Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dəyişikliklər olunacaqdır

Azərbaycan Respublikasının 2012-ci ilin dövlət büdcəsində dəyişikliklər olunacaqdır. Dəyişikliklərə əsasən dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaqdır. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulmuşdur.
Bu barədə qanun layihəsi Milli Məclisin iqtisadi siyasət komitəsinin mayın 26-da keçirilmiş iclasında müzakirə olunmuşdur.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, ölkə iqtisadiyyatında ardıcıl baş verən müsbət dəyişikliklər nəticəsində ölkənin maliyyə ehtiyatları ilbəil artır. Bu isə dövlət büdcəsi vəsaitlərinin həcminin artırılmasına real imkan yaradır.
Maliyyə naziri Samir Şərifov təklif olunan dəyişikliklərlə bağlı məlumat vermişdir. Bildirilmişdir ki, 2012-ci il dövlət büdcəsinə təklif olunan dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın nəticələrini aradan qaldırmaqdır. Eyni zamanda, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin, ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi də diqqət mərkəzində olacaqdır.
Nazir bildirmişdir ki, aparılmış təhlillər və hesablamalara görə bütün bu tədbirlərin maliyyələşdirilməsi üçün təxminən 690 milyon manat vəsait lazımdır. Cari ilin dövlət büdcəsinin gəlirlərinin 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manata çatdırılması nəzərdə tutulmuşdur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 3,7 faiz, 2011-ci ilin faktiki icra göstəriciləri ilə müqayisədə 1 milyard 337 milyon manat və ya 8,5 faiz çoxdur. Bununla da dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 36,5 faiz təşkil edəcəkdir. Bu da 2011-ci ilin icrasına nisbətən 5,1 faiz çoxdur.
Cari ilin dövlət büdcəsinin xərcləri isə 17 672 milyon manata çatdırılacaqdır. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulmuşdur.
S.Şərifov, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərində edilmiş dəyişikliklər, ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsi üçün konkret tələb olunan vəsaitin məbləği barədə ətraflı məlumat vermişdir.
İclasda çıxış edən deputatlar, aidiyyəti qurumların nümayəndələri çıxış edərək Prezident İlham Əliyevin ölkədə baş vermiş təbii fəlakət və digər fövqəladə halların nəticəsinin aradan qaldırılması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı irəli gələn maliyyə məsələlərinin həlli üçün atdığı addımı yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, bu dəyişikliklərdən sonra icmal büdcəsi profisitlə icra olunacaqdır. Xüsusilə də büdcə gəlirlərinə və xərclərinə əlavə olunan vəsaitin neft fondunun vəsaitlərinə toxunulmadan vergi daxilolmaları hesabına təmin edilməsi müsbət xarakterizə olunmuşdur.
Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənmək üçün parlamentin plenar iclasına tövsiyə edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında