Naxçıvan-Sədərək yüksəktəzyiqli, Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz boru xətlərinin çəkilişinə başlanmışdır

Aprelin 26-da Naxçıvan-Sədərək yüksəktəzyiqli və Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətləri layihələrinin təqdimatı olmuş, yeni qaz xətlərinin inşasına başlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qaz xətlərinin layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin uzunluğu 81,6 kilometrdir. Tikintidə Türkiyə istehsalı olan izolyasiyalı metal borulardan istifadə ediləcəkdir. Diametri 559 millimetr, divarının qalınlığı 8 millimetr olan borular 1,8 metr dərinlikdən çəkiləcəkdir. Katod qoruma sistemi ilə təchiz edilmiş kəmərin üzərində layihəyə uyğun olaraq 9 avtomat qazpaylayıcı stansiya da qurulacaqdır. Hər 416 metr məsafədə quraşdırılan bu xüsusi qoruma sistemi metal boruları korroziyadan qoruyaraq onun istismar müddətini xeyli artıracaqdır. İstismara verildikdən sonra 26 min abonentə xidmət göstərəcək Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəməri vasitəsilə yay aylarında gündəlik 80 min kubmetr, qış aylarında isə gündəlik 360 min kubmetr mavi yanacaq nəql olunacaqdır.
Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xəttinin layihəsinə baxış zamanı bildirilmişdir ki, kəmərin ümumi uzunluğu 27 kilometrdir. Onun 6 kilometri yeraltı, 21 kilometri isə yerüstü boru xəttidir. Yeraltı boru xətti 1,5 metr dərinlikdən çəkiləcək və katod qoruma sistemi ilə təmin ediləcəkdir. Yerüstü qaz xəttinin çəkilişi zamanı diametri 273 millimetr, divarının qalınlığı isə 6 millimetr olan borulardan istifadə olunacaqdır. Yay aylarında kəmər vasitəsilə gündəlik 40 min kubmetr, qış aylarında isə gündəlik 160 min kubmetr qaz nəql etmək mümkün olacaqdır. Qaz kəməri istismara verildikdən sonra 13 min abonentə xidmət göstərəcəkdir.
Bu layihənin muxtar respublika üçün mühüm əhəmiyyət daşıdığını bildirən Ali Məclisin sədri demişdir ki, Azərbaycanda qazlaşdırma prosesinə ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-ci illərində başlanmış, həmin vaxt Naxçıvana da yüksəktəzyiqli qaz xətti çəkilmiş və muxtar respublikanın yaşayış məntəqələrinin 52 faizi qazlaşdırılmışdı. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublikamız blokada vəziyyətinə düşmüş, elektrik və qaz xətləri kəsilmişdir. Prezident İlham Əliyevin yüksək qayğısı və himayəsi ilə 2005-ci ildə yenidən muxtar respublikaya təbii qazın verilməsinə başlanmış və 2 il müddətində qazlaşdırma prosesi başa çatdırılmışdır. Bu gün muxtar respublikamızın bütün yaşayış məntəqələri, hərbi hissələr, istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilir.
Ali Məclisin sədri bildirmişdir ki, bu gün muxtar respublikadakı yüksəktəzyiqli qaz xətlərinə 3-3,5 atmosfer təzyiqdən artıq qaz buraxmaq mümkün deyil. Xətlərə yüksək təzyiqlə təbii qazın vurulması üçün onların müasir tələblərə cavab verməsi zəruridir. 1978-ci ildə istismara verilən və 1992-2005-ci illər ərzində istismar olunmayan və uzun müddət baxımsız qalan Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz yüksəktəzyiqli qaz boru xətləri də bu gün müasir tələbləri ödəmir. Hörmətli Prezidentimiz tərəfindən qəbul edilən Dövlət proqramlarının tərkib hissəsi olaraq bu xətlər yenidən çəkiləcəkdir. Yeni qaz xətlərinin çəkilişi texniki itkilərin qarşısını alacaq, təbii qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan verəcəkdir. Yeni xətlərə 25-30 atmosfer, zərurət yarandıqda isə 75 atmosferə qədər təzyiqdə qazın vurulması mümkün olacaqdır. Bu da yay aylarında 30 gün, qış aylarında isə 10-12 gün müddətinə qaz ehtiyatının yaradılmasına və ondan səmərəli istifadə edilməsinə imkan verəcəkdir.
Sonra Ali Məclisin sədri demişdir ki, 40 milyon manata yaxın vəsaitin sərf ediləcəyi bu layihənin həyata keçirilməsi muxtar respublika sakinlərinin etibarlı və dayanıqlı qaz təminatında mühüm rol oynayacaqdır. Ona görə də Naxçıvan-Sədərək və Naxçıvan-Cəhri-Şahbuz yüksəktəzyiqli qaz xətlərinin keyfiyyətlə tikilməsinə xüsusi diqqət yetirilməlidir.
Sonra Ali Məclisin sədri tikinti işlərinin həyata keçirilməsində inşaatçılara uğurlar arzulamış, yeni qaz xətlərinin qısa vaxtda və keyfiyyətlə inşa olunub istismara veriləcəyinə əminliyini bildirmişdir.
Daha sonra Ali Məclisin sədri qaz xəttinin çəkilişi zamanı istifadə olunan avadanlıqlara baxmışdır. Qeyd olunmuşdur ki, tikinti həyata keçirilərkən muxtar respublikanın relyefi və təbii iqlim şəraitinə uyğun olan materiallardan istifadə ediləcək, onların keyfiyyəti və davamlılığı nəzərə alınacaq, çəkilişində mütərəqqi texniki vasitələrdən istifadə edilən qaz xətləri yüksək təhlükəsizlik normalarına cavab verəcəkdir.
Borularda qaynaq işlərinə başlanmaqla Naxçıvan-Sədərək və Naxçıvan-Cəhri-Şahbuz qaz xətlərinin təməli qoyulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında