"The Wall Street Journal": Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir

Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi sayəsində Azərbaycan müstəqillik illəri ərzində bu ölkənin nail olduğu tərəqqini dünyaya göstərmək imkanı əldə etmişdir. 
Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada çıxan "The Wall Street Journal" qəzetində dərc olunmuş məqaləsində qeyd edilir.
Məqalə müəllifi Sovet İttifaqının dağıldığı və milli müstəqilliyin bərpa edildiyi dövrdə ölkədə yaranmış dönüş məqamı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağır nəticələri, ölkənin bir hissəsinin işğal edilməsi və 1 milyona yaxın insanın qaçqın vəziyyətinə düşməsi, Azərbaycanın həmin dövrdə siyasi və iqtisadi böhranı aradan qaldıraraq iqtisadi inkişaf və tərəqqi yoluna çıxmağa nail olması barədə söhbət açır.
"Bu gün, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən 20 il sonra onun iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. 2003-2008-ci illərdə ölkədə ÜDM-in orta illik artımı 20 faiz olmuşdur", - deyən müəllif bu uğurların qazanılmasında Milli Neft Fondunun və iqtisadiyyatın düşünülmüş şəkildə idarə edilməsinin böyük rol oynadığını vurğulayır.
Nazirin məqaləsində deyilir: "Azərbaycanın uğurları onunla bağlıdır ki, o, sürətli iqtisadi inkişafın, o cümlədən qeyri-neft sektorunda davamlı artımı iqtisadi və siyasi sabitliklə əlaqələndirə bilmişdir".
Nazir Xəzər qazının Avropaya nəql edilməsi üçün boru kəməri inşası barədə Avropa İttifaqı ilə əldə edilmiş razılaşmanı, Azərbaycanın diplomatik qələbəsini - onun 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsini də qeyd edir.
E.Məmmədyarov müasir Azərbaycana xas olan problemlərə də toxunur. Belə problemlərə misal olaraq o, korrupsiya kimi qlobal hadisənin adını çəkir. Nazir qeyd edir ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizədə əldə etdiyi böyük uğurların dünya KİV-lərində lazımınca işıqlandırılmaması onu çox məyus edir.
Nazir vurğulamışdır ki, Azərbaycan Hasilat Sahələrində Transparentlik barədə Britaniya Təşəbbüsünü (EİTİ) imzalamış ilk ölkə olmuşdur. Bu təşəbbüs energetika sektoru ilə bağlı bütün gəlirlərin və xərclərin şəffaflığına təminat verir. Məqalədə deyilir: "Azərbaycan EİTİ üzrə öhdəlikləri ciddi qəbul edir. 2010-cu ilin oktyabr ayında gəlirlərin şəffaflığı indeksində (Revenue Watch Index) aşkarlıq üzrə Azərbaycanın 41 ölkə arasında 9-cu yeri tutması buna əyani sübutdur".
E.Məmmədyarov öz məqaləsində bir məqamı da şərh edir ki, "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar, Azərbaycan hüquq-müdafiə təşkilatlarının tənqid hədəfinə çevrilmişdir. Lakin E.Məmmədyarovun sözlərinə görə, bu tənqidçilər insan hüquqlarının ən böyük pozuntusu - Ermənistanla müharibə dövründə azərbaycanlı əhalinin Dağlıq Qarabağdan və ona bitişik rayonlardan qovulması faktına göz yumurlar.
Nazirin fikrincə, bu münaqişənin həll edilməməsinə baxmayaraq, Ermənistanın bu il "Eurovision" mahnı müsabiqəsində iştirak etməmək qərarı səhv addımdır. Nazir deyir: "Bu, musiqi tədbiridir və siyasi jestlərin rəmzi olmamalıdır".
Azərbaycana ünvanlanmış tənqidin iki bəndi - kütləvi nümayişlərin qarşısının alınması və yaşayış binalarının köçürülməsi məsələləri barədə nazir yazır: "Yığıncaqlar keçirilməsi hüququna təminat verilmişdir və biz, Avropa ölkələri də daxil olmaqla başqa ölkələr kimi tələb edirik ki, siyasi nümayişlər bunun üçün icazə verilmiş yerlərdə keçirilsin. Biz hesab edirik ki, demokratiyanın ən yaxşı beşiyi sabitliyin bərqərar olduğu dövlətdir".
Nazir izah edir ki, "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi "Crystal Hall" konsert binası əsasən keçmiş hərbi dəniz bazasının ərazisində tikilmişdir. Evləri söküntü planına düşmüş insanlara isə həmin evlərin bazar dəyərindən xeyli yüksək məbləğdə pul kompensasiyası təklif edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında