Ulu öndər Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin və yeni iqtisaldi sistemin yaranmasını şərtləndirən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsi olaraq, hazırda Azərbaycan iqtisadi sahədə qazandığı uğurlarla dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirmişdir. Bu, eyni zamanda ümummilli liderimiz tərəfindən əsası qoyulan iqtisadi siyasətin Azərbaycan modelinin mövcud iqtisadi münasibətlər müstəvisində alternativsizliyini təsdiqləyir.
Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Birinci və ikinci regional inkişaf proqramlarının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.
Uğurların mənzərəsini görmək üçün təkcə son bir ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirək. Xatırladaq ki, sözügedən dövrdə ölkə əhalisinin sosial vəziyyəti daha da yaxşılaşmış, bütün infrastruktur layihələri, sosial proqramlar uğurla icra edilmişdir. Ötən ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına çıxmışdır. Ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. İnflyasiyanın səviyyəsi 1,5 faiz olmuşdur. İqtisadiyyata 9,2 milyard dollar investisiya qoyulmuşdur. Ölkənin valyuta ehtiyatları 20,4 milyard dollar təşkil etmişdir. Keçən il 74 min yeni iş yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 13,2 faizdən 11 faizə düşmüşdür. Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük Olimpiya kompleksi istifadəyə verilmişdir.
Müsbət nəticələr bu ilin birinci rübündə də müşahidə edilmişdir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "...İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. Demək olar ki, qiymət artmı çox az səviyyədədir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artır, - bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır, - görərik ki, inflyasiyanın bu aşağı səviyyədə saxlanması insanların rifah halına mənfi təsir göstərmir.
Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir".
Dövlət başçımız yuxarıda adı çəkilən iclasda eyni zamanda vurğulamışdır ki, 2009-cu ilin dünya tarixində böhran ili kimi qalmasına baxmayaraq, iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu artımın üzərində əlavə artıma nail olmaq, əlbəttə ki, böyük uğur hesab oluna bilər.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin bundan sonra onilliklər ərzində uğurlu inkişafını təmin etmişdir. Belədə isə təbii ki, xarici dövlətlərin Azərbaycana marağı, investisiya qoymaq meyli güclənmişdir. Prezident İlham Əliyev XVII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılışı mərasimində bununla bağlı demişdir: "...Azərbaycan investisiyalar üçün çox məqbul, çox cəlbedici ölkədir. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulmuşdur. Onların demək olar ki, yarısı neft-qaz sektoruna qoyulmuşdur. Əlbəttə ki, neft strategiyasının ilk illərində investisiyalar daha çox neft-qaz sektoruna qoyulurdu. Bu, bəzi ekspertləri narahat edirdi ki, "Holland sindromu" yaşana bilər. Azərbaycan iqtisadiyyatı da birtərəfli qaydada inkişaf edə bilər.
Ancaq bizim düşünülmüş siyasətimiz və konkret addımlarımız göstərdi ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu, onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir..."
Dövlət başçımız çıxışında daha sonra demişdir: "...Bu gün iqtisadi müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatımızın uğurlu inkişfı bizə əlavə güc verir. O güc ki, bu gün bizə lazımdır. Çünki biz hələ ki, gənc müstəqil dövlətik. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Biz artıq keçid iqtisadiyyatı ölkəsi deyilik. Biz inkişaf edən iqtisadiyyatıq və bunu beynəlxalq maliyyə qurumları da görür, təsdiqləyir...".
Ötən il dünyanın əksər ölkələrində iqtisadiyyat tənəzzülə uğradığı halda, bu mənfi meylin Azərbaycana o qədər də ciddi təsir göstərməməsinin səbəbi nədir? Prezident İlham Əliyev bu barədə demişdir: "... Neftin qiymətləri üç-dörd dəfə aşağı düşdü. Buna baxmayaraq, iqtisadiyyatımız inkişaf etdi. Milli valyutamız sabit qaldı. Qeyri-neft sektorunda tərəqqi dayanmadı. Bu, aydın şəkildə onu göstərir ki, iqtisadi inkişafımızın əsas səbəbi apardığımız iqtisadi islahatlar, eləcə də iqtisadi təşəbbüslər, bütün səylərimizin səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsidir...".
Ümumiyyətlə, həyata keçirilən düşünülmüş siyasət nəticəsində ölkəmizdə böhranın acı fəsadları müşahidə edilməmişdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi aparıcı maliyyə institutları ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini yüksək qiymətləndirmişdir. Dünya Bankının növbəti "Doinq-Business" hesabatında Azərbaycan öz yüksək mövqeyini qoruyub saxlamışdır.
Bank və maliyyə sektorunun da qlobal maliyyə böhranının təsirlərindən qorunması diqqət mərkəzində olmuşdur. Mübadilə məzənnəsi sabit saxlanılmaqla və bank sisteminə likvidlik inyeksiya edilməklə maliyyə sabitliyinin "ömrü" uzadılmışdır. Məzənnənin sabitliyi inflyasiya səviyyəsini azaltmağa, dollarlaşmadakı müvəqqəti artımı səngitməyə və bankların balanslarına neqativ təsirlərin qarşısını almağa imkan vermişdir.
Yeri gəlmişkən, maliyyə böhranı ilə bağlı bir məqamı da xatırlatmaq istərdik. Ötən ilin ilk üç ayında ölkədə makroiqtisadi sabitliyin pozulması riskinin artdığı bir şəraitdə milli valyutanın sabitliyinin təmin edilməsi Mərkəzi Bankın antiböhran siyasətinin əsasını təmin edirdi. Qlobal böhranın təsirləri və qonşu ölkələrdəki devalvasiyalarla bağlı psixoloji təzyiq şəraitində Mərkəzi Bank soyuqqanlılıq göstərərək manatın sabitliyini qorumuşdur. Onu da vurğulamaq lazımdır ki, manatın sabitliyinin təmin edilməsi müəyyən resurslar tələb etsə də, 2009-cu ildə ölkənin strateji valyuta ehtiyatları artmaqda davam etmişdir. Tədiyə balansının müsbət saldosu manatın məzənnəsinin sabit qalmasının əsas amili olmuşdur. Məhz tədiyə balansının profisitli olduğunu və valyuta bazarında yaranmış gərginliyin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, Mərkəzi Bank manatın devalvasiyasına yol verməməyi məqsədəuyğun hesab etmişdir. Toplanmış valyuta ehtiyatları hesabına manatın məzənnəsinin sabitliyinin təmin olunması valyuta bazarındakı psixoloji gərginliyi tədricən aradan qaldırmışdır. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasına imkan verməmiş, əhalinin əmanətlərinin dəyərsizləşməsinin, xarici valyutada borc yükünün artmasının, manata etimadın azalmasının və iqisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti 2009-cu ildə orta illik inflyasiyanın 1,5 faiz səviyyəsinə düşməsində mühüm rol oynamışdır. Bununla belə, ötən ilin yekunu üzrə iqtisadi artım üçün məqbul sayılmayan deflyasiyaya yol verilməmişdir. İnflyasiyanın aşağı səviyyəsi və çoxtərəfli məzənnənin əlverişliliyi Azərbaycanda rəqabət qabiliyyətliliyinin qorunmasına da şərait yaratmış, ötən il ərzində qeyri-neft sektoru üzrə manatın çoxtərəfli real məzənnəsi 3,5 faiz ucuzlaşmışdır.
Xatırladaq ki, xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bankın vəzifələrindən biri iqtisadiyyatın pula olan tələbatının ödənilməsi olmuşdur. Bunun üçün qurum pul siyasətini radikal yumşaltmış, yeni qanunvericilik bazası əsasında iqtisadiyyata ümumi daxili məhsulun 5 faizi səviyyəsində birbaşa likvidlik dəstəyi göstərmişdir. Mərkəzi Bankın inyeksiyaları pul kütləsinin azalmasının qarşısını almış, bankların maliyyə dayanıqlığını və iqtisadi aktivliyini qorumuş, əhəmiyyətli iri müəssisələrin xarici borc ödənişinə və istehsal-investisiya fəaliyyətinə zəruri dəstək təmin edilmişdir.
Ümumiyyətlə, həyata keçirilən tədbirlər qlobal maliyyə böhranının bank sektoruna təsirini məhdudlaşdırmış və sözügedən sahənin yeni şəraitə daha hazırlıqlı daxil olmasını reallaşdırmışdır. Böhranaqədərki dövrdə bankların kapitalizasiyası və maliyyə ehtiyatlanması, xarici borcların tənzimlənməsi və risk menecment istiqamətində xüsusi tədbirlər paketi icra olunmuşdur. Böhran dövründə isə banklara likvidlik, aktivlərin keyfiyyətinin qorunması və digər istiqamətlərdə dəstək göstərilmişdir. Nəticədə dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın bank sektorunda hər hansı iflas və xüsusi gərginlik halı qeydə alınmamışdır. Bununla da ölkə öz resursları ilə böhranın öhdəsindən gəlmişdir. Başqa sözlə, qlobal maliyyə böhranı və ressesiyaya baxmayaraq, Azərbaycan iqtisadiyyatının müvazinəti qorunmuş, iqtisadiyyatda sabitlik və inkişaf dinamikası müşahidə olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində əsas səylər ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verilməmişdir. Bütün dünyada böhranın əsasən banklardan başladığı, nəticədə işgüzar maddi fəallığın azalması, istehlak, biznes kreditləşməsində ciddi problemlərin yaranması, istehlak tələbinin enməsi və digər amillər nəzərə alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir. Azərbaycan hökumətinin pul siyasəti daha aktiv olaraq makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına və eyni zamanda bank sistemində maliyyə sabitliyinin qorunmasına istiqamətlənmişdir.
Qonşu dövlətlərdəki neqativ proseslərin psixoloji təsirinə rəğmən, qlobal iqtisadi böhranın təsirini minimum həddə endirən Azərbaycanın milli valyutası son illər postsovet məkanında ən dayanıqlı valyuta olmuşdur. Eyni zamanda, 2009-ci ilin əvvəllərindən maliyyə böhranının ilk simptomları nəzərə alınmış, respublika banklarının xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanılması üzrə konkret addımlar atılmış və səmərəli nəticələr əldə edilmişdir. Manatın sabitliyini qorumaq üçün valyuta bazarında tələb və təklif vaxtında tarazlaşdırılmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır.
Bütün bunlar ölkənin bank sisteminin sabit idarə olunduğunu göstərir. Bank sektorunun səmərəli fəaliyyət göstərdiyini son illərin inkişaf dinamikasını əks etdirən statistik rəqəmlər də təsdiqləyir. Belə ki, respublikamızın məcmu bank aktivləri Cənubi Qafqazın bank aktivlərinin təxminən 60 faizinə yüksəlmişdir. Azərbaycan banklarının səhmlərinin dünya birjalarında dövriyyədə olmaması, dünyanın müflisləşən iri maliyyə qurumlarının səhmlərinə bizim bankların portfel investisiyalarının yerləşdirilməməsi bu sektorun böhrandan ziyan çəkməsinin qarşısını almışdır. Ötən il Mərkəzi Bank ölkənin bank sektorunda tənzimləyici funksiya həyata keçirməklə, bankların likvidliyinin, kapitalın adekvatlıq parametrlərinin ardıcıl təhlilini aparmışdır.
Böhran şəraitində bank sektorunun 1,2 milyard xarici borcunu qaytarması da məhz bu tədbirlərin nəticəsidir. Eyni zamanda, kredit üzrə uçot dərəcələrinin aşağı salınması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənmiş addım olaraq maliyyə böhranının respublikanın bank sektoruna ciddi təsir göstərməsinin qarşısını almışdır. Mərkəzi Bank kommersiya bankları üçün maliyyə vəsaitlərinin ucuzlaşdırılması, habelə ehtiyatların azaldılması siyasətini irəli sürərək likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur.
Azərbaycanda sosial-iqtisadi sistemin formalaşması prosesi hazırda uğurla həyata keçirilir və bu zaman xarici mütəxəssis köməyi və təcrübəsindən geniş şəkildə yararlanılır. Beynəlxalq iqtisadi və maliyyə qurumları da öz növbəsində ölkədə reallaşdırılan sosial-iqtisadi islahatları dəstəkləyir. Məsələn, belə bir fakta diqqət yetirək. Avropa Birliyinin dəstəyilə Azərbaycan hökuməti gömrük və vergi sisteminin müasirləşdirilməsi, idarəçilik, demokratiya və insan hüquqları sahəsində islahatların davam etdirilməsi, ekologiya və ətraf mühitin davamlı inkişafının təmin olunması, pensiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, sosial vəziyyətin yaxşılaşdırılması kimi mühüm məsələləri uğurla həyata keçirir.
Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. "Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun əsas məqsədlərindən biri Avropa Birliyinin köməyilə Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsindən ibarətdir.
Azərbaycanın maliyyə imkanları genişləndikcə dünya bazarlarına çıxışı, inkişaf etmiş ölkələrə inteqrasiyası da güclənir. Beynəlxalq maliyyə qurumları Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir. Bu isə onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.