubumda da qeyd etmişəm ki, Avropa Parlamentinin tələsik iclas keçirməsi və Azərbaycan ilə bağlı heç bir əsası olmayan qətnamə qəbul etməsi ölkəmizin inkişafına qarşı qısqanclığın və qərəzin əyani sübutudur. Hələ ulu öndərimiz Heydər Əliyevin zamanından Azərbaycanda insan hüquqları və demokratiya məsələləri ölkənin ən mühüm prioritetlərindən biri kimi qəbul olunmuşdur və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının bərabərhüquqlu üzvüdür. Ölkəmiz 2001-ci ilin yanvarından bu qurumda tam və bərabərhüquqlu üzv olaraq çox fəal şəkildə fəaliyyət göstərir.
Bundan başqa, Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında Əməkdaşlıq Komitəsi mövcuddur. Azərbaycanın təsisçiliyi ilə Avronest Parlament Assambleyası yaradılmış və bir müddət öncə Azərbaycan bu qurumun 2-ci sessiyasına yüksək səviyyədə ev sahibliyi etmişdir.
Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın inkişafını qəbul etməyən bəzi dairələr, o cümlədən erməni lobbisi və onun təsiri altına düşmüş avropalı deputatlar ölkəmizə qarşı qaralama kampaniyasından əl çəkmirlər. Məhz bu səbəbdən də, Avropa Parlamenti Azərbaycana qarşı son dərəcə əsassız və qərəzli bir qətnamə qəbul etmişdir. Şəxsən öz adımdan bu qətnaməni pisləyir və onu Azərbaycana qarşı qərəzin nümunəsi kimi qiymətləndirirəm".
Sonra Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlardan Azay Quliyev, Mübariz Qurbanlı, Əli Əhmədov, Səməd Seyidov, Əli Hüseynli, Gülər Əhmədova, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Fuad Muradov, Rövşən Rzayev və başqaları Avropa Parlamentinin qərarına etirazlarını bildirmişlər. Çıxışlarda Azərbaycan dövlətinin hər zaman QHT-lərə, mətbuata yardım göstərdiyi, demokratik vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının müdafiəsi istiqamətində islahatları davam etdirdiyi xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, Avropa Parlamentinin həmin iclasında 759 deputatdan yalnız 56 nəfərinin iştirak etməsi və onlardan da 49-nun bu sənədin lehinə səs verməsi bəzi qaranlıq məqamlardan xəbər verir. Deputatlar Avropa strukturları ilə münasibətlərə yenidən baxmağın zəruriliyini qeyd etmişlər.
Bir fikir xüsusi vurğulanmışdır ki, Azərbaycan Cənubi Qafqazda sülhün və inkişafın qarantı olan bir dövlətdir. Ancaq bu ölkəyə qarşı əks-təbliğat aparan qüvvələr öz əməllərindən çəkinmirlər. Azərbaycanın müstəqil siyasəti bəzi dövlətləri qorxuya salır. Bu səbəbdən də Azərbaycana qarşı çirkin kampaniyalar aparılır. Avropa Parlamentinin məlum qərarı da bu ssenarinin tərkib hissəsidir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov demişdir ki, yaxın günlərdə onun həmsədri olduğu komitənin iclası keçiriləcək və o, bu məsələni həmin iclasda açıq şəkildə qaldıracaqdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da qurumun mayın 30-da keçiriləcək komitə iclasında bu məsələni qaldıracağını bildirmişdir.
Sonra Milli Məclisin adından Avropa Parlamentinə rəsmi etiraz məktubunun hazırlanması qərara alınmış və deputatlardan ibarət komissiya yaradılmışdır.
Daha sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi başlanmışdır.
Əvvəlcə Milli Məclis "Səadət İnayət qızı Bəktaşinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında" qərar qəbul etmişdir.
Sonra "Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2012-ci ilin dövlət büdcəsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihələrinə baxılmışdır.
Hər iki sənədlə bağlı parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat vermişdir. O demişdir ki, 2011-ci ildə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Azərbaycan öz dinamik inkişafına görə, dünyanın aparıcı ölkələrindən, söz sahiblərindən birinə çevrilmişdir.
Ötən ilin əsas maliyyə sənədinin icrasından danışan maliyyə naziri Samir Şərifov isə bildirmişdir ki, 2011-ci il icmal büdcənin gəlirləri 23 milyard 225 milyon manat olmaqla 116,2 faiz icra olunmuşdur. Bu isə 2010-cu illə müqayisədə 19,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 17 milyard 540 milyon manat icra edilmişdir ki, bu da ondan əvvəlki illə müqayisədə 28,6 faiz çoxdur. Hesabat ilində ölkədəki davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın dinamikası əhalinin sosial rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaratmışdır. Bu istiqamətdə əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımı, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, idman sektorlarında davamlı inkişaf təmin edilmişdir. Cari ilin əvvəlinə vahid xəzinə hesabının qalığı 382 milyon manat olmuşdur.
Ötən il ərzində ümumi daxili məhsulun (ÜDM) həcmi 2010-cu ilə nisbətən müqayisəli qiymətlərlə 40 milyon manat artaraq 50,1 milyard manat, o cümlədən qeyri-neft sektorunda ÜDM 24,2 milyard manat olmuşdur. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir.
Maliyyə naziri Samir Şərifov 2012-ci il dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə də məlumat vermişdir. Nazir demişdir ki, dəyişikliklərin əsas məqsədi ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, eyni zamanda, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin, ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasına kömək göstərməkdir.
Nazir bildirmişdir ki, aparılmış təhlillər və hesablamalara görə bütün bu tədbirlərin maliyyələşdirilməsi üçün təxminən 690 milyon manat vəsait lazımdır. Cari ilin dövlət büdcəsinin gəlirlərinin 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manata çatdırılması nəzərdə tutulmuşdur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 3,7 faiz, 2011-ci ilin faktiki icra göstəriciləri ilə müqayisədə 1 milyard 337 milyon manat və ya 8,5 faiz çoxdur. Bununla da dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 36,5 faiz təşkil edəcəkdir. Bu da 2011-ci ilin icrasına nisbətən 5,1 faiz çoxdur.
Cari ilin dövlət büdcəsinin xərcləri isə 17 672 milyon manata çatdırılacaqdır. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektorları üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulmuşdur.
S.Şərifov, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərində edilmiş dəyişikliklər, ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsi üçün konkret tələb olunan vəsaitin məbləği barədə ətraflı məlumat vermişdir.
Hesablama Palatası sədrinin müavini Abil Məhərrəmov hər iki məsələ ilə bağlı Hesablama Palatasının rəyini açıqlamışdır. İclasda çıxış edən deputatlar, aidiyyəti qurumların nümayəndələri çıxış edərək Prezident İlham Əliyevin baş vermiş təbii fəlakət və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı meydana çıxan maliyyə məsələlərinin həlli üçün atdığı addımı yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, bu dəyişikliklərdən sonra icmal büdcəsi profisitlə icra olunacaqdır. Xüsusilə də büdcə gəlirlərinə və xərclərinə əlavə vəsaitin Neft Fondunun vəsaitlərinə toxunulmadan vergi daxilolmaları hesabına təmin edilməsi müsbət xarakterizə olunmuşdur.
Müzakirələrdən sonra hər iki qanun layihəsi səs çoxluğu ilə təsdiq edilmişdir.
Daha sonra "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında", "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda, habelə Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılmışdır. Təklif olunan düzəlişlərin vacibliyi və məqsədəuyğunluğu qeyd edilmiş və dəyişikliklər qəbul olunmuşdur.
Sonra Milli Məclis sədrinin müavini Bahar Muradova Milli Məclisin Avropa Parlamentinin 24 may tarixli qətnaməsi ilə əlaqədar qərarını oxumuşdur (Qərar qəzetin bugünkü nömrəsində dərc olunmuşdur).
Sonda Oqtay Əsədov Milli Məclisin yaz sessiyasının başa çatdığını elan etmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Bununla da Milli Məclisin 2012-ci il yaz sessiyası başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında