Şriftin ölçüsü:
17.05.2012 02:33 | Oxunma sayı: 742
Dünyada açıq dənizdə neftçıxarmanın əsasının qoyulduğu "Neft Daşları" yatağı işlənmənin yeni və həlledici mərhələsini yaşayır. Yatağın istismarını həyata keçirən "Neft Daşları" Neft- Qazçıxarma İdarəsinin kollektivi son illər neft və qaz hasilatına dair proqnoz tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirir.
İndi açıq dənizdə müasir şəhəri xatırladan "möcüzələr adası"-Neft Daşlarında hesab edirlər ki, qazanılmış bütün bu uğurların başlıca səbəbi neft sənayesinə, neftçi peşəsinə dövlət səviyyəsində qayğı və diqqətin ilbəil artırılması ilə bağlıdır. Məhz bütün bunlardan ruhlanan, gün-güzəranlarının getdikcə yaxşılaşmasını hiss edən cəsur dəniz neftçiləri dövlət qayğısına əməli işlə cavab verməyə çalışırlar. Bu şərəfli peşə sahibləri bir sadə həqiqəti də dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması, xalqımızın rifah halının anbaan yaxşılaşması həm də onların fədakar əməyindən çox asılıdır.
İlin əvvəlindən uğurlu start götürən "Neft Daşları" NQÇİ-nin kollektivi neft və qaz hasilatı sahəsində yüksək göstəricilərə imza atmışdır. Elə idarənin 2012-ci ilin birinci rübünün əsas göstəriciləri də bunu sübut edir. Hesabat dövründə idarə üzrə 229 min 800 ton əvəzinə 231 min 836 ton neft hasil edilərək tapşırığa 100,9 faiz əməl olunmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz və ya 6768 ton çoxdur. Təqribən 63 il əvvəl istismarına başlanılmış "Neft Daşları" yatağında ötən dövr ərzində neftçıxarmanın mütərəqqi üsullarının tətbiqinə xüsusi diqqət yetirilmişdir. Son illər isə burada qazlift üsulu daha geniş tətbiq olunur. Təsadüfi deyil ki, cari ilin birinci rübündə "Neft Daşları" NQÇİ üzrə hasil edilmiş ümumi neftin 68,4 faizi və ya 158 min 551 tonu məhz bu üsulun payına düşmüşdür. Bundan əlavə, ilin ilk üç ayında burada fontan üsulu ilə 67110 ton (31,5 faiz), dərinlik nasosu üsulu ilə isə 366 ton (0,2 faiz) neft hasil olunmuşdur. Kateqoriyalar üzrə neft hasilatına gəldikdə isə ümumi neftin 226 min 405 tonu keçici, 3613 tonu yeni, 1818 tonu isə fəaliyyətsiz fonddan istismara qaytarılmış quyulardan çıxarılmışdır. İlin ilk rübü ərzində neftçilər 227 min 550 ton əvəzinə 231 min 200 ton "qara qızıl" təhvil vermişlər ki, bu da nəzərdə tutulduğundan 1,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,8 faiz çoxdur.
İdarənin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəriciləri də qənaətbəxş hesab etmək olar. Belə ki, yanvar-mart ayları ərzində "Neft Daşları" NQÇİ-nin kollektivi 16 milyon 550 min kubmetr qaz hasil etmişlər ki, bu da proqnoz tapşırığının 100 faiz yerinə yetirilməsi deməkdir. Bundan əlavə, neftçilər qaz satışı planına da tam əməl etmişlər.
Neft və qaz hasilatı üzrə proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinin başlıca səbəbi istismar fonduna daxil olan quyuların hər birinin imkanlarının diqqətlə öyrənilməsi, işlək fondun təzələnməsi üçün məqsədyönlü tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi ilə bağlıdır. Hazırda "Neft Daşları" NQÇİ-nin ümumi istismar fonduna 498 quyu daxildir ki, onların da 469-u işlək quyulardır. Həmin quyuların isə 403-ü qazlift, 63-ü fontan və 3-ü dərinlik nasosu ilə istismar olunur. Daha 5 quyu isə hazırda mənimsəmə prosesindədir. Hazırda müəyyən səbəblər üzündən istismarı dayandırılmış quyulardan daha məhsuldar hesab olunanların bərpa edilərək yenidən işlək fonda qaytarılması üçün lazımi tədbirlər görülür. 2012-ci ilin birinci rübündə fəaliyyətsiz fonddan 7 quyu yenidən istismara qaytarılmışdır ki, onlardan da 525 ton əvəzinə 1818 ton əlavə neft alınmışdır.
İdarə üzrə neft və qaz hasilatının sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtlı-vaxtında aparılmasına da xüsusi diqqət yetirilir. Bu da böyük iqtisadi səmərə verir. Cari ilin ilk üç ayı ərzində mədənlərdə həyata keçirilmiş 26 geoloji tədbir hesabına 5379 ton neft çıxarılmışdır. Bu isə ötən ilin eyni dövründəkindən 2 tədbir çox və 1523 ton artıq neft deməkdir. Bundan əlavə, hesabat dövründə həyata keçirilmiş texniki tədbirlər də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, köhnə quyularda neft hasilatını sabit saxlamaq məqsədilə 119 texniki tədbir həyata keçirilmişdir ki, bu da nəzərdə tutulduğundan 51 tədbir çoxdur. Bütövlükdə isə rüb ərzində həyata keçirilmiş texniki tədbirlər 4543 ton əlavə neft hasilatına imkan yaratmışdır. İstismar quyularında hasilatı sabit saxlamaq üçün cari və əsaslı təmir işlərinə də diqqət getdikcə artırılır. Bu baxımdan idarənin yeraltı və əsaslı təmir briqadalarının üzərinə böyük məsuliyyət düşür. Məhz bunun nəticəsidir ki, cari ilin ilk rübündə idarə üzrə 54 əsaslı və 155 yeraltı təmir işi həyata keçirilmişdir. Hesabat dövründə aparılmış əsaslı təmir işləri nəticəsində 9792 ton əlavə neft çıxarılmışdır.
Hazırda işlənmənin son mərhələsində olan "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarında lay təzyiqini sabit saxlamaq və neft verimini artırmaq məqsədilə mütərəqqi üsulların tətbiqinə xüsusi diqqət yetirilir. Bu ilin ilk üç ayında 12 quyu vasitəsilə laylara 80204 kubmetr suyun vurulması təmin olunmuş və bunun da hesabına 5 min tondan artıq neft çıxarılmışdır. Bununla yanaşı, NQÇİ üzrə həyata keçirilmiş 3-cü təsir üsulları 210 ton əlavə neft hasilatına imkan yaratmışdır. "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarında qazlift üsulu ilə istismar olunan quyularda hasilatı artırmaq məqsədilə "28 May" NQÇİ-dən üç ay ərzində 35800 kubmetr qaz alınaraq laylara vurulmuş, bu sistemin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.
"Neft Daşları" NQÇİ-nin istismar etdiyi yataqlarda qalıq neft ehtiyatları hələ çoxdur. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev bir neçə il bundan əvvəl Neft Daşlarında olarkən burada illik hasilatın 1,2 milyon tona çatdırmağı tövsiyə etmişdir. Məhz bunun nəticəsidir ki, hazırda Dövlət Neft Şirkəti tərəfindən Neft Daşlarında hasilatı artırmaq istiqamətində konkret tədbirlər həyata keçirilir. Buradakı qalıq ehtiyatlarının çıxarılmasını təmin etmək məqsədilə müasir platformalar quraşdırılır, daha məhsuldar qatlarda yeni quyular qazılır.
İdarə üzrə texnirki-iqtisadi göstəricilərin aybaay yaxşılaşdırılması sosial sferada da bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə imkan yaradır. Hazırda "Neft Daşları" NQÇİ-də 2040 nəfər çalışır. Son illər onların sosial-məişət şəraitinin və rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Cari ilin birinci rübü ərzində Neft Daşlarındakı yataqxana korpuslarında, çay evində, ayrı-ayrı sexlərdə və özüllərdə, vertolyot meydançasında və digər ərazilərdə abadlıq-quruculuq işləri aparılmışdır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.