17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Azərbaycanda informasiya cəmiyyəti quruculuğunda uğurlu nəticələr qazanılmışdır 
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə BMT-nin baş katibinin müraciəti yayılmışdır. Müraciətdə deyilir: "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü, rəqəmsal fərqlilik və gender boşluğunu aradan qaldırmaq üçün hər kəsi geniş miqyaslı işlər görməyə səsləyirəm. Hər bir şəxs informasiya və telekommunikasiya texnologiyalarından yüksək dərəcədə yararlanmağı bacarmalı və görmək istədiyimiz gələcəyi yaratmağa kömək etməlidir".
Son illər bu sahədə yeni dövr başlanmışdır. Azərbaycan İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni keçmişdir. Məsələn, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu, ümumdünya orta göstəricisindən təxminən 2 dəfə yüksəkdir.
Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən "Yeni nəsil şəbəkələri (NGN)" texnologiyası tətbiq olunmuşdur.
Əhalinin 85 faizdən çoxunun yaşadığı ərazilərin rəqəmli televiziya yayımı ilə əhatəsi, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətləri göstərilməsi, "elektron hökumət"in formalaşdırılması ilə bağlı görülən işlər çərçivəsində "elektron imza"nın tətbiqi, "Elektron hökumət" portalının yaradılması, həmçinin "E-təhsil", "E-səhiyyə", "E-vergilər", "E-gömrük", "E-ədliyyə" və s. layihələrin reallaşması İKT sahəsində inkişafa təkan verən mühüm nailiyyətlər olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli, sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır.
İctimai fikrə təsir imkanları baxımından televiziya və radio ilə yanaşı, müasir dövrdə elektron kütləvi informasiya vasitələri xüsusi çəkiyə malikdir. Beləliklə, İKT yeni sosial-iqtisadi formasiyanın- informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur. Bu gün fərəhlə deyə bilərik ki, bütün dünyada olduğu kimi, İKT-nin cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatındakı rolu ön plana çəkilmişdir.
Prezident İlham Əliyev ilk dəfə İKT sektorunun prioritet sahə olduğunu elan edərkən Azərbaycan iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə ilə bağlı olacağını vurğulamışdır. Bu gün tarixən təbii ehtiyatlara əsaslanan Azərbaycan iqtisadiyyatının texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçid məsələsi aktualdır. Təbii ehtiyatlardan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli inkişafa hesablanmış uzaqgörən siyasətin tərkib hissəsidir və iqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektorunun ön plana çəkilməsi bilavasitə onunla əlaqədardır ki, İKT müasir həyatımızın ən gəlirli fəaliyyət sahəsinə çevrilmişdir. Cənab Prezident "Euronews" telekanalına verdiyi müsahibədə demişdir: "Mən Azərbaycanda informasiya texnologiyalarının gələcəyini neft və qazı öz zamanında əvəz edə biləcək bir sektor kimi görürəm".

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında